AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətənimizin ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyi müqəddəs gündür.

Bu tarix həm şəhidlərimizin qəhrəmanlığını bir daha xatırlamaq, həm də onların fədakarlığı hesabına əldə olunan Böyük Zəfərin tarixi əhəmiyyətini dərk etmək baxımından xüsusi önəm daşıyır.

Azərbaycan torpaqları uzun illər, təxminən 30 il ərzində işğal altında qaldı. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, eləcə də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan uzunmüddətli danışıqlara baxmayaraq, işğalın aradan qaldırılması istiqamətində real nəticə əldə olunmadı. Azərbaycan dövləti isə bütün bu illər ərzində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək iradəsindən geri çəkilmədi. Ölkəmiz iqtisadi və hərbi potensialını gücləndirdi, müasir ordu quruculuğunu həyata keçirdi, beynəlxalq əlaqələrini genişləndirdi və xalq-dövlət birliyini daha da möhkəmləndirdi.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı 44 günlük Vətən müharibəsinə yol açdı. Bu müharibə Azərbaycan xalqının milli iradəsini, dövlətimizin gücünü və Ordumuzun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbçiləri böyük qəhrəmanlıq və şücaət göstərərək işğal altında olan torpaqlarımızın mühüm hissəsini azad etdilər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlara son qoyuldu və Ermənistan bir sıra öhdəliklər götürdü.

Bu Zəfərin əldə edilməsində ən böyük pay həyatını Vətən uğrunda fəda edən şəhidlərimizə və sağlamlığını itirərək qəhrəmanlıq nümunəsi göstərən qazilərimizə məxsusdur. Şəhidlərimizin və qazilərimizin göstərdiyi fədakarlıq Azərbaycan tarixinin ən şərəfli və müqəddəs səhifələrindən biridir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Zəfərin yeni – sülh, inkişaf və tərəqqi mərhələsinə keçdiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşlarımız öz ata-baba torpaqlarına mərhələli şəkildə qayıdırlar.

Azərbaycan Milli İstiqlal Partiyası hesab edir ki, 27 Sentyabr – Anım Gününün əsas mahiyyəti şəhidlərimizin müqəddəs xatirəsini daim yaşatmaq, qazilərimizin fədakarlığını unutmamaq, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və dövlət suverenliyini gələcək nəsillərə əmanət etməkdən ibarətdir.

AMİP olaraq Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyatını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə möhkəm cansağlığı arzulayırıq!

Müstəqil və suveren Azərbaycan əbədi yaşasın!

Azərbaycan Milli İstiqlal Partiyası