9 NOYABR – AZƏRBAYCAN BAYRAĞI GÜNÜ
Üç rəngli bayrağımızda bir millətin qüruru, bir dövlətin əbədiyyət andı birləşib. Bayrağımız xalqımızın azadlıq eşqinin, milli kimliyinin, istiqlal mübarizəsinin və müstəqil dövlətçilik iradəsinin rəmzidir. Bu bayrağın hər rəngində tariximiz, hər qatında mübarizəmiz, hər dalğalanışında isə bir millətin azad yaşamaq əzmi var.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilən üçrəngli bayrağımız xalqımızın dövlətçilik tarixində yeni bir səhifə açdı. Sovet işğalı illərində bu bayrağı qəlbində yaşadanlar müstəqillik ideyasını qoruyub saxladılar. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə üçrəngli bayrağımız yenidən öz əzəli ünvanına müstəqil Azərbaycanın səmasına qayıtdı. Bu gün bayrağımızın azad Vətənimizin hər guşəsində, xüsusilə Qarabağda və Şuşada qürurla dalğalanması şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin iradəsi ilə yazılmış tariximizin təntənəsidir.
Bayrağı sevmək Vətəni sevmək, dövlətçiliyi qorumaq, milli birliyə sahib çıxmaq və gələcək nəsillərə azad Azərbaycan əmanət etmək deməkdir. Üçrəngli bayrağımız xalqımızın dünənindən bu gününə, bu günündən isə sabahına uzanan milli istiqlal yolunun əbədi rəmzidir.
Bayrağımız daim yüksəklərdə dalğalansın!
Dövlətimiz var olsun, müstəqilliyimiz əbədi olsun!
Azərbaycan Milli İstiqlal Partiyası xalqımızı 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edir!