AMİP-30
Azərbaycan Milli İstiqlal Partiyasının təklifləri

Azərbaycan Milli İstiqlal Partiyasının işğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı ilə bağlı təklifləri

Qısa arayış

1988-1993-cü illərdə Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub, 85 musiqi məktəbi, 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb, soyğunçuluğa məruz qalıb. Bundan əlavə, 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, o cümlədən 127 min 700 hektar suvarılan torpaq, 34 min 600 hektar üzüm və meyvə bağları sahəsi, 1200 kilometr irriqasiya sistemi işğalçıların əlinə keçib, işğal edilən ərazilərdən kənarda yerləşən 5 rayonda 120 min hektar əkinə yararlı torpaq sahəsi suvarılmamış qalıb və praktiki olaraq təsərrüfat dövriyyəsindən çıxarılıb. İşğalçılar tərəfindən həmçinin, 220 min baş iri buynuzlu mal-qara ələ keçirilərək özününküləşdirilib.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın, o cümlədən yeraltı və yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması və qiymətləndirilməsi məqsədilə bu sahədə elektron məlumat bazası yaradılıb.

İşğala qədər ölkə üzrə ÜDM istehsalının 24%-i, üzüm istehsalının 41%-i, kartof istehsalının 46%-i, ət istehsalının 18%-i, süd isteh­salının 34%-i həmin rayonların payına düşüb. İşğal o cümlədən, ölkənin su ehtiyatlarına da cid­di ziyan vurub. Ümumi meşə sahələrinin 25%-i, yəni 280 min hektarı işğal olunan torpaqların payına düşürdü. Düşmən işğalı dövründə təbii sərvətlərimizin qanunsuz istismarı yolu ilə Kəlbəcərdə və Zəngilanda yerləşən mədənlərdə külli miqdarda qızıl hasil edilərək talan edilib.

1.Təhlükəsizlik və idarəetmə

  • Ərazilərin minalardan təmizlənməsi, həyati təhlükə yaradan bioloji və ekoloji pozuntuların aradan qaldırılması.
  • Sərhəd xidməti və polis nəzarətinin təşkili, dövlət orqanlarının fəaliyyəti və inzibati idarəetmə məsələlərinin həll edilməsi.

Təklif.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ərazilərin minalardan təmizlənməsini sürətləndirmək üçün dost dövlətlərin mina təmizləyən kontingentini azad olunmuş ərazilərimizə dəvət etmək. Bu proses həm o dövlətlər üçün təcrübə həm də rəqabət mühitinin yaranması ilə minalı sahələrin daha tez təmizlənməsinə xidmət edəcəkdir.

Eyni zamanda ərazidə təmir-bərpa və tikinti işləri aparacaq şirkətlərin  işçi heyətləri təhlükəsizliklə bağlı xüsusi təlim kurslarına cəlb olunmalıdır.

2. Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi

Təklif

Bərpa işlərinə başlamadan öncə Beynəlxalq Qiymətləndirmə Missiyalarının əraziyə dəvət olunması və müvafiq qiymətləndirmənin həyata keçirilməsi vacibdir. Təxmini hesablamalara görə dəymiş ziyanın ümumi dəyəri yüz milyardlarla dollar səviyyəsində müəyyənləşdirilsə də bunun beynəlxalq qurumlar tərəfindən təsdiqlənməsi və daha sonra təzminat üçün Beynəlxalq məhkəmələrə müraciət edilməsi zəruridir.

3.Yaşayış yerləri və infrastrukturun bərpası

Təklif

Yaşayış yerlərinin (bina, mənzil) və infrastrukturun yaradılması zamanı daha az maliyyə sərfi üçün kiçik və əhalisi az olan yaxın kəndlərin (məkan olaraq tarixi adları saxlanılmaqla) birləşdirilməsi daha məqbul hesab olunur. Bir neçə kiçik kəndin bir böyük kəndə və ya qəsəbəyə çevrilməsi həm maliyyə itkisinin qarşısını alacaq, həm də gələcəkdə ayrı-ayrı kəndlər üzrə kənd icra nümayəndəliklərinin və s. bu kimi idarəetmə qurumlarının sayının azaldılmasına xidmət edəcək ki, bu da özlüyündə dövlət büdcəsinə qənaət etməyə imkan verəcək.

3. Sənaye və kənd təsərrüfatı sahəsi

Doğma yurd-yuvalarına qayıdacaq insanların həyat şəraitinin təmin edilməsi baxımından iş yerləri olduqca vacib amildir. Bu məqsədlə regionun sənaye patensialından maksimum istifadə etməklə sənaye sahələrinin yaradılması və kənd təsərrüfatının inkişafı olduqca əhəmiyyətlidir.

Sənaye patensialı

  • Zəngin su ehtiyatları, elektrik enerjisi, faydalı qa­zıntıların emalı. İşğaldan azad edilmiş region, emal və ərzaq sənayesinin inkişafı üçün də əlverişlidir.

Məlum olduğu kimi işğaldan azad edilən torpaqları­mız mineral və termal su mənbələri ilə zəngin bir ərazidir. Bu ehtiyatlar­dan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə edilə bilər. Azərbaycan su ehti­yatlarını səmərəli idarə etməklə həm düşmənin ölkəmizə qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Kəlbəcər və Laçın rayonlarının şirin su ehtiyatları içməli suya olan tələbatın ödənilməsinə, ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının işğaldan azad olunması isə Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma suyu ilə təmin olunmasına tam olaraq imkan verir. Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması deməkdir.

Azərbaycanın mineral su ehtiyat­larının 40 faizinə qədəri işğal altındakı torpaqlarda idi. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayo­nunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Şırlan və başqa mineral sular xüsusilə diqqəti cəlb edir.  

İşğal olunmuş ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq.

Təklif

  • Sənaye sahələrinin inkişafını təmin etmək məqsədilə yaradılacaq fabrik, zavod, istehsal müəssisələrinin ən azı 5 il müddətində gəlir vergisindən azad edilməsi.
  • Kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün güzəştli şərtlərlə kreditlərin verilməsi və dövlət tərəfindən fermerlərə veriləcək subsidiyaların həcminin artırılması.
  • Mineral suların həm qablaşdırılaraq satılması, həm də bulaqların üzərində kurort-rekreasiya zonalarının yaradılması.
  • Xarici investisiyaların cəlb edilməsi məqsədilə xarici şirkətlərə vergi güzəştlərinin verilməsi.
  • Regionda kənd təsərrüfatının sürətli inkişafını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Gəncə şəhərinə köçürülməsi və gələcəkdə bərpa olunmuş ərazilərdə kənd təsərrüfatının müxtəlif sahələri üzrə Nazirliyin yerli idarələrinin formalaşdırılması.

4. Turizmin inkişafı

  • Təbii landşaft
  • Tarixi mədəni abidələr

Uzun müddət ərzində işğal altında olmuş ərazi Kiçik Qafqazın dağlıq zonası olmaqla, həm də Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi təxminən 246.7 min hektardır, o cümlədən 13197 hektarı qiymətli meşə sahələridir. Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində vaxtilə bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində bu günlərdə işğaldan azad edilmiş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılıb. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Burada bitən ağacların yaşı 500 ilə çatırdı və şərq çinarı “Qırmızı Kitab”a daxil edilib.

Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21.4 min hektardır. Yasaqlıqda dağ keçisi, cüyür, çöl donuzu, turac, kəklik mühafizə olunurdu.

Eyni zamanda, Dağlıq Qarabağda yerləşən Şuşa şəhərinin füsunkar təbiəti də turizm baxımından əlverişlidir. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən xarı bülbül Qarabağın rəmzi hesab olunur.

Təklif.

  • Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələrin həyata keçirilməsi zəruridir. Bu platformada dövlət, özəl sector və alimlərin birgə səyləri sayəsində Dağlıq Qarabağın turizm potensialı sıfırdan işlənib hazırlanmalı, təbii və antropogen turizm resursları nəzərdən keçirilməlidir.
  • Bütün rayonların ərazisində daha çox vandalizmə məruz qalmış müəyyən yerlər olduğu kimi saxlanılmalı və memorial komplekslər, açıq muzeylər yaradılmalıdır.
  • Ermənilər tərəfindən saxtalaşdırılan abidələrin öz tarixlərinə qovuşmasının təmin edilməsi.
  • Ermənistanın işğalı nəticəsində talan edilmiş muzeylərin bərpası, yeni muzeylərin yaradılması, o cümlədən, Şuşada Azərbaycan Ordusunun şanlı qələbəsini əks etdirən muzey komplek­sinin təşkili.
  • Qarabağ əsasən dağlıq ərazi oldu­ğundan, dağçılıq və alpinizm turizminin inkişafına xüsusi diqqət yetirilməlidir.
  • İstusu sanatoriyasının və digər sanatoriyaların bərpası.
  • Qarabağı təbiətinin zənginliyinə, qədimliyinə, və tarixi-mədəni abidələrinə görə ekoturizm, etnoturizm zonası kimi inkişaf etdirmək. Dünyada ilk insanın yaşayış məskənlərindən biri hesab edilən Azıx mağarasında və Qarabağın digər tarixi ərazilərində arxeoloji, etnoqrafik tədqiqatların aparılması, türk mənşəli toponimlərin bərpa edilməsi həyata keçirilməlidir.
  • Regionun turizm potensialının təbliği məqsədilə beynəlxalq tədbirlərin, o cümlədən beynəlxalq ranqlı idman tədbirlərinin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi məqsədəuyğun hesab edilir. Bu məqsədlə olimpiya-idman komplekslərinin tikintisi və eləcə də mədəniyyət tədbirlərinin təşkili üçün müvafiq binaların tikilməsi.
  • Turizm ərazilərinin marşrut sxemlərinin hazırlanması məqsədilə bu sahədə böyük təcrübəyə malik olan qardaş Türkiyədən turizm mütəxəssislərini dəvət etməklə bu işin həyata keçirilməsi.

5. Elektrik enerjisi resursları

Sərsəng SES 1976-ci ildə Tərtər çayın üzərində inşa edilmiş su elektrik stansiyasıdır. Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası hazırda qeyri-qənaətbəxş vəziyyətdədir. Stansiyada təmir-bərpa işləri aparıldıqdan sonra, istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər.

Xudafərin SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib. Belə ki, 2016-cı ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Araz üzərində elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt/saat elektrik enerjisi istehsalı gətirə bilər.

Təklif

  • Sərsəng SES və Xudafərin SES –lə yanaşı regionda kıçik yarımstansiyaların bərpası;
  • Həmçinin tükənməyən alternativ enerji mənbələri (günəş və külək) hesabına daha böyük həcmdə elektrik enerjisi istehsalını təmin etmək.

6. Dağ mədən sənayesi. Faydalı qazıntı və xammal potensialı

İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) yataqları yerləşir.

Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilib.

Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132.6 ton qızıl, 37.3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898.4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib.

İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə də çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovda yerləşir.

Təklif.

  • Faydalı qazıntılarla bağlı dağ mədən sənayesinin inkişaf etdirilməsi üçün sənaye sahələrinin yaradılması məqsədilə proqram hazırlansın və qəbul olunsun. Əlvan metallar və onların metallurgiyası ilə bağlı, tikinti materialları ilə bağlı və nadir metallarla bağlı dövlət proqramlarını həyata keçirəcək müvafiq Dövlət Agentliyinin yerli struktur bölmələri bu ərazidə fəaliyyət göstərməlidir. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyat üçün xas olan sahələrdir və mövcud ehtiyatlar bu sahələrdə yeni güclərin yaranmasına imkan verəcəkdir.
  • “AzərGold” QSC və Azərbaycan Sənaye Korporasiyası bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək ixtisaslı kadrların hazırlanması, ixrac və investisiya imkanlarının müəyyənləşdirilməsi işini həyata keçirə bilər.

8. Məskunlaşma imkanlarının artırılması üçün

İşğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşmasını təmin etmək məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi lazımdır.

Təklif

  • Məcburi köçkünlərlə yanaşı illər əvvəl Ermənistan adlanan tarixi ərazilərimizdən qaçqın düşmüş vətəndaşlarımızın da könüllülük əsasında həmin ərazilərə köçürülməsi və xüsusilə də vaxtilə ermənilər yaşayan ərazilərdə yerləşdirilməsi imkanları nəzərdən keçirilməlidir.
  • Şuşa musiqi texnikumunun bazasında Qarabağ Musiqi Akademiyasının yaradılması.
  • Bakıda fəaliyyət göstərən Universitetlərdən birinin iğşaldan azad olunmuş ərazilərə köçürülməsi və regionda bir sıra Ali məktəblərin yerli filiallarının açılması.
  • Kəlbəcərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin dağ döyüşləri üzrə ixtisaslı  hərbi fakültəsini yaratmaq. Hərbi birləşmələrimizin dağ döyüş kurslarınınrelyef baxımında uyğun olan bu ərazilərdə həyata keçirilməsi üçün müvafiq bazanın yaradılması istiqamətində  fəaliyyətin həyata keçirilməsi.

İran və ermənistanla bilavasitə sərhəd zolağında yerləşən Cəbrayıl-Qubadlı ərazisində Dövlət Sərhəd Xidməti Akademiyasının filialının açılması.