AMİP-30

Putinin sözçüsündən 2 etiraf – Rusiya Ukraynada dalana dirənir?

Beynəlxalq əlaqələr üzrə ekspert: “Moskva hazırda elə yol axtarır ki, uğursuzluqları məğlubiyyət kimi yox, öncədən planlaşdırılan taktiki addım kimi qələmə versinlər…”

Kremlin sözçüsü Dmitri Peskov İsveçin və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri haqda danışarkən deyib ki, bu perspektiv Rusiya üçün heç bir risk yaratmır. Halbuki müharibədən öncə rəsmi Moskva ABŞ və NATO qarşısında şərt qoyanda deyirdi ki, Ukraynanı NATO üzvü edəcəksiniz və bu, Rusiyanı təhdid edir. Rusiyanın Ukraynaya hücumunun əsas səbəblərindən, daha doğrusu bəhanələrindən biri də NATO məsələsi idi.

Finlandiya və İsveç Rusiya ilə qonşudur. Amma hazırkı durumda Rusiya onunla qonşu olan bu iki ölkənin NATO-ya üzvlük perspektivinə sakit yanaşır. Görünən odur ki, Kreml ritorikanı dəyişdirib. Bunun üçün bu qədər dinc insan ölməli, Ukrayna xaraba qalmalı, Rusiya dövlət kimi, Putin prezident, siyasi lider kimi biabır olmalı idi?

Peskovun başqa bir etirafı Rusiyanın müharibədəki itkilərini faciə adlandırmasıdır. Halbuki müharibə təzə başlayanda Rusiya hakimiyyəti “hər şey plan üzrə gedir” deyirdi.

Bu iki etiraf Rusiyanın məğlubiyyətinin ən ciddi anonsu sayıla bilərmi? Ümumiyyətlə, Rusiya müharibədə məğlub olarsa, onu savaşdan sonra hansı beynəlxalq sanksiyalar, qadağalar, cəzalar gözləyir?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev günlər ötdükcə verilən açıqlamalar arasındakı fərqlərin getdikcə artacağını söylədi: “Doğrudan da Rusiyanın müharibənin ilk günlərində olan ritorikası ilə indiki arasında xeyli vaxtdır kəskin fərqlər görürük. Kremlin ayrı-ayrı rəsmilərinin son açıqlamaları bunları deməyə əsas verir. Hesab edirəm ki, bu Rusiyanın Ukrayna üçün hesabladığı planlarının fiaskoya uğraması ilə bağlıdır. Belə ki, şəxsən Putin tərəfindən irəli sürülən şərtlərlə bağlı əvvəlki kimi təkidlər yoxdur. Bu geriçəkilmə görüntüsü hələlik birinci şəxsdə görünməsə də, Putindən icazəsiz hər hansı fikir bildirməyin imkansız olduğunu da hamı bilir. İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı bir ay öncə edilən təhdidlərin bu gün eşidilməməsi də çox şeydən xəbər verir.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

Elşən Mustafayev

Əslində hansı ağılla İsveç və Finlandiyanı təhdid edirdilər, anlamıram. Bu ölkələr bəzi postsovet respublikaları deyil ki, onlarla belə tonda danışasan. Uzun illərdir ki, Avropa İttifaqi üzvlüyünü bir kənara qoysaq, hər iki ölkə NATO üzvü olmasa da onların təhlükəsizliyinə bəzi məqamlarda rəsmi, bəzilərində isə qeyri-rəsmi hər zaman ABŞ qarant olub və Putin bunu çox yaxşı bilir. Yəni NATO üzvü olmasalar belə Rusiyanın bu ölkələrə qarşı hər hansı addımı imkansızdır. Amma çox güman ki, yaxın vaxtlarda onlar NATO-ya tamhüquqlu üzv kimi qəbul olunacaq. Çünki həmin ölkələrin həm parlamentlərində, həm də əhalisində bu fikir artıq ciddi qəbul olunur. Əvvəllər hərbi birliklərə qoşulmamaq xəttini seçmişdilərsə, Ukraynada baş verən hadisələrdən sonra bu siyasət tam əksinə dəyişib. Üzvlük məsələsinin həll olunmasına isə kimsə əngəl ola bilməyəcək. Bunu rəsmi Moskva yaxşı anladığından Peskov vasitəsilə belə fikirlər səsləndirir ki, proses başlayacağı halda Putin məğlub kimi görünməsin. Ümumiyyətlə, Ukrayna məsələsində Rusiyanın planlarının uğursuzluğa uğraması göz qabağındadır. O səbəbdən hazırda elə yol axtarırlar ki, bu uğursuzluqları, geriçəkilmələri məğlubiyyət kimi yox, öncədən planlaşdırılan taktiki addım kimi qələmə versinlər və hər şeyin plan üzrə getdiyi görüntüsünü yaratsınlar. Bu gün bütün istiqamətlərdə Rusiyanın siyasəti budur”.

Ekspert müharibədəki itkilərə də toxundu: “Müharibə başlayan gündən Ukrayna rəsmiləri düşmənin çoxlu sayda canlı qüvvə itkisi ilə bağlı məlumat yaysalar da Rusiya Müdafiə Nazirliyi bunu təkzib edirdi. Sonradan təxminən 500 ətrafında itkilərinin olmasını bildirsələr də, rəsmi Kiyev bunun 16-18 min arasında olduğunu bildirir. Amma Peskovun itkilərlə bağlı ikibaşlı fikirləri daxildə baş verə biləcək narazılıqları indidən önləmək üçün hesablanıb. Bildiyim qədər Rusiya şəhərlərinə, əyalətlərə gələn əsgər cənazələrinin sayı hər gün artır. Əvvəllər bir-birlərindən xəbərsiz insanlar öz ölülərini basdırırdılarsa, artıq həm say artıb, həm də nə qədər imkan verməməyə çalışsalar da, bütün Rusiya ərazisində ölü saylarını hesablamaq üçün təşkil olunmuş qruplar fəaliyyətə başlayıblar. Bu səbəbdən də Peskov özlərini sığortalamaq üçün say göstərməmək şərtilə əsgər tələfatlarını böyük faciə adlandırır ki, sabah real saylar ortaya çıxarsa, desinlər ki, biz elə bunu nəzərdə tuturduq.

Deyəndə ki, Rusiya bu müharibədə məğlub olacaq, bəziləri yanlış olaraq elə düşünür ki, bu ifadə Rusiyanın özünün ərazi itkisinə məruz qalacağı anlamına gəlir. Əslində isə Ukraynada məğlubiyyət öz planlarını həyata keçirməyə nail olmamaq və bu müharibə səbəbindən Qərb və ABŞ tərəfindən öldürücü sanksiyalara məruz qalmaqdır. Digər tərəfdən Rusiya 24 fevrala qədər olan status-kvoya qayıdarsa, qondarma Donetsk və Luqansk respublikalarını geri qaytararsa, hətta Krımla bağlı danışıqlara razılaşarsa belə sanksiyalardan, təcrid olunmadan xilas olmayacaq. Ukraynada baş vermiş hadisələrə – dağıntılara, mülki insanların, uşaqların, qadınların, qocaların qətliamlarına və s. cinayətlərə məsuliyyət daşıyan kimlərsə göstərilməli və cəzalandırılmalıdır. Çünki bütün dağıntılar, qətllər Rusiya ərazisində yox, Ukrayna ərazisində törədilib. Yəni ən azı Putin rejimi hakimiyyətdən çəkilməlidir ki, indiki durumda bunun könüllü baş verəcəyi imkansızdır. Rusiya informasiya məkanında əhalinin əksəriyyətinin müharibəni dəstəklədiyini göstərən məlumatlar yayılsa da, həqiqət belə deyil. O səbəbdən Putin hakimiyyəti hazırda bütün yollarla öz əhalisinin tam dəstəyini almaq üçün yollar axtarışındadır. Bunun üçün ən təhlükəli yollara belə gedilə bilər. Bu gün Rusiyanın Ukrayna ilə sərhəd şəhərlərində, mülki obyektlərdə bir neçə böyük diversiya aksiyaları təşkil edib bunu Ukrayna “nasistlərinin” üzərinə qoymaqla əhalinin əhəmiyyətli hissəsində müharibəyə haqq qazandırmaq yollardan biri kimi göstərilir. Bu fikrin üzərində duranlar 2000-ci ilin əvvəllərində ikinci çeçen müharibəsi kampaniyası başlamamışdan öncə baş verənləri təcrübə kimi göstərirlər. Yəni müharibə başlayacağı halda əhalini loyallaşdırmaq üçün Moskvada bir neçə yaşayış binasının partladılmasını və bunun çeçen “terrorçuları” tərəfindən törədilməsi o zamandan qalan presidentdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”