ƏSAS MÜDDƏALAR
1. Partiyanın adı, mərkəzi və emblemi
1.1. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqları Bəyannaməsi, “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu və qüvvədə olan digər qanunvericilik aktları əsasında fəaliyyət göstərən siyasi qurumdur.
1.2. AMİP 17.07.1992-ci il tarixdə 1 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
1.3. AMİP Mərkəzi qərargahı: Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, 4.
1.4. Partiyanın emblemində dairəvi yaşıl çələng, ondan sonra qırmızı dairə, onun içərisində isə mavi fonda ağ rəngli aypara, səkkiz guşəli ulduz və Partiyanın təməl prinsiplərinin rəmzi olan ox təsviri əks edilmişdir.
2. Məqsəd və Vəzifələr
2.1. Partiyanın məqsəd və vəzifəsi Millətçilik və Dövlətçilik ideyasının millətin bütün fərdləri tərəfindən mənimsənilərək milli ideologiyanın əsasına çevrilməsinə, hər bir fərdin milli şüur ətrafında birləşərək ümummilli iradəni ifadə etməsinə nail olmaq uğrunda;
2.2. Ümumbəşəri ideyaların səciyyəvi inikası kimi gerçəkləşən ümummilli mənəvi dəyərləri ictimai həyatın bütün sahələrində bərqərar etmək, milli əxlaqımızı, adət və ənənələrimizi zərərli təsirlərdən qorumaq, mənəvi və mədəni zənginləşmə yolunu tutmaq uğrunda;
2.3. Millətin ümumi iqtisadi müstəqilliyi ilə onun hər bir üzvünün fərdi iqtisadi sərbəstliyini qırılmaz vəhdət kimi bağlamaq əsasında azad insana layiq azad iqtisadiyyat qurmaq və vüsətli iqtisadi tərəqqiyə yetişmək uğrunda;
2.4. Millətin hər bir fərdinin ucalığını və təkrarsızlığını qəbul edərək insan hüquqlarının toxunulmazlığını milli siyasətin əsasına çevirmək, insan azadlıqlarının qorunmasına təminat verə bilən vətəndaş cəmiyyəti qurmaq uğrunda;
2.5. Baxışlarının, hərəkət və düşüncələrinin sistemli şəkildə hədəfə çatması, cəmiyyətdəki dəyişikliklərin Millətin mənafeyinə uyğun şəkildə sona çatması üçün mübarizə aparmaqdan ibarətdir.
2.6. Partiya Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyi, ərazi bütövlüyünü pozmağı, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyi, irqi, milli və dini ədavəti qızışdırmağı məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.
PARTİYA ÜZVLÜYÜ
3. Üzv olma şərtləri
Partiya üzvü Partiyanın özülüdür. AMİP üzvlərinin hüquq və vəzifələri bu Nizamnamə çərçivəsində toxunulmazdır və heç bir halda rədd edilə bilməz. İnsan Hüquqları və azadlıqlarına, demokratiya ideallarına sadiq olan, dünyəvi, hüquqi və demokratik Azərbaycan Respublikasının birliyini və bütövlüyünü hər şeydən üstün tutan, milli və mənəvi dəyərlərimizə inamla bağlanan, Partiyanın Proqram prinsiplərini qəbul edən, Nizamnamə müddəalarını yerinə yetirməyi öhdəsinə götürən, qanunla müəyyənləşən məhdudiyyəti olmayan 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı AMİP üzvü ola bilər.
4. Partiya üzvlüyünə qəbul və qeydiyyat
4.1. AMİP üzvü olmaq istəyən hər bir şəxs azı bir il partiya stajı olan iki Partiya üzvünün zəmanəti ilə giriş bəyannaməsini dolduraraq yaşadığı və ya işlədiyi rayon (şəhər) təşkilatının İdarə Heyətinə təqdim edir və xüsusi nömrələnmiş qəbz alır. Rayon (şəhər) təşkilatının İdarə Heyəti verilmiş məlumatları tam və qənaətbəxş saymadıqda, sənəd sahibi barədə yaşadığı yerdəki Partiya özəklərindən, üzvlərindən və rəsmi dairələrdən məlumat ala bilər. Rayon (şəhər) təşkilatı İdarə Heyəti bütün təhlil və sorğularını bir ay ərzində tamamlayaraq, həmin şəxsin Partiyaya üzv qəbul edilməsi və ya edilməməsi barədə qərar verməlidir. Bu qərar həmin şəxsin adı ilə birlikdə qərar dəftərinə yazılır. Əgər üzvlüyə qəbul haqqında müsbət qərar qəbul edilmişsə, tarixinə, sırasına uyğun olaraq o qeydiyyat dəftərində qeydə alınır və AMİP Qeydiyyat Bölməsinə Partiya üzvlüyünə qəbulla bağlı İdarə Heyətinin iclasının protokolundan çıxarış verilir.
4.2. Bir ay ərzində haqqında qərar verilməmiş bəyannamə sahibi Partiyaya qəbul olunmuş sayılır.
4.3. Partiyaya qəbulda rədd qərarı çıxarılarsa, bu xəbər 15 gün ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Xahişi rədd edilən şəxs 15 gün ərzində yuxarı səlahiyyətli orqana şikayət edə bilər. Səlahiyyətli orqan 15 gün müddətində qərar qəbul etməlidir. Həmin qərar qətidir.
4.4. Bir şəxs bütün ölkədə yalnız bir təşkilatda Partiya üzvlüyünə qeydə alına bilər. Qeydiyyata alınma yeri üzvün daimi yaşadığı və ya iş yerinin olduğu məhəllə və ya kəndin tabe olduğu rayondur. Üzv yaşadığı yeri və ya iş yerini dəyişdirmədikdə, qeydiyyatı başqa yerə keçirilə bilməz.
4.5. Partiya üzvlüyünü təsdiq edən sənəd Partiya biletidir. Qeydiyyatını dəyişdirən üzvlərə yeni Partiya bileti verilir. Bu zaman qeydiyyatını dəyişdirən Partiya üzvü rayon (şəhər) təşkilatı sədrinə ərizə ilə müraciət edir. Müraciətdə qeydiyyatı dəyişdirməyin səbəbləri (yaşayış və ya iş yerini dəyişdirməsi) göstərilir və Partiya bileti rayon (şəhər) təşkilatına təhvil verilir. İdarə Heyəti müvafiq qərar çıxardıqdan sonra həmin şəxs üçün qeydiyyatdan çıxma talonu yazılır və 15 gün ərzində Partiya bileti ilə birlikdə AMİP Qeydiyyat Bölməsinə göndərilir.
4.6. Qeydiyyat Bölməsi öz növbəsində təhkim olunma talonu yazır və həmin talon qeydiyyatı dəyişdirilən AMİP üzvünün qeydiyyata alınması və Partiya stajı saxlanılmaqla ona yeni Partiya biletinin verilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi üçün yeni rayon (şəhər) təşkilatına göndərilir.
5. Siyasi Şuranın üzvlüyə qəbul etmə səlahiyyətləri
5.1. AMİP-ə üzv olmaq istəyən Parlament üzvləri yalnız Siyasi Şuranın qərarı ilə Partiyaya qəbul oluna bilərlər. Siyasi Şura Partiyaya qəbul edilmələrinin faydalı olduğunu vacib saydığı ayrı-ayrı şəxslər haqqında da üzvlüyə qəbul haqqında qərar çıxara bilər. Bu cür qəbul qərarları ilə giriş bəyannamələrinin bir surəti aidiyyatı olan təşkilata göndərilərək qeydiyyata alınır.
5.2. Siyasi Şuranın qərarı ilə Partiyaya üzvlüyə qəbul və ya üzvlüyü bərpa edilən şəxslər haqqında əlaqədar rayon (şəhər) təşkilatları etirazlarını, fikir və rəylərini bildirə bilər. Siyasi Şuranın son qərarı qətidir.
6. Partiyadan çıxanların və fəaliyyəti dayandırılanların yenidən qəbul olunma və bərpa qaydaları
6.1. Partiya üzvlüyündən istefa verən şəxslər yenidən üzv olmaq üçün rayon (şəhər) təşkilatına müraciət edir və qərar müsbət olarsa, üzvlüyə qəbul edilirlər. Müraciət rədd edildiyi halda, yuxarı təşkilata müraciət edilə bilər. Yuxarı təşkilatın qərarı qətidir.
6.2. Partiya üzvlüyündən çıxmış Mərkəzi Şura, Siyasi Şura, MİK üzvləri, millət vəkilləri, rayon (şəhər) təşkilatı sədrlərinin Partiyaya yenidən qəbulu Siyasi Şuranın qərarı ilə mümkündür. Bu qərar qətidir.
6.3. Qüvvədə olan qanunvericiliyə əsasən partiya üzvlüyü ilə bir araya sığmayan işə qəbul olunmuş şəxs göstərilən hal aradan qaldırıldıqdan sonra partiya fəaliyyətini davam etdirmək istədiyi halda onun üzvlüyü partiya stajı saxlanılmaqla Siyasi Şuranın qərarı əsasında bərpa edilə bilər.
7. Üzvlərin qeydiyyat dəftəri
7.1. Rayon (şəhər) təşkilatının İdarə Heyətinə Mərkəzi Aparatın hazırladığı bir ədəd qeydiyyat dəftəri verilir.
7.2. Üzvlərə aid qeydiyyat dəftərində yazılan məlumatlar və qeydiyyata dair digər məsələlər, giriş bəyannaməsinin doldurulması və saxlanılması, bu dəftərlərə əsasən Mərkəzi Aparata göndəriləcək məlumatların tərtibi qaydaları Siyasi Şura tərəfindən hazırlanmış xüsusi təlimatlarla tənzimlənir.
8. Partiya üzvlərinin hüquqları
AMİP üzvləri Partiyanın seçkili orqanlarına seçmək və seçilmək, seçkili vəzifələrə namizədlərin müəyyənləşməsində iştirak etmək, Partiyanın Proqram və Nizamnaməsinin tətbiqi ilə əlaqədar rəy və təkliflər vermək, partiyadaxili tədbirlərdə iştirak etmək hüququna malikdirlər.
9. AMİP üzvlərinin Partiyadaxili vəzifələri
9.1. Partiya üzvləri:
9.1.1. Partiyanın daxilində qarşılıqlı hörmət, dostluq və əxlaq qaydalarına əsaslanan fikir və ideologiya bərabərliyinin yaradılması və qorunmasını;
9.1.2. Partiyanın birliyinin və bütövlüyünün qorunmasını, Partiyadaxili işlərdə ümumi inam və iş ahəngini poza biləcək söz, nəşr və hərəkətlərdən çəkinməyi;
9.1.3. Partiyanın Nizamnamə tələblərinə əməl etməyi, Məramnaməyə və səlahiyyətli Partiya orqanlarının qərar və bəyanatlarına uyğun hərəkət etməyi;
9.1.4. Partiyanın nüfuzunu qorumağı, ideya prinsiplərini təbliğ etməyi, onların həyata keçməsi və inkişaf etdirilməsi üçün çalışmağı;
9.1.5. Partiyadaxili işlərdə və Partiya fəaliyyətlərində sərbəst müzakirə üçün aşkarlıq və həmrəylik şəraiti yaratmağı;
9.1.6. Partiyanın iştirak etdiyi seçkilərdə Partiyanın və Partiyadan olan namizədlərin qələbə qazanması üçün çalışmağı və səs verməyi özlərinə vəzifə bilirlər.
10. AMİP üzvlərinin Partiyaxarici vəzifələri
10.1. AMİP üzvləri:
10.1.1. Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına hörmət etməyi öz vəzifələri hesab edir, başqalarının hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnən hərəkətlərə yol vermirlər;
10.1.2. Vətəndaşlar arasında kin, nifrət, düşmənçilik və özbaşınalıq kimi zərərli hərəkətlərə qarşı çıxır, bölücülük, dağıdıcılıq, separatizm kimi hər cür zərərli hiss, mövqe və hərəkətə qarşı aktiv fəaliyyət göstərməyi özlərinin milli borcu hesab edirlər;
10.1.3. Millətin xoşbəxtliyini və yüksək mənafelərini hər şeydən üstün tutaraq, partiyadakı vəzifələrini bu prinsiplər xaricində tətbiq etməkdən çəkinirlər.
11. Partiya üzvlüyündən çıxma qaydaları
11.1. AMİP üzvlüyü aşağıdakı hallarda sona çatır:
11.1.1. İstefa;
11.1.2. Ölüm;
11.1.3. Başqa partiya üzvlüyünə keçmə;
11.1.4. Partiya üzvlüyündən çıxarılma (intizam tədbiri qaydasında);
11.1.5. Qüvvədə olan qanunvericiliyə əsasən siyasi partiya üzvlüyü ilə bir araya sığmayan işə keçmə.
11.2. Rayon (şəhər) təşkilatı İdarə Heyəti istefa ərizəsi ilə müraciət edən və ya başqa partiyaya üzv olması müəyyən olunan AMİP üzvünün Partiya üzvlüyündən xaric olunması barədə qərar verir.
11.3. Başqa partiyaya keçməsi ilə əlaqədar üzvlükdən çıxarılması barədə qərar verilən üzvə həmin qərar 15 gün ərzində bildirilir. Əlaqədar şəxsin xəbəri aldıqdan sonra 15 gün ərzində yuxarı təşkilata şikayət etmək hüququ vardır. Yuxarı təşkilat öz növbəsində 15 gün ərzində həmin məsələ ilə əlaqədar qərarını verir və qərarı həmin şəxsə bildirir. Bu qərar qətidir. Başqa bir partiyaya keçməsi müəyyən edilən üzv rayon (şəhər) təşkilatı İdarə Heyəti tərəfindən üzvlükdən çıxarılmazsa, yuxarı təşkilat xəbərdarlıq edir. Rayon (şəhər) təşkilatı İdarə Heyəti bu xəbərdarlığa baxmayaraq, üzvlükdən çıxarma işini yerinə yetirmədiyi təqdirdə, yuxarı təşkilatın həmin üzvü üzvlükdən çıxarmaq səlahiyyəti vardır.
11.4. Partiya üzvlüyünə qəbul edilən şəxsin qeydiyyata alınmasından sonra üzv olmağa mane olan səbəblər üzə çıxarsa, rayon (şəhər) təşkilatı Idarə Heyəti bu məlumatı aldıqdan sonrakı 15 gün ərzində lazımi araşdırmalar aparır. Marağı olan adamı dinləyərək, öz fikrini bildirməklə işi yuxarı təşkilata göndərir. Yuxarı təşkilatın 15 gün ərzində qəbul edəcəyi qərar qətidir.
11.5. Üzvlükdən çıxarılan üzvün istefa ərizəsi və ya bu iş üçün əsas olan sənədlər ondan geri alınan Partiya sənədləri ilə birlikdə xüsusi qovluqda saxlanılır. Üzvlük qeydiyyatı dəftərinə və giriş bəyannaməsinə bu barədə müvafiq qeydlər edilir.
11.6. Rayon (şəhər) təşkilatı İdarə Heyəti hər hansı səbəbdən partiya üzvlüyünə qəbul və ya üzvlükdən xaric olunma barədə qərar vermək iqtidarında olmadıqda Siyasi Şuranın ümumi əsaslarla partiya üzvlüyünə qəbul və ya xaric olma haqqında qərar vermək səlahiyyəti vardır.
12. Partiyanın mətbuat orqanları
12.1. Partiyanın mülkiyyətində olan qəzet və jurnallar Siyasi Şuranın seçdiyi bir və ya bir neçə Partiya üzvü tərəfindən idarə olunur. İdarəçilik və nəşriyyat sahəsində yaranan mübahisələr Siyasi Şuranın qərarı ilə həll edilir.
12.2. Aşağı təşkilatların mətbuat orqanları da eyni qayda ilə, uyğun orqanın seçdiyi partiya üzvü tərəfindən idarə olunur.
13. Partiyaçı yazarlar
Partiya üzvü olan yazarlar kitab, qəzet və jurnallarda siyasi, fəlsəfi, proqram və metodik xarakterli məsələlərini müzakirə edə bilərlər. Ancaq bu müzakirə və mübahisələrdə partiyanın ümumi mövqe və siyasətinə, Qurultay qərarlarına və ya Partiya orqanlarının qərar və tədbirlərinə qarşı olan, Partiya üzvlərini ləkələyən və ya alçaldan ifadələrə yol verə bilməzlər.
İKİNCİ HİSSƏ
14. TƏŞKİLAT QURULUŞU
Milli İstiqlal Partiyasının təşkilati quruluşu Məhəlli təşkilat (özək və ya qrup), Rayon (Şəhər) təşkilati, Mərkəz Təşkilatı və Azərbaycan Respublikası Parlamentində, şəhər və rayon Bələdiyyə Şuralarında yaradılan Partiya Qruplarından ibarətdir.
Təşkilat quruluşu aşağıdakı kimidir:
14.1. Məhəlli təşkilat (özək və ya qrup):
a. Özək iclası;
b. Özək sədri (Partiya təmsilçisi).
14.2. Rayon (şəhər) təşkilatı:
a. Rayon (şəhər) təşkilatının Konfransı;
b. Rayon (şəhər) təşkilatının Sədri;
v. Rayon (şəhər) təşkilatının Rayon (şəhər) şurası;
q. Rayon (şəhər) təşkilatının İdarə Heyəti;
d. Rayon (şəhər) təşkilatının İntizam Komissiyası.
14.3. Mərkəz Təşkilatı:
a. AMİP Qurultayı;
b. AMİP Sədri;
v. Mərkəzi Şura;
q. Siyasi Şura;
d.Mərkəzi İntizam Komissiyası.
14.4. Qruplar:
a. Bələdiyyə Şurasında Partiya Qrupları;
b. Parlamentdə Partiya Qrupu.
15. Ərazi vahidləri
15.1. Partiya təşkilatları Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq yaradılır. Rayon təşkilatı rayon mərkəzində, şəhər təşkilatı rayon bölgüsü olan şəhərlərdə, Mərkəz Təşkilatı Bakı şəhərində yerləşir.
15.2. Siyasi Şuranın qərarı ilə Respublika tabeli şəhərlərdə şəhər təşkilatları yaradıla bilər. Belə hallarda şəhər və müvafiq rayon təşkilatları arasında səlahiyyət bölgüsü xüsusi təlimatla nizama salınır.
15.3. Məhəlli təşkilatlar rayon (şəhər) İdarə Heyətinə, rayon (şəhər) İdarə Heyətləri Siyasi Şuraya tabedirlər.
MƏHƏLLİ TƏŞKİLATLAR
16. AMİP özəkləri və qrupları
16.1. AMİP özəkləri Partiya üzvlərinin yaşayış, yaxud iş yerlərinin aid olduğu inzibati-ərazi vahidləri üzrə 5 nəfərdən az olmayaraq formalaşdırılır.
16.2. Partiya üzvlərinin sayı 5 nəfərdən az olduqda rayon (şəhər) təşkilatı İH-nin qərarı ilə həmin ərazidə qrup yaradılır.
16.3. Şəhər və rayonların daha kiçik inzibati-ərazi vahidlərinə bölünmədiyi yerlərdə rayon (şəhər) təşkilatı İH-nin təyin etdikləri partiya təmsilçiləri məhəlli təşkilatlar yaradırlar.
16.4. İlk təşkilatların olmadığı yerlərdə rayon (şəhər) təşkilatı İdarə Heyəti tərəfindən Partiya təmsilçilərinə özək (qrup) yaradılması səlahiyyəti verilə bilər.
16.5. Özəklər rayon (şəhər) təşkilatı İdarə Heyətləri tərəfindən qeydə alınırlar.
17. Vəzifə və səlahiyyətləri
17.1. AMİP özəkləri:
17.1.1. Fəaliyyət göstərdikləri ərazinin əhalisi arasında Partiyanın Proqram prinsiplərinin təbliğini təşkil edərək, xalqın partiyaya rəğbətini artırmağa çalışır;
17.1.2. Partiyaya təəssübkeşlərin cəlb olunması və üzvlərinin sayının artırılması və üzvlük haqlarının toplanması üçün fəaliyyət göstərir;
17.1.3. Yuxarı təşkilatların qərar və təlimatlarından irəli gələn vəzifələri yerinə yetirir;
17.1.4. Özəyin fəaliyyətinə nəzarət etmək üçün rayon (şəhər) təşkilatı İdarə Heyətinin üzvünün iştirak etdiyi özək iclaslarında gizli səsvermə yolu ilə özək sədri seçirlər. Ayda bir dəfədən az olmayaraq iclas keçirirlər. İclaslar özək üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
RAYON (ŞƏHƏR) TƏŞKİLATI
18. Rayon (şəhər) təşkilatının konfransları
18.1. Növbəti konfranslar ən geci 5 ildən bir çağırılır.
18.2. Hər bir təşkilat öz konfransının tarixini Mərkəz Təşkilatının müəyyən etdiyi müddətlər içərisində ərazisindəki ictimai-siyasi durum və iş şəraitindən asılı olaraq təyin edir. Rayon (şəhər) təşkilatının konfransı İdarə Heyəti tərəfindən çağırılır.
18.3. Rayon (şəhər) təşkilatı konfranslarının keçirilmə tarixi Siyasi Şuranın qəbul etdiyi qərarla təsdiq edilir.
19. Rayon (şəhər) təşkilatı konfransının nümayəndələri
19.1. Rayon (şəhər) təşkilatı konfransının tərkibi seçilmiş və təbii nümayəndələrdən təşkil olunur.
19.2. Seçilmiş nümayəndələr:
19.2.1.Rayon (şəhər) təşkilatında qeydiyyatda olan partiya üzvlərinin sayı 50-ə qədər olduqda, bütün üzvlər Rayon (şəhər) təşkilatı konfransının nümayəndəsi sayılır.
19.2.2. Rayon (şəhər) təşkilatında qeydiyyatda olan Partiya üzvlərinin sayı 50-dən çox olduqda, konfransa nümayəndələr seçilir.
19.2.3. Rayon (şəhər) təşkilatı İdarə Heyəti özəklərdə keçiriləcək seçkilərə nəzarət edir.
19.3. Nümayəndəlik norması Siyasi Şura tərəfindən təsdiq olunmuş təlimatla müəyyənləşir. Siyasi Şura lazım bildiyi hallarda yeni nümayəndə seçkilərinə və sonuncu konfransdan sonra yeni yaradılan özəklərdə konfransa əlavə nümayəndələrin seçilməsinə qərar verə bilər.
19.4. Rayon (şəhər) təşkilatı İdarə Heyətinin konfransa seçiləcək nümayəndələrin sayı haqqında qəbul etdiyi qərarın təlimata uyğunluğu AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə müavini tərəfindən yoxlanılıb təsdiq edilir.
19.5. Seçkinin nəticələri keçirildiyi yerdə iclasın sədri və katibi ilə rayon (şəhər) təşkilatı İdarə Heyətinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanan protokolla müəyyən edilir. Bu protokolun bir surəti 3 gün müddətində rayon (şəhər) təşkilatı İdarə Heyətinə təhvil verilir.
19.6. Kənd, qəsəbə və məhəllə özəklərinin üzvləri seçkilərlə əlaqədar etiraz və şikayətlərini iki gün ərzində səbəbləri göstərilmək şərtilə, rayon (şəhər) təşkilatı İntizam Komissiyasına bildirə bilərlər. İntizam Komissiyası İdarə Heyətinin fikrini də nəzərə almaqla, üç gün ərzində etirazla əlaqədar qərar verir. Rayon (şəhər) təşkilatı İntizam Komissiyası üç gün ərzində qərar vermədikdə və ya verdiyi qərar qeyri-qənaətbəxş hesab edildikdə, etiraz ən geci üç gün ərzində Mərkəzi İntizam Komissiyasına göndərilir. Mərkəzi İntizam Komissiyası 7 gün müddətində qərar qəbul edir. Bu qərar qətidir.
19.7. Konfrans nümayəndələrinin seçilməsi ilə əlaqədar Nizamnamədə əksini tapmayan qaydalar Siyasi Şuranın verdiyi təlimatla tənzimlənir.
19.8. Təbii nümayəndələr:
19.8.1. Rayon (şəhər) təşkilatında qeydiyyatda olan millət vəkilləri;
19.8.2. Rayon (şəhər) təşkilatının Sədri;
19.8.3. Rayon (şəhər) təşkilatı İdarə Heyətinin üzvləri;
19.8.4. Rayon (şəhər) təşkilatı İntizam Komissiyasının üzvləri;
19.8.5. Rayon (şəhər) təşkilatı ərazisində partiya üzvü olan Bələdiyyə üzvləri.
19.9. Fəxri nümayəndələr:
Rayon (şəhər) təşkilatının və İntizam Komissiyasının Partiya üzvlüyü davam edən sabiq sədrləri, millət vəkili və Bələdiyyə başçısı olmuş Partiya üzvləri rayon (şəhər) təşkilatı konfransının fəxri nümayəndələridirlər. Onlar konfransda çıxış edə bilərlər, lakin səsvermə hüququna malik deyillər.
20. Konfrans nümayəndələrinin siyahısı
Rayon (şəhər) təşkilatı İdarə Heyəti konfrans nümayəndələrinin dəqiqləşdirilmiş siyahısını konfransdan 10 gün əvvəl Partiya rəhbərliyinə təqdim edir. AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə müavininin təsdiq etdiyi siyahı nümayəndələrin yoxlanması üçün əsas olur. Həmin müddət ərzində siyahı təsdiq olunmazsa, konfrans Siyasi Şura tərəfindən təxirə salına bilər.
21. Rayon (şəhər) təşkilatı konfransının elanı.
21.1. Konfransın toplanacağı gün, vaxt, ünvan və gündəlik ən azı 10 gün əvvəl elan edilir. Rayon (şəhər) təşkilatı İdarə Heyəti elanın Partiyanın mətbuat orqanında verilib-verilməməsi haqqında qərar qəbul edir.
21.2. Rayon (şəhər) təşkilatı İdarə Heyəti konfransdan ən azı 7 gün əvvəl nümayəndələrə yazılı dəvət göndərərək konfransın gününü, vaxtını, yerini və gündəliyini, ilk iclasda yetərsay təmin edilmədiyi halda, ikinci iclasla bağlı məsələləri bəyan edir.
22. Qurultaya seçiləcək nümayəndələrin sayı
22.1. Hər bir Rayon (şəhər) təşkilatını qurultayda təmsil edəcək nümayəndələrin sayı Siyasi Şura tərəfindən təsdiq edilən təlimata əsasən müəyyən edilir.
22.2. Qurultayda iştirak edəcək nümayəndələrin sayı haqqında məlumat konfransın başlanmasına icazə verildikdən sonra AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə müavinitərəfindən hazırlanaraq, Siyasi Şurada təsdiq edilir və Rayon (şəhər) təşkilatına bildirilir.
23. Konfrans nümayəndələrinin səlahiyyət müddəti
Konfrans nümayəndələrinin səlahiyyəti növbəti konfransadək davam edir. Siyasi Şura lazım bildiyi hallarda yerlərdə yeni nümayəndə seçkilərinə qərar verə bilər.
24. Konfransın işə başlaması
24.1. Konfransda yalnız qəti müəyyənləşdirilmiş siyahılarda adları qeyd olunmuş nümayəndələr iştirak edə bilər.
24.2. Konfrans öz işinə yuxarı təşkilatın səlahiyyətli nümayəndəsinin, yaxud İdarə Heyətinin bir üzvünün yoxlamasından sonra nümayəndələrin yarıdan çoxunun iştirak etdiyi halda başlaya bilər.
24.3. Təyin olunmuş gün yetərsay təmin edilmədiyi təqdirdə, iclas növbəti 10 gün müddətində eyni gündəlik üzrə keçirilir. Həmin müddətdə keçirilən konfransda nümayəndələrin yetərsayı təmin edilməzsə Rayon (şəhər) təşkilatının bütün seçkili qurumları buraxılmış hesab edilir.
25. Konfransın gündəliyi
25.1. Rayon (şəhər) təşkilatı konfransının gündəlik layihəsi İdarə Heyəti tərəfindən hazırlanır. Gündəliyin qanunlara və Partiya Nizamnaməsinə uyğunluğu üçün İdarə Heyəti məsuliyyət daşıyır. Yuxarı təşkilatların yazılı olaraq bildirdiyi məsələlər gündəliyə salınır.
25.2. Konfransda iştirak edən nümayəndələrin əksəriyyətinin qərarı ilə gündəlikdəki məsələlərin ardıcıllıq sırası dəyişdirilə bilər. Habelə səsvermə hüququ olan konfrans nümayəndələrinin ən azı beşdə birinin yazılı istəyi və konfrans iştirakçılarının səs çoxluğu ilə Partiyanın Nizamnamə və Məramnaməsinə, qanunlara zidd olmayan məsələlərin gündəliyə salınmasına qərar verilə bilər.
26. Konfransın sədarəti
26.1. Konfransı rayon (şəhər) təşkilatının sədri açır. Bundan sonra iclası aparmaq üçün bir sədr, bir sədr müavini və lazım bilinən sayda katib seçilir.
26.2. Sədarətə seçkilər açıq səsvermə yolu ilə keçirilir.
26.3. Seçilmiş sədarətdə konfransın idarə olunması ilə bağlı qərarlar səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, sədrin səs vermiş olduğu qərar qəbul olunur.
27. Konfrans sədrinin vəzifə və səlahiyyətləri
27.1. Konfransın sədri iclası idarə edərək gündəliyə riayət olunmasına, protokolların yazılmasına və nizam-intizama nəzarət edir. Konfransın Nizamnamə və qanun çərçivəsində tamamlanması üçün sədr lazım bildiyi tədbirləri görə bilər.
27.2. Sədr müzakirələr zamanı konfransın qaydalarını pozanları, başqalarının çıxışına mane olanları, gündəlikdəki mövzudan kənara çıxanları xəbərdar etmək, çıxışlarını kəsmək, iki xəbərdarlıqdan sonra, səsvermə hüquqları qorunmaq şərtilə, iclas salonundan çıxarmaq hüququna malikdir.
28. Konfransın vəzifə və səlahiyyətləri
Konfrans rayon (şəhər) təşkilatının yuxarı qərar və nəzarət orqanıdır.
Konfrans:
a. Rayon (şəhər) təşkilatı seçkili orqanlarının fəaliyyətini təhlil və müzakirə edir. Seçiləcək tərkibə görüləcək işlər haqqında lazım bildiyi təlimatlar verir, qərarlar qəbul edir;
b. Nümayəndələrin təkliflərini müzakirə edir, səlahiyyətləri daxilində olanlar haqqında qərar çıxarır;
v. Rayon (şəhər) təşkilatı sədrinin hesabatını dinləyərək qiymət verir;
d. İşini sürətləndirmək məqsədi ilə müxtəlif komissiyalar yarada bilər. Komissiyaların hər birində üzvlərin sayı üç ilə yeddi arasında olmalıdır. Hər komissiya öz üzvləri sırasından bir sədr seçir. Komissiyalar tapşırılan işləri qısa müddətdə tədqiq edərək, konfransın sədrinə hesabat verirlər;
e. Rayon (şəhər) təşkilatının sədrini, Rayon (şəhər) şurasının üzv və üzvlüyə namizədlərini, İntizam Komissiyasının üzv və üzvlüyə namizədlərini və Qurultaya nümayəndələrini yuxarı təşkilat nümayəndəsinin nəzarəti altında gizli səsvermə yolu ilə seçir.
29. Konfransın iş qaydası.
29.1. Konfrasda birinci olaraq rayon (şəhər) təşkilatının və İntizam komissiyasının hesabatları dinlənilir.Hər iki qurumun hesabatları konfransın protokoluna əlavə olunur. Fəaliyyət dövrü haqqında hesabatlar müzakirə edilib, qərar qəbul edilmədən, seçkilər keçirilə bilməz. Əks təqdirdə, seçkilərin nəticələri etibarsız sayılır.
29.2.Konfrans lazım bildiyi halda hesabatlardakı istənilən məsələni tədqiqat üçün komissiyaya verir. Komissiya dərhal toplanaraq ən qısa zamanda qərarını hazırlayıb konfrans sədarətinə verir.
29.3. Konfranslarda gündəlikdəki məsələlər haqqında çıxış etmək istəyənlərə növbə ilə söz verilir. Rayon (şəhər) təşkilatının sədrinə, İdarə Heyəti adından çıxış edənlərə və komissiya sədrlərinə növbədənkənar söz verilir.
29.4.Konfransda seçkili orqanların işinə aid səsvermədə həmin seçkili orqanın üzvləri iştirak edə bilməzlər.
29.5.Konfransın protokolları konfrans sədarəti tərəfindən imzalanır. İki nüsxədə hazırlanan protokollardan biri İdarə Heyətinə, digəri isə bir həftə ərzində yuxarı təşkilata verilir.
30. Seçkilərin keçirilməsi
30.1. Konfrans nümayəndələrinin təsdiq olunmuş siyahısı iclasdan ən azı üç gün əvvəl Partiya üzvlərinin tanış olması üçün rayon (şəhər) təşkilatının qərargahında asılmalı və ya konfrans nümayəndələrinə təqdim olunmalıdır.
30.2. Seçkilərin keçirilməsi üçün konfrans nümayəndələrindən səsvermə komissiyası seçilir. Komissiya üzvlərinin sayı konfrans tərəfindən müəyyənləşdirilir. Komissiya öz üzvlərindən birini sədr seçir. Seçkili orqanlara namizədliyi verilmiş konfrans nümayəndələri səsvermə komissiyasının üzvü ola bilməzlər.
30.3. Səsvermə komissiyası Partiya Nizamnaməsi və konfransın qəbul etdiyi qərarlar əsasında fəaliyyət göstərir. Komissiyanın işinə Mərkəz təşkilatının nümayəndəsi nəzarət edir.
30.4. Konfranslarda seçkili orqanlara namizədlər irəli sürmək üçün iclasın sədri müəyyən bir müddət təyin edir.
30.5. Konfransın katibliyi nümayəndələr tərəfindən seçkili orqanlara namizəd göstərilənlərin soyadını, adını və atasının adını əlifba sırasına uyğun olaraq səsvermə bülletenlərində qeyd edir. Səsvermə bülletenləri konfrans nümayəndələrinin ümumi sayına bərabər olmalı və yuxarı təşkilatın nümayəndəsi tərəfindən təsdiq olunmalıdır. Bu prinsipə zidd olaraq nümayəndələrin özləri tərəfindən tərtib edilən və ya namizədlərin əlavə edildiyi səsvermə bülletenləri etibarsız sayılır. Bülletenlərin tərtibi və səsvermənin qaydaları haqqında təlimat Siyasi Şura tərəfindən verilir. Seçkilərdə birdən artıq seçkili orqana namizəd göstərilmək qadağandır.
30.6. Seçkilər sərbəst, bərabərhüquqlu, müstəqim və gizli səsvermə yolu ilə keçirilir. Səsvermə başa çatdıqdan sonra komissiya protokol tərtib edərək, qutuları açır və səslərin sayılmasına başlanılır. Bülletenlərdəki səslər açıq hesablanır.
30.7. Konfransda bu və ya digər seçkili orqana seçilmək üçün irəli sürülən namizədlərin sayı seçiləcək şəxslərin sayından çox deyilsə o zaman həmin qurum üçün keçirilən seçkilər konfrans nümayəndələrinin razılığı ilə açıq səsvermə yolu ilə həyata keçirilə bilər.
30.8. Seçkilərin nəticələri haqqında komissiyanın protokolu konfransda oxunur, konfrans nümayəndələri tərəfindən təsdiq olunur və bir nüsxəsi konfrans protokolu ilə birlikdə yuxarı təşkilata göndərilir.
31. Konfransını keçirməyən təşkilatlar
Qurultayqabağı konfransını keçirməyən rayon (şəhər) təşkilatı səbəbləri nəzərə alınmadan AMİP Qurultayında iştirak hüququndan məhrum olur və seçkili orqanları ləğv edilmiş vəziyyətə düşür.
32. Rayon (şəhər) təşkilatı sədrlərinin seçilməsi
32.1. Rayon (şəhər) təşkilatı sədrləri növbəti konfrans olan müddətə qədər konfrans iştirakçılarının mütləq səs çoxluğu ilə seçilirlər. Səsvermədə nəticə əldə olunmazsa, ilk iki yeri tutan namizədin iştirakı ilə ikinci mərhələdə sadə səs çoxluğu ilə sədr seçilir. R (Ş) T sədrləri iki müddətdən artıq seçilə bilməzlər. Sədrlər rayon və şəhər mərkəzlərində yaşamalı və ya normal işi təşkil etmək imkanına malik olmalıdırlar.
32.2. Rayon (şəhər) təşkilatının sədri vəzifəsi hər hansı səbəbdən boşalarsa, İdarə Heyəti öz üzvlərinin mütləq səs çoxluğu ilə yeni sədr seçir. Bu yolla seçilən sədr İdarə Heyəti üzvlərinin mütləq çoxluğunun təklifi əsasında üçdə iki səs çoxluğu ilə dəyişdirilə bilər. Dəyişikliyin olacağı iclas yuxarı təşkilat nümayəndəsinin nəzarəti altında keçir.
32.3. Konfransdan sonra 1 ay müddətində R (Ş) T sədrləri SŞ-nın iclasında fəaliyyət proqramı (iş planı) ilə çıxış etməlidirlər.
33. Şikayət və etirazlar
33.1. Konfransın işinə dair şikayət və etirazlar konfransda iştirak etmiş nümayəndələrin beşdə biri tərəfindən üç gün ərzində yuxarı təşkilata verilə bilər. Şikayətə yeddi gün ərzində cavab verilməlidir.
33.2. Konfransın protokollarını və digər materiallarını bilərəkdən itirənlər və itməsinə yol verənlər haqqında intizam tədbiri tətbiq olunur.
34. Rayon (Şəhər) Təşkilatının Sədri
Sədr: Öz təşkilatının hüdudları daxilində Partiyanı təmsil edir. Sədr İdarə Heyətinin rüblük və illik iş planlarını hazırlayıb, İdarə Heyətində təsdiq olunmasını təmin edir, İdarə Heyətinin gündəliyini hazırlayır, tabeliyində olan təşkilatı təftiş edir, onun adından danışıqlar aparır, sərəncam və göstərişlər verir, maliyyə işlərinə dair sənədləri mühasiblə birlikdə imzalayır. Digər sənədlərdə katibin də imzası olur. Fövqəladə hallarda sədr məsuliyyəti üzərinə götürərək, sənədləri yalnız özü imzalaya bilər. Sədr təşkilatın ştat cədvəlində nəzərdə tutulan işçiləri işə götürür, işdən çıxarır və aylıq əmək haqqlarını müəyyən edir.
35. Rayon (Şəhər) Şuraları
Quruluşu və səlahiyyət müddəti
35.1. Konfranslararası dövrdə rayon (şəhər) təşkilatının fəaliyyətinə rayon (şəhər) şurası rəhbərlik edir. Rayon (şəhər) şurasının sayı Siyasi Şuranın təlimatı ilə tənzimlənir.
35.2. Rayon (şəhər) şurasının səlahiyyət müddəti növbəti normal Konfransadək davam edir.
35.3. Rayon (şəhər) şurası öz tərkibində dəyişiklikləri etməklə öz iclaslarında Partiyanın rəhbər sənədlərinin tələblərini pozan, mütəmadi olaraq 3 dəfə iclaslarda üzürsüz səbəblərə görə iştirak etməyən hər hansı üzvünü tərkibindən xaric etmək hüququna malikdir.
35.4. Rayon (şəhər) şurası üzvlüyünə namizədlər rayon (şəhər) şurasının iclaslarında məşvərətçi səslə iştirak edirlər.
36. Rayon (Şəhər) şuralarının vəzifə və səlahiyyətləri
36.1. Rayon (şəhər) şurasının iclaslarını R(Ş)T-nın Sədri aparır;
36.2. Rayon (şəhər) şurası özünün ilk iclasında R(Ş)T İdarə Heyəti üzvlərini seçir;
36.3. Rayon (şəhər) təşkilatı sədrinin məlumatını dinləyir;
36.4. İdarə Heyətinin hesabatını dinləyib fəaliyyət dövrünə qiymət verir;
36.5. Özək sədrlərinin hesabatlarını dinləyir, onların fəaliyyətinə qiymət verir;
36.6. Partiyanın rəhbər orqanlarının, rayon (şəhər) təşkilatının konfranslarının qərarlarının yerinə yetirilməsinə nəzarət edir;
36.7. İdarə Heyətinin cari və perspektiv iş planlarını təsdiq edir, onların yerinə yetirilməsinə nəzarət edir;
36.8. Rayon (şəhər) şuralarında Mərkəzi Şuranın komissiyalarına müvafiq qruplar yaradır, onların işinə rəhbərlik edir;
36.9. AMİP Nizamnaməsi və Məramnaməsində dəyişikliklər etmək üçün təkliflər ilə çıxış edir;
36.10. Fəaliyyətsiz özəklərin buraxılması, yenidən təşkil edilməsi haqqında qərar qəbul edir;
36.11. İldə bir dəfə İdarə Heyətinin hazırladığı büdcəni qəbul edir;
36.12. Rayon (şəhər) şurasının üçdən ikisi rayon (şəhər) təşkilatının sədrinə etimad göstərməzsə, Növbədənkənar (Fövqəladə) konfrans çağırılır. Konfrans rayon (şəhər) təşkilatının sədrinə etimad göstərərsə, Rayon (şəhər) şurası buraxılır və yenidən seçilir;
36.13. Konfransın səlahiyyətinə aid olan məsələlər istisna olmaqla, rayon (şəhər) təşkilatında istənilən məsələlərə dair qərarlar qəbul edir.
37. Rayon (Şəhər) Şuralarının iş qaydası.
37.1. Normal İclaslar.
37.1.1. Rayon (şəhər) şuralarında normal iclaslar İdarə Heyəti tərəfindən 6 ayda bir dəfədən gec olmayaraq çağırılır. Rayon (şəhər) şurası iclaslarının yeri, gündəliyi və keçiriləcəyi vaxtı İdarə Heyəti tərəfindən iclasdan ən azı 5 gün əvvəl üzv və namizədlərə elan edilir.
37.1.2. Rayon (şəhər) Şurasının iclaslarında üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Təyin olunduğu gün yetərsay olmazsa, iclas növbəti günə keçirilir. Həmin gün də yetərsay təmin olunmazsa rayon (şəhər) şurası buraxılmış sayılır və R(Ş)T-nın sədri səbəbləri də göstərilməklə bu barədə yeddi gün müddətində Partiyanın Siyasi Şurasına məlumat verməlidir. Bu halda Siyasi Şura Rayon (Şəhər) Təşkilatının növbədənkənar konfransının çağırılması barədə qərar verir.
37.1.3. Rayon (şəhər) şurasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir. Qərarlar rayon (şəhər) şurasının iclaslarında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Müəyyən məsələlərin gizli səsverməyə çıxarılması barədə qərar qəbul edilə bilər.
37.2. Növbədənkənar (Fövqəladə) iclaslar.
37.2.1. Növbədənlənar (Fövqəladə) iclaslar Siyasi Şura tərəfindən, rayon (şəhər) təşkilatı üzvlərinin ən azı üçdə birinin, İdarə Heyəti üzvlərinin üçdə ikisinin, İntizam Komissiyası və rayon (şəhər) təşkilatı sədrinin tələbi ilə çağırıla bilər.
37.2.2. Rayon (şəhər) şurasının Növbədənkənar (Fövqəladə) iclası müvafiq sənəd-tələbnamə ilə Siyasi Şuraya təqdim olunduğu gündən sonrakı 5 gün ərzində elan edilib çağırılmalıdır. Fövqəladə iclasda yalnız gündəlikdə olan məsələlər müzakirə edilərək qərarlar qəbul olunur.
37.2.3. Rayon (şəhər) şuralarının növbədənkənar (Fövqəladə) iclaslarını rayon (şəhər) təşkilatının sədri və ya katibləri aparırlar.
38. Rayon (Şəhər) təşkilatı İdarə Heyətləri
38.1. İdarə Heyətinin tərkibi rayon (şəhər) şurasının ilk iclasında sadə səs çoxluğu ilə seçilir.
38.2. İdarə Heyəti ilk iclasında öz üzvləri arasındanR(Ş)T sədrinin təqdimatı əsasında sədrin iki müavinini, İH-nin katibini və bir mühasib seçir. Bu seçkilərdə sadə səs çoxluğu kifayətdir.
38.3.Təşkilat və seçki məsələləri üzrə müavin: R(Ş)T Sədrinin təqdimatı ilə növbəti konfransadək olan müddətə seçilir, təşkilatla özək üzvləri arasında koordinasiyanı təmin edir, normal fəaliyyət aparmaq üçün zəruri tədbirlər görür;
38.4.Təbliğat məsələləri üzrə müavin: R(Ş)T Sədrinin təqdimatı ilə növbəti konfransadək olan müddətə seçilir, rayon və şəhərdə gedən siyasi, iqtisadi və sosial problemlər haqqında məlumatları toplayıb yuxarı orqanlara bildirir. AMİP özəkləri vasitəsi ilə Partiya ideyalarının əhali arasında yayılmasını təşkil edir.
38.5.İH-nın katibi: R(Ş)T Sədrinin təqdimatı ilə növbəti konfransadək olan müddətə seçilir. Qanunvericiliyə, Partiya Nizamnaməsinə və təlimatlara uyğun olaraq qeydiyyat aparır, iş dəftərləri tərtib edir, İdarə Heyətinin qərarlarını protokollaşdırır və üzvlərə imzalatdırır, bütün sənədləri R(Ş)T sədri ilə birgə imzalayır. Sədr və katiblər olmadığı zaman Partiya təşkilatını təmsil hüququna malikdir.
38.6.Mühasib: R(Ş)T Sədrinin təqdimatı ilə növbəti konfransadək olan müddətə seçilir. Rayon (şəhər) təşkilatının maliyyə işlərini idarə edir. Qanunvericiliyə, Partiya Nizamnaməsinə və təlimatlara uyğun olaraq mühasibat dəftərlərini hazırlayır və aparır. Məsrəflərin İdarə Heyəti qərarlarına uyğun olması üçün sədrlə bərabər məsuliyyət daşıyır. Üzvlük haqqı və ianələri toplayır, maliyyə vəsaitini cəlb etmək imkanlarını İdarə Heyətinə təklif edir, yuxarı təşkilatlara verilən hesabatlarını, illik büdcə layihələrini və rayon (şəhər) şuralarına təqdim etmək üçün balansları hazırlayır.
38.7. İdarə Heyətinin qərarı ilə ayrı-ayrı sahələr üzrə işlər üzvlər arasında bölünür və onlar öz sahələrinə birinci dərəcəli cavabdeh olurlar.
38.8. R(Ş)T sədr müavinləri, İH-nın katibi və mühasib seçildikləri üsulla dəyişdirilə bilərlər. Bu zaman İdarə Heyətinin qərarı üçdə iki səs çoxluğu ilə qəbul olunur.
39. Rayon (şəhər) şurasının sədri
39.1. Rayon (Şəhər) Şurasının sədri R(Ş)T sədrinin təqdimatı ilə Rayon (Şəhər) Şurasının üzvləri arasından növbəti konfransadək olan müddətə seçilir.
39.1.1. Rayon (Şəhər) Şurasının iclaslarını hazırlayır və protokollaşdırır;
39.1.2. Mərkəzi Şura komissiyalarının yerli təşkilatdakı qrupları arasında koordinasiyanı təmin edir;
39.1.3. Siyasi, sosial, iqtisadi və digər sahələr üzrə məlumatların toplanmasını və AMİP Mərkəzi Şurasının müvafiq komissiyalarına təqdim edilməsini təmin edir;
39.1.4. Rayon (Şəhər) Şurasının işini arxivləşdirir;
39.1.5. Rayon (Şəhər) Təşkilatının sədri və Rayon (Şəhər) Şurası qarşısında məsuliyyət daşıyır.
40. İdarə Heyətinin vəzifə və səlahiyyətləri
40.1. Qanunvericiliyə, Partiya Nizamnaməsi və təlimatlarına, Mərkəzi Şura və Siyasi Şuranın qərarlarına əməl etmək, öz təşkilatının konfranslarında və rayon (şəhər) şuralarında qəbul edilmiş qərarları həyata keçirmək, tabeliyində olan təşkilatın fəaliyyətinə nəzarət etmək;
40.2. Partiyanın siyasi görüşlərini, taktiki xəttini və ümumi siyasətini təbliğ etmək, xalq kütlələrinin Partiyaya rəğbətini və səsvermə meylini artırmağa çalışmaq;
40.3. Seçkilərdə Partiyanın və Partiya namizədlərinin qələbəsi üçün çalışmaq;
40.4. Siyasi hadisələri diqqətlə izləyərək düzgün qiymətləndirmək, bölgənin ictimai, iqtisadi, səhiyyə, abadlıq işləri haqqında öz üzvlərinə məlumat vermək;
40.5. Konfrans nümayəndələrinin iştirakı ilə ildə azı bir dəfə məsləhətləşmə xarakterli iclas çağıraraq, ölkə və partiya məsələlərini müzakirə etmək;
40.6. Partiyanın aşağı orqanlarını ildə iki dəfə yoxlamaq;
40.7. Partiyanın rəhbər orqanlarının təyin və təsdiq etdiyi digər vəzifələri səlahiyyətləri daxilində yerinə yetirmək;
40.8. Partiya üzvlərindən üzvlük haqqları, vətəndaşlardan ianələrin toplanmasına, büdcənin formalaşmasına rəhbərlik edir və məsuliyyət daşıyır.
41. İdarə Heyətinin iclasları
41.1. İdarə Heyəti öz iclaslarını sədr də daxil olmaqla, üzvlərinin tam sayının yarıdan çoxu iştirak etdikdə keçirə bilər. İdarə Heyətinin qərarı ilə dəvət edilən şəxslərdən başqa İdarə Heyətinin üzvü və üzvlüyə namizəd olmayanlar iclasda iştirak edə bilməzlər. MİK, MŞ üzvləri və üzvlüyə namizədlərin R(Ş)T seçkili orqanlarının iclaslarında iştirakı sərbəstdir.
41.2. Rayon (şəhər) təşkilatı İdarə Heyəti ayda iki dəfə növbəti iclas keçirir. Bu iclasların günü və saatı qabaqcadan müəyyən edilərək qərar dəftərinə yazılır və bütün üzvlər tərəfindən imzalanır. İdarə Heyəti üzvləri lazım bildikdə, növbədənkənar iclas keçirməyə qərar verə bilərlər. İclasda qərarlar iştirak edən İdarə Heyəti üzvlərinin mütləq səs çoxluğu ilə qəbul edilir. Qərarlar iclasda iştirak edən üzvlər tərəfindən imzalanır. İclasda iştirak etməyən üzvlər qərar dəftərində qeyd olunur. Üzürsüz səbəblərə görə normal və ya keçirilmə tarixi əvvəlcədən müəyyən edilmiş üç iclasda ardıcıl olaraq, eləcə də son 6 ay ərzində keçirilmiş iclasların yarıdan çoxunda üzürsüz səbəbdən iştirak etməyən İdarə Heyəti üzvləri istefaya göndərilmiş hesab olunurlar. Ancaq bu qərarın verilə bilməsi üçün AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri üzrə müavininin razılığı alınmalıdır. İdarə Heyətindən çıxmış üzvün Siyasi Şuraya şikayət etmək hüququ vardır. Siyasi Şuranın qərarı qətidir.
41.3. Hər hansı səbəbdən İdarə Heyəti üzvü yeri boşaldığı halda, R(Ş)T rayon şurasının iclasında həmin yerə yeni İH üzvü seçilir.
42. İdarə Heyətinin buraxılması
İdarə Heyətinin üzvlərinin sayı yarıdan aşağı olarsa, eləcə də İH üzvləri hər hansı bir səbəbdən vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya vəzifəsindən kənarlaşdırıldıqda, İdarə Heyəti buraxılmış sayılır. Bu halda AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri üzrə müavininin təqdimatı əsasında Siyasi Şura tərəfindən fövqəladə rayon (şəhər) şurası çağırılır və İdarə Heyəti yenidən seçilir.
43. Vəzifədən kənarlaşdırma
43.1. R(Ş)T sədrinin və İH üzvlərinin vəzifəsindən kənarlaşdırılmasına aşağıdakı hallar səbəb ola bilər:
a. Qeydiyyat dəftərlərinin Nizamnaməyə uyğun tutulmaması və ya tutulan dəftərlərdə qəsdən dəyişiklik aparılması, yaxud onların itirilməsi, mühasibatla əlaqədar hesabatların təlimata uyğun müddətdə Mərkəzə çatdırılmaması və pozuntulara yol verilməsi.
b. Dövlət və Partiya mənafelərinə açıq-aşkar ziyan vuran hərəkətlərə yol verilməsi;
v. Normal iş şəraiti yaradıla bilmədiyi hallarda.
43.2. R(Ş)T sədrinin və İdarə Heyətinin vəzifədən kənarlaşdırılması haqqında təqdimat AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri üzrə müavini və ya Mərkəzi İntizam Komissiyası tərəfindən verilə bilər. Siyasi Şura təqdimat əsasında R(Ş)T-yə müvəqqəti sədr təyin etməklə yeni İdarə Heyəti formalaşdıra bilər. Siyasi Şuranın qərarı qətidir.
43.3. Bu yolla təşkil olunmuş İdarə Heyəti və təyin olunmuş sədr, seçilmiş İH və sədrlə eyni səlahiyyətlərə malik olur və səlahiyyətləri növbəti normal konfransa qədər davam edir.
44. Qadağanlar
44.1. R(Ş)T sədrləri və İdarə Heyəti üzvləri Siyasi Şuranın icazəsi olmadan Partiyanın ümumi siyasəti haqqında bəyanat verə bilməzlər;
44.2. İdarə Heyətinin üzvlüyü və sədrliyi, millət vəkilliyi, İntizam Komissiyası üzvlüyü və sədrliyi vəzifələri ilə bir araya sığa bilməz;
44.3. Ata-ana, oğul-qız, bacı-qardaş, ər-arvad və bu dərəcədəki digər qohumlar eyni seçkili orqana (Mərkəzi Şura istisna olunmaqla) üzv ola bilməzlər;
44.4. İntizam Komissiyasının üzvü və üzvlüyə namizədləri digər seçkili orqanlarda ola bilməzlər;
44.5. İntizam Komissiyalarının sədr və üzvləri Partiyada heç bir maaşlı vəzifədə ola bilməzlər;
44.6. Bələdiyyə başçıları və Bələdiyyə Şurası üzvləri Partiyanın konfrans və Qurultaylarına nümayəndə ola bilərlər. Lakin Bələdiyyə başçıları Partiyada seçkili vəzifə tuta bilməzlər.
MƏRKƏZ TƏŞKİLATI
Qurultay
45. Qurultayın çağırılması, elanı və gündəliyi
45.1. Qurultay ən geci beş ildən bir Mərkəzi Şura və ya Mərkəzi Şuranın verdiyi səlahiyyət əsasında Siyasi Şuratərəfindən çağırılır.
45.2. Qurultayın gündəliyi Mərkəzi Şura və ya Mərkəzi Şuranın verdiyi səlahiyyət əsasında Siyasi Şura tərəfindən hazırlanır. Qurultayın iclaslarının yeri, gündəliyi və keçiriləcəyi vaxt Qurultayın başlanacağı gündən ən azı 5 gün əvvəl elan edilir. İclasın mətbuat orqanlarında elan olunub-olunmamasına Siyasi Şura qərar verir.
45.3. Qurultayın ilk iclasında çoxluq təmin olunmadıqda, iclas ertəsi günə keçirilir. İkinci iclas toplantıda iştirak edən Qurultay nümayəndələri ilə keçirilir. Bu barədə Qurultayın elanında ayrıca qeyd olunur.
46. Konfrans (Fövqəladə Qurultay)
46.1. Konfrans AMİP üzvlərinin azı yarısını əhatə edən Rayon (şəhər) Təşkilatlarının, MİK-in, MŞ üzvlərinin azı yarısının, AMİP Liderinin, AMİP Sədrinin təqdimatı ilə Siyasi Şura üzvlərinin üçdə iki səs çoxluğu ilə, Siyasi Şuranın qərarı ilə qurultaylararası dövrdə bundan əvvəlki qurultay nümayəndələri tərkibində çağırıla bilər.
46.2. Konfransın (Növbədənkənar Qurultay) gündəliyi iclası tələb edən orqan tərəfindən müəyyənləşdirilir. Gündəlik olmadan Fövqəladə iclas çağırıla bilməz. Konfransda (Fövqəladə Qurultay) yalnız gündəlikdə olan məsələlər müzakirə edilərək qərarlar qəbul olunur.
46.3. Konfrans müvafiq sənəd-tələbnamə AMİP Sədrinə təqdim olunduqdan sonrakı 10 gün ərzində çağırılır. Növbədənkənar (Fövqəladə) Qurultayın gündəliyi, yeri, keçiriləcəyi vaxt Qurultay başlanacağı gündən ən azı 5 gün əvvəl elan edilir.
47. Qurultayın nümayəndələri
47.1. Qurultay seçilmiş və təbii nümayəndələrdən təşkil olunur.
47.1.1. Seçilmiş nümayəndələr Azərbaycan Respublikası Parlamentinin tam sayından iki dəfədən çox olmamaqla, rayon (şəhər) təşkilatı konfranslarında seçilən nümayəndələrdir.
47.1.2. Təbii nümayəndələr:
a) AMİP Sədri;
b) Siyasi Şura və Mərkəzi İntizam Komissiyasının üzvləri;
v) AMİP üzvü olan nazirlər və Parlament üzvləri;
q) AMİP üzvlüyü davam edən Partiya qurucuları.
47.1.3. Fəxri nümayəndələr:
Keçmişdə AMİP Sədri, Baş nazir, Nazir, Parlament üzvü, MİK sədri, Siyasi Şura üzvü olan şəxslər (Partiyada üzvlüyü davam etmək şərtilə) Qurultayın fəxri nümayəndələridir. Fəxri nümayəndələr Qurultayda çıxış edə bilərlər, lakin səsvermə hüququna malik deyillər.
48. Qurultayın açılışı
48.1. Qurultay, yetərsay Mərkəzi Şura sədri tərəfindən yoxlanıldıqdan sonra, AMİP Sədri tərəfindən açılır.
48.2. Qurultay, nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. İlk toplantıda yetərsay təmin olunmadığı halda, iclas ertəsi günə keçirilir. Qurultay ikinci iclasda iştirak edənlərlə kifayətlənir.
49. Qərar kvorumu
Qurultayın qərarları iştirak edən nümayəndələrin sadə səs çoxluğu ilə qəbul olunur. Mərəmnamə və Nizamnamə, onlara əlavə və dəyişikliklər haqqında qərarlar iştirak edən nümayəndələrin üçdə ikisindən az olmayaraq səs topladıqda, qəbul edilmiş sayılır.
50. Qurultayın sədarəti
50.1. Gündəliyə keçmədən öncə Qurultayı idarə etmək üçün bir sədr və iclasın qəbul edəcəyi sayda müavin və katib seçilərək, sədarət təşkil edilir.
50.2. Qurultayın sədri, müavinlər və katiblər açıq səsvermə yolu ilə seçilir.
50.3. Sədarətin vəzifəsi iclasları idarə etmək, protokolları hazırlamaq, şikayət və etirazları qəbul və müzakirə edərək qərar hazırlamaqdan ibarətdir.
51. Açılış nitqi
Qurultayda sədarət seçildikdən sonra açılış nitqi üçün AMİP Sədrinə söz verilir.
52. Komissiyalar
52.1. Qurultay gündəlikdəki məsələlərdən asılı olaraq aşağıdakı komissiyaları yarada bilər:
a. Nizamnamə komissiyası;
b. Məramnamə və Partiyanın ümumi siyasəti ilə əlaqədar təklifləri tədqiq edən komissiya (Partiya işləri üzrə komissiya);
v. Ölkə məsələləri üzrə komissiya
q. Hesab və büdcə komissiyası
d. Etiraz və şikayətlər komissiyası;
e. Seçki komissiyası.
52.2. Siyasi Şura Qurultayın toplanmasından əvvəl rayon (şəhər) təşkilatları sədrlərinin də fikirlərini öyrənərək, nümayəndələrdən peşə, sənət və ixtisaslarına uyğun olaraq hər komissiya üçün 7 namizəd müəyyən edir. Namizədlərin siyahısı Qurultayın sədarətinə verilir. Bu siyahılar açıq səsvermə yolu ilə qəbul edilir. Qəbul edilmədikdə, sədarət namizəd siyahılarını yenidən qəbul edərək, eyni şəkildə səsvermə keçirir. Hər komissiya özünə bir sədr, bir müavin və bir katib seçir. Komissiyalar üzvlərinin tam sayının mütləq çoxluğu ilə toplanır. İclasda iştirak edən komissiya üzvləri mütləq səs çoxluğu ilə qərar qəbul edirlər.
52.3. Qurultay nümayəndələrinin fikirlərini öyrənmək üçün istənilən qədər köməkçi komissiyalar yaradıla bilər.
53. Qurultayın reqlamenti
53.1. Qurultay işini gündəlik sırasına uyğun olaraq qurur. Gündəlikdəki məsələlərin növbəsinin dəyişdirilməsi Qurultayın qərarına bağlıdır. Müzakirələr zamanı çıxış etmək istəyənlərə növbə ilə söz verilir. AMİP Liderinə, AMİP Sədrinə, MŞ sədrinə, AMİP sədrinin müavinlərinə, AMİP Siyasi Şura üzvlərinə, Mərkəzi İntizam Komissiyasının sədrinə və komissiya sədrlərinə növbədənkənar söz verilir.
53.2. Müzakirələrin gedişində iclasın qaydasını pozanlara qarşı sədr tərəfindən xəbərdarlıq edilir. İki xəbərdarlıqdan sonra qaydaları pozmaqda davam edənlər səsvermə hüquqları qorunmaqla, iclasdan xaric edilirlər. Çıxışlarında gündəlikdən kənara çıxanlara əvvəlcə sədr tərəfindən xəbərdarlıq edilir, israr edərlərsə, sözləri kəsilir.
54. Qurultayın vəzifə və səlahiyyətləri
Qurultayın vəzifə və səlahiyyətləri aşağıdakılardır:
a. AMİP Mərəmnamə və Nizamnaməsini, onlara əlavə və dəyişiklikləri qəbul edir;
b. AMİP Liderini elan edir, AMİP Sədrini, Mərkəzi Şuranın üzv və üzvlüyə namizədlərini,Mərkəzi İntizam Komissiyasının üzv və üzvlüyə namizədlərini, AMİP sədrinin təqdimatı iləSiyasi Şuranın üzvlərini seçir;
v. AMİP Sədrinin, Mərkəzi Şura, Siyasi Şura və Mərkəzi İntizam Komissiyasının hesabatlarını dinləyir və onların fəaliyyətinə qiymət verir;
q. Qanunlar, AMİP Məramnamə və Nizamnaməsi çərçivəsində cəmiyyəti və dövləti maraqlandıran mövzular ətrafında müzakirələr açaraq qərarlar qəbul edir;
d. Partiyanın ümumi siyasəti haqqında qərarlar qəbul edir;
e. Qanunlarda və Partiyanın Nizamnaməsində göstərilən digər səlahiyyətləri həyata keçirir.
55. Seçkilərə hazırlıq və seçkilərin keçirilməsi
55.1. AMİP Sədrinin, Mərkəzi Şuranın və Mərkəzi İntizam Komissiyası üzvlərinin seçkiləri gizli səsvermə yolu ilə keçirilir.
55.2. Qurultayda bu və ya digər seçkili orqana seçilmək üçün irəli sürülən namizədlərin sayı seçiləcək şəsxlərin sayından çox deyilsə o zaman həmin qurum üçün keçirilən seçkilər Qurultay nümayəndələrinin razılığı ilə açıq səsvermə yolu ilə həyata keçirilə bilər.
55.3. Seçkili orqanlara namizədlərin irəli sürülməsi ilə əlaqədar sədarət müəyyən bir müddət təyin edir.
55.4. Seçkilərdə bir namizəd yalnız bir rəhbər orqana öz namizədliyini göstərə bilər.
55.5. Seçki komissiyası Partiyanın rəhbər orqanlarına namizəd göstərilənlərin soyadını, adını və atasının adını əlifba sırasına uyğun olaraq səsvermə bülletenlərində qeyd edir. Tərtib edilən səsvermə bülletenlərinin sayı, Qurultay nümayəndələrinin sayına bərabər olmalı və sədarət tərəfindən möhürlənməlidir.
55.6. Namizədlərin siyahıları Qurultay nümayəndələrinin tanış olması üçün hamının görə biləcəyi bir yerdə asılır.
55.7. Səsvermə bülletenlərində adlarının qarşısında xüsusi işarə qoyulan namizədlər bir səs qazanmış olurlar.
55.8. Seçkilər sərbəst, bərabərhüquqlu, müstəqim və gizli səsvermə yolu ilə keçirilir. Qurultayda iştirak edən nümayəndələrin hamısı səs verdikdən sonra seçki komissiyası protokol tərtib edərək, qutuları açır və səslərin hesablanmasına başlanılır. Bülletenlərdəki səslər açıq hesablanır.
55.9. Seçkili orqanlara seçilmək üçün bülletenlərdə adları qeyd olunan namizədlərin qazandıqları səs miqdarı həmin bülletenlərdə onlara verilən səslərin toplanması yolu ilə müəyyən edilir.
55.10. Ən çox səs qazananlar həqiqi üzvlüyə, sonra gələnlər isə üzvlüyə namizəd seçilmiş hesab olunurlar. Səslər bərabər olduqda, püşk atılır.
55.11. Səslərin sayımı başa çatdıqdan sonra seçki komissiyasının sədri seçkilərin nəticələrini elan edir.
56. Qurultayın protokolu
Qurultaya aid bütün sənəd və protokollar sədarət tərəfindən imzalanaraq AMİP Sədrinə təqdim edilir. Seçki komissiyası tərəfindən elan edilən səsvermənin nəticələri də qurultayın protokollarına yazılır.
Mərkəzi Şura
57. Quruluşu və səlahiyyət müddəti
57.1. Mərkəzi Şura Qurultaylararası dövrdə AMİP-in ən yüksək orqanı olub aşağıdakı üzvlərdən ibarətdir:
a. AMİP Sədri;
b. Qurultaylarda seçilən 45 həqiqi üzv və 15 üzvlüyə namizəd;
v. Vəzifələrinə görə rayon (şəhər) təşkilatı sədrləri.
57.2. Mərkəzi Şuranın səlahiyyət müddəti növbəti normal Qurultayadək davam edir. Bu müddət içərisində hər hansı səbəb üzündən Mərkəzi Şura üzvü yeri boşalarsa, üzvlüyə namizədlər içərisindən Qurultayda ən çox səs qazanmışı həmin yeri tutur.
57.3. Mərkəzi Şura öz tərkibində dəyişiklik etmək hüququna malikdir və öz iclaslarında Partiyanın rəhbər sənədlərinin tələblərini pozan, bir il ərzində iclasda üzürsüz səbəblərə görə iştirak etməyən hər hansı üzvünü tərkibindən xaric edə bilər.
57.4. Mərkəzi Şura üzvlüyünə namizədlər Mərkəzi Şura iclaslarında məşvərətçi səslə, Mərkəzi Şura komissiyalarının işində isə tam hüquqla iştirak edirlər.
58. Mərkəzi Şuranın vəzifə və səlahiyyətləri
58.1. Mərəmnamə və Nizamnamədən, Qurultayın və özünün qərarlarından irəli gələn fəaliyyət proqramları, əsasnamələr və təlimatlar qəbul etmək;
58.2. Partiyanın ümumi siyasətini AMİP Qurultayının direktiv və qərarlarına uyğun olaraq təyin etmək;
58.3. AMİP Sədrinin və Siyasi Şuranın təklif etdiyi məsələləri araşdırmaq, haqqında müzakirə aparmaq və qərar qəbul etmək;
58.4. Müxtəlif səviyyəli dövlət orqanlarına seçkilərdə (Prezident, parlament, bələdiyyə seçkiləri) və referendumda iştirak və ya iştirakdan imtina, hökumətdə və başqa dövlət orqanlarında iştirak və ya hökumətin tərkibindən çıxmaqla bağlı qərarlar qəbul etmək;
58.5. Mərkəzi Şuranın komissiyalarını yaratmaq (bu komissiyaların hər birinin üzvlərinin ümumi sayının azı üçdə biri Mərkəzi Şura üzvləri və üzvlüyə namizədlər olmalıdırlar. Komissiyaların formalaşması və fəaliyyət qaydaları Mərkəzi Şura tərəfindən təsdiq edilən əsasnamə ilə nizamlanır);
58.6. Yerli təşkilatların fəaliyyətini dayandırmaq, onları buraxmaq, yenidən təşkil etmək haqqında qərar qəbul etmək;
58.7. MŞ sədrinin təqdimatı ilə MŞ sədrinin müavinini seçmək;
58.8. Mərkəzi Şura üzvlərinin mütləq səs çoxluğu ilə Siyasi Şura üzvünə etimadsızlıq göstərmək, AMİP Sədrinin və MŞ sədrinin təqdimatına əsasən Siyasi Şura üzvlüyündən azad etmək;
58.9. Qurultayın səlahiyyətinə aid məsələlər istisna olmaqla, Partiya həyatının istənilən məsələlərinə dair qərarlar qəbul etmək.
59. Mərkəzi Şuranın iş qaydası
59.1. Normal iclaslar:
59.1.1. Mərkəzi Şuranın normal iclasları Siyasi Şura tərəfindən üç ayda bir dəfədən gec olmayaraq çağırılır. Mərkəzi Şuranın gündəliyini Siyasi Şura hazırlayır. Mərkəzi Şura iclaslarının yeri, gündəliyi və keçiriləcəyi vaxt ən azı 5 gün əvvəldən elan edilir.
59.1.2. Mərkəzi Şura iclasları üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İlk iclasda yetərsay olmadıqda, ikinci iclas üçün ayrıca dəvət göndərilir. İkinci iclas toplantıda iştirak edən MŞ üzvləri ilə keçirilir.
59.1.3. Mərkəzi Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir. Hər hansı bir məsələnin gizli səsverməyə çıxarılmasına da qərar verilə bilər. Səslər bərabər olduqda, Mərkəzi Şura Sədrinin səs verdiyi tərəfin təklifi keçir.
59.2. Fövqəladə iclaslar:
59.2.1. Mərkəzi Şuranın fövqəladə iclasları AMİP üzvlərinin ən azı beşdə birini əhatə edən rayon (şəhər) təşkilatlarının, Mərkəzi Şura üzvlərinin üçdə birinin, Siyasi Şura üzvlərinin üçdə ikisinin, Mərkəzi İntizam Komissiyasının və AMİP Sədrinin tələbi ilə çağırıla bilər. Fövqəladə iclasın gündəliyi iclası tələb edən orqan tərəfindən müəyyənləşdirilir. Gündəlik olmadan fövqəladə iclas çağırıla bilməz. Fövqəladə iclasda yalnız gündəlikdə olan məsələlər müzakirə edilərək, qərarlar qəbul olunur.
59.2.2. Mərkəzi Şuranın fövqəladə iclası müvafiq sənəd-tələbnamə Mərkəzi Şuranın Sədrinə təqdim olunduğu gündən sonrakı 7 gün ərzində çağırılmalıdır.
59.2.3. Fövqəladə iclasın yeri, gündəliyi və keçiriləcəyi vaxt iclasın başlanacağı gündən ən azı 5 gün əvvəl elan edilir.
59.2.4. Mərkəzi Şuranın iclaslarını MŞ sədri, MŞ sədri olmadıqda MŞ sədrinin müavini aparır.
60. AMİP Mərkəzi Şurasının sədri.
Vəzifə və səlahiyyətləri
60.1. Mərkəzi Şura üzvləri sırasından MŞ iclasında iclasda iştirak edən seçilmiş Mərkəzi Şura üzvlərinin üçdə iki səs çoxluğuilə növbəti Qurultayadək olan müddətə seçilir.
60.2. Ölkə həyatının bütün sahələrinə dair müxtəlif qanun layihələrinin hazırlanmasına, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəyə çıxardığı qanun layihələrinin ekspertizalarının aparılmasına (MŞ komissiyalarında və müstəqil ekspertləri cəlb etmə yolu ilə) nəzarət edir.
60.3 MŞ və SŞ iclaslarını hazırlayır;
60.4. MŞ və SŞ arxivini təşkil edir və bu işə nəzarət edir;
60.5. MŞ komissiyaları arasında koordinasiyanı təmin edir;
60.6. Azərbaycan Respublikası Milli Məclisinin katibliyi ilə MŞ komissiyaları arasında əlaqələri qurur;
60.7. Siyasi, sosial, iqtisadi və digər sahələrdə tədqiqatlar aparılmasını və məlumatlar toplanmasını təmin edir;
60.8. MŞ qarşısında məsuliyyət daşıyır;
60.9. MŞ sədri MŞ üzvlərinin üçdə iki səs çoxluğu ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər.
61. Mərkəzi Şura sədrinin müavini
61.1. Mərkəzi Şura üzvləri sırasından MŞ sədrinin təqdimatı ilə MŞ üzvlərinin sadə səs çoxluğu və açıq səsvermə yolu ilə seçilir.
61.2. Mərkəzi Şura və Siyasi Şura iclaslarının hazırlanması və digər məsələlərlə bağlı MŞ sədrinin tapşırıqlarını yerinə yetirir;
61.3. Mərkəzi Şura daimi komissiyalarının və Rayon (Şəhər) Şuralarının işini koordinasiya edir;
61.4. Siyasi Şura və Mərkəzi Şura iclaslarının protokollaşdırılması və arxivləşdirilməsinə cavabdehlik daşıyır.
62. Siyasi Şura
62.1. Siyasi Şura Mərkəzi Şuralar arası dövrdə AMİP-in cari fəaliyyətinə rəhbərlik edən orqandır.
62.2. Siyasi Şuranın tərkibi AMİP Sədrindən, MŞ sədrindən, AMİP Sədrini müavinlərindən, MŞ sədrinin müavini və Qurultayda AMİP sədrinin təqdimatı əsasında növbəti Qurultayadək olan müddətə seçilən 9 nəfər AMİP üzvündən ibarətdir. Qurultayda seçilmiş Siyasi Şura üzvləri AMİP Sədrinin və MŞ sədrinin təqdimatı əsasında Mərkəzi Şuranın qərarı ilə vəzifədən kənarlaşdırıla bilərlər.
62.3. Siyasi Şura üzvlərin mütləq əksəriyyətinin iştirakı ilə toplanır və iştirak edənlərin mütləq çoxluğunun açıq səsverməsi ilə qərarlar qəbul edir.
62.4. Səslər bərabər olduqda, iclasa sədrlik edənin dəstəklədiyi təklif qəbul olunur. Siyasi Şura hər hansı məsələnin həllinə gizli səsvermə yolu ilə qərar verə bilməz.
62.5. Siyasi Şuranın gündəliyini SŞ iclasına sədrlik edən şəxs hazırlayır. Siyasi Şura üzvlərinin hər birinin SŞ gündəliyinə müzakirə üçün məsələ daxil etmək səlahiyyəti vardır.
62.6. Siyasi Şura ən geci 15 gündə bir dəfə normal iclaslarını keçirir. Normal iclaslardan kənar toplantılar üçün Siyasi Şura üzvlərinə ayrıca dəvət göndərilir.
62.7. Siyasi Şuranın iclaslarını AMİP Sədri, Sədr olmadıqda MŞ sədri və ya AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri, Mətbuat və Təbliğat məsələləri və Beynəlxalq Məsələlər üzrə müavinləri burada göstərilən ardıcıllığa müvafiq olaraq apara bilər.
63. Siyasi Şuranın vəzifə və səlahiyyətləri
63.1. AMİP-in cari siyasi, təşkilati və ideoloji fəaliyyətinin istiqamətlərini müəyyənləşdirmək;
63.2. Partiyanın Proqram və Nizamnaməsinin müddəaları əsasında Qurultayın və Mərkəzi Şuranın qəbul etdiyi qərarları həyata keçirməklə, Partiyanın bütün təşkilatını idarə etmək;
63.3. Partiyanın Proqram və Nizamnaməsinin tətbiqi, iş formalarının müəyyən edilməsi, məsləhət-tədqiqat qruplarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi haqqında qərar qəbul etmək və təlimatlar hazırlamaq;
63.4. Partiyanın prinsiplərini yaymaq üçün bütün mətbuat və digər vasitələrdən istifadə etmək;
63.5. Partiyanın ümumi fəaliyyəti və siyasəti haqqında yerli təşkilatları məlumatlandırmaq və görülməsi vacib işlər haqqında göstəriş və təlimatlar vermək, məlumatlar istəmək;
63.6. Partiyanın gəlirlərini artırmağa çalışmaq və bunun üçün lazımi tədbirlər görmək;
63.7. Bütün növ seçkilərdə iştirakla bağlı qərar vermək, eləcə də seçkilərə aid təşkilati işləri hazırlamaq, tənzim və idarə etmək;
63.8. Mühüm səbəblər üzündən Mərkəzi Şuranın iclasını çağırmaq mümkün olmadıqda, onun səlahiyyətinə aid edilən məsələləri (Partiyanın siyasi hakimiyyət uğrunda mübarizəsini dayandırmaq və yenidən bərpa etməklə, Mərkəzi Şura komissiyalarını formalaşdırmaqla bağlı məsələlər istisna olunmaqla) həll etmək.
AMİP Sədri
64. Seçilməsi və səlahiyyət müddəti
64.1. AMİP Sədri Qurultayda nümayəndələrin mütləq səs çoxluğu və gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Bir neçə namizəd olduqda, sədarət namizədlərin soyadı, adı və atasının adı göstərilən bülletenləri möhürləyərək təsdiq edir və seçki komissiyasının sədrinə verir. İlk səsvermədə nəticə əldə olunmazsa, ən çox səs toplamış iki namizəd sırasından ikinci səsvermədə sadə səs çoxluğu ilə seçilir. İki müddətdən artıq seçilə bilməz.
64.2. AMİP Sədri vəzifəsinin hər hansı səbəbdən boşalması halında, Mərkəzi Şura ən geci 15 gün ərzində toplanaraq, ən geci 45 gün içində Qurultay çağırır.
64.3. Qurultayaqədərki dövrdə AMİP Sədrinin səlahiyyətlərini Mərkəzi Şuranın sədri, AMİP Sədrinin təşkilat və seçki məsələləri üzrə müavini, AMİP Sədrinin mətbuat və təbliğat məsələləri üzrə müavini, AMİP Sədrinin beynəlxalq məsələlər üzrə müavini burada göstərilən ardıcıllığa müvafiq olaraq həyata keçirirlər.
64.4. Siyasi Şura üzvləri üçdə iki səs çoxluğu ilə AMİP Sədrinə etimadsızlıq göstərilməsi ilə bağlı Mərkəzi Şuraya təqdimatla müraciət edə bilərlər. Mərkəzi Şura üzvlərinin yarıdan çoxu AMİP sədrinə etimad göstərməzsə, Növbədənkənar (Fövqəladə) Qurultay çağırılır. Qurultay AMİP Sədrinə etimad göstərərsə, Mərkəzi Şura buraxılır və yenidən seçilir.
65. Vəzifə və səlahiyyətləri
65.1. AMİP Sədri Partiyanın bütün fəaliyyətinə rəhbərlik edir və bunun üçün Qurultay qarşısında məsuliyyət daşıyır. AMİP Sədri aşağıdakı vəzifə və səlahiyyətlərə malikdir:
65.1.1. Siyasi Şura üzvlüyünə namizədləri seçilmək üçün Qurultaya təqdim edir;
65.1.2. AMİP-i təmsil edir, partiyanın cari fəaliyyətinə rəhbərlik edir, onun adından müqavilələr və sazişlər imzalayır, sərəncam və göstərişlər verir;
65.1.3. Təşkilat və seçki, mətbuat və təbliğat, beynəlxalq əlaqələr üzrə müavinləri Mərkəzi Şuranın razılığı ilə təyin edir, onlar arasında koordinasiyanı təmin edir, normal fəaliyyət aparmaq üçün zəruri tədbirlər görür;
65.1.4. Müavinlərin vəzifədən xaric olunması barədə Mərkəzi Şura Sədri və Siyasi Şura qarşısında təqdimatla çıxış edir;
65.1.5. Mərkəzi Aparatın fəaliyyətinə rəhbərlik edir, AMİP Mərkəzi Aparatının daimi işçilərini təyin edir və tutduqları vəzifədən azad edir;
65.1.6. Siyasi Şuranın iclaslarını aparır və qərarlarını tətbiq edir;
65.1.7. Partiya işlərində bilik və təcrübələrindən istifadə edilməsi mümkün ola bilən şəxsləri müşavir təyin edir. Müşavirlər AMİP sədrinin dəvəti ilə Siyasi Şuranın iclaslarında iştirak edə bilərlər.
65.1.8. Qurultay qarşısında hesabatlıdır.
66. AMİP Sədrinin müavinləri:
66.1. Təşkilat və Seçki Məsələləri üzrə müavin:
66.1.1. Partiya təşkilatlarının qurulmasını və artıq qurulmuş olan rayon (şəhər) təşkilatlarının fəaliyyətini istiqamətləndirir və idarə edir;
66.1.2. Konfransların (yığıncaqların) və digər tədbirlərin keçirilməsini təşkil edir;
66.1.3. Seçki işinə hazırlığı və ondan irəli gələn vəzifələri həyata keçirir.
66.1.4. AMİP rəhbərliyinin ölkədaxili səfərlərini təşkil edir.
66.2. Mətbuat və təbliğat məsələləri üzrə müavin:
66.2.1. Partiyanın mətbuatla əlaqələrini koordinasiya edir, ölkə üzrə təbliğatın, toplantı və mitinqlərin hazırlanmasında iştirak edir;
66.2.2. Qəbul olunmuş siyasətin həyata keçməsi, partiyadaxili təhsil və təlim üçün lazımi tədbirlər görür;
66.2.3. Ölkə daxilindəki digər partiyalarla əlaqələrin qurulmasını təşkil edir;
66.2.4. AMİP rəhbərliyinin ölkədaxili səfərlərinin təşkilində iştirak edir.
66.3.Beynəlxalq məsələlər üzrə müavin:
66.3.1. Partiyanın ölkə xaricindəki əlaqələrini tənzimləyir, beynəlxalq təşkilatlarla və ölkədə akkreditə olunmuş xarici səfirlik və nümayəndəliklərlə əlaqələrin yaradılmasını və inkişafını təmin edir;
66.3.2. AMİP rəhbərliyinin xarici səfərlərini təşkil edir.
67. Partiyanın mühasibi
67.1. Partiyanın maliyyə işlərinin aparılmasına rəhbərlik edir və vəsaitlərin düzgün xərclənməsinə görə cavabdehlik daşıyır;
67.2. Yerli təşkilatların maliyyə işlərinin düzgün aparılmasına nəzarət edir;
67.3. Partiyanın maliyyə yazışmalarında və hüsabatlarda imzası olur.
67.4. AMİP Sədrinin müavinləri növbəti Qurultayadək olan müddətə vəzifəyə təyin edilirlər və onlar sədrin təqdimatı əsasında Siyasi Şurada SŞ üzvlərinin üçdə iki səs çoxluğu ilə vaxtından əvvəl tutduqları vəzifədən kənarlaşdırıla bilərlər.
İNTİZAM ORQANLARI
68. İntizam orqanları haqqında ümumi müddəalar
68.1. Qanunlara, Nizamnamə və təlimatlara, Partiyanın səlahiyyətli orqanlarının qərar və bəyanatlarına zidd hərəkət edən Partiya üzvləri haqqında tədqiqat aparmaq və qərar vermək, həmçinin maliyyə və əmlak sənədlərini təftiş etmək üçün AMİP-in ərazi təşkilatlarında rayon (şəhər) təşkilatı İntizam Komissiyaları, Mərkəz Təşkilatında isə Partiyanın bütün orqanları səviyyəsində nəzarət-təftiş funksiyasını həyata keçirən Mərkəzi İntizam Komissiyası qurulur.
68.2. İntizam Komissiyalarının üzvləri başqa seçkili orqanlara seçilə bilməz və Partiyada maaşlı vəzifə tuta bilməzlər.
68.3. İntizam Komissiyalarının səlahiyyət müddəti normal konfrans və ya Qurultayadək davam edir. Üzv yerlərinin boşalması halında, aldıqları səs sırasına görə üzvlüyə namizədlər onların yerini tutur.
68.4. İntizam Komissiyaları ilk iclaslarında öz üzvləri içərisindən bir sədr, bir sədr müavini və bir katib seçirlər.
68.5. İntizam Komissiyaları iclaslarını üzvlərinin üçdə ikisi ilə keçirir, qərarları isə iştirak edənlərin səs çoxluğu ilə qəbul edir.
68.6. İntizam Komissiyaları icraata götürdükləri işlərə ən geci bir ay içində baxaraq, qərar qəbul etməlidirlər. İntizam tədbirləri haqqında qərarlar gizli səsvermə ilə qəbul edilir.
68.7. Haqqında müzakirə açılan Partiya üzvü yazılı və ya şifahi müdafiə hüququna malikdir. Müdafiə üçün çağırış müzakirədən 15 gün əvvəl məsələsi qaldırılmış partiya üzvünə göndərilməlidir. Seçkilərdə, hamının gözü önündə və ya mətbuat vasitəsi ilə edilmiş günahların müzakirəsi üçün bu müddət yeddi gündür. Müdafiə müddətini qaçıranlar müdafiə hüququndan məhrum olurlar. Müdafiəyə çağırış yazılı şəkildə göndərilir. Bu yazıda tələb olunan intizam cəzası və onu yaradan səbəblər aydın şəkildə izah olunmalıdır.
68.8. İntizam orqanları tələb olunmuş intizam tədbirindən artıq intizam tədbiri haqqında qərar verə bilməzlər.
69. RAYON (ŞƏHƏR) TƏŞKİLATI
İNTİZAM KOMİSSİYALARI
Rayon (şəhər) təşkilatı İntizam Komissiyası R(Ş) T Konfransında növbəti konfransadək olan müddətə seçilən 3-5 (üç-beş) üzv və 2 (iki) namizəddən ibarət tərkibdə təşkil olunur.
70. İclasları və gündəliyi
70.1. Normal iclaslar:
70.1.1. İntizam Komissiyaları 3 (üç) ayda bir dəfədən gec olmayaraq öz iclaslarını keçirirlər. İclasların gündəliyi, yeri və keçiriləcəyi vaxt ən azı 10 (on) gün əvvəldən elan edilir. İK üzvlərinin üçdə ikisi iştirak etdikdə iclas səlahiyyətli sayılır.
70.1.2. İclasın gündəliyi İK sədri tərəfindən hazırlanır.
70.1.3. Qərarlar iclasda iştirak edən İK üzvlərinin yarıdan çoxu səs verdikdə qüvvəyə minir. Səslər bərabər olduqda, sədrin səs verdiyi tərəfin təklifi keçir.
70.2. Fövqəladə iclaslar:
70.2.1. Fövqəladə iclaslar MİK sədrinin, rayon (şəhər) təşkilatı sədrinin, İK üzvlərinin azı üçdə birinin tələbi ilə çağırıla bilər. İclasın gündəliyi, yeri və keçiriləcəyi vaxt ən azı 7 (yeddi) gün əvvəldən elan edilir. Bu halda iclas müvafiq sənəd-tələbnamə İK sədrinə təqdim edildikdən sonrakı 5 (beş) gün ərzində çağırılmalıdır. İK üzvlərinin üçdə ikisi iştirak etdikdə iclas səlahiyyətli sayılır. İclasın gündəliyi iclasın çağırılmasını tələb edən orqan tərəfindən hazırlanır. Fövqəladə iclaslarda yalnız gündəlik məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir.
70.2.2. İclasın qərarları açıq səsvermə yolu ilə qəbul olunur. Qərarlar iclasda iştirak edən İK üzvlərinin yarıdan çoxu səs verdikdə qüvvəyə minir. Səslər bərabər olduqda, sədrin səs verdiyi tərəfin təklifi keçir. İntizam tədbirləri haqqında qərarlar gizli səsvermə ilə qəbul olunur. İK-nın iclaslarını İK sədri və ya İK sədrinin müavini aparır.
71. Vəzifə və səlahiyyətləri
71.1. Konfrans və MİK qarşısında hesabat vermək;
71.2. Öz səviyyəsindəki Partiya orqanlarının, müvafiq təşkilatda qeydiyyatda olan AMİP özəkləri və üzvlərinin fəaliyyətinin qanunlara, AMİP-in Mərəmnamə və Nizamnaməsinə, Partiyanın digər rəhbər sənədlərinə uyğunluğuna, maliyyə və əmlak məsələlərinə nəzarət etmək, hər hansı qanun pozuntusunun qarşısını almaq məqsədilə müvafiq İdarə Heyətinin və R(Ş)T sədrinin, MİK-in qarşısında məsələ qaldırmaq, cavab almaq və intizam tədbirləri haqqında qərar qəbul etmək;
71.3. Müvafiq təşkilatda qeydiyyatda olan AMİP üzvlərinin Partiya hüquqlarının pozulması haqqında şikayətlərə baxıb, onların təmin edilib-edilməməsi barədə qərar çıxarmaq;
71.4. 3 (üç) ayda bir dəfədən gec olmayaraq bütövlükdə təşkilatın və onun qeydiyyatında olan AMİP özəklərinin maliyyə və əmlak sənədlərini, hesabatlarını yoxlayıb MİK-ə məlumat vermək;
71.5. Müvafiq təşkilatın aparatının məsul işçilərindən yoxlama üçün zəruri olan bütün sənədləri alaraq araşdırmaq;
71.6. İK nizam-intizam işləri və maliyyə məsələlərindən əlavə Partiya Nizamnaməsində nəzərdə tutulan digər vəzifələri də yerinə yetirir.
71.7. Rayon (Şəhər) Təşkilatının İntizam komissiyasının üzvlərinin sayı, üzvlüyə namizədlər vəzifəyə çağırıldıqdan sonra belə, yarıdan aşağı olarsa, eləcə də üzv və namizədlər hər hansı bir səbəbdən vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya vəzifəsindən kənarlaşdırıldıqda R(Ş)T-nın İntizam Komissiyası buraxılmış sayılır. Bu halda MİK R(Ş)T-da müvəqqəti İntizam Komissiyasının yaradılmasına və sədr təyin olunmasına qərar verir. Bu yolla təşkil olunmuş İK və təyin olunmuş sədrin səlahiyyətləri növbəti normal konfransa qədər davam edir.
72. İntizam Komissiyasının sədri.
Vəzifə və səlahiyyətləri
72.1. İK sədri İK-ın ilk iclasında gizli səsvermə yolu ilə seçilir. Səlahiyyətləri növbəti konfransadək davam edir. İK sədrləri aşağıdakı vəzifə və səlahiyyətlərə malikdir.
72.2. İK-in fəaliyyətinə rəhbərlik edir və bunun üçün İK qarşısında məsuliyyət daşıyır;
72.3. İK-in fəaliyyəti barədə ayda bir dəfədən gec olmayaraq MİK-ə məlumat verir;
72.4. İK-nın təqdimatı və arayışlarını İdarə Heyətinə və MİK-ə təqdim edir, çıxarılan qərarların haqqında məsələ qaldırılan AMİP orqanlarının, üzvlərinin, İK üzvlərinin nəzərinə çatdırılmasını təmin edir;
72.5. İK sədrləri rayon (şəhər) təşkilatlarının bütün səviyyəli iclas və tədbirlərində iştirak edə bilərlər.
73. MƏRKƏZİ İNTİZAM KOMİSSİYASI
Mərkəzi İntizam Komissiyası (MİK) Qurultayda növbəti Qurultayadək olan müddətə seçilən 5 (beş) üzv və 2 (iki) üzvlüyə namizəddən ibarətdir. MİK Qurultay qarşısında hesabatlıdır.
74. İclasları və gündəliyi
74.1. Normal iclaslar:
74.1.1. MİK 3 (üç) ayda bir dəfədən gec olmayaraq iclaslar keçirir. İclasların gündəliyi, yeri və keçiriləcəyi vaxt ən azı 10 (on) gün əvvəldən elan edilir. MİK üzvlərinin üçdə ikisi iştirak etdikdə iclas səlahiyyətli sayılır. İclasın gündəliyi MİK sədri tərəfindən hazırlanır.
74.1.2. İntizam tədbirlərindən başqa bütün məsələlər üzrə qərarlar yalnız açıq səsvermə yolu ilə qəbul olunur. Qərarlar iclasda iştirak edən MİK üzvlərinin yarıdan çoxu səs verdikdə qüvvəyə minir. Səslər bərabər olduqda sədrin səs verdiyi tərəfin təklifi keçir.
74.1.3. MİK öz iclaslarında Partiyanın rəhbər sənədlərinin tələblərini pozan hər hansı üzvünü öz tərkibindən xaric etmək səlahiyyətinə malikdir. Üzürsüz səbəblərə görə ardıcıl olaraq üç iclasda iştirak etməyən və ya hər hansı bir səbəb üzündən MİK üzvləri sırasından MİK üzvlüyündən çıxan olarsa, onların yerinə seçkilərdə topladığı səsin miqdarına uyğun olaraq sıra ilə üzvlüyə namizədlər arasından yeni MİK üzvü dəvət edilir. MİK üzvlüyünə namizədlər MİK iclaslarında məşvərətçi səslə, MİK-in yoxlama komissiyalarının işində isə tam hüquqla iştirak edirlər.
74.2. Fövqəladə iclaslar:
74.2.1. Fövqəladə iclaslar AMİP Sədrinin, MİK Sədrinin, MİK üzvlərinin azı üçdə birinin tələbi ilə çağırıla bilər. İclasın gündəliyi, yeri və keçiriləcəyi vaxt ən azı 7 (yeddi) gün əvvəldən elan edilir. Bu halda iclas müvafiq sənəd-tələbnamə MİK Sədrinə təqdim edildikdən sonrakı 5 gün ərzində çağırılmalıdır. MİK üzvlərinin üçdə ikisi iştirak etdikdə, iclas səlahiyyətli sayılır. İclasın gündəliyi iclasın çağırılmasını tələb edən orqan tərəfindən hazırlanır. Fövqəladə iclasda yalnız gündəlikdə olan məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir.
74.2.2. İclasın qərarları açıq səsvermə yolu ilə qəbul olunur. Qərarlar iclasda iştirak edən MİK üzvlərinin yarıdan çoxu səs verdikdə qüvvəyə minir. Səslər bərabər olduqda, sədrin səs verdiyi tərəfin təklifi keçir.
74.2.3. MİK-in iclaslarını MİK sədri və ya müavini aparır.
75. Vəzifə və səlahiyyətləri
75.1. AMİP-in bütün səviyyəli orqanlarının təşkilati, maliyyə və əmlak sənədlərini təftiş edir, hesabatlarını yoxlayır, hər hansı qanun pozuntusunun qarşısını almaq məqsədilə Partiyanın bütün səviyyəli orqanları qarşısında məsələ qaldırır, cavab alır və intizam tədbirləri haqqında qərarlar qəbul edir;
75.2. AMİP üzvlərinin Partiya hüquqlarının pozulması haqqında şikayətlərə baxıb, onların təmin edilib-edilməməsi barədə qərar çıxarır;
75.3. AMİP Mərkəzi Aparatının məsul işçilərindən yoxlama üçün zəruri olan bütün sənədləri alaraq, araşdıra bilər.
76. MİK sədri
Vəzifə və səlahiyyətləri
76.1. MİK sədri MİK-in iclasında gizli səsvermə yolu ilə seçilir. Səlahiyyətləri növbəti Qurultayadək davam edir. Aşağıdakı vəzifə və səlahiyyətləri vardır:
76.2.MİK-in fəaliyyətinə rəhbərlik edir və bunun üçün MİK qarşısında məsuliyyət daşıyır;
76.3. MİK-in təqdimat və arayışlarını Siyasi Şura və Mərkəzi Şuraya təqdim edir, çıxarılan qərarlar haqqında məsələ qaldırılan AMİP orqanlarının, üzvlərinin, MİK üzvlərinin və MİK üzvlüyünə namizədlərin nəzərinə çatdırılmasını təmin edir;
76.4. AMİP Qurultayında MİK adından hesabat verir;
76.5. Partiyanın bütün səviyyəli orqanlarının iclas və yığıncaqlarında iştirak edir;
76.6. MİK sədri MİK üzvlərinin üçdə iki səs çoxluğu ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər.
77. İntizam orqanları üçün müştərək prinsiplər.
77.1. Partiyanın intizam orqanlarının üzvləri konfranslar, Qurultaylar və millət vəkilliyi istisna olmaqla, başqa digər orqanlara seçilə bilməzlər.
77.2. Partiyada hər hansı maaşlı vəzifə tuta bilməzlər.
77.3. Ər-arvad, bacı-qardaş, valideyn-övlad, və digər yaxın qohumlar eyni intizam orqanlarında ola bilməzlər.
78. İntizam tədbirləri
78.1. Qanunları və AMİP Nizamnaməsini pozan Partiya üzvlərinə qarşı aşağıdakı intizam tədbirləri tətbiq edilir:
78.1.1. Xəbərdarlıq;
78.1.2. Töhmət;
78.1.3. Seçkili orqan üzvlüyündən xaricetmə;
78.1.4. Partiya üzvlüyündən xaricetmə.
79. İntizam tədbirlərinə səbəb olan hallar
79.1. Xəbərdarlıq:
Partiya üzvünün və ya müxtəlif səviyyələrdə vəzifəli şəxslərin diqqətinin yazılı olaraq cəlb edilməsidir. Bu intizam növü aşağıdakı hallarda verilir:
79.1.1. Partiya daxilində tabeçilik dərəcələrinə riayət etməmək;
79.1.2. Səlahiyyətli orqanların dəvət etdiyi halda iclasa gəlməmək;
79.1.3. Səlahiyyətli orqanların verdiyi tapşırıqları üzürlü səbəb olmadan qəbul etməmək;
79.1.4. Üzürlü və tutarlı səbəb olmadığı halda, seçkilərdə səvermə hüququndan istifadə etməmək;
79.2. Töhmət:
Bu İntizam növü Partiya üzvünün mövqeyi və hərəkətlərinin pislənməsi cəzasızdır və aşağıdakı hallarda verilir:
79.2.1. Partiya daxilində birlik və bərabərliyi pozan mövqe tutmaq və bu cür hərəkətlər etmək;
79.2.2. Qanunlara, Partiyanın Proqram, Mərəmnamə, Nizamnamə və qərarlarına zidd hərəkətlərə yol vermək;
79.2.3. Seçki komissiyasının işində iştirakdan imtina etmək;
79.2.4. Hərəkətləri ilə Partiyanın adına xələl gətirmək;
79.2.5. İki dəfə ardıcıl olaraq “xəbərdarlıq” aldıqda.
79.2.6. Bu intizam tədbirini tətbiq edən orqanın qərarı ilə töhmət almış şəxs 6 aya qədər AMİP seçkili orqanlarına seçilmək hüququndan məhrum edilir.
79.3. Seçkili orqan üzvlüyündən xaricetmə:
79.3.1. 3 (üç) dəfədən çox üzv olduğu seçkili orqanın işində üzürsüz səbəbdən iştirak etməmək;
79.3.2. Üzərinə düşən vəzifələri səhlənkarcasına yerinə yetirmək;
79.3.3. “Töhmət” aldıqda.
79.4. Partiya üzvlüyündən xaricetmə:
79.4.1. Qanuna, Partiyanın Mərəmnamə, Nizamnamə və təlimatlarına, Mərkəzi Şura, Siyasi Şura və digər səlahiyyətli orqanların qərarlarına zidd mövqe tutmaq, Partiyanın rəhbərliyi barədə yalan və böhtan yaymaq, hərəkət etmək, nəşr dərc etmək, mətbuatda və sosial şəbəkələrdə partiyanın nüfuzdan salınmasına yönəlik fəaliyyət göstərmək, bununla əlaqədar nəşrləri təbliğ və təşviq etmək;
79.4.2. Seçkilər zamanı Partiya əleyhinə fəaliyyət göstərmək, saxtakarlığa yol vermək;
79.4.3. Partiyanın adından şəxsi mənafeyi üçün istifadə etmək, Partiyanın nüfuzundan qərəzli məqsədlə istifadə etmək;
79.4.4. Əvvəllər verilmiş intizam tədbirlərindən nəticə çıxarmamaq.
ÜÇÜNCÜ HİSSƏ
SEÇKİLƏRDƏ İŞTİRAK
PARTİYA NAMİZƏDLƏRİNİN
MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
80. Seçkilər haqqında qərar
80.1. Partiyanın keçiriləcək hər cür seçkilərdə (prezident, parlament, bələdiyyə) və referendumda bütünlükdə və ya qismən iştirakı haqqında qərar vermək eləcə də, seçkilərdə iştirakdan imtina haqqında qərar verməksəlahiyyəti Mərkəzi Şuraya və Siyasi Şuraya məxsusdur.
80.2. Seçkilərdə iştirak etməmək barədə qərar Mərkəzi Şura iclasında üçdə iki səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul olunmadığı halda Konfrans çağırılır.
81. Namizədlərin müəyyənləşdirilməsi
Parlament və bələdiyyə seçkilərində iştirak edəcək AMİP namizədlərinin müəyyən edilməsi Mərkəz yoxlaması və təşkilat yoxlaması vasitəsilə həyata keçirilir. Müəyyənləşdirilən namizədlərin siyahısı Mərkəzi Şura və ya Siyasi Şura tərəfindən təsdiq edilir.Parlament və bələdiyyə seçkiləri dövrü AMİP-in Seçki dairəsi üzrə irəli sürəcəyi namizədlərin müəyyənləşdirilməsi zamanı müvafiq R(Ş)T-nın rəyi nəzərə alınır. Prezident, Parlament və Bələdiyyələrə namizədlərin müəyyən edilməsi qaydaları Siyasi Şuranın hazırladığı və Mərkəzi Şuranın təsdiq etdiyi təlimatla tənzimlənir.
DÖRDÜNCÜ HİSSƏ
PARTİYA QRUPLARI
82. AMİP parlament qrupu
Partiyadan seçilmiş millət vəkilləri AMİP Parlament Qrupunu təşkil edirlər. Qrup daxili təlimata əsasən idarə edilir. Təlimatda Partiyanın Məramnamə və Nizamnaməsinə zidd müddəalar ola bilməz.
83. Parlament Qrupunun idarə orqanları
83.1. Qrup mütləq əksəriyyətin səs çoxluğu ilə Qrup üzvlərindən birini sədr seçir. İlk iki turda mütləq səs çoxluğu təmin edilməzsə, üçüncü turda ən çox səs qazanan Qrup üzvü sədr seçilir. Parlament Qrupu sədrinin iki müavini olur.
83.2. Qrup orqanları hər iclas ilinin əvvəlində və cari iclas ili üçün seçilir. Seçkilər gizli səsvermə yolu ilə keçirilir.
83.3. Qrup sədrinin və müavinlərinin yeri hər hansı bir səbəbə görə boşalarsa, yeni seçkilər keçirilir. Parlament Qrupunun sədri və sədr müavinləri Qrupun adından danışmaq və bəyanat vermək səlahiyyətinə malikdirlər.
84. Hökumət qurma və ya koalisiya haqqında
84.1. Hökumət qurulması, koalisiyada iştirak, koalisiyadan çıxmaq haqqında qərarı Mərkəzi Şura verir.
84.2. Koalisiyadan çıxmaq haqqında verilən qərardan sonrakı on gün ərzində AMİP üzvü olan nazirlər hökumətin tərkibindən istefa verməlidirlər. Əks təqdirdə, Partiyadan istefa etmiş sayılırlar.
85. Bələdiyyə şuraları qrupları
85.1. Kənd, qəsəbə, rayon, şəhər bələdiyyə şuralarına seçilən AMİP üzvləri ayrı-ayrılıqda Partiya Qrupları yaradırlar. Müvafiq Partiya təşkilatlarının sədri Bələdiyyə Şurasına üzv seçilmişsə, Qrupun sədri olur. Əks təqdirdə, Qrup üzvlərindən biri gizli səsvermə yolu ilə sədr seçilir.
85.2. Bələdiyyə Şurası Partiya Qrupu, Mərəmnamə və Nizamnamə çərçivəsində müştərək hərəkəti təmin edir.
MALİYYƏ MƏSƏLƏLƏRİ
86. Partiyanın gəlirləri
86.1. Dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti;
86.2. Partiya üzvlüyünə qəbul haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi SŞ-nın təlimatı ilə tənzimlənir);
86.3. Partiya üzvlərindən alınan illik üzvlük haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi SŞ-nın təlimatı ilə tənzimlənir);
86.4. MŞ-ya seçilmiş üzv və ya üzvlüyə namizədlər və SŞ üzvlərindən alınan xüsusi üzvlük haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi SŞ-nın təlimatı ilə tənzimlənir);
86.5. Millət vəkilliyinə və digər seçkili orqanlara namizədlərdən alınan xüsusi üzvlük haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi Siyasi Şuranın təlimatı ilə tənzimlənir);
86.6. AMİP millət vəkillərindən alınan üzvlük haqqı. Partiyaçı millət vəkillərindən alınacaq üzvlük haqqının miqdarı və onun AMİP Parlament Qrupunun və Mərkəzi Təşkilatının işlərinə ayrılacaq hissəsi Parlament Qrupunun qərarı ilə müəyyən edilir;
86.7. Siyasi Şuranın müəyyən etdiyi qaydada Partiya bayrağı, nişanları və digər rəmzlərinin satışından, Partiya nəşrləri, biletləri, dəftərləri, qəbzləri və kağızlarından əldə edilən gəlirlər;
86.8. Partiyanın təşkil etdiyi tədbirlərdən əldə edilən gəlirlər. Bu tədbirlər Siyasi Şuranın sərəncamı və nəzarəti altında keçirilir;
86.9. Partiyanın əmlakından əldə edilən gəlirlər;
86.10. Qanuna uyğun olaraq edilən ianə və hədiyyələr.
86.11. Partiya üzvünün borclu olduğu üzvlük haqqının bir qismini və ya hamısını ödəyə bilməməsi onun Partiyadaxili hüquqlarını məhdudlaşdıra bilməz.
87. Gəlir qəbzləri
Partiya təşkilatlarının əldə etdiyi gəlirlər qarşılığında Siyasi Şura tərəfindən hazırlanmış və çap etdirilmiş qəbzlər verilməlidir. Çap etdirilən və müxtəlif səviyyəli Partiya təşkilatlarına göndərilən qəbzlərin seriya və sıra nömrələri Partiyanın mühasibi tərəfindən xüsusi dəftərə qeyd edilir. Müxtəlif səviyyəli təşkilatlar aldıqları və istifadə etdikləri qəbzlər üçün Siyasi Şura qarşısında məsuliyyət daşıyırlar.
88. Partiyanın maliyyə vəsaitlərinin qorunması və xərclənməsi
88.1. Partiyanın pulları bankda saxlanılır. Ən vacib ehtiyacları ödəmək üçün Mərkəz Təşkilatında, rayon (şəhər) təşkilatlarında Siyasi Şuranın təsdiq etdiyi təlimata uyğun miqdarda nəğd vəsait saxlanıla bilər.
88.2. Partiyanın bütün xərcləri və sazişlərlə əlaqədar öhdəlikləri hüquqi şəxs adından verilir.
89. Kredit və borcalma qadağanı
Milli İstiqlal Partiyası heç kimdən və heç bir yerdən bilavasitə və ya dolayı yolla kredit və ya borc ala bilməz.
90. Büdcə hesabatlarının hazırlanması və təsdiqi
90.1. Partiyanın rayon (şəhər) təşkilatları gəlir və çıxarların təxmini miqdarını göstərən bir illik büdcəni hazırlayıb, növbəti təqdim ilindən əvvəlki sentyabr ayının sonuna qədər Mərkəz Təşkilatına göndərirlər. Bu büdcələr əsasında Mərkəz Təşkilatında hazırlanan ümumi Partiya büdcəsi dekabr ayının sonuna qədər Siyasi Şura tərəfindən qəbul edilir.
90.2. Büdcə hesabatları balans əsasında tərtib edilir. Hər ilin aprel ayının sonunadək ötən büdcə ilinin qəti hesabatları hazırlanır. Siyasi Şura rayon (şəhər) təşkilatlarından göndərilən və Mərkəz Təşkilatına aid hesabatları yoxlayaraq qərar qəbul edir.
91. Rayon (şəhər) təşkilatı sədrinin və İdarə Heyətinin məsuliyyəti
Hər bir rayon (şəhər) təşkilatının sədri və İdarə Heyətinin üzvləri Partiya pullarına, xərclərinə, inventar əşyaların qorunması və yerində işlədilməsi üçün Partiya qarşısında şəxsən və kollektiv surətdə məsuliyyət daşıyırlar. Siyasi Şura tərəfindən əvvəlcədən yazılı sərəncam verilməzsə və ya sonradan bir qərarla təsdiq edilməzsə Partiya təşkilatlarının bağladıqları saziş və götürdükləri öhdəliklər üçün AMİP hüquqi şəxs kimi heç bir məsuliyyət daşımır. Bu halda saziş bağlayan və ya öhdəlik götürən bir və ya bir neçə şəxs məsuliyyət daşıyır.
92. Mühasibat və maliyyə işləri təlimatı
92.1. Partiyanın müxtəlif səviyyəli təşkilatlarının büdcə gəlir-çıxar cədvəllərinin və hesabatların necə hazırlanacağı, xərcləmənin necə olacağı, mühasibat qeydləri, dəftərlərin necə yazılacağı, məxaric sənədlərinin necə bağlanacağı kimi məsələlər Siyasi Şuranın təsdiq etdiyi təlimatla tənzimlənir.
92.2. Partiyanın maliyyə illəri 01 yanvardan 31 dekabradək olan dövrü əhatə edir.
93. AMİP-in hüquqi statusu, əmlakı və vəsaiti
93.1. AMİP hüquqi şəxsdir, onun bankda hesablaşma və digər hesabatları, müvafiq Partiya orqanları tərəfindən təsdiq edilən dairəvi möhürü, ştampı və başqa rekvizitləri vardır;
93.2. AMİP-in mülkiyyətinə öz vəsaiti hesabına və ya müxtəlif fiziki və hüquqi şəxslərin qanuna uyğun olaraq verdiyi əmlak və ianə etdiyi vəsait daxildir.
93.3. Partiya arxivi müvafiq normativ aktlara uyğun hazırlanır və Siyasi Şura tərəfindən qəbul edilmiş təlimat əsasında tənzimlənir.
94. AMİP-in fəaliyyətinə xitam verilməsi
AMİP-in fəaliyyətinə yalnız Qurultayda, nümayəndələrin azı üçdə ikisinin razılığı ilə xitam verilir. Bu zaman Partiya əmlakının taleyi müəyyən edilə bilər. Əks halda, həmin əmlakın taleyi mülki qanunvericiliyə uyğun qaydada həll edilir.