NIPA-30
AMİP sədri Arzuxan Əlizadə

“Bu avropalı cənab Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir”

“Frank Şvabenin Azərbaycana yönəlik münasibəti bəllidir”.

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

O bildirib ki, uzun müddətdir ki, bu avropalı cənab Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir: “Daha çox erməni lobbisinin arxasında dayanan güclərin maraqlarına xidmət edərək Azərbaycanın beynəlxalq imicinə müəyyən formada ləkə vurmağa çalışmaqdadır. Əslində Səməd Seyidovun onun haqqında dediyi fikrə münasibətində də daha çox qərəz var, səmimilikdən tamamilə kənardır. Bəlağətli ifadələr işlətməklə, guya, Azərbaycanın ləyaqətli və demokratik dəyərlərə üstünlük verən insanlarının hissiyatını qabartmaqla mövqe nümayiş etdirirdi.

İstənilən halda biz kim olmağından asılı olmayaraq Azərbaycana yönəlmiş bu cür mövqe sərgiləyən, qərəzli mövqedə olan, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışan avropalı deputatlar və onların arxasında dayanan gücləri heç bir halda qəbul etmirik. Bundan sonra da qəbul etməyəcəyik. Azərbaycanın son illərdə, xüsusilə də ikinci Qarabağ savaşından sonra əldə etdiyi möhtəşəm qələbə və regionda reallıqları dəyişməsi, Azərbaycanın regionun söz və güc sahibinə çevrilməsi bir çox gücləri ciddi şəkildə narahat edir. Bu narahatlıq fonunda da Azərbaycanın üzərinə bu və ya digər platformalar üzərindən gəlinməyə çalışılır. Bir sıra, guya, demokratik dəyərləri müdafiə etmək adı altında əslində Azərbaycana qərəzli mövqe nümayiş etdirilir ki, bu da tərəfimizdən heç bir halda təqdir edilə bilməz və qətiyyətlə rədd olunmalıdır”.