NIPA-30
arzuxan

Arzuxan Əlizadə: “27 Sentyabr bizim üçün həm qürur, həm də dərin hüzn günüdür”

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm Vətən müharibəsinin başladığı tarixi gün, həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi müqəddəs tarix kimi yaşayır.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu tarixi Zəfər Azərbaycan xalqının milli iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin nəticəsi kimi tariximizə həkk olundu.

Milli Məclisin deputatı Arzuxan Əlizadə 27 Sentyabr – Anım Günü ilə bağlı Yenigun.Media-ya açıqlamasında bildirib ki, bu tarix hər bir azərbaycanlı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfərin təməlində şəhidlərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun misilsiz fədakarlığı dayanır:

“27 Sentyabr bizim üçün həm qürur, həm də dərin hüzn günüdür. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla yad edirik. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 gün sonra tarixi Zəfərlə nəticələndi. Bu Qələbə xalqımızın uzun illər ərzində yaşatdığı Vətən sevgisinin, milli həmrəyliyin və dövlətimizə olan inamın təcəssümü oldu.

Şəhidlərimizin bizə əmanət etdiyi Zəfəri qorumaq hər birimizin mənəvi borcudur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Böyük Qələbənin real nəticələrini nümayiş etdirir.

Biz şəhidlərimizin xatirəsini yalnız Anım Günündə deyil, hər zaman yaşatmalı, onların fədakarlığını gələcək nəsillərə çatdırmalıyıq. Ən böyük vəzifələrimizdən biri onların uğrunda canlarından keçdiyi Azərbaycanın daha da güclənməsi və inkişaf etməsidir.

27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.