AMİP-30

İrəvan Avroittifaq missiyasını hərbiləşdirmək təşəbbüsü qaldırdı…

  • Arzuxan Əlizadə: “Bu, Qərbin Ermənistanda hərbi baxımdan təmsil olunmasına hüquqi bazanın yaradılması deməkdir”
  • Ermənistanın Avropa İttifaqı missiyası ilə bağlı oyunu davam edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində bildirib ki, İrəvan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edib. Çünki müşahidəçilərin sayı Ermənistanın Azərbaycanla beynəlxalq sərhədlərinə nəzarət etmək üçün kifayət etmir.
  • Təhlükəsizlik Şurasının katibi onu da əlavə edib ki, Ermənistan bütün tərəfdaşlarına həm insanların sayını, həm də digər imkanları artırmağı təklif edir.
  • Maraqlıdır, A. Qriqoryan “digər imkanları artırmağı” deyəndə nəyi nəzərdə tutur? Bəzi diplomatik dairələrdə gedən söz-söhbətlərə görə, bunun müəyyən mənası var. Bu da ondan ibarətdir ki, Ermənistan Aİ missiyasının hərbiləşdirilməsi təşəbbüsünü qaldırıb. Yəni, müşahidə missiyası müəyyən növ hərbi texnika və silahla təmin olunsunlar. Daha dəqiq desək, bu silahları özləri ilə gətirsinlər. Yəni, o missiyanın açıq-aşkar hərbiləşdirilməsi məsələsi qaldırılıb. Təbii ki, bu, Rusiyanın da maraqlarına qətiyyən cavab vermir. Ancaq görünən odur ki, erməni tərəfi “digər imkanlar” deyəndə məhz bunu nəzərdə tutur və bu istiqamətdə fəaliyyətdədirlər.
  • Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistan tərəfinin Aİ missiyasını hərbiləşdirmək istəyi kifayət qədər ciddi və təhlükəli məsələdir: “Çox güman ki, A.Qriqoryan digər imkanlar dedikdə məhz Aİ missiyasının hərbiləşdirilməsini nəzərdə tutur. Zatən Ermənistanın əzəldən planları buna hesablanıb. Yəni, Aİ missiyasının say tərkibi artırılsın və eyni zamanda onlar hərbiləşdirilsin. Bu, prinsipcə Qərbin Ermənistanda hərbi baxımdan təmsil olunmasına hüquqi bazanın yaradılması deməkdir. Məlum məsələdir ki, ABŞ Ermənistanda böyük səfirliyi olsa da, nə bu dövlətin, nə də Avroittifaqın orada hərbi mövcudluğu yoxdur. Rəsmi olaraq Rusiyanın Ermənistanda hərbi bazaları var. Gümrüdə 102-ci hərbi hissə və Erebunedə hərbi hava bazası mövcuddur. O da heç kəsə sirr deyil ki, Ermənistan böyük miqyasda Rusiyadan asılı olsa da mövcud hakimiyyət Qərbin planına əsasən Kremldən mərhələli şəkildə uzaqlaşmaq istəyir. Bunun başlıca yollarından biri də Aİ missiyasının hərbiləşdirilməsidir. Rusiyanın Ukrayna bataqlığına düşməsi səbəbindən Paşinyan hakimiyyəti bunu fürsət bilib prosesi sürətləndirmək istəyir. Erməni tərəfi yaxşı bilir ki, onların sözügedən planı Rusiyanın xoşuna gəlməyəcək. Ancaq buna rəğmən, hazırkı situasiyada onlar buna gedir. Hesab edirlər ki, Qərb onları qoruyacaq. Ermənistan hakimiyyətinin digər gözləntisi onunla bağlıdır ki, sanksiyalardan yayındıqları üçün Moskva onların üzərinə çox getməyəcək. Söhbət Qərb tərəfindən Rusiyaya ixracı qadağan edilən məhsulların Ermənistan vasitəsi ilə qanunsuz olaraq ora ötürülməsindən gedir. Göründüyü kimi, Paşinyan hakimiyyəti çoxşaxəli oyun oynayır. Onu da qeyd edim ki, Aİ missiyası hərbi müstəvidə fəaliyyət göstərsə, bu, sərhəddə toqquşmaların baş verməsi risqini artıracaq. Ermənistan mütləq bundan sui-istifadə edib təxribatlar törədəcək. Ona görə də buna yol vermək olmaz”.
  • Vidadi ORDAHALLI
  • baki-xeber.com