AMİP-30

“Kiyev təhlükəni görürdü, ötən 8 ildə müharibəyə hazırlaşmalı idi” – Arzuxan Əlizadə

“Rusiyanın Ukraynaya təcavüzü əslində 8 ildir ki, davam edir. Bu təcavüz 2014-cü ildə Krımın ilhaqı ilə başlayıb. Onun ardınca Rusiya Luqansk və Donetsk qondarma respublikalarında separatçılara dəstək verməklə və faktiki həmin əraziləri öz nəzarətinə almaqla bu işğal davam edib.  Nəhayət, bu ilin fevralın 24-də Rusiya açıq hərbi əməliyyatlara başladı. Əslində bu Ukraynaya qarşı elan olunmamış müharibə idi. Müharibənin ilk günlərində və müharibədən əvvəl də Rusiya rəsmilərinin fikri bu idi ki, 2-3 gün ərzində onlar Kiyevi almaq ixtidarındadırlar. Onların dili ilə desək, Ukraynanın faşist rejimi devrilməli idi. Rusiyaya daha meylli olan siyasilərin hakimiyyətə gətirilməsi hədəflənmişdi. Və bu prosesin də çox qısa müddətə həyata keçiriləcəyi Rusiya rəsmiləri tərəfindən bəyan olunurdu. Amma müharibənin başlanmasından bu yana 4 aydan çox vaxt keçib, rus ordusu Kiyev yaxınlığına gəlib dirənsə də, geri oturduldu və buna eyni zamanda rus ordusunun içərisindəki problemlərdə səbəb oldu. Rus zabitləri də etiraf etdilər ki, ordu qüvvələri arasında kommunikasiya pozulmuşdu və məcbur olub geri qayıtdılar”.

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, artıq 2-ci faza başlayıb və Ukrayna xeyli itki verib: “2-ci fazada xüsusi ilə də, qondarma respublikaların Luqansk və Donetsk ərazilərinin tam olaraq Rusiyanın nəzarətinə keçmə əməliyyatları idi ki, bu əməliyyatlar da demək olar ki, başa çatıb. Həmin qondarma qurumların əraziləri faktiki olaraq tam Rusiyanın nəzarəti altına keçib, hal-hazırda həmin ərazilərdə Rusiya öz qanunlarını həyata keçirməkdədir. Orada hakimiyyət dəyişiklikləri baş veribdir və hətta pasportlar paylanmağa başlanıb. Eyni zamanda Luqansk və Donetsk qondarma respublikalarının pasportları paylanır, həm də Rusiya vətəndaşlığına qəbul olmaq istəyənlər üçün yaşıl işıq yandırılıb və referendrum keçirilməsinə hazırlıq gedir. Bildiyimiz qədər, Rusiya həmin ərazilərdə referendrum keçirərək de-yure öz nəzarətinə keçirə bilər. Həmçinin ola bilər ki, Rusiyaya birləşmə ilə bağlı qərar qəbul olunsun”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə

AMİP sədri vurğuladı ki, Ukraynanın itkiləri böyükdür: “4 aydan çoxdur ki, davam edən müharibədə Ukrayna təkcə ərazilərinin 20 faizindən artığını itirməyib eyni zamanda çox böyük insan itkiləri var. Kommunikasiya xətləri pozulub, iri şəhərlər dağılıb, dinc əhali arasında ciddi itkilər var. Rusiya ordusu tərəfindən hərbi cinayətlər həyata keçirilib. Bir çox yerlərdə qətliamlara yol verilib. Buçada və İrpendə biz bunun şahidi olduq. Eləcə də, digər ərazilərdə bu gün də müharibə cinayətləri baş verməyə davam edir. Uşaqlar, qadınlar, yaşlı insanlar qətlə yetrilir, dinc əhalinin qaldığı ərazilərə raket zərbələri endirilir. Ukrayna müharibə davam etdikcə hər gün yüzlərlə dinc əhalisini itirməkdədir”.

Ukraynanın aldığı dəstəyə gəlincə, A.Əlizadə hesab edir ki, Ukrayna rəhbərliyinin də dediyi kimi Qərbin dəstəyi isə yetərli deyil: “Əgər Qərbin dəstəyi yetərli olsa idi, hələ 2014-cü ildə Krım ilhaq olunan zaman Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan geri çəkilməzdilər. O zaman çox az miqdarda sanksiyalar tətbiq olundu. Hətta Rusiya Avropa Şurasının Parlament Assambleyasında səs hüququndan məhrum edildi, amma sonradan məsələlərlə bağlı Qərb geri çəkildi, sanksiyalar yumuşaldıldı və bir növ Rusiyaya güzəştə getdilər. Nəticə də göz qabağındadır. Əgər vaxtında yetərli dəstək olsaydı müharibədən də qaçmaq olardı. Digər tərəfdən Zelenski özü də Qərbin dəstəyindən narazılığını bildirməkdədir və bu gün də müharibənin gedişində bunu dəfələrlə bildirir. Ukrayna tərəfindən tələb edilsə də, nə Ukraynanın hava məkanı bağlanmadı, nə Ukrayna tərəfinə uzaq mənzilli raketlər verilmir ki, torpaqlarını işğaldan azad etmək üçün ciddi həmlələrlə gedə bilsin. Görünür ki, yalnız müdafiə xarakterli silahlar verilir”.

AMİP sədri vurğuladı ki, Zelenskinin əslində narazılığı çox yerindədir: “Çünkü, 1994-ci il Budapeşt razılaşması var və həmin razılaşmaya əsasən həmin Qərb dövlətləri, xüsusi ilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, İngiltərə və Fransa nüvə başlıqlarının Ukraynadan çıxarılması və Rusiyada yalnız yerləşdirilməsi müqavilində Ukraynanın ərazi bütövlüyünə təminat vermişdilər. Bu gün həmin təminatı həyata keçirmirlər. Göz qabağındadır ki, Ukraynanın əraziləri işğal olunub, Ukraynaya maddi dəstək verilsə də, silah yardımları edilsə də, bu dəstək yetərli deyil. Əgər yetərli olsaydı birinci növbədə müharibənin qarşısını almaq olardı. İkinci növbədə isə müharibə başlayandan sonra Ukrayna bu qədər itki verməzdi. Bu gün də bu itkilərin şahidiyik. Baxmayaraq ki, çox böyük məbləğdə maliyyə vəsaitləri ayrılır, eyni zamanda hərbi silah-sursat göndərilir. Böyük Britaniya da xüsusi ilə çox böyük dəstək verməkdədir. Həmçinin ABŞ böyük vəsait ayırmaqla yanaşı, eyni zamanda II Dünya Müharibəsindən sonra ilk  dəfə olaraq Lend-liz qanunu qəbul etdi. Yardımlar edilsə də, Ukraynadan gedən qaçqınlara Avropada qucaq açılsa da, müharibəni önləmək, Rusiyanın qarşısını almaq , torpaqları işğaldan azad etmək mümkün olmayıb və hələ də mümkün görünmür. Bu gün artıq Rusiyaya qarşı 7-ci paket sanksiyalar qəbul edilib. Amma bəzi Avropa ölkələri Rusiyadan enerji asılılığında olduğuna görə, Fransa, Almaniya, İtaliya kimi dövlətlər sanksiyalara qismən qoşulurlar, qətiyyətli addımlar atmırlar. Digər tərəfdən ABŞ başda olmaqla Qərb dövlətləri müharibənin uzanmasında maraqlı görünür. Çünki hədəf Rusiyanın hərbi, iqtisadi, siyasi cəhətdən çökdürməkdir. Bunun üçün illər lazım olacaq”.

Arzuxan Əlizadə hesab edir ki, Ukrayna xalqı burada qurbandır, bu ölkə bir poliqondur: “Biz Ukraynanı dəstəkləyirik, Rusiya işğal həyata keçirir, hədəf təkcə Ukrayna deyil, eyni zamanda keçmiş SSRİ dövlətləridir. Rusiyanın bu müharibədən qalib çıxması digər MDB dövlətlərinin  suverenliklərini də təhlükə altına ala bilər. Bu mənada Ukraynaya daha ciddi dəstək verilməlidir. Rusiyanın qələbəsi Avropa üçün ciddi təhdid deməkdir. Ukraynaya hücum silahları, uzaqmənzilli raketlər verilməlidir. Təbii ki, burada Ukrayna dövlətinin, xalqının iradəsi də rol oynayır. Ukrayna işğal faktı ilə barışmayıb sona qədər mübarizəsini davam etdirəcəksə, ərazilərini işğaldan azad etmək gücündə olacaq. Yox əgər taleyi ilə barışacaqsa, o zaman gələcəkdə de-yure bu ərazilərin nəzarətindən çıxması ilə barışmalı olacaq. Azərbaycan 30 ilə yaxın müddətdə işğalla barışmadı, iradəsini ortaya qoydu, müharibəyə hazır oldu və torpaqlarını azad etdi. Ukrayna isə bu təhlükəni görə-görə ötən 8 ildə müharibəyə hazırlaşmadı. Müharibə gözlənilən idi və Kiyev daha güclü hazırlıq görməli idi. Silahları zamanında almalı idi, müasir ordu qurmalı idi ki, işğalın qarşısını ala bilsin.  Müharibənin nə qədər uzanacağını və kimin qələbə çalacağını zaman göstərəcək”.

Səid İsaoğlu,

SİTAT.İNFO