Deputatlar hansı İCRA BAŞÇILARINI TƏRİFLƏDİLƏR?
Rayonların sosial-iqtisadi problemlərinin həllində deputatlarla icra hakimiyyətləri arasında əməkdaşlıq mühüm rol oynayır. Lakin bu əməkdaşlığın hansı səviyyədə olduğu və deputatların qaldırdığı məsələlərə nə dərəcədə reaksiya verildiyi zaman-zaman müzakirə olunur.
Hafta.az mövzu ilə bağlı millət vəkillərinə sorğu ünvanlayıb:
Milli Məclisin deputatı Arzuxan Əlizadə təmsil etdiyi Sabunçu rayonunda yerli icra orqanları ilə əməkdaşlığın qənaətbəxş olduğunu bildirib:
“Təmsil etdiyim seçki dairəsinə Balaxanı, Sabunçu və Ramana qəsəbələri, eləcə də Bakıxanov qəsəbəsinin bir hissəsi daxildir. Sabunçu Rayon İcra Hakimiyyətinə etdiyim müraciətlər hər zaman diqqətlə qəbul olunub. Bu baxımdan rayonun icra başçısı Adil Vəliyevə minnətdarlığımı bildirmək istəyirəm. O, həm deputat müraciətlərinə, həm də sakinlərin problemlərinə olduqca həssas yanaşır. Bələdiyyələr və yerli icra nümayəndəlikləri ilə də sıx əməkdaşlıq mövcuddur və yerli səviyyədə həll oluna bilən problemlərlə bağlı mütəmadi iş aparılır. Konkret nümunə kimi Sabunçu qəsəbəsində bir sıra kommunal və infrastruktur problemlərinin həlli istiqamətində görülən işlər var. Sakinlərin müraciətlərindən sonra ərazidə kollektor xətti, kanalizasiya sistemi, küçə işıqlandırılması, avtobus dayanacağı və məktəb tikintisi ilə bağlı problemlər gündəmə gətirilib. Bir sıra hallarda aidiyyəti qurumlara etdiyimiz müraciətlər nəticəsiz qalmışdı. Sonra rayon icra başçısına müraciət etdim. O, şəxsən əraziyə gəldi, sakinlərlə görüşdü, problemləri yerində araşdırdı və aidiyyəti qurumlarla əlaqə saxlayaraq bir çox məsələlərin həlli istiqamətində addımlar atdı.
Bəzi hallarda ayrı-ayrı dövlət qurumlarının laqeyd münasibəti səbəbindən problemlər həllini tapmır. Əslində parlament üzvlərinin seçildikləri dairələrdə qaldırdıqları məsələlərə dövlət qurumları tərəfindən daha operativ və həssas yanaşılmalıdır. Bizə müraciət edən vətəndaşların problemlərini aidiyyəti qurumlara çatdırırıq. Koordinasiya nə qədər yaxşı qurularsa, nəticə də bir o qədər effektiv olar və vətəndaş məmnunluğu təmin edilər”.