Afsəddin Nəbiyev: “Aİ bazarı Ermənistan üçün Rusiyadan asılılığın azaldılması baxımından yeni istiqamət ola bilər, amma…”
Avropa İttifaqı (Aİ) Şurası sentyabrın 24-də Ermənistanla ticarətin müvəqqəti liberallaşdırılması barədə qərar qəbul edib. Məqsəd Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda Ermənistan iqtisadiyyatını dəstəkləməkdir.
Bu qərarla Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizi üçün ticarət şərtləri yüngülləşdirilir. Bəzi kənd təsərrüfatı malları daxil olmaqla, geniş çeşiddə məhsullardan idxal rüsumları müvəqqəti olaraq qaldırılır. Güzəştli rejim iki il qüvvədə olacaq.
Bu qərar Ermənistan üçün Rusiya bazarının yerini doldura bilərmi? Axı Ermənistanın aqrar məhsullarının əsas bazarı Rusiyadır.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Avropa İttifaqının Ermənistanla bağlı 24 sentyabr qərarı, şübhəsiz ki, Ermənistan iqtisadiyyatı üçün müəyyən yeni imkanlar yaradır. İki il müddətinə Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizinə tətbiq olunan idxal rüsumlarının dayandırılması, xüsusilə kənd təsərrüfatı və qida məhsulları baxımından İrəvana alternativ bazar axtarışında dəstək verə bilər. Aİ-nin öz məlumatına görə, güzəştlər Rusiyaya ixrac edilən Ermənistan meyvə, tərəvəz və bitkilərinin demək olar ki, 99 faizini, içki və spirtli məhsulların isə 91 faizdən çoxunu əhatə edir. Lakin bunu Rusiya bazarının qısa müddətdə Aİ bazarı ilə tam əvəzlənməsi kimi qiymətləndirmək düzgün olmaz. Çünki söhbət yalnız gömrük rüsumlarının aradan qaldırılmasından getmir. Aİ bazarı məhsulun keyfiyyəti, fitosanitar və digər texniki standartlar, sertifikatlaşdırma, logistika və rəqabət baxımından Ermənistan ixracatçıları qarşısında daha mürəkkəb tələblər qoyur. Digər tərəfdən, rəqəmlər də göstərir ki, Ermənistanın Aİ bazarındakı mövqeyi hələ Rusiya bazarının səviyyəsində deyil. 2025-ci ildə Aİ Ermənistanın ümumi ixracının 7,9 faizini təşkil edən bazar olub. Ermənistanın Aİ-yə əsas ixracında isə kənd təsərrüfatından daha çox sənaye və mədən məhsulları üstünlük təşkil edib.
Ona görə də hesab edirəm ki, bu qərarı Rusiya bazarının “əvəzlənməsin”dən daha çox, Ermənistanın ixrac coğrafiyasının dəyişdirilməsi cəhdi kimi qiymətləndirmək lazımdır. Burada başqa bir mühüm məqam da var: Aİ özü bu tədbiri məhz Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi son ticarət məhdudiyyətlərinə cavab və Ermənistan ixracatçılarının alternativ bazarlara yönəldilməsi üçün müvəqqəti dəstək kimi təqdim edir. Güzəştlərin müddətinin iki il olması da bunun uzunmüddətli və zəmanətli bazar əvəzlənməsi deyil, keçid xarakterli tədbir olduğunu göstərir. Nəticə etibarilə, Aİ bazarı Ermənistan üçün Rusiyadan asılılığın azaldılması baxımından yeni istiqamət ola bilər, amma Rusiya bazarının həcmini, logistikasını və formalaşmış ticarət əlaqələrini qısa müddətdə tam əvəz etmək asan məsələ deyil. Bunun nə dərəcədə mümkün olacağını qarşıdakı iki il ərzində Ermənistan ixracatçılarının Aİ standartlarına uyğunlaşması, logistika imkanları və məhsulların Avropa bazarında rəqabət qabiliyyəti müəyyən edəcək”.