AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Rusiya siyasətçiləri bizə tövsiyə etdikləri, çağırış etdikləri məsələləri öz dövlətinə rəva görə bilərmi?”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Laçın yolu ilə və Qarabağla bağlı ziddiyətli mövqe sərgiləyib. Eyni vaxtda həm Azərbaycanı, həm də Fransanı vurub:

“Moskva Bakını Laçın yolunu açmağa və azad hərəkəti bərpa etməyə çağırır. Moskva atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək. Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur. Fransanın göstəriş xətrinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”.

Əvvəla, Zaxarova obyektiv olsaydı, zamanında Fransanı tənqid edərdi, indi yox. İndi ona görə bu mövqedən çıxış edir ki, Rusiya-Fransa münasibətləri pisləşib. Fransaya bir rəqib kimi yanaşdıqlarından belə danışır. Zaxarova bu bəyanatlarla həm Azərbaycanın üstünə gedir, həm də Fransanın. Azərbaycanı guya Laçın dəhlizini bağlamağa görə tənqid edir. Ultimativ dildə deyir ki, Azərbaycan Laçın yolunu açsın. Nümayişkaranə şəkildə elə görüntü yaradır ki, Azərbaycan yolu bağlayıb. Daha sonra utanmadan deyir ki, sərhəddə toqquşmalardan narahatıq. Belə çıxır ki, toqquşmanı törədən Azərbaycandır. Yəni eyni vaxtda Rusiyanın həm Azərbaycanın, həm də Fransanın üstünə getməsi anormaldır. Çünki Rusiyanın yanaşması belədir ki, Fransa qədər Azərbaycan da günahkardır.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Laçın yolu ilə əlaqədar Qarabağla bağlı ziddiyyətli mövqeyinin hər zaman şahidi oluruq: “Bu ilk deyil. Budəfəki açıqlaması və Laçın yolu ilə bağlı çağırışı ilə Zaxarova iki xalq arasında nizamlanma və sülh prosesinə açıq şəkildə əngəl yaratdıqlarını nümayiş etdirdi. Rusiya XİN sözçüsü çox yaxşı bilir ki, Laçın yolunda ermənilərin hər iki istiqamətdə maneəsiz və təhlükəsiz hərəkəti Azərbaycan dövləti tərəfindən təmin olunub. Onu da yaxşı bilir ki,  Azərbaycanın quru sərhədləri digər qonşu dövlətlərlə bağlı olduğu halda, istisna olaraq Azərbaycan məhz bu bölgədə sərhədimizi açıq saxlayır. Qarabağda yaşayan ermənilər hər iki istiqamətdə, həm Ermənistana, həm də Qarabağa maneəsiz olaraq sadə pasport yoxlamasından keçərək hərəkət edirlər. Özü də bütün bu proseslər çox şəffaf şəkildə həyata keçirilir. Mətbuat  orqanları ermənilərin keçid məntəqəsindən sadə prosedurlarla keçdiyini mütəmadi olaraq işıqlandırır. Məqsədli şəkildə Mariya Zaxarova bu barədə bir kəlmə də olsun danışmır. Biz nə etməliyik, sərhədimizi açıq saxlamalıyıq ki, erməni silahlı dəstələri ərazilərimizə soxulsunlar? Bu nə məntiqdir, bu hansı hüquqdur? Rusiyanın onlarla dövlətlə sərhədləri mövcuddur. Rusiya siyasətçiləri bizə tövsiyə etdikləri, çağırış etdikləri məsələləri öz dövlətinə rəva görə bilərmi? Hansısa dövlətlə sərhədi olan yerdə sərhədlərinin müəyyən bir hissəsini tamamilə nəzarətsiz buraxsınlar. Bu mümkündürmü? Axı bu necə olur ki, beynəlxalq hüquq bütün dövlətlərə bərabər şamil olunduğu halda, Azərbaycana gəldikdə ikili standartlar “işə” düşür. Rusiya XİN sözçüsünün Laçın yolu, Qarabağla bağlı çağırışları Azərbaycan dövlətinin bu bölgədə ədalətli, dürüst davranışlarını əngəlləmək gücündə deyil. O ki qaldı Moskva bəyannaməsinə, əslində bu bəyannamənin şərtlərinə erməni tərəfi  əməl etmir. İndiyədək ermənilər Qarabağdan  silahlı hərbi birləşmələrini çıxarmayıblar. Ermənistan  Azərbaycanla Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasını təmin etməyib. Zaxarova bunları niyə dilə gətirmir? Çünki dilinə doğru sözü gətirsə  “erməni icmasının” xətrinə dəymiş olar. Onun Fransanı tənqid etməsi məhz rəsmi Parisin indiki durumda Rusiya əleyhinə olan koalisiyada yer alması ilə bağlıdır. Azərbaycan dövləti ərazimizin bütövlüyü, suverenliyimizin təmin olunması yolunda çox uğurlu addımlar atmaqdadır. Bizim bu yoldan dönüşümüz mümkün deyil. Kimlərin, hansısa dövlətlərin nə deməsindən asılı olmayaraq, bu bölgənin təhlükəsizlik arxitekturasını Azərbaycan dövləti, Azərbaycan Ordusu qurub yaradır”.

Vidadi ORDAHALLI

baki-xeber.com