AMİP-30

Türkiyədə “sükut günü” – Tufanqabağı sakitlik, yoxsa…

Bu gün qardaş Türkiyədə “sükut günü”dür. Artıq seçki təbliğat kampaniyası bitib. Yəqin ki, elektoratın böyük qismi öz daxilində seçimini də edib.  Bəs təxminən neçə faizi hələ tərəddüddədir və ümumiyyətlə səsverməyə getməyəcək? İştirak faizi nə qədər gözlənilir? Seçkilərdə iştirak faizinin yüksək olması Ərdoğanın (hakim koalisiyanın) xeyrinədir, yoxsa müxalifətin? Seçki texnoloqları bu xüsusda nə deyir? Ən əsası, 14 maydan sonra (qalib müəyyənləşərsə) qarışıqlıq ola bilərmi? Məğlub qalibi təbrik edəcəkmi? İkinci tur ehtimalı nə dərəcədə böyükdür?

Bu ərəfədə Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncə namizədliyini geri çəkib. Partiya sədri bildirib ki, “Saraydan pul aldı, namizədliyi geri götürməz” deyənlər var: “Onlara səslənirəm – bu şantajlardan qorxmuram. Artıq 45 gündür ki, buna müqavimət göstərirdim. İndi isə namizədliyimi geri götürürəm. Bunu ölkəm üçün edirəm. Bəhanələri qalmasın, seçkidə uduzanda (Kamal Kılıçdaroğlunu nəzərdə tutur – red.) bütün günahı bizim boynumuza atacaqlar”.

İncənin bu sözləri və tərəfdarlarını Kılıçdaroğluna səs verməyə çağırmaması onun CHP liderinin uduzacağını düşündüyünü deməyə əsas verir. İstənilən halda M. İncənin səsləri daha çox kimə gedəcək – Ərdoğana, yoxsa Kılıçdaroğluna?

Xatırladaq ki, Kamal Kılıçdaroğlu az öncə vətəndaşları seçkidə qalib gəldikləri təqdirdə evdə qalmağa çağırıb. Səbəbə gəlincə, onun fikrincə, tərəfdarları seçkilərdən sonrakı gecə prezident Rəcəb Tayyib Ərdoğana sadiq “silahlı ünsürlər”lə toqquşa bilər. “Bizim qələbəmizdən sonra bütün vətəndaşlar evdə qalmalı, küçələrdə bayram etməməlidirlər. Kimsə iğtişaş törədə bilər, kimisə təhrik edə bilərlər, silahlı ünsürlər küçələrə çıxa bilər”, – deyə o vurğulayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli K.Kılıçdaroğlunun iz azdırmaqla məşğul olduğunu düşünür: “Məhərrəm İncənin geri çəkilməsinin səbəbinin onunla bağlı hansısa videogörüntülərin olmasından qaynaqlandığı bildirilir və Məmləkət Partiyasının liderinə qarşı kompromatlar barədə məlumatlardan Türkiyə rəsmiləri də söz açdığı üçün, onun seçki marafonunu şantaj edildiyinə görə dayandırdığını söyləməyə əsas verir. Qeyd edim ki, Kamal Kılıçdaroğlunun CHP liderliyinə Dəniz Baykal haqqında kompromatlar gündəmə gəldikdən sonra yüksəldiyini nəzərə alsaq, şantaj üslubunun hansı dairələrə aid olduğunu təxmin edə bilərik.

Maraqlı məqamlardan biri də “altılı masa”nın namizədinin Məhərrəm İncənin məlum açıqlamasından dərhal sonra “Twitter” hesabından Rusiyaya müraciət ünvanlamasıdır. Aydındır ki, Kılıçdaroğlu, dolayısıyla Məhərrəm İncə ilə bağlı “videogörüntü”lərdə Rusiya izinin olduğunu nişan verməyə çalışır. Haradandır onda bu məlumat? Qısa zaman içində Məhərrəm İncəyə qarşı şantajın arxasında Rusiyanın dayandığını necə müəyyənləşdirdi? Doğrusu, bu olay və texnologiya mənə Birləşmiş Ştatlarda keçirilən son iki prezident seçkisində Rusiya ilə bağlı gündəmi zəbt edən “kompromat” savaşlarını xatırlatdı. Düşünürəm ki, Məhərrəm İncə ilə bağlı məsələnin izini Kamal Kılıçdaroğlunun ətrafındakı okeanın o tayından idarə olunan “beşinci kalon”un təmsilçilərində axtarmaq lazımdır.

CHP liderinin ortalıqda heç bir sübut olmadan diqqəti Rusiyaya yönəltməsi də bununla bağlı ciddi şübhələr yaradır. Bəllidir ki, Məhərrəm İncənin marafonu davam etdirməsi daha çox Kılıçdaroğluya problem yaradırdı və İncə az da olsa “altılı masa”nın səslərini parçalayacaqdı. Və deməli, Məmləkət Partiyası liderinin geriyə çəkilməsi də istisnasız olaraq, CHP liderinin maraqlarına uyğundur. Hesab edirəm ki, Məhərrəm İncə geri çəkilməsi ilə bağlı açıqlamasında dolayısıyla şantajın arxasında dayanan qüvvə ilə bağlı bəzi ipucları verməyi bacardı və onun geriyə çəkilməsi heç bir halda “altılı masa”nın xeyrinə olmayacaq. İncə onu ittiham edənlərə – “altılı masa” kompromatçılarına yönəlik “bu şantajlardan qorxmuram” deyəndə çox güman ki, “videogörüntü” də daxil olmaqla ona qarşı ünvanlanan bütün ittihamların mənbəyini nəzərdə tuturdu.

“Altılı masa”nın məğlubiyyəti, sadəcə Rəcəb Tayyib Ərdoğanın və hakim partiyanın qələbəsi olmayacaq, bu bütövlükdə müstəqil Türkiyənin onu marionet ölkəyə çevirmək niyyəti güdənlər üzərində zəfəri sayılacaq. “Altılı masa”nın seçkilərdə uğur qazanması Türkiyənin 1990-cı illərə qaytarılması deməkdir. Ümid edirəm ki, Türk xalqının əhəmiyyətli hissəsi bu reallıqları başa düşür. Türk və İslam dünyasının mütləq əksəriyyəti Kamal Kılıçdaroğlunu qəbul etmir və “ipi” kənardan çəkilən bir siyasi qrupla türk dövlətləri liderlərinin anlaşa biləcəyini ehtimal etmirəm. Bu baxımdan, mayın 14-də Türkiyə tarixi seçim edəcək. Ya Türk dünyasıyla birlikdə “Qızıl alma”ya doğru yürüyəcək, ya da türk dövlətləri yola qısa zaman kəsiyində Türkiyə olmadan davam edəcəklər”.

Siyasi ekspert müxalifətin vahid namizədinin insanlara çağırışına da toxundu: “CHP liderinin insanlara ”evdən çıxmayın” müraciətinə gəldikdə, o çox yaxşı başa düşür ki, seçkilərdə kənar müdaxilənin hesabına nəticə əldə edəcəyi təqdirdə Türkiyə dövlətinin taleyini düşünənlər bunu ona bağışlamayacaqlar və “Altılı masa”nı FETÖ-çülərin taleyi gözləyəcək…”

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov çox maraqlı məqamlara toxundu: “Heç şübhəsiz ki, Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri təkcə Türkiyə üçün deyil, ümumilikdə Türk dünyası üçün önəmli seçkilərdir. Belə ki, bu seçkilər quruluşunun 100-cü ildönümünü qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinin ikinci yüzilliyindəki inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Təbii ki, seçkilər Azərbaycan cəmiyyətində də maraqla izlənilir. Dost və qardaş ölkə olaraq bizlər təbii ki, Türkiyənin hazırkı siyasi kursunun davam etməsini istəyirik. İstəyimiz AKP hakimiyyətinin qarşısına qoyduğu hədəflərə doğru fəaliyyətini davam etdirərək, Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsi sırasına çıxması, yerləşdiyi regionun lideri olmaqla yanaşı dünyanın söz sahiblərindən biri səviyyəsinə yüksəlməsindən ibarətdir. Çünki Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir.

Türkiyə hal-hazırda qlobal geosiyasi proseslərə ciddi təsir edə bilən dövlətə çevrilib və onun bu statusu qoruyub saxlayaraq inkişaf etdirməsi lazımdır. Ərdoğan hakimiyyəti dövründə Türkiyə təbii olaraq çox işlər görüb. Son 20 il ərzində istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də xidmət sahəsində olduqca böyük yol qət edilib. Aparılan islahatlar, həyata keçirilən layihələr isə göz qabağındadır. Ancaq görülmüş bütün bu işlərə baxmayaraq dünyanı cənginə almış iqtisadi böhran Türkiyədən də yan keçməyib, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, təbii fəlakət nəticəsində ölkənin altıda birində yaşanan əlavə problemlər və s. səbəblər AKP hakimiyyətinin nüfuzuna müəyyən qədər zərbə vurur və bu amil də səsvermədə müəyyən rol oynayacaq.

İndiki vəziyyətdə sosioloji sorğuların nəticələri “Cümhur İttifaqı” ilə “Millət ittifaqı” arasında böyük fərq olmadığını göstərir. Məlumdur ki, həm cənab Ərdoğanın, həm də Kılıçdaroğlunun oturuşmuş elektoratı var və hər hansı problemlər onların mövqeyinə elə bir təsir göstərmir. Sosioloji sorğulardan məlum olur ki, cənab Ərdoğanın daimi stabil elektoratı təxminən 28-30 faiz təşkil edir. Heç də az olmayan bu rəqəmin üzərinə 7-10 faizlik MHP elektoratını, ümumilikdə 2-3 faiz səsi olan Mustafa Desticinin Böyük Birlik Partiyası, avrasiyaçı Doğu Perinçekin Vətən Partiyası və HÜDAPAR-ın seçicilərinin səsini əlavə etsək, Ərdoğanın təxminən, 40 faiz ətrafında hazır səsi olduğunu demək mümkündür.

CHP-nin də ənənəvi oturuşmuş elektorat bazasını, İYİ Partiyanın, “Millət İttifaqı”ndakı digər 4 partiyanın və eləcə də Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edən HDP-nin də səsini nəzərə alsaq  Kılıçdaroğlunun da təqribən 40 faizə yaxın səsinin olacağını ehtimal etmək olar. Amma burada bəzi məqamlar da var. HDP rəhbərliyi Kılıçdaroğlunun namizədliyini müdafiə etsə də, xüsusən, partiyanın cənub-şərqi Anadoluda yaşayan mühafizəkar tərəfdarlarının bir hissəsi HDP-nin öz namizədi seçkidə iştirak etmədiyi üçün dini dünyagörüşlərinə daha yaxın hesab etdikləri Ərdoğana səs verməyi üstün tuturlar.

Göründüyü kimi, ortada təqribən 20 faizə qədər, seçkilərin taleyinə birbaşa təsir göstərə biləcək səslər qalır. Bunun 10 faziə qədəri artıq seçki marafonundan çəkilən Məhərrəm İncəyə məxsus olan elektorat idi. Lakin o, təzyiqlərə dözməyərək geri çəkildi. Kılıçdaroğlunun ənənəvi metodu, yəni kasetlə şantaj metodu bu dəfə də öz işini gördü. Xatırlayırsızsa, Kılıcdaroğlu məhz bu metodla zamanında Dəniz Baykalı da şantaj edərək onun CHP sədrliyindən imtina etməsinə nail olmuş və ondan sonra həmin postu özü ələ keçirmişdi. Üstündən müddət keçəndən sonra həmin video görüntülərin saxta olduğu da öz təsdiqini tapdı, amma olan artıq olmuşdu və Baykalı postundan uzalaşdırmağa nail olan Kılıçdaroğlu artıq partiya sədri postunda möhkəmlənə bilmişdi. İndi də olan artıq olub və Məhərrəm İncə seçki yarışından kənarlaşıb.

Onun seçki marafonundan çəkilməsindən sonra həmin elektoratın səslərinin bir qismi Ərdoğan və Kılıçdaroğlu arasında bölünəcək. Belə ki, İncə öz hazırcavablığı, kütləni ələ ala bilmək qabiliyyəti ilə fərqli ideologiya mənsub dairələrin rəğbətini qazana bilmişdi. İncənin zamanında CHP-də təmsil olunması, eləcə də, son seçkilərdə həmin partiyadan prezidentliyə namizəd olması ona CHP elektoratından müəyyən səs almağa imkan verirdi. İncənin eyni qaydada cənab Ərdoğanın elektoratından da səs ala biləcəyi real idi. Odur ki, indi geri çəkilməsi ilə səslərin də əsas iki namizəd arasında bölünəcəyi real görünür. Amma təbii ki, İncəni dəstəkləyən elektorat içərisində onun namizədliyini geri götürməsindən sonra ümumiyyətlə seçkilərdə iştirak etməyəcək şəxslərin də kifayət qədər olacağı proqnozlaşdırılandır”.

Siyasi analitik II tur ehtimallarını da önə çəkdi: “Sadalananları nəzərə alaraq deyə bilərəm ki, seçkilərdə ikinci turun olma ehtimalı böyükdür. Amma istənilən halda son sözü türk milləti deyəcək və iradəsini seçkilərdə ortalığa qoyacaq. Biz isə öz siyasi təcrübəmizə dayanaraq deyə bilərik ki, Cənab Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərində, Türk dövlətlərinin bir araya gəlməsində əvəzsiz rol oynayıb. Onun nüfuzunu, xarici siyasətdəki manevrlərini, 44 günlük Vətən müharibəsində Türkiyənin qətiyyətli mövqeyini nəzərə alsaq, Azərbaycan ictimaiyyətinin qalib kimi Ərdoğanı görmək istəməsi təbiidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”