NIPA-30

İsrail-Hizbullah müharibəsi BAŞLAYIR – Bu savaş da nəticəsiz QALACAQ?

İsrail Müdafiə Qüvvələri “Hizbullah”a qarşı qabaqlayıcı hücum əməliyyatına başlayıb və hərəkatın hərbi infrastrukturuna zərbələr endirir.

Bunu İsrail ordusunun yeraltı komandanlıq mərkəzində keçirilən görüşdə Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Bu səhər İsrail ordusu qabaqlayıcı hücum əməliyyatına başlayıb. “Hizbullah”ın son 20 ildə inşa etdiyi hərbi infrastrukturu vururuq”, – o bildirib.

Halevinin sözlərinə görə, İsrail hədəfləri vurur və növbəti mərhələlərə hazırlaşır.

“Son nəticədə hər şey İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına yönəlib”, – Baş Qərargah rəisi qeyd edib.

Hücumlar nəticəsində artıq 180 nəfər həyatını itirib. Livan ordusu da gündüz saatlarında baş verən hücumlara cavab olaraq İsrailə raketlər atıb.

Göründüyü kimi, artıq İsrail-Hizbullah müharibəsi başlamaq ərəfəsindədir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki, yaranmış vəziyyətdə Yaxın Şərqdə münaqişənin açıq müharibə müstəvisinə keçməsi ehtimalı yüksəkdir: 

“İsrailin bu addımı fonunda yaranmış vəziyyət hər iki tərəf arasında istər-istəməz açıq müharibənin baş verməsi ehtimalını gücləndirir. İsrailin peycer əməliyyatı, onun nəticəsində onlarla şəxsin ölməsi, minlərlə insanın isə yaralanması məsələni daha da gərginləşdirib. Bazar ertəsindən başlayaraq, “Hizbullah”ın İsrailin şimalına yüzdən çox raket atması isə bu gərginliyi daha da artırdı. Əvvəllər “Hizbullah”ın atdığı raketlər hərbi obyektlər üçün nəzərdə tutulurdusa, bu dəfə İsrailin məlumatına görə, Hayfa şəhərindəki mülki obyektlər də vurulub. 

Məsələ ilə bağlı ABŞ-ın təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kerbi Vaşinqtonun münasibətini bəyan edərək, tərəfləri təmkinli olmağa və münaqişənin açıq müstəviyə keçməsinin qarşısını almağa çağırıb. 

Amma istənilən halda vəziyyət gərgindir. 

Livanla sərhəddə vəziyyətin gərginləşməsi fonunda məsələnin artıq açıq müharibə müstəvisinə keçməsi ehtimalı kifayət qədər böyükdür. Təəssüf ki, bu qarşıdurmada hər iki tərəfdən daha çox dinc əhali ziyan çəkir. Münaqişənin birbaşa toqquşmalara keçməsi baş verərsə, sözsüz ki, dinc əhalinin vəziyyəti daha da pisləşəcək”.

Qeyd edək ki, İsraillə Livan arasında 2006-cı ildə də müharibə baş vermişdi. Həmin dövrdə də döyüş əməliyyatları İsrailin Qəzzaya zərbələr endirməsindən sonra başlamışdı. O zaman İsrail Livan ərazisində əməliyyatlar aparsa da, istədiyi nəticəni əldə edə bilməyərək, geri çəkilmişdi.