AMİP-30

Arzuxan Əlizadə: “Qafqaz xalqları birgə əməkdaşlıq çərçivəsində regionda sülh və sabitliyi təmin etməlidir”

Bu günlərdə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda sualları cavablandırarkən Prezident İlham Əliyev Qafqazla bağlı önəmli məqamlara toxundu.

Ölkə başçısının fikrincə, Şimali Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın önəmi artır: “Qafqaz mürəkkəb bir ərazidir, təəssüf ki, Balkan ölkələri kimi. Balkan ölkələri və Qafqaz dünyanın ən gözəl guşələrindən biridir, lakin ən mürəkkəb və faciəvi tarixə malik olanlar da onlardır. Biz Şimali Qafqazda qardaşlarımızın faciəvi tarixini bilirik. Onlar da Cənubi Qafqazda olan azərbaycanlıların faciəvi tarixini bilirlər. Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Siz bədəni ikiyə ayıra bilməzsiniz. Hesab edirəm ki, bu gün təhlükələrin qarşılıqlı anlayışı və potensialı daha çox nəzərəçarpandır. Buna səbəb geosiyasi vəziyyətin dəyişməsidir və Şimali Qafqazda da sabitlik üçün Azərbaycanın artmaqda olan əhəmiyyətidir”.

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bir sıra faktorlar Azərbaycanın Şimali Qafqazda sabitləşdirici rol oynamasına öz töhfəsini verir: “Başlıca faktor onunla bağlıdır ki, Azərbaycan Cənubi Qafqazda yeganə müsəlman ölkəsidir. Şimali Qafqazda yaşayan etniklərin əksəriyyəti müsəlmandır. Çar Rusiyasının Qafqazı işğal etməsindən sonra burada faciəli hadisələr baş verib. İmperiya siyasətinin nəticəsi olaraq müxtəlif vaxtlarda Qafqazda yaşayan yerli xalqlar sürgünə məruz qaldılar. Çərkəzlər, Ahıska türkləri və digər xalqlar yurdlarlarından sürgün olundular. Azərbaycanlılar indiki Ermənistandan, yəni tarixi torpaqlarından mərhələli şəkildə sıxışdırılıb çıxarıldılar. Ən nəhayət, 1988-ci ildə bütün azərbaycanlılar Qərbi Azərbaycandan deportasiya edildilər. Qafqazın etnik tərkibi müxtəlif olduğu üçün əsasən Rusiya və bəzi böyük dövlətlər bundan öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Əfsuslar olsun ki, bu cür siyasi planlar hələ də qalmaqdadır. Yaxın tariximizdə Çeçenistanda baş verən 2 qanlı müharibə (1994-1996, 1999-2002) və bunun necə fəlakətli nəticələr verdiyini hamımız yaxşı bilirik. Ona görə də indi hər zaman olduğundan daha çox Şimali Qafqazda sülh və sabitliyin olmasına ehtiyac var. Çünki Ukrayna müharibəsi ilə əlaqədar olaraq geosiyasi mübarizə kəskinləşir. Belə bir gərgin münasibətlər konteksində xarici qüvvələrin Qafqazı etnik və milli zəmində qarışdırmaq cəhdləri çox təhlükəli dağıdıcı nəticələrə yol aça bilər. O üzdən, Qafqaz xalqları birgə əməkdaşlıq çərçivəsində regionda sülh və sabitliyi təmin etməlidilər. Bu məsələdə Azərbaycan vacib arbitr imkanlarına malikdir. Ölkəmizin həm siyasi, həm də iqtisadi imkanları buna əlverişli zəmin yaradır. Azərbaycan Şimali Qafqazda sərmayə qoyuluşlarında fəal iştirak etməklə, regionun sosial-iqtisadi inkişafına töhfə verə bilər. Bütün bunlar ölkəmizin bölgə xalqları arasında olan nüfuzunu daha da artıracaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com