Prezidentdən mühüm mesajlar: “Separatizmə və terrorçuluğa qarşı mübarizədə…”
“Hər yerdə ədalət olmalıdır – beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq”.
Bu sözləri Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.
Dövlət başçısı qeyd edib ki, biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik:
“Bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir.
Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir”.
Prezident İlham Əliyev bildirib ki, bu gün dünyada gedən proseslər göz qabağındadır:
“Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik”.
“Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”, – deyə dövlət başçısı bildirib.
Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev son çıxışında həm ölkə daxilinə, həm ölkə xaricinə, həm də Azərbaycanın dostlarına və düşmənlərinə ciddi mesajlar ötürüb:
“Dövlət başçısı hər zaman çıxışlarında bir çox müəyyən dairələrə mesajlarını çatdırıb. Azərbaycanın son dövrlər əldə etdiyi uğurlar, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi və 2023-ci ilin 19 sentyabrında bir günlük antiterror əməliyyatlarında öz ərazi bütövlüyünü və suverenliyini bərqərar etməsi ölkəmizi regionda daha da qüdrətli dövlətə çevirdi.
Prezident İlham Əliyev budəfəki çıxışında da önəmli məsələlər toxunub. Sözün həqiqi mənasında unutmamalıyıq ki, biz qalib xalqıq, qalib ölkəyik. Azərbaycan tam olaraq müstəqil xarici siyasət yürüdür, böyük iqtisadi-siyasi nailliyyətlər əldə edib, regionda söz sahibinə çevrilib. Azərbaycanın istəmədiyi layihələr regionda heç bir zaman həyata keçə bilməz. Azərbaycan inkişaf etməkdədir və daha da inkişaf edəcək.
Bildirim ki, Azərbaycan bir sıra məsələlərdə nümunə bir ölkə olub. Bəzi ölkələr separatizmə və terrorçuluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsindən yararlanırlar.
Prezidentin çıxışı ölkə gəncliyinə yönələn bir çıxış idi. Dövlət rəhbəri çox doğru şəkildə bəyan edib ki, Azərbaycan gənci Azərbaycanın daha da inkişaf etməsinə, daha da güclənməsinə və möhkəmlənməsinə töhfə verməlidir.
Bir daha Prezident İlham Əliyev Azərbaycanın inkişafından və möhkəmlənməsindən narahat olan qüvvələrə mesaj çatdırdı ki, Azərbaycan bundan sonra qüdrətlənəcək”.