AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

“Ortada konkret razılaşmalar var” – POLİTOLOQ

“Ümumiyyətlə onu qeyd edim ki son 1 aydır Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində çox aktiv fəaliyyətə şahidlik edirik. İstər ABŞ-da keçirilən görüşlər, istər daha sonra Avropa ittifaqının vasitəsi ilə keçirilən görüşlər çox əhəmiyyətlidir. Elə həmin görüşdən dərhal sonra Moskvada növbəti görüşün keçirilməsi haqqında məlumatın verilməsi onu göstərir ki, tərəflərdən hər biri, yəni vasitəci ölkələr, prosesdə öz iştirakını möhkəmləndirmək üçün konkret addımlar atıblar”.

Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O, qeyd edib ki, hər nə qədər ABŞ-da və Brüsseldə keçirilən görüşlər Rusiya tərəfindən qısqançlıqla qarşılansa da bu gün Moskvada keçən görüş ilə bağlı həm Avropa ittifaqının, həm də ABŞ-ın verdiyi qiymət ondan ibarətdir ki, onlar bu görüşü alqışlayırlar: “Çünki ortada konkret razılaşmalar var. İndi ölkə rəhbərlərinin görüşü də məhz o razılaşdırılmış məsələlərin yekun bir variantını bir daha müzakirə etməkdən ibarətdir. Görüşün Moskvada keçirildiyini nəzərə alaraq deyə bilərəm ki, görüşdən nəsə qeyri adi bir şey gözlənilmir.

Məlumdur ki Rusiya hər vəchlə problemin hələ də aktual qalmasını və prosesin uzanmasını istəyir, çünki Rusiya bu görüşləri Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına edə biləcəyi təzyiq imkanlarını itirmək kimi görür. Düşünür ki, bu münasibətlər normallaşarsa artıq nə Azərbaycana, nə də Ermənistana təzyiq etmək mümkün olmayacaq. Ona görə prosesi uzatmaq istəyir. Bu baxımdan da bu günkü görüşdə xüsusi ilə nəqliyyat və kommunikasiya məsələlərinin müzakirə ediləcəyinin qənaətindəyəm. Yəni Zəngəzur dəhlizi istiqamətində Xarici işlər nazirlərinin əldə etdiyi razılaşmaların icrası ilə bağlı konkret hansısa sənəd qəbul oluna bilər. Bu istiqamətdə bəyanat verilə bilər, amma yekun sülh sazişinin müzakirəsi istiqamətində hansısa ciddi addımların atılacağını düşünmürəm”.

Fazil Hənifəyev

sia.az