Parlamentdə 125 deputatın fəaliyyəti çox azdır -Arzuxan Əlizadə
“Proporsional və majoritar qaydada keçirilən seçki bərpa olunmalıdır”
“Məclisdə “gənc-yaşlı” söhbətini doğru hesab etmirəm. Yanaşma faydalılıq əmsalına, seçicilərlə işləməsinə, qanunvericilik təşəbbüsü ilə çıxış edib-etməməsinə görə olmalıdır, kiminsə yaşına görə yox”
Növbədənkənar parlament seçkilərinə start verildi. Bir çox siyasi partiyalar seçki hazırlıqlarına başlayıb. Budəfəki seçkilərdə hansı siyasi partiyaların iştirakı diqqət mərkəzindədir. Məlumat üçün əlavə edək ki, seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq və avqustun 31-i dayandırılacaq. Qeydə alınmış namizədlər seçki təbliğatına səsvermə gününə 23 gün qalmış başlamalı, səsverməyə 24 saat qalmış isə dayanmalıdırlar.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da ötən gün bildirib ki, Milli Məclisə seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq. Seçkiyə hazırlaşan partiyalardan biri Azərbaycan Milli İstiqlal Partiyasıdır. Seçki ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran AMİP sədri Arzuxan Əlizadə formalaşacaq yeni parlamentdən də danışıb və gözləntilərini dilə gətirib…
– Arzuxan bəy, VI çağırış Milli Məclisin fəaliyyətini necə dəyərləndirirsiniz? Yeni çağırışların tələb etdiyi yeni parlament necə formalaşmalıdır?
– 2019-ci ilin dekabrında Azərbaycan Milli Məclisi özünü buraxmaq qərarına gəldi və 2020-ci ilin fevral ayına növbədənkənar seçkilər elan olunmuşdu. O vaxt parlamentin özünü buraxmasına belə arqumentlər gətirilmişdi ki, Milli Məclis ölkədə baş islahatlara qeyri-adekvatdır. Ona görə də parlament yenidən formalaşmalı və aparılan siyasi islahatlara adekvat olmalıdır. Təəssüf ki, 2020-ci ilin fevral ayından bu yana fəaliyyətə başlamış Milli Məclis ən azından ölkədə həyata keçirilən siyasi proseslərə, xüsusən torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı yeni reallıqlara uyğun fəaliyyət göstərə bilmədi. Əlbəttə, bunu bütün deputatlara şamil etmək istəmirəm. Təxminən 25-30 millət vəkilini çıxmaqla yerdə qalan deputatlar ölkədə həyata keçirilən siyasi islahatlara, yeni siyasi münasibətlər sisteminə, müasir çağırışlara adekvat işləmədilər. Ümumiyyətlə, görünmədilər, ortalıqda olmadılar. Hətta müharibə getdiyi dönəmdə belə bütövlükdə dövlət siyasətinə güclü dəstək nümayiş etdirmədilər. Hər zaman dediyimiz bir fikir var ki, mövqesiz insanlar çox təhlükəli olurlar. Özünü buraxmış parlamentdəki böyük qisim deputatlar özlərini doğrultmadılar. Nəzərə alaq ki, Azərbaycan artıq əvvəlki dövlət deyil, regionda möcvud reallıqları dəyişən, yönləndirən bir ölkədir. Daxildə siyasi münasibətlər sistemində də dəyişiklik var. O baxımdan yeni formalaşacaq parlamentdən gözləntilərimiz böyükdür. Parlament ölkədəki yeni siyasi konfiqurasiyanı özündə əks etdirməlidir.
– Partiya rəhbəri kimi seçki sisteminin dəyişdirilməsinə zərurətin olduğunu düşünürsüzmü?
– Əlbəttə, həm seçki sistemi, həm də parlamentin say tərkibi ilə bağlı da təkliflərimiz var. Ancaq belə məsələlər referendumla həll olunur. Bir sıra səbəblərdən bunların hələlik reallaşması mümkün olmadı və ertələndi. Hesab edilir ki, bu dəfə formalaşacaq Milli Məclis keçid parlamenti olacaq. Növbəti illərdə referendumun keçirilməsi ehtimal edilir. Hesab edirik ki, ən azından qarışıq seçki sistemi – proporsional və majoritar qaydada keçirilən seçki bərpa olunmalıdır. Parlamentin say tərkibi də ona görə artırılmalıdır ki, 1995-ci ildə Konstitusiya qəbul edilərkən ölkə əhalisi cəmi 7 milyon idi. İndi isə əhalinin sayı 10 milyondan çoxdur. O səbəbdən müasir parlamentdə 125 deputatın fəaliyyət göstərməsi çox azdır və bu say artırılmalıdır. İdarəetmə ilə bağlı da təkliflərimiz var.
– Budəfəki parlamentə seçilən gənc deputatların da özlərini tam doğrultmadığı deyilir. Belə iddialara münasibətiniz necədir?
– Parlament üçün yaş senzi yoxdur. Azərbaycan qanunvericiliyinə görə, aktiv seçki hüququ olan 18 yaşlı hər bir şəxs həm Milli Məclisə, həm də bələdiyyələrə seçilmək hüququ qazanır. Eləcə də yuxarı yaş senzi müəyyən olunmayıb. Əslində, təcrübə də onu göstərdi ki, deputatları, məmurları yaş kateqoriyalarına bölmək siyasi cameə üçün məqbul sayılmır. Elə gənc deputatlar oldu ki, özlərini ifadə edə bilmədilər. Əksinə, yaşlı bəzi deputatlar kifayət qədər məhsuldar iş ortaya qoydular. O baxımdan Milli Məclisdə “gənc-yaşlı” söhbətini doğru hesab etmirəm. Yanaşma faydalılıq əmsalına, seçicilərlə işləməsinə, qanunvericilik təşəbbüsü ilə çıxış edib-etməməsinə görə olmalıdır, kiminsə yaşına görə yox.
– AMİP-də seçki hazırlığı hansı səviyyədədir? Adətən partiyalar hakim YAP-ın öz namizədlərini açıqlamasını gözləyirlər…
– Partiyamızda növbədənkənar parlament seçkisinə hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Hələ fevral ayında seçkilərlə bağlı proseslərə start vermişdik. Bu həftənin sonuna partiyanın Siyasi Şurasının iclasının çağırılması nəzərdə tutulub. Hansı dairələrdən kimlərin namizədliyinin veriləcəyi ilə bağlı bir sıra texniki dəqiqləşmələrdən sonra AMİP-in seçkidə hansı formada iştirak edəcəyi müzakirə olunacaq və yekun qərar veriləcək.
– Seçkidə sizin namizədliyiniz də irəli sürüləcəkmi?
– Bəli, mənim namizədliyimin verilməsi də gündəmdədir. Hansı dairədən namizədliyin irəli sürülməsi barədə dəyərləndirmə aparacam və qərar verəcəm.