AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Atəşkəsin uzanması və nəticəsiz danışıqlar vasitəçiləri qane edirdi”

“Onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, Minsk Qrupu heç bir nəticə əldə etməyib: “Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk Qrupunun köməyilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox, istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər”.

Bütövlükdə, həmsədrlərin Ermənistana təzyiq etmək imkanları ötən 30 ildə geniş olsa da, onlar bunların heç birini işə salmadılar. Heç olmasa, həmsədrlərdən biri bu imkandan istifadə etsəydi, o zaman münaqişənin həlli bu qədər uzanmazdı.

Maraqlıdır, ötən müddət ərzində həmsədrlər bu imkanlardan niyə istifadə etmədilər?

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bunu bir sıra amillərlə əlaqələndirdi: “Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verərkən münaqişə ilə bağlı bir çox diqqətçəkən məqamlara aydınlıq gətirdi. Verilən suallara Prezident bütün detalları ilə açıq-aydın cavab verdi. Məsələ burasındadır ki, bu üç həmsədr ölkə 30 ildə işğalçı ilə işğala məruz qalan dövlətlərə olan bitərəflilik, qərəzsizlik meyarlarını qoruya bilmədi. Ən başlıcası, bunu etməyə cəhd də göstərmədilər. Çünki onlar bunda maraqlı deyildilər. Atəşkəsin uzanması və nəticəsiz danışıqlar vasitəçiləri qane edirdi. Hansı ki, vasitəçilərin ən mühüm missiyası o olmalı idi ki, işğalçı Ermənistanı yola gətirmək, əgər mümkün olmasa, hər hansı təzyiq mexanizmlərini işə salmaqla ona, ən azından, təsir göstərsinlər. Ancaq həmsədrlər münaqişəni dondurmaqla, vəziyyəti uzatmaqla işlərini bitmiş hesab edirdilər. Yeganə müsbət hal kimi masada olan əsas baza prinsiplərinin Minsk Qrupunun köməyilə işlənib hazırlanması olub. Bu məsələyə Prezident İlham Əliyev toxundu və bunu müsbət hal kimi dəyərləndirdi. Baza prinsiplərinin hazrılanması məsələnin həllinə heç bir təsir göstərmədi, bunun üçün vasitəçilər işğalçıya sanksiyalar tətbiq etmək əvəzinə, əksinə, Ermənistana hərbi, siyasi və iqtisadi yardımlar etdilər. Nəticədə vəziyyət bu hala gəldi. Onlar istəmirdilər ki, regionda Ermənistan zəif duruma düşsün. Həmsədrlərin hər zaman çağırışları bundan ibarət olub ki, məsələnin  hərbi həlli mümkün deyil. Bəs onda Azərbaycan xalqı nə etməli idi? Bir milyon qaçqın-köçkün öz doğma yurduna qayıda bilmir, beynəlxalq hüquqa hörmət olunmur, üstəlik, erməni tərəfi Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürürdü. Şükürlər olsun ki, rəşadətli ordumuz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, dövlətimizin ərazi bütövlüyünü bərpa edir. Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil. ATƏT-in Minsk Qrupunun Ermənistana təsir etmək imkanları olduğu halda, münaqişənin bu mərhələsində belə işğalçı dövlətə təzyiqlərini müşahidə etmirik. Bunun özü ikili standartlar deyilmi?”.

Sədr müavini hesab edir ki, tarixi ədaləti bölgəmizdə Azərbaycan əsgəri təmin edəcək. (Bakı-Xəbər)

Azinforum.az