NIPA-30

Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi azad edildi

Bu gün, 17 oktyabr, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci ilin bu günündə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini 27 illik erməni işğalından azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan 1386 km² ərazini əhatə edir. Rayonun əsası 1827-ci ildə qoyulub, 1930-cu ildə Qaryagin adı ilə rayon statusu alıb, 1959-cu ildə isə böyük şairimiz Məhəmməd Füzulinin 400 illiyi şərəfinə Füzuli adlandırılıb. Bu torpaq tarixi-dini abidələrlə zəngindir. Babı kəndindəki Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki Mirəli türbəsi və digər abidələr Füzulinin mədəni irsini təşkil edir. Lakin bu gözəl torpaq 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal dövründə 663 nəfər şəhid olub, 400 nəfərədək müharibə əlili, 181 nəfər isə əsir və itkin düşüb.

30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta tanınmış hərbi mütəxəssislər belə fikirdə idi ki, Füzulini azad etmək üçün aylarla vaxt lazım olacaq. Lakin Azərbaycan Ordusu bunu cəmi bir neçə günə başa çatdırdı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri şanlı Ordumuz tərəfindən işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi azad edildi. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə silahlarını yerə qoyub qaçmalı oldu. Bu Zəfər Azərbaycanın hərbi gücünün və dövlət iradəsinin təntənəsi oldu. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə bu medal ilə 25 min 325 hərbi qulluqçu təltif olunub. Bu gün Füzuli artıq işğalın ağrısını deyil, dirçəlişin sevincini yaşayır. Prezident İlham Əliyevin tapşırığı ilə rayonda irimiqyaslı yenidənqurma işləri aparılır. “Füzuli” yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, həmçinin Füzuli Beynəlxalq Hava Limanı istismara verilib. 2023-cü il avqustun 18-dən etibarən Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. 2026-cı il oktyabrın 1-dək 827 ailə, 3153 nəfər evlərinə qayıdıb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunub. Bu layihələr qardaş ölkələrlə dostluğun rəmzidir.

17 oktyabr, Füzuli Şəhəri Günü hər bir vətəndaşımızda qürur hissi yaradır. Bu gün Füzuli tarixi bir şəhər olmaqla yanaşı həm də gələcəyin şəhəridir. Bu gün bütün Azərbaycan xalqı Füzulinin azad edilməsini, Ordumuzun Zəfərini və dövlətimizin gücünü qürurla qeyd edir. 17 oktyabr Füzuli Şəhəri Günü mübarək!

Arzuxan Əlizadə, millət vəkili