NIPA-30

“Rusiya hökumətindən BUNU gözləyirik…” – Bakıdan TƏLƏB

“Azərbaycan Mətbuat Şurasının bəyanat yayması, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun Xarici İşlər Nazirliyinə çağırılması Azərbaycanın haqlı narazılığının ifadə olunmasıdır və Rusiya tərəfi bunu nəzərə almalıdır”.

Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib.

O, qeyd edib ki, Rusiya informasiya məkanında Azərbaycana qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yayılması ciddi narahatlıq doğuran məsələdir: “Burada söhbət artıq ayrı-ayrı jurnalistlərin və ya media nümayəndələrinin şəxsi mövqeyindən gedə bilməz. Çünki belə materialların müxtəlif media resurslarında ardıcıl və təkrar şəkildə yayımlanması məsələyə daha geniş siyasi prizmadan yanaşmağı zəruri edir.

Üstəlik, son dövrdə Rusiya tərəfindən Azərbaycana qarşı nümayiş etdirilən demarş xarakterli addımlar və Rusiya informasiya məkanında müşahidə olunan bu kampaniyanı bir-birindən tam ayrı proseslər kimi qiymətləndirmək çətindir. Rusiya mediasının dövlət tərəfindən ciddi şəkildə tənzimləndiyini nəzərə alsaq, Kremlə yaxın siyasi dairələrin və müəyyən dövlət strukturlarının ən azı bu proseslərdən məlumatlı olması və müəyyən təsir imkanlarına malik olması ehtimalı ciddi suallar yaradır.

Əlbəttə, konkret materialların birbaşa Kreml tərəfindən sifariş edildiyini söyləmək üçün ayrıca sübutlar lazımdır. Lakin bütün bunların sistemli xarakter daşıması artıq, sadəcə, “bir neçə jurnalistin özfəaliyyəti” olması fikrini inandırıcı etmir. Burada Rusiyanın siyasi elitasının və ayrı-ayrı təsir mərkəzlərinin mövqeyi və mümkün rolu ciddi şəkildə araşdırılmalıdır. Biz Rusiya hakimiyyətindən bunu gözləyirik”.

Deputat deyib ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət, suverenliyə və dövlətlərarası münasibətlərin fundamental prinsiplərinə ehtiram əsasında qurulmalıdır: “Təbii ki, dövlətlər arasında fikir ayrılıqları və müəyyən siyasi məsələlərə fərqli yanaşmalar ola bilər. Amma bunun media üzərindən Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və milli-mənəvi dəyərlərimizə qarşı təhqir və təhdid kampaniyasına çevrilməsi qəbuledilməzdir. Azərbaycan tərəfi də belə hallara emosional deyil, prinsipial, hüquqi və diplomatik müstəvidə adekvat cavab verir və verməlidir. Yəqin ki, Rusiya səfiri Azərbaycanın narazılığını və haqlı etirazını ölkəsinə çatdıracaq”.

Qeyd edək ki, bu gün Azərbaycan Mətbuat Şurası Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı sistemli şəkildə materiallar yayılması ilə bağlı bəyanat qəbul edib. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov isə Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.