NIPA-30

Etibar Məmmədov Türkiyə ilə münasibətlər və məktəbli formasının tətbiqi ilə bağlı mövqeyini açıqladı…

“Türkiyə-Azərbaycan dövlətlərarası münasibətlərində ciddi ziddiyyətlər yaranmamalı və Azərbaycana düşmən qüvvələr bu durumdan öz maraqları üçün yararlanmamalıdır…”

AMİP-in fəxri lideri Etibar Məmmədov Azərbaycan gündəmindəki son hadisələr barədə Moderator.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanla Türkiyə arasında dövlətlərarası münasibətləri poza biləcək hər hansı qarşıdurmanın olduğunu düşünmür. Onun sözlərinə görə, sadəcə, eyni məsələyə müxtəlif yanaşmalar mövcuddur.

Partiya lideri qeyd edib ki, Azərbaycanda vahid məktəbli forması ilə bağlı Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilib. Lakin onun fikrincə, həmin qərar lazımi hazırlıq görülmədən verilib. O vurğulayıb ki, əvvəlcədən mümkün anlaşılmazlıqların yaranacağı ehtimal olunmalı, belə bir vəziyyət yarandığı təqdirdə isə onun aradan qaldırılması yolları nəzərə alınmalı və həm məktəblərin, həm də müvafiq qurumların qərarı düzgün icra etməsi üçün lazımi şərait yaradılmalı idi. Təəssüf ki, bu, vaxtında edilməyib. 

Siyasətçi bildirib ki, zəruri hazırlığın olmaması səbəbindən məsələnin qəfil və qəti şəkildə gündəmə gətirilməsi anlaşılmazlıqlara və narazılığa səbəb olur.

O, həmçinin müşahidələrin qərarın icrası zamanı müvafiq təlimatların verilmədiyini göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məsuliyyət sadəcə məktəb rəhbərlərinin və pedaqoji şuraların üzərinə qoyulub. Lakin onlara lazımi təlimatların verilməməsi nəticəsində belə bir vəziyyət yaranıb. Etibar Məmmədov bu vəziyyətdən tezliklə optimal çıxış yolunun tapılacağına inandığını bildirib.

Siyasətçi baş verənlərlə bağlı ayrı-ayrı şəxslərin və təşkilatların müxtəlif maraq və mövqelərinin ola biləcəyini qeyd edərək vurğulayıb ki, Türkiyə-Azərbaycan dövlətlərarası münasibətlərində ciddi ziddiyyətlər yaranmamalı və Azərbaycana düşmən qüvvələr bu durumdan öz maraqları üçün yararlanmamalıdır.

Etibar Məmmədov onu da diqqətə çatdırıb ki, məsələnin həlli üçün müvafiq təşkilatlarla, dini və ictimai qurumlarla, eləcə də digər aidiyyəti qurumlarla müzakirələr aparılmalı idi. O, bu məsələlərin əvvəlcədən qanunvericilik orqanlarında, parlamentdə və müvafiq qurumlarda ciddi şəkildə müzakirə olunmasının vacibliyini vurğulayaraq, təəssüf ki, bunun baş vermədiyini qeyd edib.

AMİP-in fəxri lideri müəllimlərin baş örtüyünə görə işdən çıxarılmasının qanunsuzluq olduğunu diqqətə çatdırıb. O, hər hansı qərarın yalnız inzibati yollarla həyata keçirilməsinin düzgün hesab etmədiyini bildirərək, ümumiyyətlə, tam azadlığın tərəfdarı olduğunu vurğulayıb. Etibar Məmmədov qeyd edib ki, ilk növbədə uşaqların hüquqları qorunmalı, onların təhsildən kənarda qalmasına yol verilməməli və yaranmış vəziyyətdən çıxış yolu tapılmalıdır.