AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

Ermənistan KTMT-dən çıxsa NƏ BAŞ VERƏ BİLƏR? – POLİTOLOQ

“Ermənistanın KTMT-dən çıxmaq istəməsi ilə bağlı zaman-zaman müzakirələr aparılsa da ortada konkret addımlar yoxdur. Keçən il Paşinyanın “əgər KTMT Ermənistanla bağlı öhdəlikərini icra etməsə, KTMT-dən çıxacağıq” bəyanatı da sadəcə Avropadakı tərəfdaşlarının xoşuna gəlmək üçün deyilmiş söz idi. Bunu sonrakı proseslər də göstərdi”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, indiki mərhələdə də Ermənistanın KTMT-dən çıxması ilə bağlı hansısa addımlar ata biləcəyini düşünmürəm: “Daha aydın desək, hazırkı geosiyasi vəziyyətdə Ermənistanın KTMT-dən çıxması, dolayısı ilə Rusiya ilə onsuzda gərgin olan münasibətləri daha da gərginləşdirməsi real görünmür. Bunu Ermənistanın rəsmi şəxsləri də etiraf edir. Məsələn, bir müddət əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Katrin Kalona ilə birgə keçirdiyi mətbuat konfransında “beynəlxalq tərədaşlar Ermənistandan KTMT-dən çıxamağı tələb etmir” deməklə hal-hazırda belə bir müzakirələrin aparımadığını bildirmişdi. Eyni şəkildə Ermənistan parlamentində Xarici əlaqələr daimi komitəsinin rəhbəri Sarkis Xandanyan da öz açıqlamasında “Ermənistanda vektorun dəyişdirilməsindən söhbət gedə bilməz, çünki vektor Ermənistana, onun müstəqilliyini və suverenliyini təmin etməyə yönəlib” deyərək KTMT-dən çıxmaqla bağlı müzakirələrin getmədiyini bildirib. Paşinyan özü də son açıqlamalarında Ermənistanın nə KTMT-dən, nə Avrasiya İqtisadi İttifaqından çıxmağı hazırlaşmadığını bildirib.

Ermənistan rəsmilərinin bu cür mövqe sərgiləməsi də əslində başa düşüləndir. Çünki indiki mərhələdə Ermənistanın bütün təhlükəsizliyi məhz Rusiyanın üzərindədir və Ermənistan sərhədləri də rus hərbçilər tərəfindən qorunur. Bundan başqa Ermənistanın KTMT ilə bağlı çoxlu sazişləri, çoxlu dövlətlərarası hüquqi aktları mövcuddur. Ən əsası isə Ermənistanın KTMT-dən çıxması Rusiyanın Ermənistanı tərk etməsi də demək deyil. Çünki Ermənstan və Rusiya arasında imzalanmış sazişlərə görə Rusiya bazasının Ermənistan ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Yəni başqa sözlə Ermənistanın indiki halda KTMT-dən çıxaması onun özü üçün ağır nəticələrə səbəb ola bilər.

Amma ümumi olaraq götürsək rəsmi İrəvanın nə vaxtsa KTMT-dən çıxmaq haqqında qərar verməsi bizim üçün böyük ölçüdə nəyisə dəyişməyəcək. Nə KTMT, nə də Ermənistanın regiona gətirmək istədiyi hər hansı xarici qüvvənin Azərbaycana təzyiqr göstərmək imkanları yoxdur. Çünki Azərbaycan ərazi bütövlüyü bərpa olunmuş, suveren dövlətdir və kiminsə ərazilərində gözü yoxdur”.

Müəllif: Səbinə Hüseynli

sia.az