AMİP-30

Cənubi Osetiyadan Qarabağa sürünən təhlükə: Rusiyanın imperiya planı işə düşüb – ŞOK İDDİA

“Rusiyanın hazırda artıq itirməyə bir şeyi qalmayıb”; politoloqlardan maraqlı şərhlər

Gürcüstanın ərazisi sayılan Cənubi Osetiya Rusiya tərkibinə girmək üçün tezliklə referendum keçirəcək. Artıq bu barədə qərar qəbul olunub. Moskvadan dərhal verilən pozitiv reaksiya göstərir ki, Kreml bunun üçün separatçı quruma müvafiq komandanı verib, düyməyə basıb. May-iyunda ilhaq başa çata bilər.

Əslində çoxdan gözlənilən idi. Lakin niyə məhz indi? Rusiyalı məşhur analitiklərdən biri deyib ki, Rusiya öz imperiyasını qurur, Türkiyə öz imperiyasını, Çin də öz imperiyasını. Hansı imperiyalardan, hansı sərhədlərdəki imperiyalardan söhbət gedir?

Bu da maraqlıdır ki, Abxaziya analoji referenduma getməyəcəyini, öz “müstəqilliyini” saxlayacağını bildirib. Bacaracaqmı? Bunun bədəli nə ola bilər Suxumi üçün? Bir də Rusiyanın postsovet məkanındakı separatçı qurumları bir-bir “udması” Azərbaycana nə vəd edir, Qarabağ üçün də təhlükə varmı?

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bunları dedi: “Biz bu məsələlərdə realpolitik yanaşmalıyıq. Rusiyanın qlobal planları bəllidir. Amma biz Ukrayna və Gürcüstan rəhbərliklərinin aşırı Qərb güvənliyinə getməməliyik. Türkiyə ilə qardaşlığı sıxlaşdırmalı, Rusiyadakı anti-Azərbaycan dairələrinə səbəb verməməliyik ki, dövlətlərini bizə qarşı qoysunlar. Türkiyə ilə ağırlıqlı balanslı siyasət aparmalıyıq”.

AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi ekspert Elşən Mustafayev nə qərarın verilməsindən asılı olmayaraq, dünyanın bu ərazini daim Gürcüstan ərazisi kimi tanıyacağını söylədi: “Hazırda Rusiya Cənubi Osetiya və Abxaziyanı özünün federasiya subyektlərindən biri kimi qəbul edir. Onlara oyuncaq dövlət forması verməyə çalışsalar da siyasi və iqtisadi cəhətdən Rusiyanın tərkib hissəsi kimi mövcudluğunu saxlayır. İndiyədək əhalisinin xaricə Rusiya xarici pasportları ilə çıxması artıq hər şeyi deyir. Dünya və Beynəlxalq Təşkilatlar həmin əraziləri Gürcüstanın tərkib hissəsi kimi tanıyır. Bunlardan hansınınsa Rusiyaya birləşmək haqqında referendum keçirməsi reallığı dəyişməyəcək. Yəni Dünya həmin əraziləri yenə də Gürcüstan ərazisi kimi qəbul edəcək.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev

Bu gün Ukraynada apardığı müharibə səbəbindən Rusiya iqtisadi və siyasi izolyasiyaya məruz qalıb. Bundan sonra vəziyyətin daha da ağırlaşacağı gözlənilir. Belə bir şəraitdə ola bilsin ki, əlavə münaqişə ocaqları yaradacağı ilə bağlı ABŞ-a mesajlar verməyə çalışır və onun üçün həssas bölgə olan Gürcüstanı parçalayacağı ilə bağlı bir növ şantaj edir. Referendum qərarını Abxaziyanın verməməsi isə əminəm ki, Rusiyanın planıdır. Yəqin ki, özünün hesabladığı hansısa planı var. Çünki dediyim kimi, ərazilər onsuz da bütün mənalarda qeyri-rəsmi olaraq Rusiyanın idarəsindədir, kimsə özbaşına qərar vermək iqtidarında deyil. Başqa bir sadə səbəbin ola bilməsi ehtimallarını da deyə bilərəm. Rusiyanın hazırda artıq itirməyə bir şeyi qalmayıb. Ona tətbiq oluna biləcək demək olar ki, bütün sanksiyalar artıq tətbiq olunub, görünür ki, bu hələ uzun müddət davam edəcək. Ortada nüvə silahı faktoru olduğundan Qərbin və ABŞ-ın müharibəyə başlayacağına da inanmır. Amma anlayır ki, ölkə qapalı idarəetmə formasına doğru irəliləyir. Belə bir zamanda ilkin olaraq Şimali Osetiyanın ilhaq edilməsi əlavə hər hansı təhlükəni yaratmayacaq. Sonrakı etapda Abxaziya ilkə bağlı eyni ssenari həyata keçirilə bilər. Bu provokasiya xarakterli bir plana da oxşayır. Amma bu provokasiyaya ABŞ-ın gedəcəyinə inanmıram. Çünki Ağ Evdə düşünürlər ki, Rusiyada mövcud rejimin istənilən səbəbdən dəyişəcəyi halda daşlar öz yerinə oturacaq. Məhz bu səbəbdəndir ki, sanksiyalar maksimum öldürücü xarakter daşıyır.

Analoji addımın Qarabağla bağlı olması perspektivinə isə inanmıram. Separatçı rejimə qalsa, günü bu gün Rusiyaya birləşməyə hazır olarlar. Amma Rusiya buna gedərmi? Hesab edirəm ki, getməz. Çünki, ərazilərimizin qorunması məsələsində Türkiyə ilə müttəfiqliyimiz artıq hüquqi tərəfdən təmin olunub  və bunu rəsmi Moskva yaxşı anladığından Türkiyə ilə münasibətləri düşmənçilik həddinə gətirib çıxartmağı, Azərbaycanı isə bütün mənalarda itirməyi istəmir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”