AMİP-30

Qarabağdakı erməni silahlılar çıxarılır

Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var. Amma gözləməkdə fayda var

Bakı rəsmi Moskvanın da mövzu ilə bağlı açıqlamasını gözləyir

 Azərbaycanın Qarabağ bölgəsində qanunsuz olaraq fəaliyyət göstərən erməni silahlı qüvvələrinin bölmələri Ermənistana qaytarılır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O deyib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib: “Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir. Ermənistandan Qarabağa artıq hərbi çağırışçılar olmayacaq”. 

  Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq. Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev erməni silahlılarının Qarabağdan çıxarılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi icra etməməsinə kəskin narazılığını bildirib və bunun nəticələri olacağını elan etmişdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, Ermənistan tərəfi bununla faktiki olaraq üçtərəfli bəyanatı icra etmədiyini etiraf etmiş oldu. Şəfiyev Armen Qriqoryanın bəyanatının Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sonraya təsadüf etməsinə diqqət çəkib: “Prezident İlham Əliyev çıxışında təkcə Ermənistana xəbərdarlıq etməmişdi, həm də Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunmuşdu. Faktiki olaraq buna onlar şərait yaradıblar. Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var. Amma gözləməkdə fayda var. Görək, Ermənistan bunu necə icra edəcək”. 

  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, rus sülhməramlılarının Azərbaycana daxil olması ilə paralel olaraq erməni hərbi birləşmələri ərazini tərk etməli idi. Partiya rəhbərinin sözlərinə görə, xeyli zaman keçsə də, bu, baş vermədi: 

“2020-ci ilin dekabrın 1-dək razılaşmada nəzərdə tutulan digər proseslərin baş verməsini gözlədik. Ardıcıl olaraq Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verildi. Laçının boşaldılmasından sonra konkret olaraq erməni silahlıları ilə bağlı məsələnin üzərinə getməyə çalışdıq. Qarabağdakı erməni silahlılarının hərbçilərimizə, mülki vətəndaşlarımıza təhdid yaratdığını davamlı dilə gətirdik. Ümumən, torpaqlarımızdakı erməni terrorçuları ilə bağlı ölkə ictimaiyyətində ciddi narazılıq var idi. Bir müddət sonra dövlət başçısı məsələnin üzərinə getdi. Eyni zamanda Rusiyanın vəzifəli şəxsləri Azərbaycanda səfərdə olarkən Müdafiə Nazirliyimiz tərəfindən erməni silahlılarının çıxarılması məsələsi xüsusi vurğulandı. Qeyd olundu ki, üçtərəfli sazişin 4-cü bəndinin icrasında Rusiyanın üzərinə məsuliyyət düşür. Prezident sonuncu müşavirədə çıxışı zamanı çox doğru olaraq bəyan etdi ki, Rusiyanın siyasi-hərbi rəhbərliyinin də məsuliyyət payı var. Bəyannaməyə imza atan tərəflərdən biri Rusiya rəhbərliyidir. Qarabağdakı erməni silahlı qruplaşmaları birmənalı ölkəni tərk etməlidir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözləri yekun və yetərli açıqlama deyil. Sadəcə, hazırkı situasiyada Azərbaycan konkret mövqe ortaya qoyduğu, dövlət başçısı İrəvana və Moskvaya mesaj verdiyi üçün Ermənistan rəsmiləri öz açıqlamaları ilə vəziyyəti bir qədər “yumşaltmağa” çalışırlar. Ermənistan və Rusiya rəhbərliyi birmənalı olaraq konkret vaxt müəyyən etməli və həmin gündən etibarən erməni silahlıları Qarabağdan çıxarılmalıdır. Erməni tərəfi sentyabr ayında prosesin sona çatacağını deyir. Ancaq Rusiyanın bununla bağlı heç bir rəsmi açıqlaması yoxdur”. 

  A.Əlizadə vurğulayıb ki, rəsmi Bakının tələbi aydın və konkretdir:

 “Azərbaycan torpaqlarında bir nəfər erməni silahlısı qalmamalıdır. Erməni silahlı qruplaşmaları dedikdə, sadəcə, Qarabağdakı separatçıları nəzərdə tutmuruq. Azərbaycan ərazisində Ermənistanın hərbi strukturlarına, hüquq-mühafizə orqanlarına bağlı da silahlı dəstələrin mövcudluğu yolverilməzdir. Ardıcıl olaraq bu məsələnin üzərinə gedilməli, ərazimizdə erməni hərbi birləşmələrinin varlığına birdəfəlik son qoyulmalıdır. Əks halda ən tez zamanda Qarabağdakı terrorçuları tərksilah etmək, zərərsizləşdirmək məqsədi ilə Azərbaycan Ordusunun növbəti anti-terror əməliyyatı başlayacaq. İstənilən an bu hüquqdan istifadə etmək haqqımız var”.

Sherg.az