AMİP-30
Arzuxan Baxşəli oğlu Əlizadə

“Naxçıvan qeydiyyatında olan vətəndaşlarımıza göstərilən bu münasibət heç bir hüquqi çərçivəyə sığmır”

“Qeydiyyatı Naxçıvanda olmaqla, muxtar respublikadan kənarda yaşayan vətəndaşlarımızın uzun müddətdir ki, faktiki yaşadıqları ərazidə qeydiyyata düşməklə bağlı ciddi problemlər yaşadıqları heç kimə sirr deyil. Bununla bağlı dəfələrlə deyilməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb”.

Bunu TNS-ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

Partiya sədri bildirib ki, Azərbaycan unitar dövlətdir və Əsas Qanunumuz olan Azərbaycan Konstitusiyasında (maddə 28) hər kəsin ölkə daxilində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək hüququ təsbit olunub.

“Bu konteksdə həmin müddəanın kobud surətdə pozulması ilə Naxçıvan qeydiyyatından çıxmaqla əlaqədar müvafiq qurumlara edilən müraciətlərə imtina cavablarının verilməsi heç bir hüquqi çərçivəyə sığmır və vətəndaşımızın Konstitusion hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Nəzərə alsaq ki, bu pozuntu tək-tək şəxslərə qarşı deyil, hər kəsə şamil olunur, o zaman məsələnin ciddiliyi və haqlı suallar da ortaya çıxır. Bu qadağada hansı məqsədlər güdülür, məsələnin bu şəkil almasında və vətəndaşın dövlət qurumlarından narazı salınmasında kimlər maraqlıdır?”, – partiya sədri bildirib.

Onun sözlərinə görə, digər bir məqam da xüsusi olaraq diqqəti cəlb edir.

“Təbii ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın bugünkü hərtərəfli inkişafı, bölgədə aparılan bərpa-quruculuq işləri müzakirə mövzusu deyil. Amma bütün bunlara baxmayaraq, dövlət-vətəndaş münasibətlərində şəffaflıq və rahatlıq baxımından əhəmiyyətli rol oynayan ASAN xidmət hələ də Naxçıvanda fəaliyyət göstərmir. Baxmayaraq ki, Azərbaycanın ən ucqar bölgələrində də vətəndaşımız bu xidmətdən yararlanmaq imkanı əldə edib. Bu məsələ də haqlı suallar yaratmaqla yanaşı, Naxçıvanda yaşayan soydaşlarımızın yuxarıda qeyd etdiyim problem də daxil olmaqla dövlət qurumlarına müraciətlərində şəffaflığın təmin olunmasında ciddi maneələr yaratmaqdadır”, – Arzuxan Əlizadə əlavə edib.

Xatırladaq ki, “TNS” İnformasiya Agentliyinin direktoru bu məsələ ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət edib. İnanırıq ki, bu müraciətdən və ölkəmizin siyasət adamlarının çağırışlarından sonra problem öz həllini tapacaqdır.

TNS