Deputat Arzuxan Əlizadə: Ekoloji nəzarət gücləndirilməli, maarifləndirmə genişləndirilməlidir
Ətraf mühitin mühafizəsi, qanunsuz ağackəsmələrin qarşısının alınması, tullantıların düzgün idarə olunması, atmosfer havasının çirklənməsinin azaldılması və ekoloji nəzarətin gücləndirilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Xüsusilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən reydlər, qanun pozuntularına qarşı tətbiq edilən inzibati tədbirlər və ictimaiyyətə edilən çağırışlar diqqət çəkir.
Bununla belə, ölkənin müxtəlif bölgələrində qanunsuz tikintilər, yaşıllıqların məhv edilməsi, çayların və meşələrin çirkləndirilməsi, eləcə də ekoloji qaydaların pozulması ilə bağlı faktlar hələ də gündəmdən düşmür.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, ətraf mühitin qorunması bu gün təkcə ekoloji deyil, həm də milli təhlükəsizlik və gələcək nəsillər qarşısında məsuliyyət məsələsidir:
“Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə mühüm addımlar atılır, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin keçirdiyi reydlər, qanunsuz ağackəsmələrə, tullantıların düzgün idarə olunmamasına və digər ekoloji hüquqpozmalarına qarşı görülən tədbirlər müsbət qiymətləndirilməlidir. Lakin etiraf etməliyik ki, ölkənin bəzi bölgələrində yaşıllıqların qorunması, qanunsuz tikintilərin qarşısının alınması, eləcə də çay və meşələrin çirkləndirilməsi ilə bağlı müəyyən problemlər hələ də müşahidə olunur. Bu da göstərir ki, görülən tədbirlərlə yanaşı, preventiv nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi faydalı ola bilər. Mövcud problemlərin həlli üçün ilk növbədə dövlət qurumları ilə bələdiyyələr və yerli icra hakimiyyətləri arasında koordinasiya daha effektiv qurulmalıdır”.
Deputat qeyd edib ki, rəqəmsal monitorinq sistemlərinin tətbiqi, peyk və dron müşahidələrinin genişləndirilməsi, ictimai ekoloji nəzarət institutunun gücləndirilməsi, eləcə də vətəndaşların operativ məlumat verməsinə imkan yaradan mexanizmlərin inkişafı mühüm əhəmiyyət kəsb edir:
“Digər vacib məsələ isə ekoloji maarifləndirmənin genişləndirilməsidir. İnsanlarda təbiətə qarşı məsuliyyət hissi formalaşdırılmadan yalnız cərimələrlə uzunmüddətli nəticə əldə etmək mümkün deyil. Dövlətin həyata keçirdiyi siyasət və nəzarət tədbirləri vətəndaşların məsuliyyətli davranışı ilə tamamlandıqda ətraf mühitin mühafizəsi sahəsində daha dayanıqlı və effektiv nəticələr əldə edilə bilər”.