NIPA-30

“Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlıq Azərbaycan üçün də mühüm imkanlar yaradır” – RƏY

“Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əlaqələr artıq siyasi dialoqdan tutmuş iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və digər sahələrə qədər geniş spektri əhatə edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində də vurğuladığı kimi, iki ölkə arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan münasibətlər mövcuddur. Dövlət başçıları arasında sıx təmaslar və siyasi dialoqun yüksək səviyyədə olması Azərbaycan-Özbəkistan əlaqələrinin davamlı inkişafı üçün mühüm siyasi baza formalaşdırır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arzuxan Əlizadə deyib.

A.Əlizadənin sözlərinə görə, iqtisadi-ticari münasibətlər də bu tərəfdaşlığın əsas istiqamətlərindən biridir, həmçinin Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin genişləndirilməsi, sənaye kooperasiyası və birgə müəssisələrin yaradılması istiqamətində mühüm addımlar atırlar: “Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi Özbəkistanın dünya bazarlarına, xüsusilə Avropa istiqamətinə çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Orta Dəhlizin inkişafı hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Energetika sahəsində də əməkdaşlığın yeni mərhələyə keçdiyini müşahidə edirik. Azərbaycan öz enerji infrastrukturu, tranzit imkanları və Avropa enerji bazarlarında artan rolu ilə Özbəkistan üçün yeni imkanlar yaradır. Özbəkistanın enerji sektorunda həyata keçirdiyi layihələr, Azərbaycanın isə enerji və nəqliyyat infrastrukturu bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə imkan verir. Eyni zamanda bərpaolunan enerji və yaşıl enerji sahəsində birgə layihələrin perspektivi də kifayət qədər böyükdür”.

Deputat qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlıq Azərbaycan üçün də mühüm imkanlar yaradır: “İlk növbədə, Mərkəzi Asiya ilə əlaqələrimizin daha da dərinləşməsi Azərbaycanın regionlararası iqtisadi və logistika mərkəzi kimi mövqeyini gücləndirir. Özbəkistanın geniş bazarı, istehsal potensialı və Mərkəzi Asiyada mühüm geoiqtisadi mövqeyi Azərbaycan sahibkarları üçün yeni bazarlara çıxış imkanları yarada bilər. Digər tərəfdən, Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında mühüm bağlantı rolunu daha da möhkəmləndirəcək. Ümumilikdə, Azərbaycan-Özbəkistan münasibətləri yalnız iki ölkə arasında ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilməməlidir. Bu tərəfdaşlıq daha geniş regional inteqrasiyanın, Türk dünyası daxilində iqtisadi və nəqliyyat əlaqələrinin güclənməsinin mühüm elementidir. Düşünürəm ki, qarşıdakı dövrdə siyasi iradə və mövcud potensialdan düzgün istifadə olunarsa, Azərbaycan-Özbəkistan əməkdaşlığı hər iki ölkənin iqtisadi inkişafına, regional mövqelərinin möhkəmlənməsinə və Türk Dövlətləri Təşkilatı məkanında daha sıx inteqrasiyaya ciddi töhfə verə bilər”.