AMİP-30

Partiya sədrindən XİN-ə sərt etiraz: “Niyə susursuz?”

Ermənistanın bəzi universitetlərinin rəhbərləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə qanunsuz səfər ediblər.

Hətta özünü Qarabağdakı qondarma qurumun başçısı elan edən Araik Arutyunyan onları qəbul edib. Görüşdə ali təhsil sahəsi ilə bağlı məsələlər müzakirə olunub. “Qonaqlar” Xankəndidə “ali təhsil sahəsində islahatların aparılması işi”nə kömək etməyə hazır olduqlarını  bildiriblər.

Qeyd edək ki, Rusiya sülhməramlılarının universitet rəhbərlərinin Azərbaycan torpaqlarına qanunsuz səfərinin qarşını almaması cəmiyyətimizin kəskin etirazına səbəb olub.

Üstəlik, bir müddət əvvəl də Ermənistanın baş prokuroru Qarabağa qanunsuz səfər edib. Rus sülhməramlılarının öz vəzifələrini icra etmədikləri və ya etmək istəmədikləri son günlərdə artıq hər kəsə aydındır. Onlar erməni rəsmilərinin təxribat və qıcıq yaratmaq üçün Xankəndinə səfərinin qarşısının alınması üçün heç bir addım atmadılar. Halbuki onların Qarabağa yerləşdirilməsindəki əsas məqsəd məhz bu idi.

Görünür, rus sülhməramlılarının özbaşınalıqlarından əl çəkməyə niyyətləri yoxdur. Son hadisələrdən sonra Azərbaycan tərəfinin sülhməramlılarla bağlı məsələni yenidən gündəmə gətirməsi və konkret addımlar atması gözlənilir.

Maraqlıdır, rəsmi Bakı sülhməramlılarla bağlı hansı addımları atacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, sülhməramlı adlandırılan rus hərbçilərinin mövqeyi elə ilk gündən bəllidir:

“Onlar sülhməramlı missiya yerinə yetirməkdən daha çox erməniməramlı missiya yerinə yetirirlər. 2022-ci ilin birinci yarım ili ərzində ancaq ermənilərə havadarlıq etməklə öz vəzifələrini yerinə yetirməmək və səlahiyyətlərini aşmaqla gündəmə gəliblər. Bu məsələ ilə bağlı dəfələrlə münasibət bildirilib və Azərbaycan ictimaiyyəti buna çox sərt təpki göstərib.

Təbii ki, Rusiyanın siyasi rəhbərliyi də cəmiyyətin mənfi reaksiyalarından məlumatlıdır. Azərbaycan rəsmiləri də zaman-zaman bununla bağlı mövqelərini bildiriblər. Təəssüflər olsun ki, bu, sadəcə Qarabağdakı sülhməramlı adlandırılan rus hərbçilərinin yürütdüyü siyasət deyil. Bu, birbaşa Rusiyanın siyasi rəhbərliyinin siyasətidir.

Bir il bundan əvvəl ölkə Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı ciddi narazılığını bildirmişdi. Dərhal sonra isə Rusiyanın erməni əsilli xarici işlər naziri Sergey Lavrov “Ermənistan rəsmilərinin Qarabağa gəlməsində və oradakı qondarma qurumun rəhbərləri ilə görüşməsində heç bir problem görmürük” demişdi. Təəssüflər olsun ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı olduqca dişsiz bəyanatlar verməklə gündəmə gəlir. Onlar ölkə Prezidenti səviyyəsində bu məsələyə reaksiya verilməsini gözləyirlər. Yalnız ondan sonra Xarici İşlər Nazirliyi də bu və ya digər formada yüngülvari bir bəyanat verməklə öz vəzifə borcunu etmiş hesab edir. Niyə susurlar?”

Partiya sədri qeyd edib ki, Azərbaycanın rəsmi qurumları buna çox sərt reaksiya verməlidirlər:

“Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bu məsələ ilə bağlı çox ciddi reaksiya və bəyanatlar verməlidirlər.

Hətta bu bəyanatlar sülhməramlılara deyil, Rusiyanın siyasi rəhbərliyinə yönəldilməlidir. Belə halların qarşısının alınması üçün Rusiyaya xəbərdarlıq olunmalıdır. Çünki Azərbaycan suveren ölkədir və Azərbaycanın razılığı olmadan hər hansısa bir digər dövlətin vətandaşı ölkəyə daxil ola bilməz. 

Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan öz sərhədlərinə özü nəzarət etməlidir. Sülhməramlı adlandırılan rus hərbçilərinin məsuliyyət dairəsi olan ərazilər də tam olaraq Azərbaycanın nəzarətinə keçməlidir. Bununla yanaşı, rus hərbçilərinin tezliklə ərazilərimizi tərk etməsi ilə bağlı mövqe ortaya qoyaraq, buna nail olmaq lazımdır”.

Elmir
Cebhe.info