NIPA-30

Arzuxan Əlizadə: “Azərbaycan heç vaxt maraqlı olmaz ki, Bakıda “Rus evi” yenidən fəaliyyətə başlasın”

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Bakıda “Rus evi”nin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) fəaliyyətinin yenidən bərpa edilməsi təşəbbüsü ilə çıxış edib. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin vurğulayıb ki, “Rus evi”nin bərpası hər iki tərəfin maraqlarına uyğundur:

“Azərbaycanda “Rus evi”nin fəaliyyətinin yenidən bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tamamilə cavab verərdi”.

Bununla belə, Qaluzin TRIPP-in perspektivini şübhə altına alıb: “TRIPP-in perspektivləri birmənalı deyil. Bu layihə Rusiyanın iştirakından yalnız qazanardı. “Tramp marşrutu”ndan İran çətin ki, məmnun olsun. Güman etməyə əsas var ki, bu layihə Çini də qane etmir”.

Hər iki məsələdə Qaluzinin sərgilədiyi mövqe bilavasitə Azərbaycanın maraqlarına cavab vermir.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Qaluzin elə təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan da “Rus evi”nin bərpasında maraqlıdır: “Bu, əsla belə deyil. Azərbaycan heç vaxt maraqlı olmaz ki, Bakıda “Rus evi” yenidən fəaliyyətə başlasın. Çünki həmin təsisatın nə ilə məşğul olması hamıya bəllidir. Dünyanın bir sıra ölkələrində “Rus evi” kimi fəaliyyət göstərən ofislər bağlanıb, fəaliyyəti qadağan edilib. Niyə? Ona görə ki, həmin evlər rus mədəniyyətinin təbliğindən çox fəaliyyət göstərdikləri ölkələrdə kəşfiyyat işi ilə məşğuldular. Ölkələrin daxili işinə müdaxilə edirlər. Rusiyaya bağlı qüvvələri formalaşdırmaq, onları hakimiyyətə gətirmək, ictimai rəyi manipulyasiya etmək məqsədi güdürlər. Çünki hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq orada “Rus evi” varsa, deməli onlar Rusiyanın yumuşaq güc siyasətini həyata keçirirlər. Azərbaycan da Cənubi Qafqazın önəmli ölkəsi olduğu üçün Moskva “Rus evi”nin bərpası ilə bağlı dəridən-qabıqdan çıxır. Ancaq düşünmürəm ki, Azərbaycan tərəfi buna razılıq versin. Ona görə ki, başımıza gələn bütün bəlalarda Rusiyanın özünəməxsus “rolu” olub. Tarixi torpaqlarımızda ermənilərin süni şəkildə məskunlaşdırılmasından tutmuş, ərazilərimizin işğalı və sərvətlərimizin talan edilməsi bilavasitə Rusiyanın imperiya siyasəti ilə bağlı olub. Həmin imperiya siyasəti bu gün də davam edir. Rusiya çalışır ki, Cənubi Qafqazda hegemonluğunu yenidən bərpa etsin. Onun elementlərindən biri də “Rus evi”dir. Qaluzinin TRIPP layihəsinin perspektivini qaralamağa çalışması isə, gözlənilən idi. Ona görə ki, Rusiya Zəngəzur dəhlizinin onun nəzarətində olmasını istəyir. Rusiya istəmir ki, Birləşmiş Ştatlar dəhlizin tikilməsində, idarə edilməsində iştirak etsin. Ancaq Rusiyanın nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizinin çəkilməsi həyata keçəcək”.