NIPA-30

Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Macarıstanın baş naziri Viktor Orban çıxışında bildirib ki, bu gün Qəbələdə biz yalnız toplantıda iştirak etmirik, həm də ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük.

Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə yenifikir.media-ya açıqlamasında bildirib ki, bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı keçirilir və toplantıda beş türk dövləti ilə yanaşı, müşahidəçi qismində Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistan və Macarıstan da iştirak edir.Onun sözlərinə görə, builki zirvə həm də onunla əlamətdardır ki, təşkilatda sədrlik Qırğızıstandan Azərbaycana keçəcək və növbəti bir il ərzində Azərbaycan təşkilata rəhbərlik edəcək.

Əlizadə qeyd edib ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə yaranıb:
“Azərbaycan bu prosesin əsas təşəbbüskar tərəfidir. Naxçıvan Bəyannaməsi ilə təsis edilən birlik sonradan Özbəkistanın da qoşulması ilə beş türk dövlətini birləşdirən vahid təşkilata çevrildi.”

Deputat əlavə edib ki, 2018-2019-cu illərdən etibarən Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistan və Macarıstan müşahidəçi üzv qismində təşkilata qoşulub:
“Son illərdə keçirilən bütün rəsmi və qeyri-rəsmi toplantılarda Macarıstan fəal iştirak edir və faktiki olaraq təşkilatın bir üzvünə çevrilib.”

Əlizadə vurğulayıb ki, Macarıstanın bu birliyə qatılması strateji baxımdan böyük əhəmiyyət daşıyır:
“Macarıstan özünü ruhən və mənən türk dünyasının bir parçası hesab edir. Onun Türk Dövlətləri Təşkilatı ilə vahid strateji hədəflərə yönəlməsi mühüm amildir.”

O bildirib ki, Macarıstan həm də Avropa İttifaqının üzvüdür və bu, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzuna əlavə üstünlük qazandırır:
“Macarıstanın bu platformadakı iştirakı təşkilatın güclənməsinə və qarşıya qoyulan hədəflərə çatmasına öz töhfəsini verir.”

Sonda Arzuxan Əlizadə qeyd edib ki, Viktor Orbanın Qəbələdəki çıxışı Türk birliyinin dəyərlərini bir daha təsdiqləyib:
“Macarıstanın türk dövlətləri ilə birgə addımlaması birliyə əlavə çalar qatır. Tarixi köklərimiz və ortaq dəyərlərimiz bizi bir təşkilatda birləşdirib və artıq Türk Dövlətləri Təşkilatı çoxqütblü dünyanın əsas mərkəzlərindən birinə çevrilməkdədir. Bu prosesdə Macarıstanın da müsbət payı var.”