NIPA-30

Müharibədən sonra İranın Azərbaycana qarşı mövqeyi dəyişməsə… – Deputat

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün qonşu dövlətlərlə, o cümlədən İranla normal qonşuluq münasibətlərində olmağa üstünlük verdiyini bəyan edib. Biz bu illər ərzində, əvvəllər nə baş verməsindən asılı olmayaraq, bütün qonşularımızla dost münasibətlərini qorumağa çalışmışıq. Lakin bu münasibətlərə xələl gətirən, dostluğu pozmağa çalışan tərəf hər dəfə İran olub.

Bu fikirləri Tribuna.az-a millət vəkili Arzuxan Əlizadə İran-Azərbaycan münasibətləri barədə danışarkən deyib.

Deputat əlavə edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq İran Azərbaycana qarşı xoş olmayan münasibət sərgiləməyə başlayıb:

“Sözdə din qardaşı olduğumuzu desələr də, 30 il ərzində İran daim Ermənistana dəstək verib. İranın Ermənistana dəstəyini İkinci Qarabağ müharibəsi zamanı da gördük, sonrakı illərdə də bunun şahidi olduq.

Təəssüf ki, İran Azərbaycana qarşı həmişə qonşuluq və dostluq münasibətlərinə yaraşmayan mövqe sərgiləyib.

Ərazilərimizin narkotik plantasiyalarının salınması, eləcə də narkotrafik məqsədilə istifadə olunması bu ölkənin qonşuluq prinsiplərinə uyğun olmayan siyasətinin ayrı-ayrı təzahürləridir. Həmçinin Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı, eləcə də bu günlərdə Naxçıvan istiqamətində qeydə alınan dron hücumu da nə din qardaşlığına, nə də qonşuluq münasibətlərinə uyğun gələn addımlar deyil”.

Millət vəkili bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan İranla dostluq münasibətlərinin inkişafında hər zaman maraqlı olub:

“Bunu dəfələrlə bəyan etmişik və təkcə sözlə deyil, əməldə də sübut etmişik. İrana edilən hücumlar zamanı digər ölkə vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsinə kömək göstərmişik, İrana humanitar yardım göndərmişik, həmçinin Rusiyanın göndərdiyi humanitar yardımların Azərbaycan ərazisindən keçərək İrana çatdırılmasına şərait yaratmışıq.

Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı üçüncü dövlətlərin hər hansı müdaxiləsinə və ya hücumuna imkan verilməyəcək. Yəni Azərbaycan sona qədər qonşuluq münasibətlərinə sadiq olduğunu sübut edir.
Bundan sonrakı dövrdə İranın və bu ölkəyə rəhbərlik edəcək şəxslərin Azərbaycana qarşı hansı münasibətdə olacağını zaman göstərəcək.

Əgər İran əvvəlki münasibətini davam etdirəcəksə, buna yalnız təəssüflənmək olar. Çünki Azərbaycanın İrana qarşı etdiyi jestlərin qarşılığında fərqli münasibət gözlənilir. Azərbaycan bu regionda sülhün tərəfdarıdır”.