AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə

Bəzən bir bayrağa baxarkən insan bütöv bir xalqın tarixini, yaşadığı ağrı-acıları, mübarizəsini, arzularını və qürurunu görə bilir. Azərbaycan bayrağı da bizim üçün məhz belə bir müqəddəs dəyərdir. O, dövlət rəmzi olmaqla yanaşı, milyonlarla azərbaycanlının ürəyində yaşayan Vətən sevgisinin, milli kimliyimizin, azadlıq arzumuzun və müstəqillik iradəmizin ifadəsidir.

Bu gün üçrəngli bayrağımızın dalğalanmasını seyr edərkən onun bizə hansı tarixi yol bahasına gəlib çatdığını unutmamalıyıq. Hər bir rəngində bir tarix, hər dalğalanışında bir mübarizə, hər qaldırılışında isə xalqımızın azad yaşamaq əzmi var. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayrağımız müasir Azərbaycan dövlətçiliyinin ən mühüm rəmzlərindən birinə çevrildi. Mavi rəng türk kimliyimizi, qırmızı rəng müasirlik və inkişaf amalımızı, yaşıl rəng isə mənəvi-mədəni köklərimizi ifadə edir. Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq ideyalarının bu bayraqda təcəssüm tapması onun milli məfkurəmizdəki yerini daha da mənalandırır. 1920-ci ildə dövlət müstəqilliyimizin itirilməsi ilə üçrəngli bayrağımız rəsmi dövlət atributu kimi istifadədən çıxarılsa da, xalqımızın qəlbindən və yaddaşından silinmədi. O bayrağı qoruyanlar, onu azad Azərbaycanın yenidən səmasında görmək arzusu ilə yaşayanlar müstəqillik düşüncəsini nəsildən-nəslə ötürdülər. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi. Beləliklə, xalqımızın istiqlal arzusu dövlət səviyyəsində öz tarixi rəmzinə qovuşdu.

Üçrəngli bayrağımız tarixi keçmişimizlə yanaşı həm də bu günümüzün və gələcəyimizin mənəvi dayağıdır.Bu gün üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması həmin iradənin ən parlaq ifadəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və xalqımızın sarsılmaz birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Qələbə dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda tarixi mərhələ oldu. Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda, Zəngilanda və digər doğma torpaqlarımızda dalğalanan bayrağımıza baxanda insanın qəlbindən keçən hissləri sözlə ifadə etmək çətindir. O bayrağa baxan şəhid ailəsinin, illərlə doğma yurdunun həsrəti ilə yaşayan məcburi köçkünün, Vətən uğrunda sağlamlığını itirmiş qazinin duyğularını təsəvvür etmək belə kifayətdir ki, bu üçrəngli rəmzin bizim üçün nə qədər böyük mənəvi dəyər daşıdığını anlayaq. Bu bayraq həm də geri dönməyən şəhidlərimizin əziz xatirəsi, doğma torpağına qovuşan insanların sevincidir. O, bizə xatırladır ki, azadlığın və müstəqilliyin qiyməti ölçüyəgəlməzdir. Bu gün bayrağımızın azad torpaqlarımızda dalğalanması hər birimizin qəlbində qürurla yanaşı, böyük məsuliyyət hissi də yaratmalıdır.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması, 2024-cü il noyabrın 8-də yenidən qurulduqdan sonra açılışının keçirilməsi də dövlət rəmzlərimizə göstərilən ehtiramın ifadəsidir. Paytaxtımızda əzəmətlə dalğalanan Dövlət Bayrağımız ölkəmizin suverenliyini, milli qürurunu və dövlətçilik iradəsini nümayiş etdirir. Burada yaradılmış Dövlət Bayrağı Muzeyi isə tariximizin və dövlətçilik ənənələrimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bayrağa hörmət Vətənə sədaqət, dövlətə bağlılıq, qanunlara riayət, milli birliyin qorunması və ölkəmizin inkişafına töhfə verməkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsi də hər bir vətəndaşın dövlət rəmzlərinə hörmətlə yanaşmaq vəzifəsini təsbit edir. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixini, onun daşıdığı ideyaları və müstəqilliyimizin hansı çətinliklər hesabına əldə edildiyini bilməsi vacibdir. Çünki bayrağı sevmək üçün onun tarixini bilmək, daşıdığı dəyərləri anlamaq və bu dəyərləri gündəlik həyatımızda yaşatmaq lazımdır. Biz gələcək nəsillərə müstəqil dövlətçilik düşüncəsi, milli məsuliyyət və Vətənə sevgi miras qoymalıyıq.

9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə bir daha vurğulamaq istəyirəm ki, üçrəngli bayrağımız bizi keçmişimizə bağlayan, bu günümüzdə birləşdirən və gələcəyə aparan müqəddəs milli dəyərimizdir. Onun kölgəsində bir millət olaraq birliyimizi, həmrəyliyimizi və dövlətimizə bağlılığımızı daha da möhkəmləndirməliyik.

Qoy onun kölgəsində böyüyən hər bir Azərbaycan övladı azad, suveren və qüdrətli dövlətin vətəndaşı olmaq qürurunu yaşasın!

Dövlət Bayrağı Günümüz mübarək olsun!

AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə