Qərbin Cənubi Qafqaz planı: Azərbaycan da var?
“Azərbaycan ilə Rusiya arasında siyasi gərginlik artır, hazırda gərginliyin səngiməsi perspektivi azdır. Seçim Rusiya tərəfdədir, ya onlar ağıllarını başına yığıb Azərbaycanın maraqlarını nəzərə alacaqlar, ya da Ukrayna bataqlığında ilişən Moskva arxasında Türkiyə olan yeni bir cəbhə ilə üz-üzə qalmış olacaq. İtirən isə Kreml olacaq”.
Bunu politoloq Zərdüşt Əlizadə yerli mətbuta açıqlamasında deyib.
Bir sıra siyasi ekspertlər həmkarı Zərdüşt Əlizadə ilə eyni fikirləri bölüşərək Rusiyanın hələ də Azərbaycana təhdid yaratdığını bildirib.
Onların sözlərinə görə, Moskva hər vəchlə Qarabağda, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh və sabitliyin bərqərar olunmasına əngəl yaradır.
Ümumiyyətlə, Azərbaycanın Qarabağa görə Rusiya ilə üz-üzə gəlməsi ehtimalı var? Hazırda Azərbaycan Rusiyaya qarşı siyasi iradə nümayiş etdirir? Müharibənin davam etdiyi bu çətin zamanda Rusiya Cənubi Qafqazda Qərb və Türkiyə ilə qarşıdurmaya getməyə risk edə bilər?
Məsələ ilə bağlı Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında qeyd edib ki, yaxın gələcəkdə Azərbaycan və Rusiyanın hərbi qarşıdurmaya gedəcəyi real görünmür:
“Təbii ki, Qarabağ münaqişəsinin yaranmasında, eləcə də 30 il ərzində Azərbaycanın 20 % ərazilərinin Ermənistanın işğalı altında qalmasında Rusiya faktoru var. Bu, bir həqiqətdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində bütün Qarabağ ərazisi üzrə tam suverenliyinin bərpa etməsinə mane olan yeganə ölkə də məhz Rusiyadır.
Üçtərəfli noyabr Bəyanatına uyğun olaraq Qarabağın dağlıq ərazilərində Rusiya sülhməramlı kontigentinin yerləşdirilməsi bunu açıq-aşkar sübut edir. Belə ki, nə Ermənistan, nə də Rusiya üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini indiyədək yerinə yetirməyib.
Əksinə, rus sülhməramlıları erməni separatçılarını bölgədə təxribatlar törətməyə sövq edir və onların özbaşınalıqlarına bilərəkdən göz yumur. Rus sülhməramlılarının fəaliyyəti Azərbaycanın dövlət maraqlarına ziddir. Bu mənada Azərbaycan və Rusiyanın bölgədə üz-üzə gəldiyini deyə bilərik.
Amma bütün bunların fonunda həm Azərbaycan, həm də Rusiyanın açıq şəkildə bir-biri ilə hərbi qarşıdurmaya getməsi qeyri-mümkündür. Hazırda Rusiya Ukrayna cəbhəsində Qərb dünyası ilə savaş durumundadır. Bu gün Qərb dünyasında bəzi hərbi-siyasi dairələr Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlıdır. Xüsusilə, Fransa regionumuzda hərbi-siyasi vəziyyətin gərginləşməsinə həvəslidir. Eyni zamanda ABŞ-da bəzi dairələr Azərbaycandan İrana qarşı poliqon kimi istifadə niyyətində ola bilərlər.
Ancaq Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət böyük güclərin ölkəmiz üzərində siyasi oyunların qurulmasına imkan verməyəcək. Hesab edirəm ki, Azərbaycan ilə Rusiya arasında heç bir ciddi qarşıdurma baş verməyəcək. Cənubi Qafqazda hər hansı formada hərbi cəbhənin açılması nə Azərbaycanın, nə də Rusiyanın marağındadır.
Azərbaycan və Türkiyə Qərb tərəfindən dünyadan təcrid edilən Rusiya üçün xüsusi nəfəs yoludur. Belə olan halda Moskva Azərbaycan və onun strateji müttəfiqi Türkiyə ilə hərbi-siyasi qarşıdurmaya risk edə bilməz. Moskva zaman-zaman müəyyən məsələlərdə bir addım geriyə addım atmağa məcbur olacaq”.
Partiya sədrinin sözlərinə görə, heç bir halda Rusiya ilə silahlı qarşıdurmaya getmək olmaz:
“Əlbəttə, Rusiyanın imperalist siyasəti nəticəsində regionda gərginlik qalmaqdadır. Moskva Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.
Çünki hər iki dövlət arasında sülhün bərqərar olunması Rusiyanın regionda mövcudluğuna ciddi zərbə vuracaq. Buna görə də Kremldəki dairələr ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Emənistan arasında aparılan sülh danışıqlarını bu və ya digər formada pozmağa çalışır. İstər Vaşinqton, istərsə də Brüssel görüşlərindən sonra Qarabağın dağlıq ərazilərində, o cümlədən Azərbaycan-Ermənistan şərti sərhədində təxribatların intensivləşməsi müşahidə edilir.
Bu təxribatların arxasında birmənalı olaraq Rusiyanın izi var. Bilirik ki, Ermənistan adlanan dövlət müstəqil deyil və təmamilə Rusiyanın nəzarəti altındadır. Bu ölkənin sərhəd ərazilərinin təhlükəsizliyinin təmin edilməsinə birbaşa Rusiya cavabdehdir. Buna baxmayaraq Rusiya ilə silahlı qarşıdurmaya getmək Azərbaycanın dövlət maraqlarına uyğun deyil”.
Arzuxan Əlizadə onu da vurğulayıb ki, Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandemi mühüm reallığa çevrilib:
“Beynəlxalq hüququn normalarına uyğun olaraq Azərbaycan regionda öz hərbi-siyasi və strateji mövqeyini gücləndirir. Artqı qardaş Türkiyənin Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi mövcudluğu hiss olunmaqdadır. Bununla yanaşı, Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin əsasını qoyan Şuşa Bəyannaməsi də göz qabağındadır.
Beynəlxalq güclər bundan da xəbərdardırlar. Eyni zamanda xüsusi qardaşlıq dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyi türk dünyanın dirçəlməsinə aparan mühüm bir tandem hesab olunur. Qarşıdakı illərdə Qarabağda təhlükəsizliyin təmin olunmasında, eləcə də digər problemlərin həllində biz hədəflərimizə nail olacağıq”.
Yunis Abdullayev
Cebhe.info