NIPA-30

“Vaşinqtonda əldə olunan nəticələr Cənubi Qafqazın sülh və əməkdaşlıq mərhələsinə keçidi baxımından tarixi əhəmiyyət daşıyır”

“8 avqust 2025-ci il Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin tarixə düşən mühüm mərhələlərindən biri kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a tarixi səfəri və Vaşinqtonda Ermənistanla sülh gündəliyinin mühüm sənədlərlə möhkəmləndirilməsi Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün yeni siyasi imkanlar yaratdı. Bu səfər Azərbaycanın illərdir həyata keçirdiyi məqsədyönlü sülh siyasətinin, diplomatik fəaliyyətinin və regionda dayanıqlı təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində iradəsinin növbəti göstəricisi idi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, Azərbaycanın sülh siyasəti heç vaxt yanlız bəyanatlardan ibarət olmayıb və ölkəmiz sülh prosesinin hüquqi və siyasi əsaslarını konkret prinsiplər üzərində formalaşdırıb: “Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın irəli sürdüyü beş əsas prinsip – dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşılıqlı hörmət etməsi, ərazi iddialarından imtina, dövlətlərarası münasibətlərdə güc tətbiqindən və güc tətbiqi ilə hədələmədən çəkinmək, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin nəqliyyat və kommunikasiyaların açılması əslində regionda davamlı sülhün fundamental çərçivəsini müəyyənləşdirir. Bu prinsiplərin Azərbaycan tərəfindən irəli sürülməsi ölkəmizin sülh prosesində təşəbbüskar və müəyyənedici tərəf olduğunu göstərir”.

Deputat vurğulayıb ki, bu prosesdə ABŞ Prezidenti Donald Trampın da xüsusi rolunu qeyd etmək lazımdır: “Vaşinqtonun prosesə yüksək səviyyədə siyasi diqqət göstərməsi və Prezident Trampın Azərbaycan və Ermənistan liderləri arasında dialoqun irəliləməsinə verdiyi dəstək sülh gündəliyinin beynəlxalq müstəvidə daha da möhkəmlənməsinə imkan yaratdı. Burada əsas məsələ vasitəçilikdən daha çox, tərəflərin əldə etdiyi razılaşmaların siyasi iradə və beynəlxalq dəstəklə möhkəmləndirilməsi idi. Düşünürəm ki, 8 avqust səfərinin ən mühüm nəticələrindən biri ondan ibarətdir ki, Cənubi Qafqazda sülh prosesinin təşəbbüsü və əsas istiqamətləri regionun reallıqları nəzərə alınmaqla müəyyənləşir. Azərbaycan Prezidentinin ardıcıl və praqmatik siyasəti nəticəsində ölkəmiz həm sülh gündəliyinin formalaşmasında, həm də regionun gələcək təhlükəsizlik və iqtisadi inkişaf modelinin müəyyən edilməsində aparıcı mövqeyini qoruyur. İndi əsas məqsəd əldə olunmuş siyasi iradənin tam hüquqi sülh müqaviləsi ilə rəsmiləşdirilməsi, sərhədlərin dəqiqləşdirilməsi və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır. Bu baxımdan Vaşinqtonda əldə olunan nəticələr təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqazın yeni, sülh və əməkdaşlıq mərhələsinə keçidi baxımından mühüm tarixi əhəmiyyət daşıyır”.