AMİP-30

Ermənilər Kərkini və Qazaxın 7 kəndini tək Başkəndlə dəyişmək istəyir – erməni ki, erməni…

Afsəddin Nəbiyev: “Qriqoryanın iki ölkə ərazisində yerləşən anklavları eyniləşdirməsinin heç bir hüquqi əsası yoxdur”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, iki ölkə arasında anklavların qaytarılması baş tutmayacaq.  O, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilməyəcəyinə eyham vurub. Ermənistan rəsmisi bunu özünəməxsus formada şərh edib.

Qriqoryanın fikrincə, anklavlar məsələsinin mümkün həlli ondan ibarətdir ki, Ermənistanın anklavları Azərbaycanda, Azərbaycanın anklavları isə Ermənistanda qalsın: “Anklavlar məsələsi hələ də qaldırılmayıb, hər iki tərəf susur. Hər iki tərəfdə anklav var. Azərbaycan ərazisində də, Ermənistan ərazisində də anklavlar mövcuddur. Bu anklavların sahəsi, demək olar ki, eynidir”.

Burada təəccüblü olan məqam odur ki, erməni rəsmisi hər iki anklavların məsafəcə eyni olduğunu deyir. Bu necə ola bilər? Axı Ermənistanın bizdə olan anklavı Gədəbəydə yerləşən Başkənddi. Ancaq bizim Ermənistanda olan anklavlarımız  Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndidir. Sözügedən kəndlərin ərazisi Başkənddən xeyli böyükdür. Tutaq ki, Başkənd hansısa bir kəndlə müqayisə edilsəydi, bunu hardasa anlamaq olardı. Ancaq Başkəndlə digər 8 kəndin sahəsi necə eyni ola bilər?

  • “Bizim anklavların ümumi ərazisi Başkənddən 3 dəfə böyükdür”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iki ölkə ərazisində yerləşən anklavları eyniləşdirməsinin heç bir hüquqi əsası yoxdur: “Birincisi ona görə ki, bu anklavların sahəsi eyni deyil. Bu təklif qeyri-bərabər mübadilə təklifidir ki, Azərbaycan dövləti  birmənalı belə yanaşmanı qətiyyətlə rədd etməlidir. Qazax rayonuna məxsus yeddi Azərbaycan kəndi və Naxçıvan Muxtar Respublikasına məxsus Kərki kəndinin ümumi sahəsi 124 kvadrat kilometrdir. Bu da Başkəndin ərazisindən üç dəfə çoxdur. Çünki Başkənd yaşayış məntəqəsinin 40 kvadrat kilometr ərazisi var. Göründüyü kimi, erməni tərəfinin bu təklifi qəbuledilməzdir. İkinci ən vacib məqam ondan ibarətdir ki, Azərbaycanın bu anklavlardan savayı Sovet İttifaqı dövründə böyük bir əraziləri hissələrə bölünərək indiki Ermənistan ərazisinə qatılıb. Zəngəzur, Göyçə mahalı 1920-ci illərdə əhalinin rəyi nəzərə alınmadan Ermənistana verildi. O zamanlar orada yaşayan azərbaycanlılar bu ədalətsiz qərarlara hər hansı bir təsir etmək imkanlarına malik deyildilər. Hazırda o ərazilərdən zorla köçürülən əhalinin sayı 2 milyondan çoxdur. Beynəlxalq hüquqda əhalinin zorla köçürülməsi ən ağır cinayətlər sırasına daxildir. Birləşmiş Millətlər Təşkilatının 1948 (217) saylı qətnaməsində birmənalı olaraq göstərilir: “Hər bir insan hər hansı bir dövlətin hüdudlarında sərbəst yer dəyişmək və özünə yaşayış yeri seçmək hüququna malikdir”. Göründüyü kimi, beynəlxalq hüququn bu maddəsi ermənilərin hüququna yaşıl işıq “yandırır”, ancaq  bizə gəldikdə ikili standartlar tətbiq olunur. Necə ola bilər ki, 30 min erməni beynəlxalq hüquq tərəfindən tanınmış Azərbaycan ərazisində yaşaya bilər, ancaq milyonlarla azərbaycanlı öz tarixi dədə-baba yurdlarına, indiki Ermənistan adlanan ərazilərinə  qayıda bilmir. Hesab edirəm ki, anklavlar məsələsində ərazi mübahisənin önündə milyonlarla insanımızın tapdalanmış hüquqları paralel müzakirə olunmalıdır”.

Sədr müavini onu da əlavə etdi ki, ərazi mübadiləsi yalnız qaçqınların rəyi nəzərə alınmaqla həyata keçirilə bilər.

Vidadi ORDAHALLI

Araz.az