NIPA-30

Azərbaycan: Regionun əsas söz və güc sahibi

2023-cü ilin 19-20 senytabr tarixi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan günlərdəndir. 

Belə ki, həmin günlərdə şanlı Azərbaycan Ordusu tərəfindən ərazilərimizdəki separatçılara qarşı antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə terrorçulardan təmizləndi. Həmin şəhərlərdə 30 ildən sonra yenidən Azərbaycan Bayrağı dalğalanmağa başladı. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. 

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi və hətta həll yoluna sıfırdan başlayacağını bildirdi. Bununla da, yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. 

Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə silahlı qüvvələrimiz Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 

Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusu və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən lokal antiterror əməliyyatının əhəmiyyətindən danışıb: 

“Bu, misli görülməmiş antiterror əməliyyatı idi. Çünki həmin dövrdə Azərbaycan ərazisində 10 mindən artıq erməni terrorçuları vardı. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar ərazilərimizi tərk etmir və təxribatlar törətməklə məşğul olurdular. Ona görə də lokal antiterror əməliyyatı həyata keçirildi. 

Cəmi 23 saat ərzində 10 mindən çox terrorçu ölkəmizdən çıxarıldı. Onlardan təxminən min nəfəri zərərsizləşdirildi, qalanları isə silahlarını qoyaraq qaçdılar. Bununla da Azərbaycan tam olaraq ərazilərinə nəzarəti bərpa etdi. 1991-ci ildən sonra ilk dəfə idi ki, suverenliyimizi və ərazi bütövlüyümüzü də bərpa etmiş olduq”. 

Millət vəkili qeyd edib ki, bu antiterror əməliyyatı ilə bütün dünyaya Azərbaycan nümunəsini təqdim etdik: 

“Çünki dünyada bir çox bölgələrdə separatçılıq hökm sürür. Hələ də bəzi yerlərdə terrorçu qruplaşmalar fəaliyyət göstərir. Dünyanın çox ölkəsi bundan əziyyət çəkir. Lakin Azərbaycan qısa müddət ərzində kənar dəstək olmadan, öz gücünə terrorçuları və separatçıları tam olaraq ərazilərimizdən təmizlədi. 

Bununla da dünyaya Azərbaycan modeli təqdim etmiş olduq, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa etdik. Cənab Prezident İlham Əliyevin verdiyi Sərəncamla bu il “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Eyni zamanda, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günüdür”. 

Partiya sədri diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsindən qısa müddət sonra çox ciddi təsirlərə baxmayaraq, bu əməliyyatla suverenliyimiz tam bərpa edilib:

“Bununla da bütün dünyaya Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirdik. Eyni zamanda, regionda yeni reallıqlar yaratdıq. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bölgədə yaranmış yeni situasiya regiona davamlı sülh və sabitlik gəlməsi üçün zəmin rolunu oynadı. 

Uzun illər ərzində ölkəmizə təzyiq edirlər ki, torpaqlarımızın işğalı ilə barışaq. Lakin biz bununla barışmadıq, özümüz yeni reallıqlar yaratdıq. Regionun əsas söz və güc sahibinin Azərbaycan olduğunu göstərdik. Artıq ölkəmiz bölgədə sülh və sabitliyin qarantı olaraq çıxış edir”.