AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Adam Şiff istənilən vaxt Birləşmiş Ştatların dovlət maraqlarını satacaq”

ABŞ Konqresinin Nümayəndələr Palatası qızğın ermənipərəst mövqeyi ilə tanınan demokrat konqresmen Adam Şiffi qınayan qətnaməyə səs verib. Şiff ABŞ tarixində qınanılan 26-cı konqresmendir.

Qətnamə Şiffi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olduğu zaman Amerika ictimaiyyətini aldatmaqda ittiham edir. Qeyd olunur ki, Şiff Rusiya ilə Tramp şirkəti arasında iddia edilən əlaqələrə dair Konqres araşdırması zamanı dezinformasiya verib və keçmiş ABŞ prezidentinin ilkin impiçmenti ərəfəsində etdiyi hərəkətləri tənqid edib. Nümayəndələr Palatasının spikeri, Şiffin iddia edilən hərəkətlərini kəskin tənqid edən Kevin Makkarti indi onu Konqres qarşısında açıq şəkildə cəzalandıra biləcək.

Qeyd edək ki, Kaliforniyadan olan demokrat konqresmen Adam Şiff ABŞ Konqresində erməni maraqlarının ən əsas lobbiçilərindən biridir. O, Azərbaycanın barışmaz tənqidçisi, Azərbaycan və Türkiyə əleyhinə hər cür “dinləmələrin” təşkilatçısı, Ermənistanın işğalçılıq siyasətini tanıyan qətnamə layihəsinin təşəbbüskarıdır. Adam Şiff, həmçinin, “Qarabağın müstəqilliyi və suverenliyinin” tanınmasını tələb edən qanun layihəsini Konqresə təqdim edəcəyinə söz verib.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, əvvəl-axır erməni lobbisinə satılan konqresmenlər ifşa olunmalı idilər: “O konqresmen ki, pul müqabilində hansısa ölkəyə himayədarlıq edir, o, istənilən vaxt Birləşmiş Ştatların dovlət maraqlarını bənzər formada satacaq. Adam Şiff  məhz belə konqresmenlərdəndir. Ona görə də yaşananlar bir növ bunun məntiqi nəticəsidir. ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat konqresmeni Adam Şiff hər zaman ermənipərəst mövqeyilə seçilir. Bu baxımdan onun bu mövqeyi bizim üçün təəccüblü deyil. Məsələ ondadır ki, uzun illərdir erməni lobbisinin təsiri altında olan konqresmenlər Azərbaycanla bağlı dürüst mövqe ortaya qoymurlar. Davamlı olaraq ölkəmiz əleyhinə qətnamələr qəbul etməyə cəhd edirlər. Bəzi hallarda buna nail olurlar. Biz 1992-ci ilin oktyabrında Azərbaycana qarşı haqsız olaraq qəbul edilən 907-ci düzəlişin qəbulundan bu addımların davamlı olduğunun şahidiyik. Erməni konqresmenlərin himayədarlığı üzündən həmin bədnam qətnaməni indiyə qədər tam ləğv etmək mümkün olmayıb. Sadəcə, ABŞ prezidenti hər il dövlət maraqlarından çıxış edərək sözügedən düzəlişi dondurur. Bütün bunlardan belə bir nəticəyə gəlmək mümkündür ki, erməni lobbisi durmadan Azərbaycan əleyhinə aparılan təbliğatı, məhz bir çox Amerika konqresmen və senatorlarını ələ almaqla həyata keçirir. Bu baxımdan Azərbaycanın beynəlxalq diplomatik korpusunun üzərinə böyük məsuliyyət düşür.  Diplomatlarımız erməni yalanlarını ifşa etmək üçün Avropada, eləcə də ABŞ-da və Latın Amerikası ölkələrində bütün gücünü səfərbər etməklə uydurma təbliğatın qarşısını almalıdır. Müsbət məqamlardan biri də ondan ibarətdir ki, Şiff kimi ələ alınan konqresmenlərin qərəzli təxribatçı addımlarına qarşı Konqresda ədalətli mövqe ortaya qoyan vicdanlı insanlar da var. Düşünürəm ki, onun cəzalandırılması üçün müvafiq addımlar atılacaqsa, bu addım erməni lobbisinə vurulmuş növbəti sarsıdıcı zərbələrdən biri olacaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com