AMİP-30

AMİP sədri: “Elçibəy 1993-cü ildə xalqa müraciət etdi, meydana heç on min nəfər çıxmadı”

Arzuxan Əlizadə: “Hakimiyyətə gəlmək imkanımız olduğu halda bunu etməməyimiz yanlış idi”

İyulun 4-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 30 illik yubileyidir. AMİP Azərbaycanda ilk dövlət qeydiyyatından keçmiş siyasi təşkilatdır. Partiya sədri Arzuxan Əlizadə ilə həm yubiley müsahibəsi etdik, həm də ötən 30 ilə nəzər saldıq.

– Sədri olduğunuz partiyanın yubileyidir. 30 ildə hədəflərinə çatmayan AMİP desək, qəbul edərsinizmi?

– Öncəliklə təbriklərə görə hər kəsə təşəkkür edirəm. AMİP Azərbaycanda dövlət qeydiyyatına alınmış ilk siyasi təşkilatdır. Birinci qurultayımız 1992-cü ilin 3-4 iyul tarixlərində keçirilib. 1991-ci ilin oktyabr ayında “Millət” qəzetində partiyanın yaranması ilə bağlı məlumat gedib. Qurultay keçiriləndən sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi. O zaman nazir indiki Ədalət Partiyasının sədri İlyas İsmayılov idi. AMİP ölkədə partiyalaşma institutuna töhfə vermiş bir təşkilatdır. Həmin dövrdə partiyalar daha çox şəxslər ətrafında formalaşırdı. Partiyamızda ilk təmsil olunanlardan sonralar yönlərini dəyişənlər az olmadı.

1993-cü il hadisələrindən sonra hakim partiyaya üz tutanlar daha çox oldu. Partiyalar ələndi və öndə 5-6 partiya qərarlaşdı. Bunlardan biri də AMİP idi və deyərdim ki, nüfuzuna görə ilk sırada idi. 2002-ci ildə proporsional seçki sisteminin ləğvindən sonra partiyaların imkanları xeyli dərəcədə məhdudlaşdı. Bu proses AMİP-dən də yan keçmədi. Onu deyim ki, əvvəlki dönəmdə qeydə alınan partiyalar hakimiyyətə gəlmə uğrunda daha çox mübarizə aparırdılar. Həmin dövrlərdə hakimiyyət dəyişikliyi daha real görünürdü. Bilirsiniz ki, 1998-ci ildə partiyamız Etibar Məmmədovun liderliyində prezident seçkilərində böyük uğur qazandı. Biz iddia edirdik ki, ölkə üzrə səslərin təxminən 35-36%-ni Etibar Məmmədov qazanıb. Eyni zamanda, mərhum prezident Heydər Əliyevin bundan bir qədər artıq səs toplaması gündəmdə idi. Hətta ikinci turun olacağı ilə bağlı proqnozlar var idi. Amma nəticə etibarı ilə sonucda Heydər Əliyev prezident oldu.

1998-2003-cü illər arasında partiyalarda insanların ümidsizliyi getdikcə artdı. Diqqət etsəniz görərsiniz ki, həmin illər arasında hakim partiyaya, eləcə də, başqa sahələrə üz tutanlar kifayət qədər olub. 2003-cü ildə üzdə olan 4-5 partiyanın bir araya gəlməməsi səbəbindən sonrakı illərdə partiyaların fəaliyyətinin durmadan zəiflədiyinin şahidi olduq. Hazırda ölkədə təkbaşına insanların səslərini qazanıb hakimiyyətə gələ biləcək siyasi partiya görmürəm. Reallıq bunu deyir. AMİP-i vaxtı ilə tərk edib hakim partiyada bu gün də təmsil olunanlar var. Partiyamızın həm də ölkədə kadr bazası yetişdirdiyini də söyləyə bilərik.

– İqtidar və müxalifətdə təmsil olunan keçmiş AMİP-çilər kifayət qədərdir. Bu baxımdan AMİP-i Azərbaycan siyasətinin “Ayaks”ı saymaq olarmı?

– Hakim partiyada olanlar da etiraf ediblər ki, 1993-cü ildən sonra YAP-ın kadrları AMİP-çilər hesabına zənginləşib. Bu günlərdə dünyasını dəyişən keçmiş AMEA prezidenti Eldar Salayevdən başlayaraq, ölkənin bir çox ziyalıları, iş adamları, müxtəlif sahələrin mütəxəssisləri AMİP-də təmsil olunurdular. Partiyadan ayrılıb özlərinə partiya quranlar da olub. Qabil Hüseynli, Mübariz Qurbanlı, Vaqif Kərimov Demokratik İstiqlal Partiyası yaratmışdılar. Sonradan onları da YAP-a transfer etdilər. Hakim partiyada səfir vəzifəsində olan Vilayət Quliyevin adını da çəkməyi vacib sayıram. YAP-a keçərək Azərbaycan Televiziyasının başına gələn Babək Hüseynoğlunu göstərmək olar. Baş nazirin müavini Elçin Əfəndiyevi də unutmaq olmaz. AMİP-in Mərkəzi Şurasının üzvü olan Novruz Məmmədov da YAP-a keçənlərdəndir. O ölkənin baş naziri olub. Bu siyahını kifayət qədər uzada bilərik. AMİP-in vaxtilə baş katibi olmuş Elşad Musayev hazırda yaratdığı Böyük Azərbaycan Partiyasının sədridir. Eyni zamanda, sədrin beynəlxalq əlaqələr üzrə müavini olmuş İlqar Məmmədov hazırda REAL-ın rəhbəridir. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov vaxtı ilə AMİP-in Sumqayıt təşkilatına rəhbərlik edib. Vətəndaş və İnkişaf Partiyasının da adını çəkə bilərik. Sonda dediyiniz fikrə qatıldığımı söyləyirəm.

– Gələcək baxımından hədəfsiz, yoxsa hədəfləri olan AMİP?

– Təbii ki, hədəfləri olan AMİP-i seçirəm. Məşhur şüarımız var. “Düşüncədə millilik və müasirlik, adət-ənənələrdə mühafizəkarlıq, sosial həyatda ədalətlilik, iqtisadiyyatda liberallıq”. Biz 30 ildə bütün hədəflərimizə sadiq qalmışıq. Dövlət və milli maraqlar hər zaman öndə olub. Beynəlxalq təşkilatlarla ən geniş əlaqələri olan AMİP-dir. Daim Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlimizdən gələni etmişik. Təkliflər olub ki, hakimiyyətə gələrsinizsə, Qarabağ məsələsində hər hansı bir güzəştlər edərsinizmi? Heç bir güzəştdən söhbət gedə bilməz kimi mövqeyimiz daim ortada olub. Təbii ki, hədəflərimiz çoxdur. Partiyamızın qurucusu Etibar Məmmədov milli azadlıq hərəkatının şərhsiz liderlərindən biri olub. Əsas hədəfimiz demokratik Azərbaycanın qurulmasıdır. Azad və ədalətli seçkilərin keçirilməsi bəlkə də hədəflərimiz sırasında birincidir. Vətəndaşı güclü olan dövlət hər zaman güclüdür. Regionda Azərbaycanın güc olması hədəflərimiz sırasındadır. Bu məsələdə dövlətin yanındayıq. Ölkəmiz türk dünyasında əsas söz sahiblərindən biri olmalıdır.

– 30 ildə AMİP-in ən düzgün addımı və ən böyük səhvi kimi nələri qeyd edərdiniz?

– 25-30 il əvvələ baxaraq, nəyin düz və səhv olduğunu rahatlıqla deyə bilirik. Partiya tam güclü ilə hakimiyyətə gəlmək imkanına sahib olsa da, gəlməyib. Bu da yanlışlardan biridir. Ola bilər ki, zamanında məsuliyyəti tam üzərimizə götürə bilməmişik. Demokratik yolla hakimiyyətə gələ bilərik kimi zamanında olan düşüncələrimiz bəlkə də yanlışlardan biri olub. İş olan yerdə səhv olmalıdır. İqtidar ola bilməsək də, uğurlarımız kifayət qədər çox olub. Amma səhvlərimizdan nəticə çıxarıb gələcəyə baxırıq.

– O yanlışlar sırasında 2004-cü ildə Etibar Məmmədovun partiya rəhbərliyindən getməsi də varmı? O gediş partiyanın ən güclü vaxtlarından birinə təsadüf edirdi…

-Xeyr. Əksinə, Etibar Məmmədov bir nümunə göstərmişdi. Klassik partiyalar var ki, 25-30 ildir bir şəxs rəhbərlik edir. Dəyişmək fikirləri də yoxdur. AMİP nizamnaməsində bir şəxsin faktiki olaraq iki dəfə sədr seçilmək imkanları tanınıb. 2003-cü ilin prezident seçkilərindən sonra Etibar Məmmədov istefa vermək qərarına gəlmişdi. O zaman Siyasi Şuranın üzvü kimi ciddidən də ciddi surətdə etiraz etdim. Bir qədər sadəcə müddəti uzada bildik. Etibar Məmmədov gənclərə yol açmaq üçün istefa verdiyini açıqladı. 2005-ci il qurultayında Etibar Məmmədov fəxri lider kimi qəbul olundu. İndiyə qədər də bu cür qəbul edilib. Partiyanın cari fəaliyyətinə heç zaman təsir etməyib. Yalnız hansısa yanlışlıqlar olarsa, məsələyə müdaxilə edib. Ondan sonra partiya rəhbərlik edənlər taleyüklü məsələlərdə onun zəngin təcrübəsindən yararlanmağa üstünlük veriblər. Bu gün partiyanın təşkilatı məsələlər üzrə müavini Afsəddin bəy və beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev gənclər təşkilatının sədri olublar. Eləcə də, Mərkəzi Şuranın sədri Rəşad Bayramov da gənclərə rəhbərlik edib. Yəni gənclərə daim üstünlük verilib. Təbii ki, Etibar bəyin gedişi ilə partiyaya böyük zərbə dəydi. Ondan sonra yanlış adam partiyada rəhbərliyə gəldi. Sonradan yavaş-yavaş hər şey axarına düşdü.

– Etibar bəydən sonra siz də daxil, sədrliyə gələn 5 şəxsin hər biri onun kölgəsində qaldı…

– O, ölkədə tək-tük isimlərdən biridir ki, müstəqilliyimizin əldə edilməsində müstəsna xidmətləri olub. O harada olmasından asılı olmayaraq, hər zaman parlaq görünür. Nə qədər də siyasi sferadan çəkilsə də, gündəmdə qalır. Buna bir növ imkan verilmir. Ondan sonra sədr olanların qabarmamasını təbii qəbul edirəm.

– AXC iqtidarına müxalifətdə olmusunuz. Hətta həmin iqtidarın devrilməsində AMİP də ittiham olunur. İndi necə? Əbülfəz Elçibəydən sonra həmin komandadan kimsə hakimiyyətə gəlsə, yenə müxalif olacaqsınız?

– İlk növbədə, deyim ki, həmin komandadan kiminsə iqtidara gəlməsi reallıqdan uzaqdır (Gülür). Şəxsi baxımdan baxış bucağım belədir. AXC-Müsavat iqtidarının devrilməsinə AMİP səbəb olub kimi fikirlər kökündən yanlışdır. Uzun illər bu fikir cəmiyyətdə hakim olub. O dövrü yaşayan insan kimi bunları deyirəm. Uzun illər deyildi ki, Heydər Əliyevi hakimiyyətə Etibar Məmmədov dəvət edib. Sonradan mərhum Elçibəyin özü Heydər Əliyevi dəvət etdiyini dəfələrlə dedi. Həmin qiyamın başında dayanan Surət Hüseynov elə AXC-Müsavat iqtidarı tərəfindən ən yüksək formada görəvləndirilməyib? Elçibəy 1993-cü ildə xalqa müraciət etdi, heç on min nəfər onun çağırışına səs verib, Prezident Administrasiyanın qarşısına gəlmədi. Bu AMİP-in yanlışı idi? O vaxtın ən güclü müxalifət partiyası olan AMİP-lə deyil, başqa qüvvələrlə işləməyə üstünlük verildi. Partiyaların fəaliyyətinə məhdudiyyətlərin tətbiqi ilə bağlı addımlar atılmağa başlamışdı. Sənədlərə istinad edib danışmaq lazımdır. O dövrün partiyalarından yeganə AMİP-dir ki, 4 iyun hadisələrini qiyam adlandırıb, Surət Hüseynov qiyamçı elan olunub. O sənəd arxivimizdə bu gün də durur. Beynəlxalq situasiyanı düzgün dəyərləndirə bilmədilər. Nəticədə bir çox torpaqlarımız itirildi. Çox geriyə düşdük. Xalqın liderlərə inamsızlığı yarandı ki, bu gün də onu aradan qaldıra bilməmişik.

– Yubileyinizə siyasi partiyalardan hansıları dəvət etmisiniz?

– Ölkənin siyasi gündəmində olan bütün siyasi partiyaları dəvət etmişik, hakim partiya da daxil. Ola bilər ki, kimlərsə yadımızdan çıxıb. Bunlar da qeydiyyatları olsa da, ölkə gündəmində yoxdurlar.

– AXCP və Müsavat necə?

– Onları dəvət etməmişik.

– 1992-93-cü illərə görə?

– Xeyr. Bizim yanaşma fərqlidir. 2019-cu ilin mart ayında AMİP olaraq, təşəbbüslə çıxış etdik. Böyük Azərbaycan, Xalq və AĞ partiyalarla birlikdə sənəd hazırlayıb digər partiyalara göndərdik, rəhbərlərlə görüşdük. Sənəd ölkədə islahatlara getməklə bağlı idi. O zaman adını çəkdiyiniz partiyalar proseslərdən kənarda qaldılar. Sonrakı illərdə də dost əli uzatsaq da, münasibətlərin bu cür qalmasında maraqlı göründülər. Sosial şəbəkələrdə bizə hücumlar olur və onlar tərəfindən təşkil olunduğu açıq görünür.

– İndiyə qədər keçirilən yubileylərinizdə rəqib düşərgədən iştirak edənlərdən ilk ağlınıza kim gəlir?

– Xatırlayıram ki, 5 illik yubileyimizdə hazırkı prezident, cənab İlham Əliyev iştirak etdi. Prezident Administrasiyasının rəhbəri, şöbə müdiri də gəlmişdi. Nazirlər, digər yüksək rütbəli məmurlar da iştirakçılar sırasında idi.

– Arzuxan bəy, sizi “Yeni Müsavat” kollektivi adından təbrik edirik. Arzu edirik ki, 3 rəqəminin arxasına sonsuz rəqəmlər əlavə olunsun.

– Sizin qəzetlə əməkdaşlığımız uzun illərdir davam edir. Son dönəmlərdə TV.Müsavatın yaranması ilə bu əməkdaşlıq daha da sıxlaşıb. Çalışırıq ki, bizə dəyərli olan kollektiv üzvlərinizin hər birinin müraciətinə cavab verək. “Yeni Müsavat” Media Qrupu Rauf bəy başda olmaqla, heç şübhəsiz ki, ölkənin aparıcı media qurumlarından biridir. Rauf bəy də milli azadlıq hərəkatından gəlib. Sizin özünüz də AĞ Partiyada siyasi fəaliyyətlə məşğulsunuz. Şəxsinizə və təmsil etdiyiniz partiyaya uğurlar arzulayıram.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”