NIPA-30

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacaq

Azərbaycanla Böyük Britaniya arasında münasibətlər uzun illər ərzində formalaşmış və qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrdir. Prezident İlham Əliyevin Böyük Britaniyanın yeni səfirini qəbul etməsi də bu münasibətlərin davamlılığını və iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərən mühüm məqamdır.

Milli Məclisin deputatı Arzuxan ƏLİZADƏ qəzetimizə açıqlamasında deyib ki, yeni səfirin fəaliyyətə başlaması Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradır: “Böyük Britaniya Azərbaycanın Avropadakı mühüm tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində əməkdaşlığımızın böyük tarixi və strateji əhəmiyyəti var. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Lakin münasibətləri yalnız enerji amili ilə məhdudlaşdırılmır. Qarşıdakı dövrdə qeyri-neft sektoru, investisiyalar, maliyyə, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur“.

Deputat qeyd edib ki, bu baxımdan Azərbaycanın Orta dəhliz çərçivəsində artan rolu da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika qovşağına çevrilir. Böyük Britaniyanın maliyyə, texnologiya və logistika imkanlarının Azərbaycanın regional nəqliyyat layihələri ilə uzlaşdırılması hər iki tərəf üçün yeni iqtisadi perspektivlər yarada bilər. Eyni zamanda Azərbaycanın enerji potensialı və Avropanın enerji təhlükəsizliyində artan rolu Böyük Britaniya ilə əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır.

A.Əlizadə bildirib ki, digər mühüm məqam isə Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətdir: “Cənubi Qafqazda yeni təhlükəsizlik və nəqliyyat arxitekturasının formalaşdığı bir dövrdə Azərbaycanın rolu getdikcə artır. Böyük Britaniya ilə siyasi dialoqun gücləndirilməsi bu proseslərin fonunda qarşılıqlı maraq doğuran məsələlər üzrə daha sıx əməkdaşlığa imkan verə bilər. Ümumilikdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacağını düşünürəm. Əsas hədəf mövcud siyasi və iqtisadi əlaqələri yeni layihələrlə zənginləşdirmək, qarşılıqlı investisiyaları artırmaq və iki ölkənin regional və qlobal məsələlər üzrə əməkdaşlığını daha da gücləndirmək olmalıdır. Yeni səfirin fəaliyyətinin də bu istiqamətdə münasibətlərimizin inkişafına töhfə verəcəyinə inam var“.

“Azərbaycan”