NIPA-30
a

National Independence Party of Azerbaijan

Arzuxan Əlizadə: Qubadlının azadlığı xalqımızın birliyinin və dövlətimizin siyasi iradəsinin təntənəsidir

Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olan, milli qürurumuzun, sarsılmaz iradəmizin və dövlətçilik əzmimizin təcəssümünə çevrilən 25 oktyabr – Qubadlı Şəhəri Gününü böyük fəxarət hissi ilə qeyd edirik. Bu əlamətdar tarix təkcə Qubadlı şəhərinin işğaldan azad olunması ilə bərabər, həm də xalqımızın illərlə qəlbində yaşatdığı doğma yurda qovuşmaq arzusunun gerçəkləşməsini, tarixi ədalətin bərpasını və Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsini ifadə edir.Qubadlı Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus təbiətə malik yurd yerlərindən biridir. Bu torpaq əsrlər boyu xalqımızın həyatında mühüm yer tutmuş, özünün adət-ənənələri, mənəvi dəyərləri və mərd insanları ilə seçilmişdir. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər doğma yurd həsrətinin, məcburi köçkünlük ağrısının və dağıdılmış həyatların simvoluna çevrildi. İşğal dövründə Qubadlı şəhəri və rayonun kəndləri ciddi dağıntılara məruz qaldı. Evlər, məktəblər, mədəniyyət ocaqları, sosial obyektlər və digər yaşayış infrastrukturu məhv edildi, tarixi-mədəni irsə ağır zərbə vuruldu. Minlərlə Qubadlı sakini doğma torpağını tərk etməyə, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. İnsanlar illərlə öz evlərinə qayıtmaq, ata-baba yurdlarının küçələrində yenidən gəzmək, uşaqlıqlarının keçdiyi yerləri görmək arzusu ilə yaşadılar.Bu illər ərzində Qubadlı sakinlərinin qəlbində Vətən sevgisi, torpağa bağlılıq və qayıdış ümidi heç vaxt sönmədi. Onlar doğma yurdlarının həsrətini yaşatsalar da, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanacağına inamlarını itirmədilər.

Qubadlının işğal altında qaldığı illər xalqımızın yaddaşında yalnız itkilər və ağrılarla deyil, həm də milli iradənin, səbrin və tarixi ədalətə olan inamın sınağı kimi qaldı.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının bu haqlı mübarizəsinin həlledici mərhələsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq, yüksək döyüş peşəkarlığı və qətiyyət nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etməyə başladı. 2020-ci il oktyabrın 25-də, Vətən müharibəsinin 29-cu günündə Qubadlı şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu, 27 ilə yaxın davam edən işğalın sona çatdırılması və rayonun azadlığı istiqamətində tarixi qələbə idi. Qubadlının azad edilməsi düşmənin hərbi mövqelərinə ciddi zərbə vurmaqla yanaşı, Vətən müharibəsinin sonrakı gedişində də mühüm strateji əhəmiyyət daşıdı. Bu tarixi qələbə Azərbaycan əsgərinin rəşadətinin, şəhidlərimizin canı və qanı bahasına yazılan qəhrəmanlıq salnaməsinin, xalqımızın birliyinin və dövlətimizin siyasi iradəsinin parlaq təzahürü oldu.

Qubadlının azadlığı bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, milli suverenliyini və ərazi bütövlüyünü bərpa etmək əzmindən dönməyəcək.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təsis edildi. Bu qərar Qubadlının azadlığı uğrunda mübarizənin, qəhrəman əsgər və zabitlərimizin fədakarlığının, şəhidlərimizin əziz xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir.

Hər il bu günün qeyd olunması həm də gələcək nəsillərə Vətən sevgisi, torpağa sədaqət və milli məsuliyyət hissinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.Bu gün Qubadlıda yeni bir tarix yazılır. Dünən dağıntıların və yurd həsrətinin yaşandığı torpaqlarda indi bərpa, quruculuq və dirçəliş prosesi həyata keçirilir. Uzun illər viran qalmış yaşayış məntəqələri yenidən qurulur, yollar çəkilir, mühəndis-kommunikasiya xətləri və sosial infrastruktur yaradılır. Məqsəd Qubadlını müasir yaşayış imkanlarına malik, iqtisadi potensialı inkişaf etdirilən və sakinlərinin rahat yaşayacağı bir yurda çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü, iqtisadi imkanlarını və gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirir. Qubadlıda aparılan yenidənqurma işləri də bu siyasətin mühüm tərkib hissəsidir. Burada yaradılan infrastruktur yalnız dağıdılmış binaların bərpası deyil, həm də uzun illər yurd həsrəti çəkmiş insanların doğma torpaqlarında yeni həyata başlaması üçün möhkəm zəmin deməkdir.

“Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən tədbirlər Qubadlının gələcəyinə yeni üfüqlər açır. Doğma torpaqlara qayıdış insanların illərlə gözlədiyi arzunun reallaşması ilə yanaşı, həmin ərazilərin sosial-iqtisadi həyatının dirçəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və bölgənin dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Qubadlının gələcəyi onun yenidən qurulan küçələrində, istifadəyə verilən infrastrukturunda, inkişaf edən iqtisadi potensialında və doğma yurda qayıtmaq ümidi ilə yaşayan insanlarının sevincində təcəssüm edir. Bu günün əsas məqsədi yalnız şəhəri və kəndləri yenidən qurmaq deyil, həm də insanların özlərini doğma yurdlarında təhlükəsiz, rahat və firavan hiss edəcəkləri şərait yaratmaqdır.

Qubadlının dirçəlişi bütün Azərbaycanda aparılan bərpa-quruculuq siyasətinin, tarixi torpaqlarımıza qayıdışın və milli həmrəyliyimizin mühüm göstəricisidir. İşğal illərinin ağır izlərini silmək, dağıdılmış yaşayış məntəqələrini yenidən həyata qaytarmaq və bu torpaqları gələcək nəsillərə inkişaf edən yurd kimi çatdırmaq dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bu əlamətdar gündə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm. Onların qəhrəmanlığı sayəsində bu gün doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır və gələcəyə inamla addımlayırıq. Şəhid ailələrinə dərin hörmətimi ifadə edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.

Qubadlı yaxın illərdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaq, doğma sakinlərinin qayıdışı ilə daha da canlanacaq, Azərbaycanın iqtisadi, sosial və mədəni həyatında layiqli yerini möhkəmləndirəcəkdir.

25 oktyabr – Qubadlı Şəhəri Günü mübarək!

Milli Məclisin deputatıArzuxan Əli-zadə