AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”.

Bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibədə “əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın Baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaq: “Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik”.

Bütün bu deyilənlərin fonunda, Prezidentin “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır” fikri nə deməkdir? Belə bir vəziyyətdə Azərbaycan nə etməlidir?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədrinin müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla Prezident Yaponiyanın  sözügedən qəzetinə müsahibə verərkən çox ciddi məqamlara aydınlıq gətirdi. Xüsusilə Vətən müharibəsinin aktiv hərbi fazasının yekunundan sonra Ermənistanla danışıqlar formatının necə olacağı ilə bağlı verilən suallar daha çox diqqət çəkdi. Prezident İlham Əliyev bu suallara cavab verərkən Azərbaycanın ərazi bütövlüyünün mübahisə predmeti olmadığını bir daha təkrar etdi. Üçtərəfli görüşün keçirilməsi ilə bağlı suala cavab verərkən Prezident İlham Əliyev Ermənistan hökumətinin əsl mahiyyətini ortaya qoydu. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdi. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik. Ermənistanın cəbhədə ağır məğlubiyyətə düçar olması, ermənilərin havadarlarının ətəyindən yapışaraq imdad diləməsi artıq təkzibedilməz faktdır. Azərbaycan Ordusunun qələbələri fonunda ermənilərin hər cəhdlə döyüşü dayandırmağa dair ağalarına yalvarışlarını hər gün müşahidə etməkdəyik. Fikrimcə, belə vəziyyətdə hərbi əməliyyatları qətiyyən dayandırmaq olmaz. Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil. Axırıncı erməni əsgəri işğal olunmuş ərazilərimizdən təmizləndikdən sonra masada sülhdən danışa bilərik. Hətta masada ermənilərə Qarabağda hər hansı status olacağı halda, Ermənistandan etnik təmizlənməyə məruz qalmış yüz minlərlə həmvətənimizin öz tarixi ərazilərnə qaytarılması şərt kimi qoyulmalıdır. 1988-ci ildə axırıncı etnik təmizləmə zamanı indiki Ermənistan ərazisindən 250 mindən çox həmvətənimiz qovuldu. Bu say 1988-ci ilin statistikasına görə, Qarabağda yaşayan əhalinin sayından 4 dəfə çox olub”.

Partiya funksioneri hesab edir ki, sülh danışıqları zamanı Göyçə, Zəngəzur, Dərələyəzə status məsələsi mütləq mənada masada olmalıdır. (Bakı-Xəbər)

Azinforum.az