AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Biz “xəstə təfəkkürlə” sağalmaz bəlaya düçar olmuş toplumla üz-üzəyik”

Azərbaycan hökuməti işğaldan azad olunmuş Suqovuşan kəndindəki “Suqovuşan-1”, “Suqovuşan-2”, Laçın rayonunun Güləbird kəndindəki “Güləbird” su elektrik stansiyalarının işə salınması haqda informasiyalar yaydıqdan sonra ermənilər öz media resurslarında işğal edərək oraya xərc qoymaqlarından peşmançılıqlarını açıq ifadə etməyə başlayıblar.

Açıq şəkildə bəyan edirlər ki, Ermənistanın Kəlbəcər və Laçındakı SES-lərə xərclədiyi 200 milyon dollar batdı: “Düşmən üçün SES tikmək üçün 200 milyon dollar xərclədik. “Artsax” Kəlbəcər və Laçının elektrik təhlükəsizliyini təmin etdi. Halbuki, 200 milyon  dollara 40 “Bayraktar”, 100  radioelektron mübarizə qurğusu, “Smerç” qurğuları üçün minlərlə dəqiq mərmi almaq,  yaxud minlərlə döyüşçüdən ibarət xüsusi təyinatlı qoşun hazırlamaq olardı”.

Göründüyü kimi, 44 günlük müharibədə Azərbaycan Ermənistana necə böyük zərbə vurubsa, hələ onun təsirləri uzun müddət müzakirə mövzusu olacaq. Ermənilər o qədər arxayın idilər ki, elə bilirdilər işğal davam edəcək. O üzdən, istədiklərini edirdilər. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bütün planlarını məhv etdi.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin sözlərinə görə, bütün bunlar ermənilərə ciddi dərs olmalıdır: “Ermənilərin hay-küy salaraq Kəlbəcər və Laçında SES-lərə 200 milyon dollar sərmayə qoyub peşmançılıq keçirmələri onların xislətindən irəli gəlir. “Əgər bu stansiyaları tikməyib, yerinə silah əldə etsəydik” düşüncələri bu xalqın hansı təfəkkürdə olduğunu açıq şəkildə ortaya çıxarır. Hətta ermənilər infrastruktur qurmuş olsalar belə, geri çəkildikcə onları məhv etdilər. Bəli, biz belə “xəstə təfəkkürlə” sağalmaz bəlaya düçar olmuş toplumla üz-üzəyik. Özünü bəşəriyyətin “demokratiya carçıları” adlandıran bir çox böyük dövlət belə təfəkkür daşıyıcısı olan topluma bir dəfə də olsun ciddi bir irad bildirməyib. Bizi ermənilərlə barışa səsləyirlər. Ermənistanın Azərbaycana vurduğu ziyanlar milyardlarla ölçülür. Təkcə Ermənistan silahlı qüvvələrinin 44 günlük müharibə dövründə dinc əhalinin mülki obyektlərinə vurduğu ziyan təxminən 90 milyon manatdır. Ermənistanın 28 il işğal dövründə Azərbaycana vurduğu zərər bir neçə yüz milyard dollarla ölçülür. Hazırda müvafiq qurumlar dəymiş ziyanı araşdırmaqla məşğuldurlar. Erməni işğalı dövründə rayonlarımız tarımar edilmiş, sərvətlərimiz talanmış, daş daş üstə qalmayıb”.

Sədr müavini hesab edir ki, Ermənistan bütün bunların hesabını verəcək.

Azinforum.az