AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyasının Fəxri Liderinin siyasi fəaliyyəti

Etibar Məmmədov siyasi prosesslərə hələ tələbəlik dövründən qoşulub. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib. Universitetdə «Odlar yurdu» adlı divar qəzetinin hazırlanmasında iştirak edir və Cənubi Azərbaycandakı Milli Hökumət haqqında baş məqalənin müəllifi olub. Bu fəaliyyətlərinə görə 1974-cü ilin dekabrın 21-də universitetdən xaric olunub. Bir il sonra Universitetə bərpa olunan Etibar Məmmədov yenə də fəaliyyətini davam etdirib.

1988-89-cu illərdə Etibar Məmmədov gənc müəllim kimi yenə də hadisələrin önündə dayanır və ilk mitinqlər günü həbs olunur. 18 noyabr 1988-ci il tarixdə, Etibar Məmmədov həbs olunaraq indiki Səbail rayonu polis idarəsinə gətirilir. Ona qarşı şantajların səmərə vermədiyini və mitinqlərin gündən-günə gücləndiyini görən o zamankı rəhbərlik E.Məmmədovu cərimə edərək azad etmək məcburiyyətində qalır.

Etibar Məmmədov

Hərəkatın aparıcı liderlərindən hesab olunan Etibar Məmmədov təkcə meydandakı insanları maarifləndirməklə kifayətlənmir, həm də gündəlik olaraq həmin dövr üçün demək olar ki, hər evdə dinlənilən “Azadlıq radiosu”na verdiyi açıqlamalarla bölgələrdəki insanların da hərəkatın məqsəd və vəzifəsi haqqında məlumat almasında, eləcə də demokratik dünyanın Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumata malik olmasında xüsusi rol oynayır. Həmin reportajlar vasitəsilə Etibar Məmmədov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı mövcud olan informasiya blokadasını yarmağa müvəfəq olur.

AXC-nin yaranmasında danılmaz xidmətləri olan E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilir. Elə ilk iclasda da AXC Məramnaməsinə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı maddə salınmasını təklif edir.

Etibar Məmmədov

Azərbaycanın SSRİ tərkibindən çıxması tələbləri ilə bağlı keçirilən mitinqlərə, eləcə də tətil komitəsinə rəhbərlik edir. Onun çağırışı ilə çoxlu sayda müəssisələr tətil hərəkatına qoşulur və ən nəhayət SSRİ iqtisadiyyatının bel sütününa zərbə vurmaq üçün Respublika Dəmir Yollarında tətil elan olunur. Mitinqlərdə irəli sürülən tələblər yerinə yetirilmədiyinə görə E.Məmmədovun rəhbərliyi ilə avqustun 21–22-də iki günlük, sentyabrın 4-dən 11-nə kimi bir həftəlik ümumrespublika tətili hazırlanır və keçirilir. Bu kütləvi tədbirlərdən sonra Azərbaycan KP MK ilə AXC İdarə Heyəti arasında 13 sentyabr 1989-cu il tarixdə danışıqlar aparılaraq 10 maddədən ibarət razılaşma protokolu imzalanır.

Etibar Məmmədov Ali Sovetin Sessiyasında Azərbaycan SSR-in o zamankı rəhbəri Əbdülrəhman Vəzirovun çıxışını kəsərək ümumrespublika tətili elan olunması ilə bağlı çağırış edir.

20 yanvar hadisələri və Etibar Məmmədovun məhbəs həyatı

20 yanvar hadisələri və eləcə də Ali Sovetin qərarı ilə bağlı məlmatları dünya ictimaiyyətinə çatdırmaq üçün Etibar Məmmədov imperiyanın paytaxtı Moskvaya mətbuat konfransı keçirmək üçün yola düşür. Bütün çətinliklərə və təhlükələrə baxmayaraq Etibar Məmmədov Bakıdan gizli yollarla çaxmağa müvəffəq olur və 25 yanvar 1990-cı il tarixdə Moskvada Azərbaycanın daimi nümayəndəliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirir. Həmin mətbuat konfransında Azərbaycana göndərilən SSRİ qoşunlarını işğalçı adlandıraraq baş verənlərdə M.Qorbacovun birbaşa məsuliyyət daşıdığını bəyan edir. Elə həmin gecə Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın edir, Etibar Məmmədov isə həbs olunaraq Lefortovo həbsxanasına aparılır.

9 ay Lefertovo həbsxanasında təkadamlıq kamerada saxlanılan E.Məmmədov, bütün psixoloji təzyiqlərə baxmayaraq SSRİ DTK-nin mitinqlərin dayandırılması üçün xalqa müraciət etməklə bağlı tələblərinə yox deyir və mübarizənin davam etdiriləcəyini bildirir. Etibar Məmmədovun həbs edilməsi ilə bağlı Bakıda və Azərbaycanın bütün bölgələrində etiraz və aclıq aksiyaları başlayır. Sonra bu aksiyalar daha geniş vüsət alaraq Moskvada Kremlin qarşısında və ABŞ-da Nyu Yorkda da keçirilməyə başlayır.

Bir milyon beş yüz min insan Etibar Məmmədovun həbsdən azad olunması üçün hazırlanmış petisiyaya imza atır. Respublikada çıxan “FV-ÇP”, Tallində çıxan “Ocaq” və s. qəzetlərdə siyasi məhbusların müdafiəsi ilə bağlı yazılar nəşr olunmuşdu. “Ocaq” qəzetinin 1990-cı il 5-ci nömrəsində B.Vahabzadənin “Toxunmayın Etibara” şeri və “Etibara azadlıq!” şuarının əks etdirən emblem çap olunmuşdu. “Etibara azadlıq!” emblemi E.Məmmədov həbs olunduqdan sonra respublikanın bütün ərazisində yayılmış, əksər nəqliyyat vasitələrindən asılmışdı. Uzun sürən mübarizənin nəticəsi olaraq Etibar Məmmədovun məhkəməsinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunur və 1-2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda yerləşən Mədəniyyət evində məhkəmə prossesi keçirilir. Etibar Məmmədov məhkəmə zalından azad olunur. Azadlığa çıxan Etibar Məmmədov məhkəmə zalından birbaşa Şəhidlər Xiyabanına şəhidləri ziyarətə yollanır.

Etibar Məmmədovun məhbəsdən azad olunması Azərbaycanda təkrar seçkilərin keçirildiyi dövrə təsadüf edir. Etibar Məmmədov seçkilərdə namizəd olaraq iştirak edərək deputat seçilir.

Etibar Məmmədov həmçinin Fuad Ağayevlə birlikdə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının həmmüəllifidir.

Etibar Məmmədovun Azərbaycanın dövlət müstəqilliyinin tanınması ilə bağlı fəaliyyəti

Azərbaycan öz İstiqlaliyyətinı elan etməsinə baxmayaraq dövlət müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasında bir sıra ciddi problemlər var idi. Bu məsuliyyətli missiya Etibar Məmmədovun üzərinə qoyulur. Etibar Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə yola düşür. Ali Sovetin rəsmi məktubunu Türkiyə Cumhuriyyəti rəhbərliyinə təqdim edilməsinə baxmayaraq bu məsələyə qardaş ölkə rəsmilərinin münasibəti birmənalı deyildi.

Etibar Məmmədov

Türkiyə rəsmiləri Nazirlər Kabinetinin çıxaracağı qərarın Sovetlər birliyinin iç məsələlərinə qarışmaq kimi başa düşüləcəyindən ehtiyat edirdilər. Buna baxmayaraq Etibar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyyəti Türkiyədə çoxsaylı görüşlər keçirərək 10 noyabr 1991-ci ildə Türkiyə tərəfindən Azərbaycanın dövlət Müstəqilliyinin tanınmasına nail ola bilir.

Etibar Məmmədov

Bundan sonra E. Məmmədov 4 dekabr 1991-ci il tarixində Milli Məclisin 6 üzvünün daxil olduğu nümayəndə heyətinin rəhbəri kimi Pakistana rəsmi səfərə gedir. Burada da Pakistanın Baş Naziri Məhəmməd Nəvvaz Şərif, Senatın Sədri, Milli Məclisin fəaliyyətdə olan sədri və Senatın Xarici Əlaqələr komissiyasının üzvləri ilə çoxsaylı görüşlər keçirilir. Nəticədə Azərbaycanın Dövlət Müstəqilliyi Pakistan tərəfindən də tanınır.

Etibar Məmmədovun adı ilə bağlı olan növbəti məsələ yeni yaranmış Azərbaycan ordusunun maddi texniki bazasının formalaşdırılması ilə bağlı onun göstərdiyi fəaliyyətdir. Belə ki, ilk ordunun silahla təmin olunması eləcə də əsgər və zabitlərin geyim və lazım olan digər vasitələrlə təchiz olunması həmin dövrdə dövlət qarşısında olduqca problemli məsələ olaraq qalırdı. Elə bu məsələlərin də yoluna qoyulması üçün yenə də Etibar Məmmədova müraciət edilir. Etibar Məmmədovun fəaliyyyətinin nəticəsi olaraq Milli Ordu silah və maliyyə vəsaiti ilə təmin olunur.

Azərbaycanda ilk qeydiyyatdan keçən partiya

Etibar Məmmədovun fəaliyyətinin növbəti dövrü partiya quruculuğu ilə bağlıdır. AXC-nin üzərinə götürdüyü missiyanı – Azərbaycanın İstiqlalı uğrunda mübarizə missiyasını artıq başa vurduğunu, buna görə də növbəti mərhələyə keçidin vacib olduğunu deyən E.Məmmədov bu məqsədlə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycanda ilk siyasi partiyanın yaradılması istiqamətində fəaliyyətə başlayır. 3-4 iyul 1992-ci ildə AMİP-in təsis Qurultayı keçirilir və 17 iyul 1992-ci il tarixdə Milli Istiqlal Partiyası Ədliyyə Nazirliyi tərəfindən Azərbaycanda yaranmış ilk siyasi partiya kimi dövlət qeydiyyatından keçərək 1 № – li qeydiyyat vəsiqəsi alır. Beləliklə AMİP ilk rəsmi qeydiyyatdan keçmiş partiya kimi tarixə düşür.

Etibar Məmmədov

AMİP Sədri olaraq Etibar Məmmədov 1995-2000-ci illərdə millət vəkili olaraq fəaliyətini davam etdirir. 1998-2003-cü illərdə isə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olaraq seçkilərə qatılır.

2004-cü ildə AMİP sədrliyindən istefa verən Etibar Məmmədov partiya Qurultayının qərarı ilə AMİP-in Fəxri Lideri elan olunub.