NIPA-30

“Metsamor” yenə təhlükə saçır: Təkcə Azərbaycana yox

Xəbər verdiyimiz kimi, Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının (AES) 2 saylı enerji bloku 153 günlük planlı təmirdən sonra yenidən istismara verilərək ölkənin vahid enerji sisteminə qoşulub. 

Rəsmi İrəvan bunu enerji təminatı baxımından mühüm addım kimi təqdim etsə də, Azərbaycanın illərdir səsləndirdiyi təhlükəsizlik və ekoloji narahatlıqlar fonunda stansiyanın fəaliyyəti yenidən regionda nüvə təhlükəsizliyi ilə bağlı müzakirələri aktuallaşdırıb.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, “Metsamor” Atom Elektrik Stansiyasının yenidən fəaliyyətə başlaması Azərbaycan üçün ciddi narahatlıq doğuran məsələdir:

“Çünki söhbət yalnız Ermənistanın enerji təminatından deyil, köhnəlmiş nüvə infrastrukturunun yaratdığı potensial təhlükədən gedir. “Metsamor” AES-in yerləşdiyi ərazi və stansiyanın texniki xüsusiyyətləri nəzərə alınarsa, orada baş verə biləcək hər hansı qəzanın nəticələrinin Ermənistan sərhədləri ilə məhdudlaşmayacağı, bütün Cənubi Qafqaz üçün ciddi ekoloji və humanitar fəsadlar yarada biləcəyi nəzərə alınmalıdır”.

O qeyd edib ki, Azərbaycan uzun müddətdir bu məsələni beynəlxalq platformalarda, o cümlədən MAQATE və BMT çərçivəsində gündəmə gətirir:

“Beynəlxalq təşkilatlar  “Metsamor” AES-in fəaliyyətini davam etdirmək qərarına yalnız enerji məsələsi kimi yanaşmamalı, regionun nüvə və ekoloji təhlükəsizliyi prizmasından qiymət verməlidirlər. 

Nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı məsələlər siyasi sərhədlərdən üstün tutulmalı və bütün dövlətlərin maraqlarını nəzərə alan vahid yanaşma formalaşdırılmalıdır”. 

Arzuxan Əlizadə vurğulayıb ki, “Metsamor”un istismarı Cənubi Qafqaz üçün təhlükəsizlik riskidir:

“Ermənistanın enerji ehtiyaclarını alternativ və daha təhlükəsiz enerji mənbələri hesabına təmin imkanları olduğu halda, köhnə nüvə stansiyasının istismarının davam etdirilməsi ciddi suallar doğurur. 

Azərbaycan bu stansiyanın fəaliyyətinin dayandırılması və tamamilə istismardan çıxarılması tələbində haqlıdır. Bu, yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın və daha geniş regionun təhlükəsizliyi ilə bağlı məsələdir. Beynəlxalq ictimaiyyət bu istiqamətdə daha prinsipial mövqe nümayiş etdirməlidir”.