AMİP-30

Yeni siyasi vəziyyət ortaya çıxıb: Kremlə “əzələ nümayişi”

Ermənistan Birləşmiş Millətlər Təşkilatında Rusiya əlehinə qətnamənin lehinə səs verib. 

Qeyd edək ki, aprelin 30-da BMT-nin Baş Assambleyasının növbəti iclasında Ermənistan, Qazaxıstan, Çin, Türkiyə daxil olmaqla bir çox dövlətlər Rusiyanı təcavüzkar adlandıran qətnamənin qəbul olunmasına səs veriblər. 

Bildiyimiz kimi, Ermənistan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi KTMT-nın üzv dövlətləridir, Çin isə Rusiyanın geostrateji müttəfiqi hesab olunur. Əvvəllər, BMT-nin iclaslarında Rusiya ilə bağlı məsələlərdə bitərəf və ya Moskvanın xeyrinə mövqe tutan İrəvan və Astana, eləcə də Pekinin Rusiyanın əleyhinə sənədə dəstək verməsi təəccüb doğurmaya bilməz. Onların addımları heç də Moskva tərəfindən xoş qarşılanmayacaq. Yəqin ki, Kreml müttəfiqlərinin və tərəfdaşının hərəkələrinə kəskin reaksiya verəcək. 

Ümumiyyətlə, Ermənistan, Qazaxıstan və Çinin Rusiya ilə münasibətlərində nə baş verir?

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Cebhe.info-ya şərhində qeyd edib ki, Moskvanın Cənubi Qafqazda son davranışları Ermənistanı Rusiyadan uzaqlaşmağa sövq edir: 

“İlk növbədə Qazaxıstan və Çindən başlamaq istəyirəm. Həm Qazaxıstan, həm də Çin müstəqil xarici siyasət yürüdür. Qazaxıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində ciddi fəaliyyət göstərməklə Mərkəzi Asiya regionunda öz siyasi nüfuzunu gücləndirməyə çalışır. Bununla yanaşı, Qazaxıstan Çin və ABŞ ilə də münasibətlərin inkişafına diqqət göstərir. Hazırda bu dövlətin daxili və xarici siyasətində zəruri dəyişiklikləri müşahidə edirik. Eləcə də Çin də sürətlə beynəlxalq siyasi qüvvəyə çevrilməkdədir. Çin Rusiyanın strateji tərəfdaşı hesab olunmasına baxmayaraq, bir çox məsələlərdə Moskva ilə ziddiyyətli mövqeyə malikdir.

Beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq Qazaxıstan və Çinin Rusiyanın əleyhinə qətnaməyə səsverməsi çox doğru addımdır. Ona görə ki, Rusiyanın Ukraynaya təcavüzü yolverilməzdir. Bütün beynəlxalq təşkilatlarda Rusiyanın işğalçılıq siyasəti pislənməlidir. O ki qaldı Ermənistanın qətnamənin lehinə səsverməsi, bu, artıq Cənubi Qafqazda yeni siyasi vəziyyətdən xəbər verir. 

Çox yaxşı bilirik ki, BMT-nin bundan əvvəlki iclaslarında Ermənistan Rusiyanın Krımın ilhaqı və Ukraynanın digər ərazilərində təcavüzkar hərbi əməliyyatları ilə bağlı məsələlərdə ya birtərəf, ya da Moskvanın mövqeyindən çıxış edirdi. Son dövrlərdə Paşinyan hakimiyyəti açıq şəkildə Qərbyönlü siyasət yürütməklə Rusiyadan incidiyini nümayiş etdirir. Çünki Rusiya Azərbaycanın öz ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasına yönələn son hərbi əməliyyatlarında Ermənistana arxa durmayıb. İrəvan hər dəfə bunu bəhanə gətirməklə Rusiyadan uzaqlaşmağa çalışır.

Ermənistanın rəsmiləri hesab edirlər ki, Rusiya İrəvanın təcavüzkar siyasətinə dəstək olmalı idi. Ermənistanın BMT-nin bu məlum qətnaməsinin lehinə səs verməsi İrəvanın özü-özlüyündə Rusiyaya əzələ nümayiş etdirmək kimi qələmə vermək olar”. 

Arzuxan Əlizadənin sözlərinə görə, Rusiya Ermənistanın bu hərəkətini birmənalı qarşılamayacaq: 

“Regionda digər dövlətlərdən fərqli olaraq Ermənistan Rusiyanın tam nəzarətində olan qondarma bir qurumdur. Ermənistan bir dövlət olaraq Rusiyanın dəstəyi ilə formalaşdırılıb. Rusiyasız Ermənistanın mövcudluğu sual altındadır. Bu proseslərin gedişində Rusiya Ermənistanın bu davranışına çox kəskin reaksiya verəcək. Yaxın zamanda İrəvan üçün xoşagəlməyən nəticələrə şahidi olacağıq”. 

Yunis Abdullayev
Cebhe.info