AMİP-30

Ukrayna ərazilərini bu tarixdə azad edəcək

Beynəlxalq məsələlər üzrə ekspert: “Müharibə nə qədər uzansa, Rusiyanın vəziyyəti də bir o qədər çətinləşəcək”

“NATO rəhbərliyi hesab edir ki, yaxın həftələrdə nə Ukrayna, nə də Rusiya müharibə teatrında ciddi üstünlük əldə edə bilməyəcək”.

Bunu NATO-nun mənzil-qərargahının adı açıqlanmayan rəsmisi CNN müxbirinə söyləyib. “Düşünürəm ki, biz döyüş meydanında müəyyən bir sükunət içindəyik. NATO-ya üzv ölkələrin kəşfiyyat qurumları hesab edir ki, yaxın bir neçə həftə ərzində nə Ukrayna Silahlı Qüvvələri, nə də Rusiya işğalçıları döyüş meydanında heç bir üstünlük əldə edə bilməyəcək”, – deyə o qeyd edib.

“Rusiya prezidenti Vladimir Putin yalnız Ukraynanın müdafiəsini qıra bilməyəcəyini anladıqda sülhü müzakirə etməyə hazır olacaq”. Bu sözləri isə Almaniya kansleri Olaf Şolts deyib.

Öz növbəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, Rusiya ilə müharibənin payıza qədər başa çatması ehtimalı çox az olduğu üçün Zelenski hərbi vəziyyətin müddətini daha 90 gün uzatmaq haqda qərar verib. Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov isə əmindir ki, ölkə yaxın vaxtlarda Rusiya tərəfindən ələ keçirilən ərazilərə nəzarəti bərpa edəcək. “İndi bizə həm hücum, həm də müdafiə silahları verilir. Buna görə də, bir çox amilləri götürsək və təhlil etsək, iyunun sonu – iyulun əvvəlində əks-hücumumuzu çox yaxşı reallaşdıra biləcəyik. Mənim subyektiv fikrimcə, yayın sonuna qədər həm Donetski, həm də Luqanskı geri alacağıq”,  – nazirin müşaviri vurğulayıb.

O xatırladıb ki, müharibənin əvvəlində düşmən qüvvələri ukraynalılardan 8 dəfə çox olsa da, artıq vəziyyət kəskin şəkildə dəyişir.

Bu açıqlamalara diqqət etdikdə aydın görünür ki, hər kəs məhz özünün təmsil olunduğu tərəfinüstün olduğunu və üstünlüyü ələ alacağını bəyan edir, təbliğatı öz xeyirlərinə aparır. Bəs, tamamilə soyuq başla və neytral mövqe ilə təhlil etdikdə real vəziyyət necə qiymətləndirilə bilər? Yaxın bir neçə ay üçün proses necə cərəyan edə bilər?

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

 Elşən Mustafayev 

Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Ukraynada hazırkı vəziyyətə baxanda  durumun müharibənin ilk ayında olduğundan çox fərqləndiyini görə bilərik: “Yəni hərbi əməliyyatların ilk dövründə hərbi obyektlərin, silah anbarlarının, o cümlədən hava hücumundan müdafiə sistemlərinin sıradan çıxardılması səbəbindən Ukrayna hakimiyyəti içində ciddi panika yaşanırdı. Eyni zamanda bu problemlərlə paralel mülki əhalinin təxliyə olunub təhlükəsiz ərazilərə köçürülməsi, onların təminatı ilə bağlı məsələlər ayrıca böyük iş idi. Amma sonradan bu problemlərin tədricən həll olunması Ukraynanın müqavimət gücünün artmasına səbəb olmuşdu. Beynəlxalq aləmin və böyük dövlətlərin bir hissəsi əvvəlcə çəkingən mövqelər ortaya qoysalar da, sonradan Rusiya əleyhinə böyük bir koalisiyanın tərkib hissəsinə çevrildilər. Ölkəyə həm maliyyə, həm də böyük həcmdə müasir silahlar, eyni zamanda könüllülər gəlməyə başladı. Belə bir vəziyyət Ukrayna hərbçiləri arasında ruh yüksəkliyinə səbəb oldu ki, müdafiə xəttində baş verən uğurlar, əvvəllər işğal olunmuş bir çox ərazilərin geri qaytarılması məhz bu cür faktorlarla bağlı oldu.

Ümumilikdə götürdükdə deyə bilərik ki, ortada olan vəziyyət bu müharibənin tezliklə yekunlaşacağına inamı azaldır. Qərb tərəfindən nə qədər dəstək olsa da, bu hələ ki, müharibənin uzanmasına xidmət edir. Çünki Rusiya hələ də hərbi cəhətdən güclüdür və bu gün üçün geri çəkilmək niyyəti yoxdur. Çünki geri çəkilmə Putin rejiminin sonu və onun yerinə gələnlərin isə Qərb, ABŞ xeyrinə böyük güzəştlərə getməsi deməkdir”.

Ukrayna bu əraziləri azad etdi

Ekspertin sözlərinə görə, əslində hazırkı ssenarinin Qərbi, xüsusilə ABŞ-ı qane etməsi şübhəsizdir, müharibə nə qədər uzansa, Rusiyanın vəziyyəti də bir o qədər çətinləşəcək: “Hələ müharibədən öncə deyilirdi ki, ən təsirli sanksiyalarla və iqtisadi blokadada Rusiya maksimum 2 ilə yaxın müddətə qədər dözüm göstərə bilər. Ondan sonrakı vəziyyət daxildə olan narazılıqların şişməsi və dövlətin sütünlarının laxladılmasına aparacaq. O səbəbdən müharibənin uzanacağını deyəndə burada Ukraynanın qalib olacağını demək doğru deyil. Çünki bu çərçivə artıq dağılıb və müharibədə udan və ya uduzacaq iki tərəf ola bilər. Rusiya və ABŞ. Formalaşan koalisiya da məhz ABŞ-ın patronajlığı altındadır. Sonradan nələrin olacağını dəqiq demək mümkün olmasa belə, hələlik ABŞ-ın planı uğurla davam edir. İlk aylardan fərqli olaraq rəsmi Kremlın  təbliğat maşını artıq uğursuzluqlarını etiraf edir, böyük itkilərin olduğunu bildirir, sanksiyalar səbəbindən yüksək texnologiyalar ala bilmədikləri üçün istifadə olunmuş müasir silahların yerinin doldurulmasında problemlərin olduğu açıqlanır və s.”.

E.Mustafayevə görə, ortada ciddi uğurlar olmasa da, hazırda mənəvi üstünlük Ukrayna tərəfindədir: “Müharibə təzə başlayanda hətta xarici ekspertlər belə, uzağı 1 ayın içində rəsmi Kiyevin kapitulyasiya edəcəyin,i Qərbin danışaqlara qoşulacağını və Putinin şərtlərinin əhəmiyyətli hissəsini qəbul etməyə məcbur olacağını bildirirdilər. Həmin vaxtlar Zelenskinin hərbi dəstək vermədiklərinə görə Qərbi, NATO-nu tənqid etdiyini, ortada tək qaldığını dediklərini xatırlasaq, vəziyyətin necə dəyişdiyini görə bilərik. Hesab edirəm ki, yaxın aylar üçün Putinin əsas hədəfi döyüş meydanındakı üstünlüyünü müharibənin əvvəlində olan səviyyəyə qaldırmağa çalışmaqdan ibarət olacaq. Həmin vaxtlar Rusiyadan danışıqlar masasına oturmaq xahiş olunurdu və iki dəfə Belarusda və Türkiyədə belə danışıqlar baş tutmuşdu. İndi isə heç kim Rusiyadan bunu xahiş etmir  nüvə silahı təhdidləri də işə yaramadı və artıq şərtləri Ukrayna qoymağa başlayır, Donetskin və Luqanskın tam olaraq boşaldılmasını tələb edir və Krımı da heç vaxt Rusiya ərazisi olaraq tanımayacağını bildirir.

Məhz bu ritorika rəsmi Moskvanı narahat etdiyindən qısa müddətdə hərbi meydanda üstünlüyə nail olmaq üçün yollar axtarışındadır. Amma deyildiyi kimi, artıq Qərbdən həm müdafiə, həm də hücum silahları aldığından, mənəvi üstünlüyün onun tərəfində olduğundan tam olaraq istədiyinə nail olmasa belə yaxın aylar üçün Ukraynanın güclü müqavimət göstərəcəyi şübhəsizdir. Əgər bu uzanarsa, o zaman Rusiyanın həmin ərazilərdən hər hansı bəhanə ilə çəkiləcəyi də ola bilər. Çünki təkbaşına böyük bir koalisiyanı qarşısına almaq sonda dövlət olaraq, öz mövcudluğunu təhlükə altına atmaq deməkdir”.

Etibar SEYİDAĞA
“Yeni Müsavat”