AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyasının nizamnaməsi


BİRİNCİ HİSSƏ

ƏSAS MÜDDƏALAR

1. Partiyanın adı, mərkəzi və emblemi

1.1. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Respublikasının Konstitusiyası, İn­san Hüquqları Bəyannaməsi, “Siyasi Partiyalar haqqında” Azərbay­can Respublikasının Qanunu və qüvvədə olan digər qanunvericilik aktla­rı əsasında fəaliyyət göstərən siyasi qurumdur.

1.2. AMİP 17.07.1992-ci il tarixdə 1 nömrə ilə Azərbaycan Respublika­sı­nın Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

1.3. AMİP Mərkəzi qərargahı: Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, 4.

1.4. Partiyanın emblemində dairəvi yaşıl çələng, ondan sonra qırmızı dai­rə, onun içərisində isə mavi fonda ağ rəngli aypara, səkkiz guşəli ul­duz və Partiyanın təməl prinsiplərinin rəmzi olan ox təsviri əks edil­mişdir.

2. Məqsəd və Vəzifələr

2.1. Partiyanın məqsəd və vəzifəsi Millətçilik və Dövlətçilik ideyasının millətin bütün fərdləri tərəfindən mənimsənilərək milli ideologiyanın əsasına çevrilməsinə, hər bir fərdin milli şüur ətrafında birləşərək ümummilli iradəni ifadə etməsinə nail olmaq uğrunda;

2.2. Ümumbəşəri ideyaların səciyyəvi inikası kimi gerçəkləşən ümummilli mənəvi dəyərləri ictimai həyatın bütün sahələrində bərqərar etmək, milli əxlaqımızı, adət və ənənələrimizi zərərli təsirlərdən qorumaq, mənəvi və mədəni zənginləşmə yolunu tutmaq uğrunda;

2.3. Millətin ümumi iqtisadi müstəqilliyi ilə onun hər bir üzvünün fərdi iqtisadi sərbəstliyini qırılmaz vəhdət kimi bağlamaq əsasında azad insana layiq azad iqtisadiyyat qurmaq və vüsətli iqtisadi tərəqqiyə yetişmək uğrunda;

2.4. Millətin hər bir fərdinin ucalığını və təkrarsızlığını qəbul edərək insan hüquqlarının toxunulmazlığını milli siyasətin əsasına çevirmək, insan azadlıqlarının qorunmasına təminat verə bilən vətəndaş cəmiyyəti qurmaq uğrunda;

2.5. Baxışlarının, hərəkət və düşüncələrinin sistemli şəkildə hədəfə çatması, cəmiyyətdəki dəyişikliklərin Millətin mənafeyinə uyğun şəkildə sona çatması üçün mübarizə aparmaqdan ibarətdir.

2.6. Partiya Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyi, ərazi bütövlüyünü pozmağı, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyi, irqi, milli və dini ədavəti qızışdırmağı məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.

PARTİYA ÜZVLÜYÜ

3. Üzv olma şərtləri

Partiya üzvü Partiyanın özülüdür. AMİP üzvlərinin hüquq və və­zifələri bu Nizamnamə çərçivəsində toxunulmazdır və heç bir halda rədd edilə bilməz. İnsan Hüquqları və azadlıqlarına, demokratiya ideal­la­rına sadiq olan, dünyəvi, hüquqi və demokratik Azərbaycan Respubli­ka­sının birliyini və bütövlüyünü hər şeydən üstün tutan, milli və mənəvi dəyər­lərimizə inamla bağlanan, Partiyanın Proqram prinsiplərini qəbul edən, Nizamnamə müddəalarını yerinə yetirməyi öhdəsinə götürən, qanunla müəyyənləşən məhdudiyyəti olmayan 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı AMİP üzvü ola bilər.

4. Partiya üzvlüyünə qəbul və qeydiyyat

4.1. AMİP üzvü olmaq istəyən hər bir şəxs azı bir il partiya stajı olan iki Partiya üzvünün zəmanəti ilə giriş bəyannaməsini dolduraraq yaşa­dı­ğı və ya işlədiyi rayon (şəhər) təşkilatının İdarə Heyətinə təqdim edir və xüsusi nömrələnmiş qəbz alır. Rayon (şəhər) təşkilatının İdarə He­yə­ti verilmiş məlumatları tam və qənaətbəxş saymadıqda, sənəd sahibi ba­rə­də yaşadığı yerdəki Partiya özəklərindən, üzvlərindən və rəsmi dairə­lər­dən məlumat ala bilər. Rayon (şəhər) təşkilatı İdarə Heyəti bütün təh­lil və sorğularını bir ay ərzində tamamlayaraq, həmin şəxsin Partiyaya üzv qəbul edilməsi və ya edilməməsi barədə qərar verməlidir. Bu qərar hə­min şəxsin adı ilə birlikdə qərar dəftərinə yazılır. Əgər üzvlüyə qəbul haq­qın­da müsbət qərar qəbul edilmişsə, tarixinə, sırasına uyğun olaraq o qeydiyyat dəftərində qeydə alınır və AMİP Qeydiyyat Bölməsinə Par­ti­ya üzvlüyünə qəbulla bağlı İdarə Heyətinin iclasının protokolundan çı­xarış verilir.

4.2. Bir ay ərzində haqqında qərar verilməmiş bəyannamə sahibi Par­ti­yaya qəbul olunmuş sayılır.

4.3. Partiyaya qəbulda rədd qərarı çıxarılarsa, bu xəbər 15 gün ərzin­də ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Xahişi rədd edilən şəxs 15 gün ərzində yuxarı səlahiyyətli orqana şikayət edə bilər. Səlahiyyətli orqan 15 gün müddətində qərar qəbul etməlidir. Həmin qərar qətidir.

4.4. Bir şəxs bütün ölkədə yalnız bir təşkilatda Partiya üzvlüyünə qey­də alına bilər. Qeydiyyata alınma yeri üzvün daimi yaşadığı və ya iş yeri­nin olduğu məhəllə və ya kəndin tabe olduğu rayondur. Üzv yaşa­dı­ğı yeri və ya iş yerini dəyişdirmədikdə, qeydiyyatı başqa yerə keçirilə bil­məz.

4.5. Partiya üzvlüyünü təsdiq edən sənəd Partiya biletidir. Qeydiy­ya­tı­nı dəyişdirən üzvlərə yeni Partiya bileti verilir. Bu zaman qeydiyyatını də­yişdirən Partiya üzvü rayon (şəhər) təşkilatı sədrinə ərizə ilə müraciət edir. Müraciətdə qeydiyyatı dəyişdirməyin səbəbləri (yaşayış və ya iş ye­rini dəyişdirməsi) göstərilir və Partiya bileti rayon (şəhər) təşkilatına təhvil verilir. İdarə Heyəti müvafiq qərar çıxardıqdan sonra həmin şəxs üçün qeydiyyatdan çıxma talonu yazılır və 15 gün ərzində Partiya bileti ilə birlikdə AMİP Qeydiyyat Bölməsinə göndərilir.

4.6. Qeydiyyat Bölməsi öz növbəsində təhkim olunma talonu yazır və hə­min talon qeydiyyatı dəyişdirilən AMİP üzvünün qeydiyyata alın­ma­sı və Partiya stajı saxlanılmaqla ona yeni Partiya biletinin verilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi üçün yeni rayon (şəhər) təşkilatına göndərilir.

5. Siyasi Şuranın üzvlüyə qəbul etmə səlahiyyətləri

5.1. AMİP-ə üzv olmaq istəyən Parlament üzvləri yalnız Siyasi Şuranın qərarı ilə Partiyaya qəbul oluna bilərlər. Siyasi Şura Partiyaya qəbul edilmələrinin faydalı olduğunu vacib saydığı ayrı-ayrı şəxslər haqqında da üzvlüyə qəbul haqqında qərar çıxara bilər. Bu cür qəbul qərarları ilə giriş bəyannamələrinin bir surəti aidiyyatı olan təşkilata göndərilərək qeydiyyata alınır.

5.2. Siyasi Şuranın qərarı ilə Partiyaya üzvlüyə qəbul və ya üzvlüyü bər­pa edilən şəxslər haqqında əlaqədar rayon (şəhər) təşkilatları etiraz­larını, fikir və rəylərini bildirə bilər. Siyasi Şuranın son qərarı qətidir.

6. Partiyadan çıxanların və fəaliyyəti dayandırılanların yenidən qəbul olunma və bərpa qaydaları

6.1. Partiya üzvlüyündən istefa verən şəxslər yenidən üzv olmaq üçün rayon (şəhər) təşkilatına müraciət edir və qərar müsbət olarsa, üzv­lüyə qəbul edilirlər. Müraciət rədd edildiyi halda, yuxarı təşkilata müraciət edilə bilər. Yuxarı təşkilatın qərarı qətidir.

6.2. Partiya üzvlüyündən çıxmış Mərkəzi Şura, Siyasi Şura, MİK üzv­­ləri, millət vəkilləri, rayon (şəhər) təşkilatı sədrlərinin Partiyaya ye­ni­dən qəbulu Siyasi Şuranın qərarı ilə mümkündür. Bu qərar qətidir.

6.3. Qüvvədə olan qanunvericiliyə əsasən partiya üzvlüyü ilə bir ara­ya sığmayan işə qəbul olunmuş şəxs göstərilən hal aradan qaldırıldıq­dan sonra partiya fəaliyyətini davam etdirmək istədiyi halda onun üzv­lüyü partiya stajı saxlanılmaqla Siyasi Şuranın qərarı əsasında bərpa edilə bilər.

7. Üzvlərin qeydiyyat dəftəri

7.1. Rayon (şəhər) təşkilatının İdarə Heyətinə Mərkəzi Aparatın ha­zır­ladığı bir ədəd qeydiyyat dəftəri verilir.

7.2. Üzvlərə aid qeydiyyat dəftərində yazılan məlumatlar və qeydiy­ya­ta dair digər məsələlər, giriş bəyannaməsinin doldurulması və saxla­nıl­ması, bu dəftərlərə əsasən Mərkəzi Aparata göndəriləcək məlumat­la­rın tərtibi qaydaları Siyasi Şura tərəfindən hazırlanmış xüsusi təli­mat­larla tənzimlənir.

8. Partiya üzvlərinin hüquqları

AMİP üzvləri Partiyanın seçkili orqanlarına seçmək və seçil­mək, seçkili vəzifələrə namizədlərin müəyyənləşməsində iştirak etmək, Partiyanın Proqram və Nizamnaməsinin tətbiqi ilə əlaqədar rəy və tək­lif­lər vermək, partiyadaxili tədbirlərdə iştirak etmək hüququna malik­dir­lər.

9. AMİP üzvlərinin Partiyadaxili vəzifələri

9.1. Partiya üzvləri:

9.1.1. Partiyanın daxilində qarşılıqlı hörmət, dostluq və əxlaq qay­da­larına əsaslanan fikir və ideologiya bərabərliyinin yaradılması və qo­run­masını;

9.1.2. Partiyanın birliyinin və bütövlüyünün qorunmasını, Partiya­da­xili işlərdə ümumi inam və iş ahəngini poza biləcək söz, nəşr və hərə­kət­lərdən çəkinməyi;

9.1.3. Partiyanın Nizamnamə tələblərinə əməl etməyi, Məramna­məyə və səlahiyyətli Partiya orqanlarının qərar və bəyanatlarına uyğun hə­rə­kət etməyi;

9.1.4. Partiyanın nüfuzunu qorumağı, ideya prinsiplərini təbliğ et­məyi, onların həyata keçməsi və inkişaf etdirilməsi üçün çalışmağı;

9.1.5. Partiyadaxili işlərdə və Partiya fəaliyyətlərində sərbəst müza­ki­rə üçün aşkarlıq və həmrəylik şəraiti yaratmağı;

9.1.6. Partiyanın iştirak etdiyi seçkilərdə Partiyanın və Partiyadan olan namizədlərin qələbə qazanması üçün çalışmağı və səs verməyi özlə­rinə vəzifə bilirlər.

10. AMİP üzvlərinin Partiyaxarici vəzifələri

10.1. AMİP üzvləri:

10.1.1. Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına hör­mət etməyi öz vəzifələri hesab edir, başqalarının hüquq və azadlıq­ları­nın məhdudlaşdırılması ilə nəticələnən hərəkətlərə yol vermirlər;

10.1.2. Vətəndaşlar arasında kin, nifrət, düşmənçilik və özbaşınalıq ki­mi zərərli hərəkətlərə qarşı çıxır, bölücülük, dağıdıcılıq, separatizm ki­mi hər cür zərərli hiss, mövqe və hərəkətə qarşı aktiv fəaliyyət göstər­mə­yi özlərinin milli borcu hesab edirlər;

10.1.3. Millətin xoşbəxtliyini və yüksək mənafelərini hər şeydən üs­tün tutaraq, partiyadakı vəzifələrini bu prin­siplər xaricində tətbiq etməkdən çəkinirlər.

11. Partiya üzvlüyündən çıxma qaydaları

11.1. AMİP üzvlüyü aşağıdakı hallarda sona çatır:

11.1.1. İstefa;

11.1.2. Ölüm;

11.1.3. Başqa partiya üzvlüyünə keçmə;

11.1.4. Partiya üzvlüyündən çıxarılma (intizam tədbiri qaydasında);

11.1.5. Qüvvədə olan qanunvericiliyə əsasən siyasi partiya üzvlüyü ilə bir araya sığmayan işə keçmə.

11.2. Rayon (şəhər) təşkilatı İdarə Heyəti istefa ərizəsi ilə müraciət edən və ya başqa partiyaya üzv olması müəyyən olunan AMİP üzvünün Par­tiya üzvlüyündən xaric olunması barədə qərar verir.

11.3. Başqa partiyaya keçməsi ilə əlaqədar üzvlükdən çıxarılması ba­rə­də qərar verilən üzvə həmin qərar 15 gün ərzində bildirilir. Əlaqədar şəx­sin xəbəri aldıqdan sonra 15 gün ərzində yuxarı təşkilata şikayət et­mək hüququ vardır. Yuxarı təşkilat öz növbəsində 15 gün ərzində hə­min məsələ ilə əlaqədar qərarını verir və qərarı həmin şəxsə bildirir. Bu qə­rar qətidir. Başqa bir partiyaya keçməsi müəyyən edilən üzv rayon (şə­hər) təşkilatı İdarə Heyəti tərəfindən üzvlükdən çıxarılmazsa, yuxarı təş­kilat xəbərdarlıq edir. Rayon (şəhər) təşkilatı İdarə Heyəti bu xə­bər­dar­lığa baxmayaraq, üzvlükdən çıxarma işini yerinə yetirmədiyi təq­dir­də, yuxarı təşkilatın həmin üzvü üzvlükdən çıxarmaq səlahiyyəti vardır.

11.4. Partiya üzvlüyünə qəbul edilən şəxsin qeydiyyata alınmasından son­ra üzv olmağa mane olan səbəblər üzə çıxarsa, rayon (şəhər) təş­ki­la­tı Idarə Heyəti bu məlumatı aldıqdan sonrakı 15 gün ərzində lazımi araş­dır­malar aparır. Marağı olan adamı dinləyərək, öz fikrini bildir­mək­lə işi yuxarı təşkilata göndərir. Yuxarı təşkilatın 15 gün ərzində qəbul edəcəyi qərar qətidir.

11.5. Üzvlükdən çıxarılan üzvün istefa ərizəsi və ya bu iş üçün əsas olan sənədlər ondan geri alınan Partiya sənədləri ilə birlikdə xüsusi qov­luq­da saxlanılır. Üzvlük qeydiyyatı dəftərinə və giriş bəyanna­mə­si­nə bu barədə müvafiq qeydlər edilir.

11.6. Rayon (şəhər) təşkilatı İdarə Heyəti hər hansı səbəbdən partiya üzv­lüyünə qəbul və ya üzvlükdən xaric olunma barədə qərar vermək iqti­darında olmadıqda Siyasi Şuranın ümumi əsaslarla partiya üzvlü­yünə qəbul və ya xaric olma haqqında qərar vermək səlahiyyəti vardır.

12. Partiyanın mətbuat orqanları

12.1. Partiyanın mülkiyyətində olan qəzet və jurnallar Siyasi Şuranın seç­diyi bir və ya bir neçə Partiya üzvü tərəfindən idarə olunur. İdarə­çi­lik və nəşriyyat sahəsində yaranan mübahisələr Siyasi Şuranın qərarı ilə həll edilir.

12.2. Aşağı təşkilatların mətbuat orqanları da eyni qayda ilə, uyğun orqanın seçdiyi partiya üzvü tərəfindən idarə olunur.

13. Partiyaçı yazarlar

Partiya üzvü olan yazarlar kitab, qəzet və jurnallarda siyasi, fəl­sə­fi, proqram və metodik xarakterli məsələlərini müzakirə edə bilərlər. An­caq bu müzakirə və mübahisələrdə partiyanın ümumi mövqe və siya­sətinə, Qurultay qərarlarına və ya Partiya orqanlarının qərar və tədbirlərinə qarşı olan, Partiya üzvlərini ləkələyən və ya alçaldan ifadələrə yol verə bilməzlər.

İKİNCİ HİSSƏ

14. TƏŞKİLAT QURULUŞU

Milli İstiqlal Partiyasının təşkilati quruluşu Məhəlli təşkilat (özək və ya qrup), Rayon (Şəhər) təşkilati, Mərkəz Təşkilatı və Azər­bay­can Respublikası Parlamentində, şəhər və rayon Bələdiyyə Şura­larında yaradılan Partiya Qruplarından ibarətdir.

Təşkilat quruluşu aşağıdakı kimidir:

14.1. Məhəlli təşkilat (özək və ya qrup):

a. Özək iclası;

b. Özək sədri (Partiya təmsilçisi).

14.2.  Rayon (şəhər) təşkilatı:

a. Rayon (şəhər) təşkilatının Konfransı;

b. Rayon (şəhər) təşkilatının Sədri;

v. Rayon (şəhər) təşkilatının Rayon (şəhər) şurası;

q. Rayon (şəhər) təşkilatının İdarə Heyəti;

d. Rayon (şəhər) təşkilatının İntizam Komissiyası.

14.3. Mərkəz Təşkilatı:

a. AMİP Qurultayı;

b. AMİP Sədri;

v. Mərkəzi Şura;

q. Siyasi Şura;

d.Mərkəzi İntizam Komissiyası.

14.4. Qruplar:

a. Bələdiyyə Şurasında Partiya Qrupları;

b. Parlamentdə Partiya Qrupu.

15. Ərazi vahidləri

15.1. Partiya təşkilatları Azərbaycan Respublikasının inzibati ərazi böl­güsünə uyğun olaraq yaradılır. Rayon təşkilatı rayon mərkəzində, şə­hər təşkilatı rayon bölgüsü olan şəhərlərdə, Mərkəz Təşkilatı Bakı şəhə­rin­də yerləşir.

15.2. Siyasi Şuranın qərarı ilə Respublika tabeli şəhərlərdə şəhər təş­ki­­latları yaradıla bilər. Belə hallarda şəhər və müvafiq rayon təşki­lat­ları arasında səlahiyyət bölgüsü xüsusi təlimatla nizama salınır.

15.3. Məhəlli təşkilatlar rayon (şəhər) İdarə Heyətinə, rayon (şəhər) İdarə Heyətləri Siyasi Şuraya tabedirlər.

MƏHƏLLİ TƏŞKİLATLAR

16. AMİP özəkləri və qrupları

16.1. AMİP özəkləri Partiya üzvlərinin yaşayış, yaxud iş yerlərinin aid olduğu inzibati-ərazi vahidləri üzrə 5 nəfərdən az olmayaraq forma­laşdırılır.

16.2. Partiya üzvlərinin sayı 5 nəfərdən az olduqda rayon (şəhər) təşkilatı İH-nin qərarı ilə həmin ərazidə qrup yaradılır.

16.3. Şəhər və rayonların daha kiçik inzibati-ərazi vahidlərinə bölün­mə­diyi yerlərdə rayon (şəhər) təşkilatı İH-nin təyin etdikləri partiya təmsil­çiləri məhəlli təşkilatlar yaradırlar.

16.4. İlk təşkilatların olmadığı yerlərdə rayon (şəhər) təşkilatı İdarə Heyəti tərəfindən Partiya təmsilçilərinə özək (qrup) yaradılması səla­hiy­yəti verilə bilər.

16.5. Özəklər rayon (şəhər) təşkilatı İdarə Heyətləri tərəfindən qeydə alınırlar.

17. Vəzifə və səlahiyyətləri

17.1. AMİP özəkləri:

17.1.1. Fəaliyyət göstərdikləri ərazinin əhalisi arasında Partiyanın Proqram prinsiplərinin təbliğini təşkil edərək, xalqın partiyaya rəğbətini artırmağa çalışır;

17.1.2. Partiyaya təəssübkeşlərin cəlb olunması və üzvlərinin sayının artırılması və üzvlük haqlarının toplanması üçün fəaliyyət göstərir;

17.1.3. Yuxarı təşkilatların qərar və təlimatlarından irəli gələn vəzifələri yerinə yetirir;

17.1.4. Özəyin fəaliyyətinə nəzarət etmək üçün rayon (şəhər) təşkilatı İda­rə Heyətinin üzvünün iştirak etdiyi özək iclaslarında gizli səsvermə yo­lu ilə özək sədri seçirlər. Ayda bir dəfədən az olmayaraq iclas keçirirlər. İclaslar özək üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

RAYON (ŞƏHƏR) TƏŞKİLATI

18. Rayon (şəhər) təşkilatının konfransları

18.1. Növbəti konfranslar ən geci 5 ildən bir çağırılır.

18.2. Hər bir təşkilat öz konfransının tarixini Mərkəz Təşkilatının müəyyən etdiyi müddətlər içərisində ərazisindəki ictimai-siyasi durum və iş şəraitindən asılı olaraq təyin edir. Rayon (şəhər) təşkilatının konf­ran­sı İdarə Heyəti tərəfindən çağırılır.

18.3. Rayon (şəhər) təşkilatı konfranslarının keçirilmə tarixi Siyasi Şuranın qəbul etdiyi qərarla təsdiq edilir.

19. Rayon (şəhər) təşkilatı konfransının nümayəndələri

19.1. Rayon (şəhər) təşkilatı konfransının tərkibi seçilmiş və təbii nümayəndələrdən təşkil olunur.

19.2. Seçilmiş nümayəndələr:

19.2.1.Rayon (şəhər) təşkilatında qeydiyyatda olan partiya üzvlərinin sayı 50-ə qədər olduqda, bütün üzvlər Rayon (şəhər) təşkilatı konfran­sı­nın nümayəndəsi sayılır.

19.2.2. Rayon (şəhər) təşkilatında qeydiyyatda olan Partiya üzv­lə­ri­nin sayı 50-dən çox olduqda, konfransa nümayəndələr seçilir.

19.2.3. Rayon (şəhər) təşkilatı İdarə Heyəti özəklərdə keçiriləcək seçkilərə nəzarət edir.

19.3. Nümayəndəlik norması Siyasi Şura tərəfindən təsdiq olunmuş tə­limatla müəyyənləşir. Siyasi Şura lazım bildiyi hallarda yeni nüma­yən­də seçkilərinə və sonuncu konfransdan sonra yeni yaradılan özək­lər­də konfransa əlavə nümayəndələrin seçilməsinə qərar verə bilər.

19.4. Rayon (şəhər) təşkilatı İdarə Heyətinin konfransa seçiləcək nü­ma­yəndələrin sayı haqqında qəbul etdiyi qərarın təlimata uyğunluğu AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə müavini tərəfindən yoxlanılıb təsdiq edilir.

19.5. Seçkinin nəticələri keçirildiyi yerdə iclasın sədri və katibi ilə ra­yon (şəhər) təşkilatı İdarə Heyətinin səlahiyyətli nümayəndəsi tərə­fin­dən imzalanan protokolla müəyyən edilir. Bu protokolun bir surəti 3 gün müddətində rayon (şəhər) təşkilatı İdarə Heyətinə təhvil verilir.

19.6. Kənd, qəsəbə və məhəllə özəklərinin üzvləri seçkilərlə əlaqədar eti­raz və şikayətlərini iki gün ərzində səbəbləri göstərilmək şərtilə, ra­yon (şəhər) təşkilatı İntizam Komissiyasına bildirə bilərlər. İntizam Ko­mis­siyası İdarə Heyətinin fikrini də nəzərə almaqla, üç gün ərzində eti­raz­la əlaqədar qərar verir. Rayon (şəhər) təşkilatı İntizam Komissiyası üç gün ərzində qərar vermədikdə və ya verdiyi qərar qeyri-qənaətbəxş he­sab edildikdə, etiraz ən geci üç gün ərzində Mərkəzi İntizam Komis­si­yasına göndərilir. Mərkəzi İntizam Komissiyası 7 gün müddətində qə­rar qəbul edir. Bu qərar qətidir.

19.7. Konfrans nümayəndələrinin seçilməsi ilə əlaqədar Nizamna­mə­də əksini tapmayan qaydalar Siyasi Şuranın verdiyi təlimatla tənzim­lənir.

19.8. Təbii nümayəndələr:

19.8.1. Rayon (şəhər) təşkilatında qeydiyyatda olan millət vəkilləri;

19.8.2. Rayon (şəhər) təşkilatının Sədri;

19.8.3. Rayon (şəhər) təşkilatı İdarə Heyətinin üzvləri;

19.8.4. Rayon (şəhər) təşkilatı İntizam Komissiyasının üzvləri;

19.8.5. Rayon (şəhər) təşkilatı ərazisində partiya üzvü olan Bələdiyyə üzvləri.

19.9. Fəxri nümayəndələr:

Rayon (şəhər) təşkilatının və İntizam Komissiyasının Partiya üzv­­lüyü davam edən sabiq sədrləri, millət vəkili və Bələdiyyə başçısı ol­muş Partiya üzvləri rayon (şəhər) təşkilatı konfransının fəxri nüma­yən­dələridirlər. Onlar konfransda çıxış edə bilərlər, lakin səsvermə hü­ququna malik deyillər.

20. Konfrans nümayəndələrinin siyahısı

Rayon (şəhər) təşkilatı İdarə Heyəti konfrans nümayəndələrinin də­­qiq­ləşdirilmiş siyahısını konfransdan 10 gün əvvəl Partiya rəhbər­li­yi­nə təqdim edir. AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə müavininin təsdiq etdiyi si­ya­hı nüma­yən­dələrin yoxlanması üçün əsas olur. Həmin müddət ərzində siyahı təs­diq olunmazsa, konfrans Siyasi Şura tərəfindən təxirə salına bilər.

21. Rayon (şəhər) təşkilatı konfransının elanı.

21.1. Konfransın toplanacağı gün, vaxt, ünvan və gündəlik ən azı 10 gün əvvəl elan edilir. Rayon (şəhər) təşkilatı İdarə Heyəti elanın Par­tiya­nın mətbuat orqanında verilib-verilməməsi haqqında qərar qəbul edir.

21.2. Rayon (şəhər) təşkilatı İdarə Heyəti konfransdan ən azı 7 gün əv­vəl nümayəndələrə yazılı dəvət göndərərək konfransın gününü, vaxtı­nı, yerini və gündəliyini, ilk iclasda yetərsay təmin edilmədiyi halda, ikinci iclasla bağlı məsələləri bəyan edir.

22. Qurultaya seçiləcək nümayəndələrin sayı

22.1. Hər bir Rayon (şəhər) təşkilatını qurultayda təmsil edəcək nü­ma­­yən­dələrin sayı Siyasi Şura tərəfindən təsdiq edilən təlimata əsasən müəyyən edilir.

22.2. Qurultayda iştirak edəcək nümayəndələrin sayı haqqında məlu­mat konfransın başlanmasına icazə verildikdən sonra AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə müavinitərəfindən hazırlanaraq, Siyasi Şurada təsdiq edilir və Rayon (şə­hər) təşkilatına bildirilir.

23. Konfrans nümayəndələrinin səlahiyyət müddəti

Konfrans nümayəndələrinin səlahiyyəti növbəti konfransadək davam edir. Siyasi Şura lazım bildiyi hallarda yerlərdə yeni nümayəndə seçkilərinə qərar verə bilər.

24. Konfransın işə başlaması

24.1. Konfransda yalnız qəti müəyyənləşdirilmiş siyahılarda adları qeyd olunmuş nümayəndələr iştirak edə bilər.

24.2. Konfrans öz işinə yuxarı təşkilatın səlahiyyətli nümayəndəsinin, ya­xud İdarə Heyətinin bir üzvünün yoxlamasından sonra nüma­yən­də­lə­rin yarıdan çoxunun iştirak etdiyi halda başlaya bilər.

24.3. Təyin olunmuş gün yetərsay təmin edilmədiyi təqdirdə, iclas növ­bəti 10 gün müddətində eyni gündəlik üzrə keçirilir. Həmin müd­dət­də keçirilən konfransda nümayəndələrin yetərsayı təmin edilməzsə Ra­yon (şəhər) təşkilatının bütün seçkili qurumları buraxılmış hesab edilir.

25. Konfransın gündəliyi

25.1. Rayon (şəhər) təşkilatı konfransının gündəlik layihəsi İdarə He­yəti tərəfindən hazırlanır. Gündəliyin qanunlara və Partiya Nizamna­mə­si­nə uyğunluğu üçün İdarə Heyəti məsuliyyət daşıyır. Yuxarı təşki­lat­ların yazılı olaraq bildirdiyi məsələlər gündəliyə salınır.

25.2. Konfransda iştirak edən nümayəndələrin əksəriyyətinin qərarı ilə gündəlikdəki məsələlərin ardıcıllıq sırası dəyişdirilə bilər. Habelə səs­­vermə hüququ olan konfrans nümayəndələrinin ən azı beşdə birinin ya­zılı istəyi və konfrans iştirakçılarının səs çoxluğu ilə Partiyanın Ni­zam­­namə və Məramnaməsinə, qanunlara zidd olmayan məsələlərin gün­­dəliyə salınmasına qərar verilə bilər.

26. Konfransın sədarəti

26.1. Konfransı rayon (şəhər) təşkilatının sədri açır. Bundan sonra ic­la­sı aparmaq üçün bir sədr, bir sədr müavini və lazım bilinən sayda ka­tib seçilir.

26.2. Sədarətə seçkilər açıq səsvermə yolu ilə keçirilir.

26.3. Seçilmiş sədarətdə konfransın idarə olunması ilə bağlı qərarlar səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda, sədrin səs vermiş olduğu qərar qəbul olunur.

27. Konfrans sədrinin vəzifə və səlahiyyətləri

27.1. Konfransın sədri iclası idarə edərək gündəliyə riayət olunmasına, protokolların yazılmasına və nizam-intizama nəzarət edir. Konfransın Nizam­namə və qanun çərçivəsində tamamlanması üçün sədr lazım bildiyi tədbirləri görə bilər.

27.2. Sədr müzakirələr zamanı konfransın qaydalarını pozanları, baş­qa­la­rının çıxışına mane olanları, gündəlikdəki mövzudan kənara çı­xan­la­rı xəbərdar etmək, çıxışlarını kəsmək, iki xəbərdarlıqdan sonra, səs­ver­mə hüquqları qorunmaq şərtilə, iclas salonundan çıxarmaq hüququna ma­likdir.

28. Konfransın vəzifə və səlahiyyətləri

Konfrans rayon (şəhər) təşkilatının yuxarı qərar və nəzarət orqanıdır.

Konfrans:

a. Rayon (şəhər) təşkilatı seçkili orqanlarının fəaliyyətini təhlil və müzakirə edir. Seçiləcək tərkibə görüləcək işlər haqqında lazım bil­di­yi təlimatlar verir, qərarlar qəbul edir;

b. Nümayəndələrin təkliflərini müzakirə edir, səlahiyyətləri daxi­lində olanlar haqqında qərar çıxarır;

v. Rayon (şəhər) təşkilatı sədrinin hesabatını dinləyərək qiymət verir;

d. İşini sürətləndirmək məqsədi ilə müxtəlif komissiyalar yarada bi­lər. Komissiyaların hər birində üzvlərin sayı üç ilə yeddi arasında ol­ma­lıdır. Hər komissiya öz üzvləri sırasından bir sədr seçir. Komis­si­ya­lar tapşırılan işləri qısa müddətdə tədqiq edərək, konfransın sədrinə he­sabat verirlər;

e. Rayon (şəhər) təşkilatının sədrini, Rayon (şəhər) şurasının üzv və üzvlüyə namizədlərini, İntizam Komissiyasının üzv və üzvlüyə na­mi­zəd­lərini və Qurultaya nümayəndələrini yuxarı təşkilat nü­ma­yəndəsinin nəzarəti altında gizli səsvermə yolu ilə seçir.

29. Konfransın iş qaydası.

29.1. Konfrasda birinci olaraq rayon (şəhər) təşkilatının və İntizam komissiyasının hesabatları dinlənilir.Hər iki qurumun hesabatları konfransın protokoluna əlavə olu­nur. Fəaliyyət dövrü haqqında hesabatlar müzakirə edilib, qərar qə­bul edilmədən, seçkilər keçirilə bilməz. Əks təqdirdə, seçkilərin nəti­cə­lə­ri etibarsız sayılır.

29.2.Konfrans lazım bildiyi halda hesabatlardakı istənilən məsə­lə­ni tədqiqat üçün komissiyaya verir. Komissiya dərhal toplanaraq ən qısa zamanda qərarını hazırlayıb konfrans sədarətinə verir.

29.3. Konfranslarda gündəlikdəki məsələlər haqqında çıxış etmək is­təyənlərə növbə ilə söz verilir. Rayon (şəhər) təşkilatının sədrinə, İda­rə Heyəti adından çıxış edənlərə və komissiya sədrlərinə növbə­dən­kə­nar söz verilir.

29.4.Konfransda seçkili orqanların işinə aid səsvermədə həmin seçkili orqanın üzvləri iştirak edə bilməzlər.

29.5.Konfransın protokolları konfrans sədarəti tərəfindən imza­la­nır. İki nüsxədə hazırlanan protokollardan biri İdarə Heyətinə, digəri isə bir həftə ərzində yuxarı təşkilata verilir.

30. Seçkilərin keçirilməsi

30.1. Konfrans nümayəndələrinin təsdiq olunmuş siyahısı iclasdan ən azı üç gün əvvəl Partiya üzvlərinin tanış olması üçün rayon (şəhər) təşki­la­tının qərargahında asılmalı və ya konfrans nümayəndələrinə təqdim olunmalıdır.

30.2. Seçkilərin keçirilməsi üçün konfrans nümayəndələrindən səs­ver­mə komissiyası seçilir. Komissiya üzvlərinin sayı konfrans tərəfindən müəy­yənləşdirilir. Komissiya öz üzvlərindən birini sədr seçir. Seçkili or­qanlara namizədliyi verilmiş konfrans nümayəndələri səsvermə ko­mis­siyasının üzvü ola bilməzlər.

30.3. Səsvermə komissiyası Partiya Nizamnaməsi və konfransın qəbul etdiyi qərarlar əsasında fəaliyyət göstərir. Komissiyanın işinə Mərkəz təşkilatının nümayəndəsi nəzarət edir.

30.4. Konfranslarda seçkili orqanlara namizədlər irəli sürmək üçün iclasın sədri müəyyən bir müddət təyin edir.

30.5. Konfransın katibliyi nümayəndələr tərəfindən seçkili orqanlara namizəd göstərilənlərin soyadını, adını və atasının adını əlifba sırasına uy­ğun olaraq səsvermə bülletenlərində qeyd edir. Səsvermə bülletenləri konf­rans nümayəndələrinin ümumi sayına bərabər olmalı və yuxarı təş­ki­latın nümayəndəsi tərəfindən təsdiq olunmalıdır. Bu prinsipə zidd ola­raq nümayəndələrin özləri tərəfindən tərtib edilən və ya namizəd­lərin əla­və edildiyi səsvermə bülletenləri etibarsız sayılır. Bülletenlərin tər­ti­bi və səsvermənin qaydaları haqqında təlimat Siyasi Şura tərəfindən veri­lir. Seçkilərdə birdən artıq seçkili orqana namizəd göstərilmək qa­dağandır.

30.6. Seçkilər sərbəst, bərabərhüquqlu, müstəqim və gizli səsvermə yo­lu ilə keçirilir. Səsvermə başa çatdıqdan sonra komissiya protokol tər­tib edərək, qutuları açır və səslərin sayılmasına başlanılır. Bülleten­lər­dəki səslər açıq hesablanır.

30.7. Konfransda bu və ya digər seçkili orqana seçilmək üçün irəli sürülən namizədlərin sayı seçiləcək şəxslərin sayından çox deyilsə o zaman həmin qurum üçün keçirilən seçkilər konfrans nümayəndələrinin razılığı ilə açıq səsvermə yolu  ilə həyata keçirilə bilər.

30.8. Seçkilərin nəticələri haqqında komissiyanın protokolu konfrans­da oxunur, konfrans nümayəndələri tərəfindən təsdiq olunur və bir nüs­xəsi konfrans protokolu ilə birlikdə yuxarı təşkilata göndərilir.

31. Konfransını keçirməyən təşkilatlar

Qurultayqabağı konfransını keçirməyən rayon (şəhər) təşkilatı səbəbləri nəzərə alınmadan AMİP Qurultayında iştirak hüququndan məhrum olur və seçkili orqanları ləğv edilmiş vəziyyətə düşür.

32. Rayon (şəhər) təşkilatı sədrlərinin seçilməsi

32.1. Rayon (şəhər) təşkilatı sədrləri növbəti konfrans olan müddətə qədər konfrans iştirakçılarının mütləq səs çoxluğu ilə seçilirlər. Səsvermədə nəticə əldə olunmazsa, ilk iki yeri tutan namizədin iştirakı ilə ikinci mərhələdə sadə səs çoxluğu ilə sədr seçilir. R (Ş) T sədrləri iki müddətdən artıq seçilə bilməzlər. Sədrlər rayon və şəhər mərkəzlərində yaşamalı və ya normal işi təşkil etmək imkanına malik olmalıdırlar.

32.2. Rayon (şəhər) təşkilatının sədri vəzifəsi hər hansı səbəbdən boşalarsa, İdarə Heyəti öz üzvlərinin mütləq səs çoxluğu ilə yeni sədr seçir. Bu yolla seçilən sədr İdarə Heyəti üzvlərinin mütləq çoxluğunun təklifi əsasında üçdə iki səs çoxluğu ilə dəyişdirilə bilər. Dəyişikliyin olacağı iclas yuxarı təşkilat nümayəndəsinin nəzarəti altında keçir.

32.3. Konfransdan sonra 1 ay müddətində R (Ş) T sədrləri SŞ-nın iclasında fəaliyyət proqramı (iş planı) ilə çıxış etməlidirlər.

33. Şikayət və etirazlar

33.1. Konfransın işinə dair şikayət və etirazlar konfransda iştirak et­miş nümayəndələrin beşdə biri tərəfindən üç gün ərzində yuxarı təş­ki­la­ta verilə bilər. Şikayətə yeddi gün ərzində cavab verilməlidir.

33.2. Konfransın protokollarını və digər materiallarını bilərəkdən iti­rən­lər və itməsinə yol verənlər haqqında intizam tədbiri tətbiq olunur.

34. Rayon (Şəhər) Təşkilatının Sədri

Sədr: Öz təşkilatının hüdudları daxilində Partiyanı təmsil edir. Sədr İdarə Heyətinin rüblük və illik iş planlarını hazırlayıb, İdarə Heyətində təsdiq olunmasını təmin edir, İdarə Heyətinin gündəliyini hazırlayır, tabeliyində olan təşkilatı təftiş edir, onun adından danışıqlar aparır, sərəncam və göstərişlər verir, maliyyə işlərinə dair sənədləri mühasiblə birlikdə imzalayır. Digər sənədlərdə katibin də imzası olur. Fövqəladə hallarda sədr məsuliyyəti üzərinə götürərək, sənədləri yalnız özü imzalaya bilər. Sədr təşkilatın ştat cədvəlində nəzərdə tutulan işçiləri işə götürür, işdən çıxarır və aylıq əmək haqqlarını müəyyən edir.

35. Rayon (Şəhər) Şuraları

Quruluşu və səlahiyyət müddəti

35.1. Konfranslararası dövrdə rayon (şəhər) təşkilatının fəaliyyətinə rayon (şəhər) şurası rəhbərlik edir. Rayon (şəhər) şurasının sayı Siyasi Şuranın təlimatı ilə tənzimlənir.

35.2. Rayon (şəhər) şurasının səlahiyyət müddəti növbəti normal Konfransadək davam edir.

35.3. Rayon (şəhər) şurası öz tərkibində dəyişiklikləri etməklə öz iclaslarında Partiyanın rəhbər sənədlərinin tələblərini pozan, mütəmadi olaraq 3 dəfə iclaslarda üzürsüz səbəblərə görə iştirak etməyən hər hansı üzvünü tərkibindən xaric etmək hüququna malikdir.

35.4. Rayon (şəhər) şurası üzvlüyünə namizədlər rayon (şəhər) şurasının iclaslarında məşvərətçi səslə iştirak edirlər.

36. Rayon (Şəhər) şuralarının vəzifə və səlahiyyətləri

36.1. Rayon (şəhər) şurasının iclaslarını R(Ş)T-nın Sədri aparır;

36.2. Rayon (şəhər) şurası özünün ilk iclasında R(Ş)T İdarə Heyəti üzvlərini seçir;

36.3. Rayon (şəhər) təşkilatı sədrinin məlumatını dinləyir;

36.4. İdarə Heyətinin hesabatını dinləyib fəaliyyət dövrünə qiymət verir;

36.5. Özək sədrlərinin hesabatlarını dinləyir, onların fəaliyyətinə qiy­mət verir;

36.6. Partiyanın rəhbər orqanlarının, rayon (şəhər) təşkilatının konf­rans­larının qərarlarının yerinə yetirilməsinə nəzarət edir;

36.7. İdarə Heyətinin cari və perspektiv iş planlarını təsdiq edir, onların yerinə yetirilməsinə nəzarət edir;

36.8. Rayon (şəhər) şuralarında Mərkəzi Şuranın komissiyalarına mü­va­fiq qruplar yaradır, onların işinə rəhbərlik edir;

36.9. AMİP Nizamnaməsi və Məramnaməsində dəyişikliklər etmək üçün təkliflər ilə çıxış edir;

36.10. Fəaliyyətsiz özəklərin buraxılması, yenidən təşkil edilməsi haq­qında qərar qəbul edir;

36.11. İldə bir dəfə İdarə Heyətinin hazırladığı büdcəni qəbul edir;

36.12. Rayon (şəhər) şurasının üçdən ikisi rayon (şəhər) təşkilatının səd­rinə etimad göstərməzsə, Növbədənkənar (Fövqəladə) konf­rans çağırılır. Konfrans rayon (şəhər) təşkilatının sədrinə etimad gös­tərərsə, Rayon (şəhər) şurası buraxılır və yenidən seçilir;

36.13. Konfransın səlahiyyətinə aid olan məsələlər istisna olmaqla, ra­yon (şəhər) təşkilatında istənilən məsələlərə dair qərarlar qəbul edir.

37. Rayon (Şəhər) Şuralarının iş qaydası.

37.1. Normal İclaslar.

37.1.1. Rayon (şəhər) şuralarında normal iclaslar İdarə Heyəti tərəfin­dən 6 ayda bir dəfədən gec olmayaraq çağırılır. Rayon (şəhər) şurası ic­laslarının yeri, gündəliyi və keçiriləcəyi vaxtı İdarə Heyəti tərəfindən ic­lasdan ən azı 5 gün əvvəl üzv və namizədlərə elan edilir.

37.1.2. Rayon (şəhər) Şurasının iclaslarında üzvlərin yarıdan çoxu iş­ti­rak etdikdə səlahiyyətli sayılır. Təyin olunduğu gün yetərsay olmazsa, ic­las növbəti günə keçirilir. Həmin gün də yetərsay təmin olunmazsa ra­yon (şəhər) şurası buraxılmış sayılır və R(Ş)T-nın sədri səbəbləri də gös­tərilməklə bu barədə yeddi gün müddətində Partiyanın Siyasi Şu­rasına məlumat verməlidir. Bu halda Siyasi Şura Rayon (Şəhər) Təş­ki­la­­tının növbədənkənar konfransının çağırılması barədə qərar verir.

37.1.3. Rayon (şəhər) şurasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir. Qərarlar rayon (şəhər) şurasının iclaslarında iştirak edən üzv­lərin sadə səs çoxluğu ilə qəbul edilir. Müəyyən məsələlərin gizli səs­verməyə çıxarılması barədə qərar qəbul edilə bilər.

37.2. Növbədənkənar (Fövqəladə) iclaslar.

37.2.1. Növbədənlənar (Fövqəladə) iclaslar Siyasi Şura tərəfindən, rayon (şəhər) təşkilatı üzvlərinin ən azı üçdə birinin, İdarə Heyəti üzvlərinin üçdə ikisinin, İntizam Komissiyası və rayon (şəhər) təşkilatı sədrinin tələbi ilə çağırıla bilər.

37.2.2. Rayon (şəhər) şurasının Növbədənkənar (Fövqəladə) iclası mü­va­fiq sənəd-tələbnamə ilə Siyasi Şuraya təqdim olunduğu gündən son­ra­kı 5 gün ərzində elan edilib çağırılmalıdır. Fövqəladə iclasda yalnız gün­dəlikdə olan məsələlər müzakirə edilərək qərarlar qəbul olunur.

37.2.3. Rayon (şəhər) şuralarının növbədənkənar (Fövqəladə) iclaslarını rayon (şəhər) təşkilatının sədri və ya katibləri aparırlar.

38. Rayon (Şəhər) təşkilatı İdarə Heyətləri

38.1. İdarə Heyətinin tərkibi rayon (şəhər) şurasının ilk iclasında sadə səs çoxluğu ilə seçilir.

38.2. İdarə Heyəti ilk iclasında öz üzvləri arasındanR(Ş)T sədrinin təqdimatı əsasında sədrin iki müavinini, İH-nin katibini və bir mühasib seçir. Bu seçkilərdə sadə səs çoxluğu kifayətdir.

38.3.Təşkilat və seçki məsələləri üzrə müavin: R(Ş)T Sədrinin təqdimatı ilə növ­bəti konfransadək olan müddətə seçilir, təşkilatla özək üzvləri ara­sında koordinasiyanı təmin edir, normal fəaliyyət aparmaq üçün zəruri tədbirlər görür;

38.4.Təbliğat məsələləri üzrə müavin: R(Ş)T Sədrinin təqdimatı ilə növ­bəti konfransadək olan müddətə seçilir, rayon və şəhərdə gedən siyasi, iqtisadi və sosial problemlər haqqında məlumatları toplayıb yuxarı orqanlara bildirir. AMİP özəkləri vasitəsi ilə Partiya ideyalarının əhali arasında yayılmasını təşkil edir.

38.5.İH-nın katibi: R(Ş)T Sədrinin təqdimatı ilə növbəti konfransa­dək olan müddətə seçilir. Qanunvericiliyə, Partiya Nizamnaməsinə və təlimatlara uyğun olaraq qeydiyyat aparır, iş dəftərləri tərtib edir, İdarə Heyətinin qərarlarını protokollaşdırır və üzvlərə imzalatdırır, bütün sənədləri R(Ş)T sədri ilə birgə imzalayır. Sədr və katiblər olmadığı zaman Partiya təşkilatını təmsil hüququna malikdir.

38.6.Mühasib: R(Ş)T Sədrinin təqdimatı ilə növbəti konfransadək olan müddətə seçilir. Rayon (şəhər) təşkilatının maliyyə işlərini idarə edir. Qanunvericiliyə, Partiya Nizamnaməsinə və təlimatlara uyğun ola­raq mühasibat dəftərlərini hazırlayır və aparır. Məsrəflərin İdarə Heyəti qə­rarlarına uyğun olması üçün sədrlə bərabər məsuliyyət daşıyır. Üzv­lük haqqı və ianələri toplayır, maliyyə vəsaitini cəlb etmək imkanlarını İdarə Heyətinə təklif edir, yuxarı təşkilatlara verilən hesabatlarını, illik büdcə layihələrini və rayon (şəhər) şuralarına təqdim etmək üçün balansları hazırlayır.

38.7. İdarə Heyətinin qərarı ilə ayrı-ayrı sahələr üzrə işlər üzvlər ara­sında bölünür və onlar öz sahələrinə birinci dərəcəli cavabdeh olurlar.

38.8. R(Ş)T sədr müavinləri, İH-nın katibi və mühasib seçildikləri üsulla dəyişdirilə bilərlər. Bu zaman İdarə Heyətinin qərarı üçdə iki səs çoxluğu ilə qəbul olunur.

39. Rayon (şəhər) şurasının sədri

39.1. Rayon (Şəhər) Şurasının sədri R(Ş)T sədrinin təqdimatı ilə Ra­yon (Şəhər) Şurasının üzvləri arasından növbəti konfransadək olan müd­­dətə seçilir.

39.1.1. Rayon (Şəhər) Şurasının iclaslarını hazırlayır və protokollaş­dırır;

39.1.2. Mərkəzi Şura komissiyalarının yerli təşkilatdakı qrupları arasında koordinasiyanı təmin edir;

39.1.3. Siyasi, sosial, iqtisadi və digər sahələr üzrə məlumatların toplan­ma­sını və AMİP Mərkəzi Şurasının müvafiq komissiyalarına təq­dim edilməsini təmin edir;

39.1.4. Rayon (Şəhər) Şurasının işini arxivləşdirir;

39.1.5. Rayon (Şəhər) Təşkilatının sədri və Rayon (Şəhər) Şurası qarşısında məsuliyyət daşıyır.

40. İdarə Heyətinin vəzifə və səlahiyyətləri

40.1. Qanunvericiliyə, Partiya Nizamnaməsi və təlimatlarına, Mər­kə­zi Şura və Siyasi Şuranın qərarlarına əməl etmək, öz təşkilatının kon­f­ranslarında və rayon (şəhər) şuralarında qəbul edilmiş qərarları həyata ke­çirmək, tabeliyində olan təşkilatın fəaliyyətinə nəzarət etmək;

40.2. Partiyanın siyasi görüşlərini, taktiki xəttini və ümumi siya­sə­ti­ni təbliğ etmək, xalq kütlələrinin Partiyaya rəğbətini və səsvermə meylini artırmağa çalışmaq;

40.3. Seçkilərdə Partiyanın və Partiya namizədlərinin qələbəsi üçün çalışmaq;

40.4. Siyasi hadisələri diqqətlə izləyərək düzgün qiymətləndirmək, bölgənin ictimai, iqtisadi, səhiyyə, abadlıq işləri haqqında öz üzvlərinə məlumat vermək;

40.5. Konfrans nümayəndələrinin iştirakı ilə ildə azı bir dəfə məslə­hət­ləşmə xarakterli iclas çağıraraq, ölkə və partiya məsələlərini müza­kirə etmək;

40.6. Partiyanın aşağı orqanlarını ildə iki dəfə yoxlamaq;

40.7. Partiyanın rəhbər orqanlarının təyin və təsdiq etdiyi digər vəzifələri səlahiyyətləri daxilində yerinə yetirmək;

40.8. Partiya üzvlərindən üzvlük haqqları, vətəndaşlardan ianələrin toplanmasına, büdcənin formalaşmasına rəhbərlik edir və məsuliyyət daşıyır.

41. İdarə Heyətinin iclasları

41.1. İdarə Heyəti öz iclaslarını sədr də daxil olmaqla, üzvlərinin tam sa­yının yarıdan çoxu iştirak etdikdə keçirə bilər. İdarə Heyətinin qərarı ilə dəvət edilən şəxslərdən başqa İdarə Heyətinin üzvü və üzvlüyə na­mi­zəd olmayanlar iclasda iştirak edə bilməzlər. MİK, MŞ üzvləri və üzv­lüyə namizədlərin R(Ş)T seçkili orqanlarının iclaslarında iştirakı sərbəstdir.

41.2. Rayon (şəhər) təşkilatı İdarə Heyəti ayda iki dəfə növbəti iclas ke­çirir. Bu iclasların günü və saatı qabaqcadan müəyyən edilərək qərar dəf­tərinə yazılır və bütün üzvlər tərəfindən imzalanır. İdarə Heyəti üzv­lə­ri lazım bildikdə, növbədənkənar iclas keçirməyə qərar verə bilərlər. İclasda qərarlar iştirak edən İdarə Heyəti üzvlərinin mütləq səs çoxluğu ilə qəbul edilir. Qərarlar iclasda iştirak edən üzvlər tərəfindən imzalanır. İclasda iştirak etməyən üzvlər qərar dəftərində qeyd olunur. Üzürsüz səbəblərə görə normal və ya keçirilmə tarixi əvvəlcədən müəyyən edilmiş üç iclasda ardıcıl olaraq, eləcə də son 6 ay ərzində keçirilmiş iclasların yarıdan çoxunda üzürsüz səbəbdən iştirak etməyən İdarə Heyəti üzvləri istefaya göndərilmiş hesab olunurlar. Ancaq bu qərarın verilə bilməsi üçün AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri üzrə müavininin razılığı alınmalıdır. İdarə Heyətindən çıxmış üzvün Siyasi Şuraya şikayət etmək hüququ vardır. Siyasi Şuranın qərarı qətidir.

41.3. Hər hansı səbəbdən İdarə Heyəti üzvü yeri boşaldığı halda, R(Ş)T rayon şurasının iclasında həmin yerə yeni İH üzvü seçilir.

42. İdarə Heyətinin buraxılması

İdarə Heyətinin üzvlərinin sayı yarıdan aşağı olarsa, eləcə də İH üzvləri hər hansı bir səbəbdən vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya vəzifəsindən kənarlaşdırıldıqda, İdarə Heyəti buraxılmış sayılır. Bu halda AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri üzrə müavininin təqdimatı əsasında Siyasi Şura tərəfindən fövqəladə rayon (şəhər) şurası çağırılır və İdarə Heyəti yenidən seçilir.

43. Vəzifədən kənarlaşdırma

43.1. R(Ş)T sədrinin və İH üzvlərinin vəzifəsindən kənarlaşdırılma­sı­na aşağıdakı hallar səbəb ola bilər:

a. Qeydiyyat dəftərlərinin Nizamnaməyə uyğun tutulmaması və ya tutulan dəftərlərdə qəsdən dəyişiklik aparılması, yaxud onların itirilməsi, mühasibatla əlaqədar hesabatların təlimata uyğun müddətdə Mərkəzə çatdırılmaması və pozuntulara yol verilməsi.

b. Dövlət və Partiya mənafelərinə açıq-aşkar ziyan vuran hərəkətlərə yol verilməsi;

v. Normal iş şəraiti yaradıla bilmədiyi hallarda.

43.2. R(Ş)T sədrinin və İdarə Heyətinin vəzifədən kənarlaşdırılması haq­qında təqdimat AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri üzrə müavini və ya Mərkəzi İntizam Ko­mis­si­yası tərəfindən verilə bilər. Siyasi Şura təqdimat əsasında R(Ş)T-yə müvəqqəti sədr təyin etməklə yeni İdarə Heyəti formalaşdıra bilər. Siyasi Şuranın qərarı qətidir.

43.3. Bu yolla təşkil olunmuş İdarə Heyəti və təyin olunmuş sədr, seçilmiş İH və sədrlə eyni səlahiyyətlərə malik olur və səlahiyyətləri növbəti normal konfransa qədər davam edir.

44. Qadağanlar

44.1. R(Ş)T sədrləri və İdarə Heyəti üzvləri Siyasi Şuranın icazəsi olmadan Partiyanın ümumi siyasəti haqqında bəyanat verə bilməzlər;

44.2. İdarə Heyətinin üzvlüyü və sədrliyi, millət vəkilliyi, İntizam Komissiyası üzvlüyü və sədrliyi vəzifələri ilə bir araya sığa bilməz;

44.3. Ata-ana, oğul-qız, bacı-qardaş, ər-arvad və bu dərəcədəki digər qohumlar eyni seçkili orqana (Mərkəzi Şura istisna olunmaqla) üzv ola bilməzlər;

44.4. İntizam Komissiyasının üzvü və üzvlüyə namizədləri digər seçkili orqanlarda ola bilməzlər;

44.5. İntizam Komissiyalarının sədr və üzvləri Partiyada heç bir maaşlı vəzifədə ola bilməzlər;

44.6. Bələdiyyə başçıları və Bələdiyyə Şurası üzvləri Partiyanın kon­frans və Qurultaylarına nümayəndə ola bilərlər. Lakin Bələdiyyə baş­çıları Partiyada seçkili vəzifə tuta bilməzlər.

MƏRKƏZ TƏŞKİLATI

Qurultay

45. Qurultayın çağırılması, elanı və gündəliyi

45.1. Qurultay ən geci beş ildən bir Mərkəzi Şura və ya Mərkəzi Şuranın verdiyi səlahiyyət əsasında Siyasi Şuratərəfindən çağırılır.

45.2. Qurultayın gündəliyi Mərkəzi Şura və ya Mərkəzi Şuranın verdiyi səlahiyyət əsasında  Siyasi Şura tərəfindən hazırlanır. Qurultayın iclaslarının yeri, gündəliyi və keçiriləcəyi vaxt Qurultayın başlanacağı gündən ən azı 5 gün əvvəl elan edilir. İclasın mətbuat orqanlarında elan olunub-olunmamasına Siyasi Şura qərar verir.

45.3. Qurultayın ilk iclasında çoxluq təmin olunmadıqda, iclas ertəsi gü­nə keçirilir. İkinci iclas toplantıda iştirak edən Qurultay nümayən­də­lə­ri ilə keçirilir. Bu barədə Qurultayın elanında ayrıca qeyd olunur.

46. Konfrans (Fövqəladə Qurultay)

46.1. Konfrans AMİP üzvlərinin azı yarısını əhatə edən Rayon (şəhər) Təşkilatlarının, MİK-in, MŞ üzvlərinin azı yarısının, AMİP Liderinin, AMİP Sədrinin təqdimatı ilə Siyasi Şura üzvlərinin üçdə iki səs çoxluğu ilə, Siyasi Şuranın qərarı ilə qurultaylararası dövrdə bundan əvvəlki qurultay nümayəndələri tərkibində çağırıla bilər.

46.2. Konfransın (Növbədənkənar Qurultay) gündəliyi iclası tələb edən orqan tərəfindən müəyyənləşdirilir. Gündəlik olmadan Fövqəladə iclas çağırıla bilməz. Konfransda (Fövqəladə Qurultay) yalnız gündə­lik­də olan məsələlər müzakirə edilərək qərarlar qəbul olunur.

46.3. Konfrans müvafiq sənəd-tələbnamə AMİP Sədrinə təqdim olun­duq­dan sonrakı 10 gün ərzində çağırılır. Növbədənkənar (Fövqəladə) Qurul­tayın gündəliyi, yeri, keçiriləcəyi vaxt Qurultay başlanacağı gün­dən ən azı 5 gün əvvəl elan edilir.

47. Qurultayın nümayəndələri

47.1. Qurultay seçilmiş və təbii nümayəndələrdən təşkil olunur.

47.1.1. Seçilmiş nümayəndələr Azərbaycan Respublikası Parla­men­tinin tam sayından iki dəfədən çox olmamaqla, rayon (şəhər) təşki­la­tı konfranslarında seçilən nümayəndələrdir.

47.1.2. Təbii nümayəndələr:

a) AMİP Sədri;

b) Siyasi Şura və Mərkəzi İntizam Komissiyasının üzvləri;

v) AMİP üzvü olan nazirlər və Parlament üzvləri;

q) AMİP üzvlüyü davam edən Partiya qurucuları.

47.1.3. Fəxri nümayəndələr:

Keçmişdə AMİP Sədri, Baş nazir, Nazir, Parlament üzvü, MİK sədri, Siyasi Şura üzvü olan şəxslər (Partiyada üzvlüyü davam etmək şərtilə) Qurultayın fəxri nümayəndələridir. Fəxri nümayəndələr Qurul­tay­da çıxış edə bilərlər, lakin səsvermə hüququna malik deyillər.

48. Qurultayın açılışı

48.1. Qurultay, yetərsay Mərkəzi Şura sədri tərəfindən yoxlanıldıqdan sonra, AMİP Sədri tərəfindən açılır.

48.2. Qurultay, nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səla­hiy­yət­li sayılır. İlk toplantıda yetərsay təmin olunmadığı halda, iclas ertəsi günə keçirilir. Qurultay ikinci iclasda iştirak edənlərlə kifayətlənir.

49. Qərar kvorumu

Qurultayın qərarları iştirak edən nümayəndələrin sadə səs çox­lu­ğu ilə qəbul olunur. Mərəmnamə və Nizamnamə, onlara əlavə və dəyi­şik­liklər haqqında qərarlar iştirak edən nümayəndələrin üçdə ikisindən az olmayaraq səs topladıqda, qəbul edilmiş sayılır.

50. Qurultayın sədarəti

50.1. Gündəliyə keçmədən öncə Qurultayı idarə etmək üçün bir sədr və iclasın qəbul edəcəyi sayda müavin və katib seçilərək, sədarət təşkil edilir.

50.2. Qurultayın sədri, müavinlər və katiblər açıq səsvermə yolu ilə seçilir.

50.3. Sədarətin vəzifəsi iclasları idarə etmək, protokolları hazırlamaq, şikayət və etirazları qəbul və müzakirə edərək qərar hazırlamaqdan ibarətdir.

51. Açılış nitqi

Qurultayda sədarət seçildikdən sonra açılış nitqi üçün AMİP Sədrinə söz verilir.

52. Komissiyalar

52.1. Qurultay gündəlikdəki məsələlərdən asılı olaraq aşağıdakı komissiyaları yarada bilər:

a. Nizamnamə komissiyası;

b. Məramnamə və Partiyanın ümumi siyasəti ilə əlaqədar təklifləri tədqiq edən komissiya (Partiya işləri üzrə komissiya);

v. Ölkə məsələləri üzrə komissiya

q. Hesab və büdcə komissiyası

d. Etiraz və şikayətlər komissiyası;

e. Seçki komissiyası.

52.2. Siyasi Şura Qurultayın toplanmasından əvvəl rayon (şəhər) təş­ki­latları sədrlərinin də fikirlərini öyrənərək, nümayəndələrdən peşə, sə­nət və ixtisaslarına uyğun olaraq hər komissiya üçün 7 namizəd müəy­yən edir. Namizədlərin siyahısı Qurultayın sədarətinə verilir. Bu siya­hı­lar açıq səsvermə yolu ilə qəbul edilir. Qəbul edilmədikdə, sədarət na­mi­zəd siyahılarını yenidən qəbul edərək, eyni şəkildə səsvermə keçirir. Hər komissiya özünə bir sədr, bir müavin və bir katib seçir. Komis­si­ya­lar üzvlərinin tam sayının mütləq çoxluğu ilə toplanır. İclasda iştirak edən komissiya üzvləri mütləq səs çoxluğu ilə qərar qəbul edirlər.

52.3. Qurultay nümayəndələrinin fikirlərini öyrənmək üçün istənilən qədər köməkçi komissiyalar yaradıla bilər.

53. Qurultayın reqlamenti

53.1. Qurultay işini gündəlik sırasına uyğun olaraq qurur. Gündə­lik­də­ki məsələlərin növbəsinin dəyişdirilməsi Qurultayın qərarına bağlıdır. Müzakirələr zamanı çıxış etmək istəyənlərə növbə ilə söz verilir. AMİP Liderinə, AMİP Sədrinə, MŞ sədrinə, AMİP sədrinin müavinlərinə, AMİP Si­ya­si Şura üzvlərinə, Mərkəzi İntizam Komissiyasının sədrinə və ko­mis­siya sədrlərinə növbədənkənar söz verilir.

53.2. Müzakirələrin gedişində iclasın qaydasını pozanlara qarşı sədr tə­rə­findən xəbərdarlıq edilir. İki xəbərdarlıqdan sonra qaydaları poz­maq­da davam edənlər səsvermə hüquqları qorunmaqla, iclasdan xaric edi­lirlər. Çıxışlarında gündəlikdən kənara çıxanlara əvvəlcə sədr tərə­fin­dən xəbərdarlıq edilir, israr edərlərsə, sözləri kəsilir.

54. Qurultayın vəzifə və səlahiyyətləri

Qurultayın vəzifə və səlahiyyətləri aşağıdakılardır:

a. AMİP Mərəmnamə və Nizamnaməsini, onlara əlavə və dəyişiklikləri qəbul edir;

b. AMİP Liderini elan edir, AMİP Sədrini, Mərkəzi Şuranın üzv və üzvlüyə namizədlərini,Mərkəzi İntizam Komissiyasının üzv və üzv­lü­yə namizədlərini, AMİP sədrinin təqdimatı iləSiyasi Şuranın üzvlərini seçir;

v. AMİP Sədrinin, Mərkəzi Şura, Siyasi Şura və Mərkəzi İn­ti­zam Komissiyasının hesabatlarını dinləyir və onların fəaliyyətinə qiy­mət verir;

q. Qanunlar, AMİP Məramnamə və Nizamnaməsi çərçivəsində cə­mi­yyəti və dövləti maraqlandıran mövzular ətrafında müzakirələr aça­raq qərarlar qəbul edir;

d. Partiyanın ümumi siyasəti haqqında qərarlar qəbul edir;

e. Qanunlarda və Partiyanın Nizamnaməsində göstərilən digər səlahiyyətləri həyata keçirir.

55. Seçkilərə hazırlıq və seçkilərin keçirilməsi

55.1. AMİP Sədrinin, Mərkəzi Şuranın və Mərkəzi İntizam Komis­si­ya­sı üzvlərinin seçkiləri gizli səsvermə yolu ilə keçirilir.

55.2. Qurultayda bu və ya digər seçkili orqana seçilmək üçün irəli sürülən namizədlərin sayı seçiləcək şəsxlərin sayından çox deyilsə o zaman həmin qurum üçün keçirilən seçkilər Qurultay nümayəndələrinin razılığı ilə açıq səsvermə yolu  ilə həyata keçirilə bilər.

55.3. Seçkili orqanlara namizədlərin irəli sürülməsi ilə əlaqədar səda­rət müəyyən bir müddət təyin edir.

55.4. Seçkilərdə bir namizəd yalnız bir rəhbər orqana öz namizəd­li­yi­ni göstərə bilər.

55.5. Seçki komissiyası Partiyanın rəhbər orqanlarına namizəd gös­təri­lən­lərin soyadını, adını və atasının adını əlifba sırasına uyğun olaraq səs­vermə bülletenlərində qeyd edir. Tərtib edilən səsvermə bülle­ten­lə­ri­nin sayı, Qurultay nümayəndələrinin sayına bərabər olmalı və sədarət tə­rəfindən möhürlənməlidir.

55.6. Namizədlərin siyahıları Qurultay nümayəndələrinin tanış olması üçün hamının görə biləcəyi bir yerdə asılır.

55.7. Səsvermə bülletenlərində adlarının qarşısında xüsusi işarə qoyu­lan namizədlər bir səs qazanmış olurlar.

55.8. Seçkilər sərbəst, bərabərhüquqlu, müstəqim və gizli səsvermə yo­lu ilə keçirilir. Qurultayda iştirak edən nümayəndələrin hamısı səs ver­dikdən sonra seçki komissiyası protokol tərtib edərək, qutuları açır və səslərin hesablanmasına başlanılır. Bülletenlərdəki səslər açıq hesab­lanır.

55.9. Seçkili orqanlara seçilmək üçün bülletenlərdə adları qeyd olu­nan namizədlərin qazandıqları səs miqdarı həmin bülletenlərdə onlara ve­rilən səslərin toplanması yolu ilə müəyyən edilir.

55.10. Ən çox səs qazananlar həqiqi üzvlüyə, sonra gələnlər isə üzv­lü­yə namizəd seçilmiş hesab olunurlar. Səslər bərabər olduqda, püşk atılır.

55.11. Səslərin sayımı başa çatdıqdan sonra seçki komissiyasının sədri seçkilərin nəticələrini elan edir.

56. Qurultayın protokolu

Qurultaya aid bütün sənəd və protokollar sədarət tərəfindən imzalanaraq AMİP Sədrinə təqdim edilir. Seçki komissiyası tərəfindən elan edilən səsvermənin nəticələri də qurultayın protokollarına yazılır.

Mərkəzi Şura

57. Quruluşu və səlahiyyət müddəti

57.1. Mərkəzi Şura Qurultaylararası dövrdə AMİP-in ən yüksək orqa­nı olub aşağıdakı üzvlərdən ibarətdir:

a. AMİP Sədri;

b. Qurultaylarda seçilən 45 həqiqi üzv və 15 üzvlüyə namizəd;

v. Vəzifələrinə görə rayon (şəhər) təşkilatı sədrləri.

57.2. Mərkəzi Şuranın səlahiyyət müddəti növbəti normal Qurul­ta­ya­dək davam edir. Bu müddət içərisində hər hansı səbəb üzündən Mərkəzi Şura üzvü yeri boşalarsa, üzvlüyə namizədlər içərisindən Qurultayda ən çox səs qazanmışı həmin yeri tutur.

57.3. Mərkəzi Şura öz tərkibində dəyişiklik etmək hüququna malikdir və öz iclaslarında Partiyanın rəhbər sənədlərinin tələblərini pozan, bir il ər­zində iclasda üzürsüz səbəblərə görə iştirak etməyən hər hansı üzvünü tər­kibindən xaric edə bilər.

57.4. Mərkəzi Şura üzvlüyünə namizədlər Mərkəzi Şura iclaslarında məşvərətçi səslə, Mərkəzi Şura komissiyalarının işində isə tam hüquqla iştirak edirlər.

58. Mərkəzi Şuranın vəzifə və səlahiyyətləri

58.1. Mərəmnamə və Nizamnamədən, Qurultayın və özünün qərarlarından irəli gələn fəaliyyət proqramları, əsasnamələr və təlimatlar qəbul etmək;

58.2. Partiyanın ümumi siyasətini AMİP Qurultayının direktiv və qərarlarına uyğun olaraq təyin etmək;

58.3. AMİP Sədrinin və Siyasi Şuranın təklif etdiyi məsələləri araşdırmaq, haqqında müzakirə aparmaq və qərar qəbul etmək;

58.4. Müxtəlif səviyyəli dövlət orqanlarına seçkilərdə (Prezident, parlament, bələdiyyə seçkiləri) və referendumda iştirak və ya iştirakdan imtina, hökumətdə və başqa dövlət orqanlarında iştirak və ya hökumətin tərkibindən çıx­maq­la bağlı qərarlar qəbul etmək;

58.5. Mərkəzi Şuranın komissiyalarını yaratmaq (bu komissiyaların hər birinin üzvlərinin ümumi sayının azı üçdə biri Mərkəzi Şura üzvləri və üzvlüyə namizədlər olmalıdırlar. Komissiyaların formalaşması və fəaliyyət qaydaları Mərkəzi Şura tərəfindən təsdiq edilən əsasnamə ilə nizamlanır);

58.6. Yerli təşkilatların fəaliyyətini dayandırmaq, onları buraxmaq, yenidən təşkil etmək haqqında qərar qəbul etmək;

58.7. MŞ sədrinin təqdimatı ilə MŞ sədrinin müavinini seçmək;

58.8. Mərkəzi Şura üzvlərinin mütləq səs çoxluğu ilə Siyasi Şura üzvünə etimadsızlıq göstərmək, AMİP Sədrinin və MŞ sədrinin təqdimatına əsasən Siyasi Şura üzvlüyündən azad etmək;

58.9. Qurultayın səlahiyyətinə aid məsələlər istisna olmaqla, Partiya həyatının istənilən məsələlərinə dair qərarlar qəbul etmək.

59. Mərkəzi Şuranın iş qaydası

59.1. Normal iclaslar:

59.1.1. Mərkəzi Şuranın normal iclasları Siyasi Şura tərəfindən üç ayda bir dəfədən gec olmayaraq çağırılır. Mərkəzi Şuranın gündəliyini Siyasi Şura hazırlayır. Mərkəzi Şura iclaslarının yeri, gündəliyi və keçiriləcəyi vaxt ən azı 5 gün əvvəldən elan edilir.

59.1.2. Mərkəzi Şura iclasları üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İlk iclasda yetərsay olmadıqda, ikinci iclas üçün ayrıca dəvət göndərilir. İkinci iclas toplantıda iştirak edən MŞ üzvləri ilə keçirilir.

59.1.3. Mərkəzi Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə qə­bul edilir. Hər hansı bir məsələnin gizli səsverməyə çıxarılmasına da qə­rar verilə bilər. Səslər bərabər olduqda, Mərkəzi Şura Sədrinin səs verdiyi tərəfin tək­lifi keçir.

59.2. Fövqəladə iclaslar:

59.2.1. Mərkəzi Şuranın fövqəladə iclasları AMİP üzvlərinin ən azı beş­də birini əhatə edən rayon (şəhər) təşkilatlarının, Mərkəzi Şura üzv­lə­ri­nin üçdə birinin, Siyasi Şura üzvlərinin üçdə ikisinin, Mərkəzi İntizam Ko­missiyasının və AMİP Sədrinin tələbi ilə çağırıla bilər. Fövqəladə ic­la­sın gündəliyi iclası tələb edən orqan tərəfindən müəyyənləşdirilir. Gün­dəlik olmadan fövqəladə iclas çağırıla bilməz. Fövqəladə iclasda ya­lnız gündəlikdə olan məsələlər müzakirə edilərək, qərarlar qəbul olunur.

59.2.2. Mərkəzi Şuranın fövqəladə iclası müvafiq sənəd-tələbnamə Mər­kəzi Şuranın Sədrinə təqdim olunduğu gündən sonrakı 7 gün ərzin­də çağırılmalıdır.

59.2.3. Fövqəladə iclasın yeri, gündəliyi və keçiriləcəyi vaxt iclasın baş­lanacağı gündən ən azı 5 gün əvvəl elan edilir.

59.2.4. Mərkəzi Şuranın iclaslarını MŞ sədri, MŞ sədri olmadıqda MŞ səd­rinin müavini aparır.

60. AMİP Mərkəzi Şurasının sədri.

Vəzifə və səlahiyyətləri

60.1. Mərkəzi Şura üzvləri sırasından MŞ iclasında iclasda iştirak edən seçilmiş Mərkəzi Şura üzvlərinin üçdə iki səs çoxluğuilə növbəti Qurultayadək olan müddətə seçilir.

60.2. Ölkə həyatının bütün sahələrinə dair müxtəlif qanun layihə­lə­rinin hazırlanmasına, həmçinin Azərbaycan Respublikası Milli Məcli­si­nin müzakirəyə çıxardığı qanun layihələrinin ekspertizalarının aparıl­ma­sına (MŞ komissiyalarında və müstəqil ekspertləri cəlb etmə yolu ilə) nəzarət edir.

60.3 MŞ və SŞ iclaslarını hazırlayır;

60.4. MŞ və SŞ arxivini təşkil edir və bu işə nəzarət edir;

60.5. MŞ komissiyaları arasında koordinasiyanı təmin edir;

60.6. Azərbaycan Respublikası Milli Məclisinin katibliyi ilə MŞ ko­missiyaları arasında əlaqələri qurur;

60.7. Siyasi, sosial, iqtisadi və digər sahələrdə tədqiqatlar aparıl­ma­sını və məlumatlar toplanmasını təmin edir;

60.8. MŞ qarşısında məsuliyyət daşıyır;

60.9. MŞ sədri MŞ üzvlərinin üçdə iki səs çoxluğu ilə tutduğu vəzi­fədən kənarlaşdırıla bilər.

61. Mərkəzi Şura sədrinin müavini

61.1. Mərkəzi Şura üzvləri sırasından MŞ sədrinin təqdimatı ilə MŞ üzvlərinin sadə səs çoxluğu və açıq səsvermə yolu ilə seçilir.

61.2. Mərkəzi Şura və Siyasi Şura iclaslarının hazırlanması və digər məsələlərlə bağlı MŞ sədrinin tapşırıqlarını yerinə yetirir;

61.3. Mərkəzi Şura daimi komissiyalarının və Rayon (Şəhər) Şurala­rı­nın işini koordinasiya edir;

61.4. Siyasi Şura və Mərkəzi Şura iclaslarının protokollaşdırılması və arxivləşdirilməsinə cavabdehlik daşıyır.

62. Siyasi Şura

62.1. Siyasi Şura Mərkəzi Şuralar arası dövrdə AMİP-in cari fəaliyyətinə rəhbərlik edən orqandır.

62.2. Siyasi Şuranın tərkibi AMİP Sədrindən, MŞ sədrindən, AMİP Sədrini müavinlərindən, MŞ səd­ri­nin müavini və Qurultayda AMİP sədrinin təqdimatı əsasında növbəti Qurultayadək olan müddətə se­çilən 9 nəfər AMİP üzvündən ibarətdir. Qurultayda se­çilmiş Siyasi Şura üzvləri AMİP Sədrinin və MŞ sədrinin təqdimatı əsa­sında Mərkəzi Şuranın qərarı ilə vəzifədən kənarlaşdırıla bilərlər.

62.3. Siyasi Şura üzvlərin mütləq əksəriyyətinin iştirakı ilə toplanır və iştirak edənlərin mütləq çoxluğunun açıq səsverməsi ilə qərarlar qəbul edir.

62.4. Səslər bərabər olduqda, iclasa sədrlik edənin dəstəklədiyi təklif qə­bul olunur. Siyasi Şura hər hansı məsələnin həllinə gizli səsvermə yolu ilə qərar verə bilməz.

62.5. Siyasi Şuranın gündəliyini SŞ iclasına sədrlik edən şəxs hazır­la­yır. Siyasi Şura üzvlərinin hər birinin SŞ gündəliyinə müzakirə üçün mə­sələ daxil etmək səlahiyyəti vardır.

62.6. Siyasi Şura ən geci 15 gündə bir dəfə normal iclaslarını keçirir. Normal iclaslardan kənar toplantılar üçün Siyasi Şura üzvlərinə ayrıca dəvət göndərilir.

62.7. Siyasi Şuranın iclaslarını AMİP Sədri, Sədr olmadıqda MŞ sədri və ya AMİP Sədrinin Təşkilat və Seçki Məsələləri, Mətbuat və Təbliğat məsələləri və Beynəlxalq Məsələlər üzrə müavinləri burada göstərilən ardıcıllığa müvafiq olaraq apara bilər.

63. Siyasi Şuranın vəzifə və səlahiyyətləri

63.1. AMİP-in cari siyasi, təşkilati və ideoloji fəaliyyətinin istiqa­mət­lərini müəyyənləşdirmək;

63.2. Partiyanın Proqram və Nizamnaməsinin müddəaları əsasında Qurultayın və Mərkəzi Şuranın qəbul etdiyi qərarları həyata keçirməklə, Partiyanın bütün təşkilatını idarə etmək;

63.3. Partiyanın Proqram və Nizamnaməsinin tətbiqi, iş forma­la­rı­nın müəyyən edilməsi, məsləhət-tədqiqat qruplarının yaradılması və on­la­rın fəaliyyətinin tənzimlənməsi haqqında qərar qəbul etmək və tə­li­matlar hazırlamaq;

63.4. Partiyanın prinsiplərini yaymaq üçün bütün mətbuat və digər vasitələrdən istifadə etmək;

63.5. Partiyanın ümumi fəaliyyəti və siyasəti haqqında yerli təşki­lat­ları məlumatlandırmaq və görülməsi vacib işlər haqqında göstəriş və təlimatlar vermək, məlumatlar istəmək;

63.6. Partiyanın gəlirlərini artırmağa çalışmaq və bunun üçün lazımi tədbirlər görmək;

63.7. Bütün növ seçkilərdə iştirakla bağlı qərar vermək, eləcə də seçkilərə aid təşkilati işləri hazırlamaq, tənzim və idarə etmək;

63.8. Mühüm səbəblər üzündən Mərkəzi Şuranın iclasını çağırmaq mümkün olmadıqda, onun sə­la­hiyyətinə aid edilən məsələləri (Partiyanın siyasi hakimiyyət uğrun­da mübarizəsini dayandırmaq və yenidən bərpa etməklə, Mərkəzi Şura komissiyalarını formalaşdırmaqla bağlı məsələlər istisna olunmaqla) həll etmək.

AMİP Sədri

64. Seçilməsi və səlahiyyət müddəti

64.1. AMİP Sədri Qurultayda nümayəndələrin mütləq səs çoxluğu və gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Bir neçə namizəd ol­duq­da, sədarət namizədlərin soyadı, adı və atasının adı göstərilən bül­le­ten­lə­ri möhürləyərək təsdiq edir və seçki komissiyasının sədrinə verir. İlk səsvermədə nəticə əldə olunmazsa, ən çox səs toplamış iki namizəd sırasından ikinci səsvermədə sadə səs çoxluğu ilə seçilir. İki müddətdən artıq seçilə bilməz.

64.2. AMİP Sədri vəzifəsinin hər hansı səbəbdən boşalması halında, Mərkəzi Şura ən geci 15 gün ərzində toplanaraq, ən geci 45 gün içində Qurultay çağırır.

64.3. Qurultayaqədərki dövrdə AMİP Sədrinin səlahiyyətlərini Mərkəzi Şuranın sədri, AMİP Sədrinin təşkilat və seçki məsələləri üzrə müavini, AMİP Sədrinin mətbuat və təbliğat məsələləri üzrə müavini, AMİP Sədrinin beynəlxalq məsələlər üzrə müavini burada göstərilən ardıcıllığa müvafiq olaraq həyata keçirirlər.

64.4. Siyasi Şura üzvləri üçdə iki səs çoxluğu ilə AMİP Sədrinə eti­mad­sızlıq göstərilməsi ilə bağlı Mərkəzi Şuraya təqdimatla müraciət edə bilərlər. Mərkəzi Şura üzvlərinin yarıdan çoxu AMİP sədrinə eti­mad göstərməzsə, Növbədənkənar (Fövqəladə) Qurultay çağırılır. Qurultay AMİP Sədrinə etimad göstərərsə, Mərkəzi Şura buraxılır və yenidən seçilir.

65. Vəzifə və səlahiyyətləri

65.1. AMİP Sədri Partiyanın bütün fəaliyyətinə rəhbərlik edir və bunun üçün Qurultay qarşısında məsuliyyət daşıyır. AMİP Sədri aşağıdakı vəzifə və səlahiyyətlərə malikdir:

65.1.1. Siyasi Şura üzvlüyünə namizədləri seçilmək üçün Qurultaya təqdim edir;

65.1.2. AMİP-i təmsil edir, partiyanın cari fəaliyyətinə rəhbərlik edir, onun adından müqavilələr və sazişlər imzalayır, sərəncam və göstərişlər verir;

65.1.3. Təşkilat və seçki, mətbuat və təbliğat, beynəl­xalq əlaqələr üzrə müavinləri Mərkəzi Şuranın razılığı ilə təyin edir, onlar ara­sında koordinasiyanı təmin edir, normal fəaliyyət aparmaq üçün zəruri tədbirlər görür;

65.1.4. Müavinlərin vəzifədən xaric olunması barədə Mərkəzi Şura Sədri və Siyasi Şura qarşısında təqdimatla çıxış edir;

65.1.5. Mərkəzi Aparatın fəaliyyətinə rəhbərlik edir, AMİP Mərkəzi Aparatının daimi işçilərini təyin edir və tutduqları vəzifədən azad edir;

65.1.6. Siyasi Şuranın iclaslarını aparır və qərarlarını tətbiq edir;

65.1.7. Partiya işlərində bilik və təcrübələrindən istifadə edilməsi mümkün ola bilən şəxsləri müşavir təyin edir. Müşavirlər AMİP sədrinin dəvəti ilə Siyasi Şuranın iclaslarında iştirak edə bilərlər.

65.1.8. Qurultay qarşısında hesabatlıdır.

66. AMİP Sədrinin müavinləri:

66.1. Təşkilat və Seçki Məsələləri  üzrə müavin:

66.1.1. Partiya təşkilatlarının qurulmasını və artıq qurulmuş olan ra­yon (şəhər) təşkilatlarının fəaliyyətini istiqamətləndirir və idarə edir;

66.1.2. Konfransların (yığıncaqların) və digər tədbirlərin keçirilməsini təşkil edir;

66.1.3. Seçki işinə hazırlığı və ondan irəli gələn vəzifələri həyata keçirir.

66.1.4. AMİP rəhbərliyinin ölkədaxili səfərlərini təşkil edir.

66.2. Mətbuat və təbliğat məsələləri üzrə müavin:

66.2.1. Partiyanın mətbuatla əlaqələrini koordinasiya edir, ölkə üzrə təbliğatın, toplantı və mitinqlərin hazırlanmasında iştirak edir;

66.2.2. Qəbul olunmuş siyasətin həyata keçməsi, partiyadaxili təhsil və təlim üçün lazımi tədbirlər görür;

66.2.3. Ölkə daxilindəki digər partiyalarla əlaqələrin qurulmasını təşkil edir;

66.2.4. AMİP rəhbərliyinin ölkədaxili səfərlərinin təşkilində iştirak edir.

66.3.Beynəlxalq məsələlər üzrə müavin:

66.3.1. Partiyanın ölkə xaricindəki əlaqələrini tənzimləyir, beynəlxalq təş­kilatlarla və ölkədə akkreditə olunmuş xarici səfirlik və nümayən­də­lik­lərlə əlaqələrin yaradılmasını və inkişafını təmin edir;

66.3.2. AMİP rəhbərliyinin xarici səfərlərini təşkil edir.

67. Partiyanın mühasibi

67.1. Partiyanın maliyyə işlərinin aparılmasına rəhbərlik edir və və­sait­lərin düzgün xərclənməsinə görə cavabdehlik daşıyır;

67.2. Yerli təşkilatların maliyyə işlərinin düzgün aparılmasına nə­za­rət edir;

67.3. Partiyanın maliyyə yazışmalarında və hüsabatlarda  imzası olur.

67.4. AMİP Sədrinin müavinləri növbəti Qurultayadək olan müddətə vəzifəyə tə­yin edilirlər və onlar sədrin təqdimatı əsasında Siyasi Şurada SŞ üzvlərinin üçdə iki səs çoxluğu ilə vaxtından əvvəl tutduqları vəzifədən kə­narlaşdırıla bilərlər.

İNTİZAM ORQANLARI

68. İntizam orqanları haqqında ümumi müddəalar

68.1. Qanunlara, Nizamnamə və təlimatlara, Partiyanın səlahiyyətli or­qanlarının qərar və bəyanatlarına zidd hərəkət edən Partiya üzvləri haq­qında tədqiqat aparmaq və qərar vermək, həmçinin maliyyə və əmlak sənədlərini təftiş etmək üçün AMİP-in ərazi təşkilatlarında rayon (şəhər) təşkilatı İntizam Komissiyaları, Mərkəz Təşkilatında isə Par­ti­ya­nın bütün orqanları səviyyəsində nəzarət-təftiş funksiyasını həyata ke­çi­rən Mərkəzi İntizam Komissiyası qurulur.

68.2. İntizam Komissiyalarının üzvləri başqa seçkili orqanlara seçilə bilməz və Partiyada maaşlı vəzifə tuta bilməzlər.

68.3. İntizam Komissiyalarının səlahiyyət müddəti normal konfrans və ya Qurultayadək davam edir. Üzv yerlərinin boşalması halında, al­dıq­ları səs sırasına görə üzvlüyə namizədlər onların yerini tutur.

68.4. İntizam Komissiyaları ilk iclaslarında öz üzvləri içərisindən bir sədr, bir sədr müavini və bir katib seçirlər.

68.5. İntizam Komissiyaları iclaslarını üzvlərinin üçdə ikisi ilə keçirir, qə­rarları isə iştirak edənlərin səs çoxluğu ilə qəbul edir.

68.6. İntizam Komissiyaları icraata götürdükləri işlərə ən geci bir ay içində baxaraq, qərar qəbul etməlidirlər. İntizam tədbirləri haqqında qərarlar gizli səsvermə ilə qəbul edilir.

68.7. Haqqında müzakirə açılan Partiya üzvü yazılı və ya şifahi mü­da­fiə hüququna malikdir. Müdafiə üçün çağırış müzakirədən 15 gün əvvəl mə­sələsi qaldırılmış partiya üzvünə göndərilməlidir. Seçkilərdə, ha­mı­nın gözü önündə və ya mətbuat vasitəsi ilə edilmiş günahların müza­ki­rə­si üçün bu müddət yeddi gündür. Müdafiə müddətini qaçıranlar mü­da­fiə hüququndan məhrum olurlar. Müdafiəyə çağırış yazılı şəkildə gön­dərilir. Bu yazıda tələb olunan intizam cəzası və onu yaradan sə­bəb­lər aydın şəkildə izah olunmalıdır.

68.8. İntizam orqanları tələb olunmuş intizam tədbirindən artıq in­ti­zam tədbiri haqqında qərar verə bilməzlər.

69. RAYON (ŞƏHƏR) TƏŞKİLATI

İNTİZAM KOMİSSİYALARI

Rayon (şəhər) təşkilatı İntizam Komissiyası R(Ş) T Konf­ran­sın­da növbəti konfransadək olan müddətə seçilən 3-5 (üç-beş) üzv və 2 (iki) namizəddən ibarət tərkibdə təşkil olunur.

70. İclasları və gündəliyi

70.1. Normal iclaslar:

70.1.1. İntizam Komissiyaları 3 (üç) ayda bir dəfədən gec olmayaraq öz iclaslarını keçirirlər. İclasların gündəliyi, yeri və keçiriləcəyi vaxt ən azı 10 (on) gün əvvəldən elan edilir. İK üzvlərinin üçdə ikisi iştirak etdikdə iclas səlahiyyətli sayılır.

70.1.2. İclasın gündəliyi İK sədri tərəfindən hazırlanır.

70.1.3. Qərarlar iclasda iştirak edən İK üzvlərinin yarıdan çoxu səs ver­dik­də qüvvəyə minir. Səslər bərabər olduqda, sədrin səs verdiyi tərəfin tək­lifi keçir.

70.2. Fövqəladə iclaslar:

70.2.1. Fövqəladə iclaslar MİK sədrinin, rayon (şəhər) təşkilatı sədrinin, İK üzvlərinin azı üçdə birinin tələbi ilə çağırıla bilər. İclasın gündəliyi, ye­ri və keçiriləcəyi vaxt ən azı 7 (yeddi) gün əvvəldən elan edilir. Bu hal­da iclas müvafiq sənəd-tələbnamə İK sədrinə təqdim edildikdən son­ra­kı 5 (beş) gün ərzində çağırılmalıdır. İK üzvlərinin üçdə ikisi iştirak et­dikdə iclas səlahiyyətli sayılır. İclasın gündəliyi iclasın çağırılmasını tələb edən orqan tərəfindən hazırlanır. Fövqəladə iclaslarda yalnız gün­dəlik məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir.

70.2.2. İclasın qərarları açıq səsvermə yolu ilə qəbul olunur. Qərarlar iclasda iştirak edən İK üzvlərinin yarıdan çoxu səs verdikdə qüvvəyə minir. Səslər bərabər olduqda, sədrin səs verdiyi tərəfin təklifi keçir. İntizam tədbirləri haqqında qərarlar gizli səsvermə ilə qəbul olunur. İK-nın iclaslarını İK sədri və ya İK sədrinin müavini aparır.

71. Vəzifə və səlahiyyətləri

71.1. Konfrans və MİK qarşısında hesabat vermək;

71.2. Öz səviyyəsindəki Partiya orqanlarının, müvafiq təşkilatda qey­diyyatda olan AMİP özəkləri və üzvlərinin fəaliyyətinin qanunlara, AMİP-in Mərəmnamə və Nizamnaməsinə, Partiyanın digər rəhbər sə­nəd­lərinə uyğunluğuna, maliyyə və əmlak məsələlərinə nəzarət etmək, hər hansı qanun pozuntusunun qarşısını almaq məqsədilə müvafiq İdarə He­yətinin və R(Ş)T sədrinin, MİK-in qarşısında məsələ qaldırmaq, cavab almaq və intizam tədbirləri haqqında qərar qəbul etmək;

71.3. Müvafiq təşkilatda qeydiyyatda olan AMİP üzvlərinin Partiya hüquqlarının pozulması haqqında şikayətlərə baxıb, onların təmin edilib-edilməməsi barədə qərar çıxarmaq;

71.4. 3 (üç) ayda bir dəfədən gec olmayaraq bütövlükdə təşkilatın və onun qeydiyyatında olan AMİP özəklərinin maliyyə və əmlak sənəd­lə­rini, hesabatlarını yoxlayıb MİK-ə məlumat vermək;

71.5. Müvafiq təşkilatın aparatının məsul işçilərindən yoxlama üçün zəruri olan bütün sənədləri alaraq araşdırmaq;

71.6. İK nizam-intizam işləri və maliyyə məsələlərindən əlavə Par­tiya Nizamnaməsində nəzərdə tutulan digər vəzifələri də yerinə yetirir.

71.7. Rayon (Şəhər) Təşkilatının İntizam komissiyasının üzvlərinin sa­yı, üzvlüyə namizədlər vəzifəyə çağırıldıqdan sonra belə, yarıdan aşa­ğı olarsa, eləcə də üzv və namizədlər hər hansı bir səbəbdən vəzifələrini ye­rinə yetirməkdən imtina etdikdə və ya vəzifəsindən kənar­laş­dı­rıl­dıq­da R(Ş)T-nın İntizam Komissiyası buraxılmış sayılır. Bu halda MİK R(Ş)T-da müvəqqəti İntizam Komissiyasının yaradılmasına və sədr tə­yin olunmasına qərar verir. Bu yolla təşkil olunmuş İK və təyin olun­muş sədrin səlahiyyətləri növbəti normal konfransa qədər davam edir.

72. İntizam Komissiyasının sədri.

Vəzifə və səlahiyyətləri

72.1. İK sədri İK-ın ilk iclasında gizli səsvermə yolu ilə seçilir. Sə­la­hiy­yətləri növbəti konfransadək davam edir. İK sədrləri aşağıdakı və­zi­fə və səlahiyyətlərə malikdir.

72.2. İK-in fəaliyyətinə rəhbərlik edir və bunun üçün İK qarşısında məsuliyyət daşıyır;

72.3. İK-in fəaliyyəti barədə ayda bir dəfədən gec olmayaraq MİK-ə məlumat verir;

72.4. İK-nın təqdimatı və arayışlarını İdarə Heyətinə və MİK-ə təq­dim edir, çıxarılan qərarların haqqında məsələ qaldırılan AMİP orqanlarının, üzvlərinin, İK üzvlərinin nəzərinə çatdırılmasını təmin edir;

72.5. İK sədrləri rayon (şəhər) təşkilatlarının bütün səviyyəli iclas və tədbirlərində iştirak edə bilərlər.

73. MƏRKƏZİ İNTİZAM KOMİSSİYASI

Mərkəzi İntizam Komissiyası (MİK) Qurultayda növbəti Qurultayadək olan müddətə seçilən 5 (beş) üzv və 2 (iki) üzvlüyə namizəddən ibarətdir. MİK Qurultay qarşısında hesabatlıdır.

74. İclasları və gündəliyi

74.1. Normal iclaslar:

74.1.1. MİK 3 (üç) ayda bir dəfədən gec olmayaraq iclaslar keçirir. İclasların gündəliyi, yeri və keçiriləcəyi vaxt ən azı 10 (on) gün əvvəldən elan edilir. MİK üzvlərinin üçdə ikisi iştirak etdikdə iclas səlahiyyətli sayılır. İclasın gündəliyi MİK sədri tərəfindən hazırlanır.

74.1.2. İntizam tədbirlərindən başqa bütün məsələlər üzrə qərarlar yalnız açıq səsvermə yolu ilə qəbul olunur. Qərarlar iclasda iştirak edən MİK üzvlərinin yarıdan çoxu səs verdikdə qüvvəyə minir. Səslər bərabər olduqda sədrin səs verdiyi tərəfin təklifi keçir.

74.1.3. MİK öz iclaslarında Partiyanın rəhbər sənədlərinin tələblərini pozan hər hansı üzvünü öz tərkibindən xaric etmək səlahiyyətinə malikdir. Üzürsüz səbəblərə görə ardıcıl olaraq üç iclasda iştirak etməyən və ya hər hansı bir səbəb üzündən MİK üzvləri sırasından MİK üzvlüyündən çıxan olarsa, onların yerinə seçkilərdə topladığı səsin miqdarına uyğun olaraq sıra ilə üzvlüyə namizədlər arasından yeni MİK üzvü dəvət edilir. MİK üzvlüyünə namizədlər MİK iclaslarında məşvərətçi səslə, MİK-in yoxlama komissiyalarının işində isə tam hüquqla iştirak edirlər.

74.2. Fövqəladə iclaslar:

74.2.1. Fövqəladə iclaslar AMİP Sədrinin, MİK Sədrinin, MİK üzvlə­ri­nin azı üçdə birinin tələbi ilə çağırıla bilər. İclasın gündəliyi, yeri və ke­çi­riləcəyi vaxt ən azı 7 (yeddi) gün əvvəldən elan edilir. Bu halda iclas mü­vafiq sənəd-tələbnamə MİK Sədrinə təqdim edildikdən sonrakı 5 gün ərzində çağırılmalıdır. MİK üzvlərinin üçdə ikisi iştirak etdikdə, ic­las səlahiyyətli sayılır. İclasın gündəliyi iclasın çağırılmasını tələb edən or­qan tərəfindən hazırlanır. Fövqəladə iclasda yalnız gündəlikdə olan məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir.

74.2.2. İclasın qərarları açıq səsvermə yolu ilə qəbul olunur. Qərarlar ic­las­da iştirak edən MİK üzvlərinin yarıdan çoxu səs verdikdə qüvvəyə mi­nir. Səslər bərabər olduqda, sədrin səs verdiyi tərəfin təklifi keçir.

74.2.3. MİK-in iclaslarını MİK sədri və ya müavini aparır.

75. Vəzifə və səlahiyyətləri

75.1. AMİP-in bütün səviyyəli orqanlarının təşkilati, maliyyə və əm­lak sənədlərini təftiş edir, hesabatlarını yoxlayır, hər hansı qanun po­zun­tusunun qarşısını almaq məqsədilə Partiyanın bütün səviyyəli or­qan­ları qarşısında məsələ qaldırır, cavab alır və intizam tədbirləri haqqında qərarlar qəbul edir;

75.2. AMİP üzvlərinin Partiya hüquqlarının pozulması haqqında şikayətlərə baxıb, onların təmin edilib-edilməməsi barədə qərar çıxarır;

75.3. AMİP Mərkəzi Aparatının məsul işçilərindən yoxlama üçün zəruri olan bütün sənədləri alaraq, araşdıra bilər.

76. MİK sədri

Vəzifə və səlahiyyətləri

76.1. MİK sədri MİK-in iclasında gizli səsvermə yolu ilə seçilir. Sə­la­hiy­yətləri növbəti Qurultayadək davam edir. Aşağıdakı vəzifə və səla­hiyyətləri vardır:

76.2.MİK-in fəaliyyətinə rəhbərlik edir və bunun üçün MİK qar­şı­sın­da məsuliyyət daşıyır;

76.3. MİK-in təqdimat və arayışlarını Siyasi Şura və Mərkəzi Şu­ra­ya təqdim edir, çıxarılan qərarlar haqqında məsələ qaldırılan AMİP or­qan­larının, üzvlərinin, MİK üzvlərinin və MİK üzvlüyünə namizədlərin nəzərinə çatdırılmasını təmin edir;

76.4. AMİP Qurultayında MİK adından hesabat verir;

76.5. Partiyanın bütün səviyyəli orqanlarının iclas və yığıncaq­la­rın­da iştirak edir;

76.6. MİK sədri MİK üzvlərinin üçdə iki səs çoxluğu ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər.

77. İntizam orqanları üçün müştərək prinsiplər.

77.1. Partiyanın intizam orqanlarının üzvləri konfranslar, Qurultaylar və millət vəkilliyi istisna olmaqla, başqa digər orqanlara seçilə bilməzlər.

77.2. Partiyada hər hansı maaşlı vəzifə tuta bilməzlər.

77.3. Ər-arvad, bacı-qardaş, valideyn-övlad, və digər yaxın qohumlar eyni intizam orqanlarında ola bilməzlər.

78. İntizam tədbirləri

78.1. Qanunları və AMİP Nizamnaməsini pozan Partiya üzvlərinə qarşı aşağıdakı intizam tədbirləri tətbiq edilir:

78.1.1. Xəbərdarlıq;

78.1.2. Töhmət;

78.1.3. Seçkili orqan üzvlüyündən xaricetmə;

78.1.4. Partiya üzvlüyündən xaricetmə.

79. İntizam tədbirlərinə səbəb olan hallar

79.1. Xəbərdarlıq:

Partiya üzvünün və ya müxtəlif səviyyələrdə vəzifəli şəxslərin diq­­qə­tinin yazılı olaraq cəlb edilməsidir. Bu intizam növü aşağıdakı hallarda verilir:

79.1.1. Partiya daxilində tabeçilik dərəcələrinə riayət etməmək;

79.1.2. Səlahiyyətli orqanların dəvət etdiyi halda iclasa gəlməmək;

79.1.3. Səlahiyyətli orqanların verdiyi tapşırıqları üzürlü səbəb olmadan qəbul etməmək;

79.1.4. Üzürlü və tutarlı səbəb olmadığı halda, seçkilərdə səvermə hüququndan istifadə etməmək;

79.2. Töhmət:

Bu İntizam növü Partiya üzvünün mövqeyi və hərəkətlərinin pislənməsi cəzasızdır və aşağıdakı hallarda verilir:

79.2.1. Partiya daxilində birlik və bərabərliyi pozan mövqe tutmaq və bu cür hərəkətlər etmək;

79.2.2. Qanunlara, Partiyanın Proqram, Mərəmnamə, Nizamnamə və qərarlarına zidd hərəkətlərə yol vermək;

79.2.3. Seçki komissiyasının işində iştirakdan imtina etmək;

79.2.4. Hərəkətləri ilə Partiyanın adına xələl gətirmək;

79.2.5. İki dəfə ardıcıl olaraq “xəbərdarlıq” aldıqda.

79.2.6. Bu intizam tədbirini tətbiq edən orqanın qərarı ilə töhmət almış şəxs 6 aya qədər AMİP seçkili orqanlarına seçilmək hüququndan məhrum edilir.

79.3. Seçkili orqan üzvlüyündən xaricetmə:

79.3.1. 3 (üç) dəfədən çox üzv olduğu seçkili orqanın işində üzürsüz səbəbdən iştirak etməmək;

79.3.2. Üzərinə düşən vəzifələri səhlənkarcasına yerinə yetirmək;

79.3.3. “Töhmət” aldıqda.

79.4. Partiya üzvlüyündən xaricetmə:

79.4.1. Qanuna, Partiyanın Mərəmnamə, Nizamnamə və təlimat­la­rı­na, Mərkəzi Şura, Siyasi Şura və digər səlahiyyətli orqanların qərar­la­rına zidd mövqe tutmaq, Partiyanın rəhbərliyi barədə yalan və böhtan yaymaq, hərəkət etmək, nəşr dərc etmək, mətbuatda və sosial şəbəkələrdə partiyanın nüfuzdan salınmasına yönəlik fəaliyyət göstərmək, bununla əlaqədar nəşrləri təbliğ və təşviq etmək;

79.4.2. Seçkilər zamanı Partiya əleyhinə fəaliyyət göstərmək, saxtakarlığa yol vermək;

79.4.3. Partiyanın adından şəxsi mənafeyi üçün istifadə etmək, Partiyanın nüfuzundan qərəzli məqsədlə istifadə etmək;

79.4.4. Əvvəllər verilmiş intizam tədbirlərindən nəticə çıxarmamaq.

ÜÇÜNCÜ HİSSƏ

SEÇKİLƏRDƏ İŞTİRAK

PARTİYA NAMİZƏDLƏRİNİN

MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

80. Seçkilər haqqında qərar

80.1. Partiyanın keçiriləcək hər cür seçkilərdə (prezident, parlament, bələdiyyə) və referendumda bütünlükdə və ya qis­mən iştirakı haqqında qərar vermək eləcə də, seçkilərdə iştirakdan imtina haqqında qərar verməksəlahiyyəti Mərkəzi Şuraya və Siyasi Şuraya məx­susdur.

80.2. Seçkilərdə iştirak etməmək barədə qərar Mərkəzi Şura iclasında üç­də iki səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul olunmadığı halda Konfrans çağırılır.

81. Namizədlərin müəyyənləşdirilməsi

Parlament və bələdiyyə seçkilərində iştirak edəcək AMİP namizədlərinin müəy­yən edilməsi Mərkəz yoxlaması və təşkilat yoxlaması vasitəsilə hə­yata keçirilir. Müəyyənləşdirilən na­mizədlərin siyahısı Mərkəzi Şura və ya Siyasi Şura tərəfindən təsdiq edilir.Parlament və bələdiyyə seç­kiləri dövrü AMİP-in Seçki dairəsi üzrə irəli sürəcəyi namizədlərin müəy­yənləşdirilməsi zamanı müvafiq R(Ş)T-nın rəyi nəzərə alınır. Prezident, Parlament və Bələdiyyələrə namizədlərin müəyyən edilməsi qaydaları Siyasi Şuranın hazırladığı və Mərkəzi Şuranın təsdiq etdiyi təlimatla tənzimlənir.

DÖRDÜNCÜ HİSSƏ

PARTİYA QRUPLARI

82. AMİP parlament qrupu

Partiyadan seçilmiş millət vəkilləri AMİP Parlament Qrupunu təşkil edirlər. Qrup daxili təlimata əsasən idarə edilir. Təlimatda Partiyanın Məramnamə və Nizamnaməsinə zidd müddəalar ola bilməz.

83. Parlament Qrupunun idarə orqanları

83.1. Qrup mütləq əksəriyyətin səs çoxluğu ilə Qrup üzvlərindən birini sədr seçir. İlk iki turda mütləq səs çoxluğu təmin edilməzsə, üçüncü turda ən çox səs qazanan Qrup üzvü sədr seçilir. Parlament Qrupu sədrinin iki müavini olur.

83.2. Qrup orqanları hər iclas ilinin əvvəlində və cari iclas ili üçün seçilir. Seçkilər gizli səsvermə yolu ilə keçirilir.

83.3. Qrup sədrinin və müavinlərinin yeri hər hansı bir səbəbə görə boşalarsa, yeni seçkilər keçirilir. Parlament Qrupunun sədri və sədr müavinləri Qrupun adından danışmaq və bəyanat vermək səlahiyyətinə malikdirlər.

84. Hökumət qurma və ya koalisiya haqqında

84.1. Hökumət qurulması, koalisiyada iştirak, koalisiyadan çıxmaq haqqında qərarı Mərkəzi Şura verir.

84.2. Koalisiyadan çıxmaq haqqında verilən qərardan sonrakı on gün ər­zində AMİP üzvü olan nazirlər hökumətin tərkibindən istefa ver­mə­lidirlər. Əks təqdirdə, Partiyadan istefa etmiş sayılırlar.

85. Bələdiyyə şuraları qrupları

85.1. Kənd, qəsəbə, rayon, şəhər bələdiyyə şuralarına seçilən AMİP üzv­ləri ayrı-ayrılıqda Partiya Qrupları yaradırlar. Müvafiq Partiya təş­kilatlarının sədri Bələdiyyə Şurasına üzv seçilmişsə, Qrupun sədri olur. Əks təqdirdə, Qrup üzvlərindən biri gizli səsvermə yolu ilə sədr seçilir.

85.2. Bələdiyyə Şurası Partiya Qrupu, Mərəmnamə və Nizamnamə çərçivəsində müştərək hərəkəti təmin edir.

MALİYYƏ MƏSƏLƏLƏRİ

86. Partiyanın gəlirləri

86.1. Dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti;

86.2. Partiya üzvlüyünə qəbul haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi SŞ-nın təlimatı ilə tənzimlənir);

86.3. Partiya üzvlərindən alınan illik üzvlük haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi SŞ-nın təlimatı ilə tənzimlənir);

86.4. MŞ-ya seçilmiş üzv və ya üzvlüyə namizədlər və SŞ üzvlərindən alınan xüsusi üzvlük haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi SŞ-nın təlimatı ilə tənzimlənir);

86.5. Millət vəkilliyinə və digər seçkili orqanlara namizədlərdən alınan xüsusi üzvlük haqqı (bu üzvlük haqqının miqdarı və ödənməsi Siyasi Şuranın təlimatı ilə tənzimlənir);

86.6. AMİP millət vəkillərindən alınan üzvlük haqqı. Partiyaçı millət vəkillərindən alınacaq üzvlük haqqının miqdarı və onun AMİP Parlament Qrupunun və Mərkəzi Təşkilatının işlərinə ayrılacaq hissəsi Parlament Qrupunun qərarı ilə müəyyən edilir;

86.7. Siyasi Şuranın müəyyən etdiyi qaydada Partiya bayrağı, nişanları və digər rəmzlərinin satışından, Partiya nəşrləri, biletləri, dəftərləri, qəbzləri və kağızlarından əldə edilən gəlirlər;

86.8. Partiyanın təşkil etdiyi tədbirlərdən əldə edilən gəlirlər. Bu tədbirlər Siyasi Şuranın sərəncamı və nəzarəti altında keçirilir;

86.9. Partiyanın əmlakından əldə edilən gəlirlər;

86.10. Qanuna uyğun olaraq edilən ianə və hədiyyələr.

86.11. Partiya üzvünün borclu olduğu üzvlük haqqının bir qismini və ya hamısını ödəyə bilməməsi onun Partiyadaxili hüquqlarını məhdud­laş­dıra bilməz.

87. Gəlir qəbzləri

Partiya təşkilatlarının əldə etdiyi gəlirlər qarşılığında Siyasi Şura tə­rəfindən hazırlanmış və çap etdirilmiş qəbzlər verilməlidir. Çap et­dirilən və müxtəlif səviyyəli Partiya təşkilatlarına göndərilən qəbzlərin seriya və sıra nömrələri Partiyanın mühasibi tərəfindən xüsusi dəftərə qeyd edilir. Müxtəlif səviyyəli təşkilatlar aldıqları və istifadə etdikləri qəbzlər üçün Siyasi Şura qarşısında məsuliyyət daşıyırlar.

88. Partiyanın maliyyə vəsaitlərinin qorunması və xərclənməsi

88.1. Partiyanın pulları bankda saxlanılır. Ən vacib ehtiyacları ödə­mək üçün Mərkəz Təşkilatında, rayon (şəhər) təşkilatlarında Siyasi Şu­ra­nın təsdiq etdiyi təlimata uyğun miqdarda nəğd vəsait saxlanıla bilər.

88.2. Partiyanın bütün xərcləri və sazişlərlə əlaqədar öhdəlikləri hüquqi şəxs adından verilir.

89. Kredit və borcalma qadağanı

Milli İstiqlal Partiyası heç kimdən və heç bir yerdən bilavasitə və ya dolayı yolla kredit və ya borc ala bilməz.

90. Büdcə hesabatlarının hazırlanması və təsdiqi

90.1. Partiyanın rayon (şəhər) təşkilatları gəlir və çıxarların təxmini miqdarını göstərən bir illik büdcəni hazırlayıb, növbəti təqdim ilindən əvvəlki sentyabr ayının sonuna qədər Mərkəz Təşkilatına göndərirlər. Bu büdcələr əsasında Mərkəz Təşkilatında hazırlanan ümumi Partiya büdcəsi dekabr ayının sonuna qədər Siyasi Şura tərəfindən qəbul edilir.

90.2. Büdcə hesabatları balans əsasında tərtib edilir. Hər ilin aprel ayının sonunadək ötən büdcə ilinin qəti hesabatları hazırlanır. Siyasi Şura rayon (şəhər) təşkilatlarından göndərilən və Mərkəz Təşkilatına aid hesabatları yoxlayaraq qərar qəbul edir.

91. Rayon (şəhər) təşkilatı sədrinin və İdarə Heyətinin məsuliyyəti

Hər bir rayon (şəhər) təşkilatının sədri və İdarə Heyətinin üzv­lə­ri Partiya pullarına, xərclərinə, inventar əşyaların qorunması və yerində iş­lədilməsi üçün Partiya qarşısında şəxsən və kollektiv surətdə mə­su­liy­yət daşıyırlar. Siyasi Şura tərəfindən əvvəlcədən yazılı sərəncam veril­məz­sə və ya sonradan bir qərarla təsdiq edilməzsə Partiya təşkilatlarının bağ­ladıqları saziş və götürdükləri öhdəliklər üçün AMİP hüquqi şəxs kimi heç bir məsuliyyət daşımır. Bu halda saziş bağlayan və ya öhdəlik götürən bir və ya bir neçə şəxs məsuliyyət daşıyır.

92. Mühasibat və maliyyə işləri təlimatı

92.1. Partiyanın müxtəlif səviyyəli təşkilatlarının büdcə gəlir-çıxar cəd­vəllərinin və hesabatların necə hazırlanacağı, xərcləmənin necə ola­cağı, mühasibat qeydləri, dəftərlərin necə yazılacağı, məxaric sənəd­lə­ri­nin necə bağlanacağı kimi məsələlər Siyasi Şuranın təsdiq etdiyi təli­matla tənzimlənir.

92.2. Partiyanın maliyyə illəri 01 yanvardan 31 dekabradək olan döv­rü əhatə edir.

93. AMİP-in hüquqi statusu, əmlakı və vəsaiti

93.1. AMİP hüquqi şəxsdir, onun bankda hesablaşma və digər he­sa­batları, müvafiq Partiya orqanları tərəfindən təsdiq edilən dairəvi mö­hürü, ştampı və başqa rekvizitləri vardır;

93.2. AMİP-in mülkiyyətinə öz vəsaiti hesabına və ya müxtəlif fi­zi­ki və hüquqi şəxslərin qanuna uyğun olaraq verdiyi əmlak və ianə etdiyi vəsait daxildir.

93.3. Partiya arxivi müvafiq normativ aktlara uyğun hazırlanır və Siyasi Şura tərəfindən qəbul edilmiş təlimat əsasında tənzimlənir.

94. AMİP-in fəaliyyətinə xitam verilməsi

AMİP-in fəaliyyətinə yalnız Qurultayda, nümayəndələrin azı üçdə ikisinin razılığı ilə xitam verilir. Bu zaman Partiya əmlakının taleyi müəyyən edilə bilər. Əks halda, həmin əmlakın taleyi mülki qanunvericiliyə uyğun qaydada həll edilir.