AMİP-30

Paşinyandan Ərdoğana təbrikin pərdəarxası məqamları…

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti seçkilərinin ikinci turunda qalib gələn dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Paşinyan “Twitter” səhifəsində bunları  qeyd edib:

“Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbrsizliklə gözləyirəm”.

Paşinyanın bu təbrikinin hansı pərdəarxası məqamları ola bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Paşinyanın Ərdoğanı təbrik etməsi ilə Baydenin və ya Makronun Ərdoğanı təbrik etməsi arasında elə də fərq görmür:  “Məsəl var, deyirlər, yıxa bilmədiyin əli öpəcəksən. İndi də başqa çarə yoxdu. Paşinyan bütün prosesi ancaq ona görə uzadırdı. Ermənistan mətbuatı mütəmadi olaraq ayın 14 – ü, 28 – i vəziyyət dəyişəcək mesajları verirdi. Nəticə Türkiyəni dizə gətirmək istəyənlərin arzuladığı kimi olmadığına görə, Türkiyəyə belə təbriklər gəlir. İkinci bir tərəfdən Paşinyan kifayət qədər yaxşı başa düşür ki, Rusiyanın tilovundan qopmaq üçün yeganə mümkün imkan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla sülh müqaviləsindən keçdiyi üçün, Paşinyan məcburən münasibətlərin normallaşmasına çalışır. Rusiyanın bölgədən, regiondan sıxışdırılıb çıxarılması ancaq Türkiyəyə qapıların açılması ilə mümkündür. Ermənistanla Türkiyənin münasibətlərin normallaşması nəticə etibarı ilə Türkiyə sərmayəsi, Türkiyə iqtisadiyyatının Ermənistana daxil olması, Rusiyadan olan asılılığın aradan qaldırılmasına gətirib çıxaracaq. Bunları, təbii ki, Paşinyan dərk edir, ona görə də təbrik çıxışı etməsi və təbrik mesajı göndərməsində qeyri-adi bir sey yoxdur”.

Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu bir tərəfdən normaldır: “Digər tərəfdən isə Paşinyan da Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasında maraqlıdır. Çünki o da Türkiyənin gücünün nə qədər önəmli olmasının fərqindədir. O həm protokola əməl edir, həm də Türkiyəyə, Türkiyə prezidentinə bir növ öz jestini bildirir. Məncə, buna  Ermənistanın Türkiyə ilə münasibətləri nizamlamaq çabası kimi baxmaq lazımdır. Paşinyan da bu məsələlərin fərqindədir”.

Məhəmmədəli QƏRİBLİ

baki-xeber.com