NIPA-30

Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI

“İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir”.

Bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.
“Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.
Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır – biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər”, – Prezident qeyd edib.
Bəs Naxçıvan dəmir yolunun Ermənistan sərhədinə qədər uzadılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın regional nəqliyyat imkanlarına necə təsir göstərəcək?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az açıqlamasında bildirib ki, Azərbaycanın dəmir yolu şəbəkəsinin yükdaşıma qabiliyyətinin 1,5 milyon tondan 15 milyon tona çatdırılması kifayət qədər böyük və strateji hədəfdir:
Bunun üçün ilk növbədə əsas dəmir yolu xətlərinin modernləşdirilməsi, buraxılış qabiliyyətinin artırılması, elektrikləşdirmə və siqnalizasiya sistemlərinin yenilənməsi, yük terminallarının və logistika mərkəzlərinin genişləndirilməsi vacibdir. Eyni zamanda, Bakı–Böyük Kəsik, Bakı–Astara və digər əsas istiqamətlər üzrə infrastrukturun təkmilləşdirilməsi, lokomotiv və vaqon parkının yenilənməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi yükdaşımaların sürətini və səmərəliliyini artıracaq. Bu prosesdə yalnız dəmir yolu xətlərinin fiziki imkanlarının artırılması deyil, bütövlükdə vahid logistika sisteminin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Limanlar, yük terminalları, gömrük-keçid məntəqələri və avtomobil yolları ilə dəmir yolunun inteqrasiyası təmin edilməlidir. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artan yük həcmini nəzərə alsaq, 15 milyon tonluq göstərici ölkəmizin tranzit potensialının reallaşdırılması baxımından mühüm mərhələ ola bilər“.

Deputat əlavə olaraq bildirib ki, Naxçıvan dəmir yolunun Ermənistan sərhədinə qədər uzadılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə Azərbaycanın regional nəqliyyat xəritəsində mövqeyini daha da gücləndirəcək:
Bu bağlantının bərpası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsi yaratmaqla yanaşı, ölkəmizin Türkiyə və daha geniş coğrafiya ilə nəqliyyat əlaqələrini də şaxələndirəcək. Nəticədə Naxçıvan mühüm tranzit və logistika qovşağına çevrilə, Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişdiyi əsas nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirə bilər. 
Zəngəzur dəhlizi yalnız yükdaşımaların artırılması baxımından deyil, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması baxımından da strateji əhəmiyyət daşıyır. Dəhlizin dəmir yolu ilə yanaşı enerji və rəqəmsal bağlantılarla tamamlanması Azərbaycanın regional iqtisadi rolunu daha da artıracaq. Bu baxımdan, dəmir yolu infrastrukturunun genişləndirilməsi Azərbaycanın uzunmüddətli tranzit strategiyasının və geoiqtisadi imkanlarının mühüm dayaqlarından biridir
“.